Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 36,09 Kb.
tarix06.06.2018
ölçüsü36,09 Kb.
#52872

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır

( Metodik vəsait)

Zərdab-2017

Xeyirxahlıq, paklıq bayramı

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç,inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Üç səmavi dinin  Yəhudilik, Xristianlıq  İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb:"Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir[2].

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Bu müqəddəs bayram hər il respublikamızda və dünya müsəlmanları tərəfindən təntənə ilə qeyd edilir. Qurban bayramı münasibətilə kitabxanalarda da müxtəlif tədbirlər təşkil edilməlidir.Kitabxanaçılar əyani və şifahi təbliğat formalarından istifadə edərək vaxtaşırı islam dininin və adət-ənənələrin geniş oxucu kütlələri arasında təbliğ etməlidirlər.Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: “ Qurban bayramı haqqında hamının biməsi lazım olan

qaydalar”, “Xeyirxahlıq, paklıq bayramı “, “Qurban bayramı mərhəmət,qardaşlıq, hümanizm bayramıdır”, “ Milli mənəvi dəyərlərimiz- Qurban bayramı”,”Dinimiz - mənəviyyatımız”,“ Xalqımızın mübarək qurban bayramı “və sair. Kitabxanalar çalışmalıdır ki, milli bayramımız mübarək Qurban bayramı ilə əlaqədar keçirilən tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun . Məqsədimiz milli varlığımızın, bu el bayramının əsrlərin sınağından çıxmış gözəl adət-ənənələrini qorunub saxlamaq, təbliğ etməkdir .

Biz fəxr edə bilərik ki,islam dini kimi yüksək mənəvi-əxlaqi dəyərlərə mənsub olan dinimiz var.Babalarımızın bizə ötürdüyü milli-mənəvi dəyərlərin çoxu İslamdan götürülüb və islam sonuncu din, Quran isə sonuncu səmavi kitab olduğundan, islam dini və Quranla gələnlər dünyanın sonuna kimi müasirlikdə olacaqlar.

Qurban bayramının hər il respublikamızın hər bir güşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Xalqımıza möhkəm birlik, elimizə-obamıza dinclik, əminamanlıq, bolluq, səadət, xoşbəxtlik və firavanlıq arzulayırıq.Allah bütün kəsilən qurbanlarımızı qəbul etsin ! Qurban bayramınız mübarək !

Ədəbiyyat:

  • Qurani - Kərim (ərəb dilindən tərcümə etənlər : Z. M. Bünyadov v. V.M. Məmmədəliyev).- Bakı:Qismət, 2006.

  • Paşazadə ,A.Ş.Qafqazda İslam.-Bakı :Azərnəşr,1991.-224 s.

  • İslam Əxlaqı.-Bakı: “ İpəkyolu Nəşriyyatı”,2010.-208 s.

  • Bünyadov, Ziya.Dinlər ,təriqətlər, məzhəblər.- Bakı:

  • 101 hədis.- Bakı:Gənclik,1990.-32 s.

  • Qaraoğlu ,Fazil.Peyğəmbərimiz Həzrəti Məhəmmədin həyatı.-Bakı: 2006.-333 s.

  • Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu.- Bakı: 2009.




  • Bəlaği ,Sədrəddin.Quranın Qissələri .- Bakı :”Elm və Təhsil”,2016.-s.51-53



  • 2017- ci il Azərbaycanda “ İslam Həmrəyliyi ili”dir //Səs.-2017.- 12yanvar.-S.8

  • Çərkəzoğlu,Əli .Qurban bayramı:gerçək mahiyyəti və qazandırdıqları //Mədəniyyət .-2010.-12 noyabr.-S.15.

Hazırladı : Metodika və biblioqrafiya şöbəsinin müdiri- G. Qasımova










Yüklə 36,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin