Həsən Baqiri inqilabın möcüzəsi idi. Ertəsi gündən əməliyyata yollar tapıldı".1(Qeyd)
Xürrəmşəhrin azadlığı üçün əməliyyata gəlmiş yetmiş mindən artıq könüllü bəsicilərdən çoxu yaralanmış, bəziləri şəhid olmuşdular. Əsas canlı qüvvə bəsicilərdən ibarət idi. Onlar müharibənin hərəkətverici qüvvəsi idilər. Müharibə onlardan asılı olmuşdu. Bəzi komandirlər buna görə əməliyyatın ertələnməsini təklif edirdilər. Onlar deyirdilər ki, belə geniş əməliyyatdan ötrü bəsici sayı yetərincə deyil. Həsən Baqiri isə deyirdi: "İraq ordusunun gücü də zəifləyib. Biz düşmənə macal verməməliyik. İndi ki Xürrəmşəhr bizim mühasirəmizdədir, canlı qüvvə toplayar, yaralılara tez qayıtmalarını söyləyərik".
Tibb işçiləri müalicədən sonra yaralıları buraxırdılar. Onların çoxu şəhərlərinə qayıdırdı. Tibb məntəqələrinə elan olundu ki, ayaq üstə olan bütün yaralılar öz hərbi birləşmələrinə qayıtsınlar.
Şəhərlərdə əhali Xürrəmşəhrin azadlığını gözləyirdi. Möhsün Rəfiqdust Hafiz Əsədlə görüşəndə Əsəd ona demişdi: "Siz hər dəfə deyirsiniz ki, Bostanı azad etdiniz, 800 kv km, 2 min kv km irəlilədiniz. Bəs Xürrəmşəhri nə vaxt azad edəcəksiniz? Bu, dünya üçün önəmlidir". Böyük şəxsiyyətlər və məsul şəxslər qərargaha gəlib deyirdilər: "Hər yer azad edilib, amma Xürrəmşəhr qalıb. Xürrəmşəhri nə üçün azad etmirsiniz?" Düşmən də güclü idi və Xürrəmşəhri əldən vermək istəmirdi.
Kərbəla və Nəsr qərargahlarında müzakirələr davam edirdi. Kərbəla qərargahının iki ən böyük komandiri olan Polkovnik Əli Səyyad Şirazi ilə Möhsün Rzayi üçün Həsən Baqirinin, Qulaməli Rəşidin, Nəsr və Fəth qərargahlarının komandirlərinin və Kərbəla qərargahının əməliyyat komandiri Rəhim Səfəvinin fikri önəmli idi. Qələbənin açarı isə Şələmçə və Xəyyində idi. Hacı Himmət sağ cəbhəni ələ keçirməyi öz üzərinə götürdü.
"Beytülmüqəddəs əməliyyatının üçüncü mərhələsində də bizim üzərimizə ağır yük düşürdü. Manevr istehkamını yarmaq, Şələmçə magistralına, Xəyyin çayı səmtinə və yeni körpüyə getmək, Xürrəmşəhrin şimal-qərb və şərq istiqamətlərində cinah tutmaq asan deyildi. Həsən Baqiri Allaha çox arxalanırdı. Mömin Allaha təvəkkül edəndə bütün işlərini Ona tapşırır və heç şübhəsiz, qalib gəlir. Bu təvəkkülə görə problemlə üzləşəndə də özümüzü zəif hiss etmirdik. Dəfələrlə iclas keçirildi. Ordu və korpusdakı qardaşlar məyus idilər, o isə çox möhkəm görünürdü. Xüsusən də Beytülmüqəddəs əməliyyatının son mərhələsinin həyata keçirilməsində israrlı idi. Baxmayaraq ki, ürəyi qanla dolu idi. Çünki çoxlu kadr itirmişdik. Daxildə narahat idi, xəlvətə çəkilib Allahla raz-niyaz edirdi; deyirdi ki, İlahi, Sənə arxalanaraq işə başlayırıq. Allaha çox təvəkkül edirdi, işi zərrə qədər də nəfsdən deyildi".1(Qeyd)
23 Mayın ilk dəqiqələrində əməliyyatın son mərhələsi başlandı. Gözlənildiyi kimi, əməliyyat başlayandan sonra döyüşçülərimiz mövqeyi ələ keçirdilər. Onlar həm də düşmənin əks-hücumlarını cavablandırmalı idilər. Üçsaatlıq ağır döyüşdən sonra isə Şələmçə-Xəyyin yoluna çatıb Xürrəmşəhrin mühasirəsini tamamladılar.
"Zirehli maşında idik. Ratsiyadan xəbər verdilər ki, döyüşçülərimiz Ərvəndə çatıblar. Gecə vaxtı özümüzü Xəyyinə və Ərvəndin sahilinə çatdırdıq. Vəliəsr qəsəbəsində döyüş gedirdi. Yol açılmışdı. Ərvəndin kənarında idik. Bir neçə dəqiqədən sonra Həsən Baqiri gəlib çatdığımıza əmin oldu. Onun Ərvəndin sahilinə gəlişi Xürrəmşəhr işinin bitməsi demək idi. Səhər tezdən, hələ günəş çıxmamış ilk düşmən qüvvələri ağ bayraq qaldırdılar. Xürrəmşəhrdə o qədər əsir tutulacağını düşünməzdik. Təxminən altı yüz tank, zirehli maşın və minaatan ələ keçirdik. Çoxlu yeni və silah-sursatla dolu T-55, T-62 və T-72 tankları vardı. Bəzilərindən hətta bir dəfə də atəş açılmamışdı. Əgər bu böyük əməliyyatın bütün mərhələlərində – kəşfiyyatda, plan hazırlamada, koordinasiyada və icrada Həsən Baqiri kimi ixlaslı bir komandirin düşüncəsi, istedadı, möhkəmliyi, cəsarəti, ağlı, səbri və yorulmazlığı olmasaydı, İran xalqı 1982-ci ilin 24 mayını Xürrəmşəhrin azadlığı günü kimi təntənəli bayram edə bilməzdi".2(Qeyd)
Məğlubiyyət acısı
Beytülmüqəddəs əməliyyatından sonra Ramazan əməliyyatı baş tutdu. Bu iki əməliyyat arasında təxminən iki ay yarım vaxt keçdi.
Xürrəmşəhrin azadlığından sonra israillilər Livana hücum edib Beyrutun yaxınlığına qədər irəlilədilər. İran İslam Respublikasının silahlı qüvvələrindən bir qismi kömək üçün Suriyaya yollandı. Möhsün Rzayi, Əli Səyyad Şirazi və başqa bir neçə nəfər Suriyanın sabiq prezidenti Hafiz Əsədlə görüşüb orada qərargah yaratmaq barədə razılığa gəldilər. Oraya "Məhəmməd rəsulullah (s)" və Zülfüqar briqadalarının hərəsindən iki batalyon ezam olundu. İran hərbçiləri Suriyanın Zübdani qarnizonunda yerləşməyə başlayanda İmam Xomeyninin "Qüdsün yolu Kərbəladan keçir" bəyanatı yayıldı və canlı qüvvənin qayıtması əmr olundu. Hacı Əhməd Mütəvəssilian Həzrət Rəsul (s) briqadasından bir neçə nəfərlə birgə təlim keçmək üçün orada qaldı, digərləri İran cəbhələrinə qayıtdılar. Onların biri də Mürtəza Səffari idi.
"Hamımız qərara gəldik ki, ikiyə bölünək və bir dəstəmiz Livana getsin. Mən özüm də Livana gedib Qüdsü daha tez azad etməkdə israrlı idim. Həsənsə bölünməyə qarşı çıxıb deyirdi: "İndiyə qədər bütün qüvvəmizi Səddam ordusu ilə müharibəyə sərf etmişik. Fikrimiz bir hədəfə yönəlib, Allaha təvəkküllə irəliləmişik. İndi çoxlu komandirlərin fikri Livanın cənubuna yönəlib. Livan önəmlidir, amma İraqı yaddan çıxarmamalıyıq. Qələbə qazansaq, Xürrəmşəhri azad etsək də, düşməni bitmiş və zəif saymaq olmaz. Burada işimizi bitirək, sonra Livan və Suriya barədə fikirləşək”.
Dostları ilə paylaş: |