Demək olmaz ki, Xomeyni bunlara reaksiya vərmirdi, amma reaksiyası bir az qeyri-adekvat idi. 25 oktyabr 1964-cü ildə Qumdakı çıxışında amerikanların eksterritoriallığı haqda belə demişdi: İran xalqını amerikan itindən də pis vəziyyətə qoyublar. Əgər kimsə amerikan itini boğub öldürsə, özü də bunu edən İran şahı olsa da, onu cinayət məsuliyyətinə cəlb edəcəklər. Amma əgər amerikan aşpazı öz maşınında İran şahını, ölkədəki ən ali şəxsi boğsa, heç kim buna müdaxilə edə bilməyəcək…”37 İstənilən halda, amerikan aşpazın şahı boğacağı təqdirdə aşpaza bir şey olmayacağı az inandırıcıydı…
Bir sıra fransız və suriyalı müəlliflər qeyd edirlər ki, Xomeyni göründüyü qədər irrasional deyildi ki, ayətullaya şahın devrilməsi üçün, ona qarşı bütün xalqı, bütün şiələri ayağa qaldırmaq məqsədilə bir qorxu obyekti tapmaq lazım olsun. Yəhudi və bəhailərdən başqa bu cür qorxu obyekti kommunistlər və amerikanlar ola bilərdi. Amma sadə iranlı amerikanlarla Tehran, bir-iki şəhər və Kiş adası olmaqla, az yerdə rastlaşırdı. Allahsız kommunistlər qorxu obyekti statusuna tam uyğun gəlirdilər. Xomeyni boş yerə onları amerikanlardan daha qorxunc hesab etmirdi. “Amerika İngiltərədən pisdir, İngiltərə Sovet İttifaqından pisdir, Sovet İttifaqı hər ikisindən pisdir!!!” – o yazırdı.38 Amma TUDƏ (İran Xalq Partiyası) kommunist partiyası şahın dövründə tamamilə yeraltı fəaliyyət göstərirdi, partiya rəhbərliyi Moskva və Praqada idi. Sıravi iranlılar kommunistləri görmürdülər. Xomeyni islam inqilabı zamanı yeraltından çıxan bu partiyani asanlıqla məhv etdi, bütün kommunistləri “SSRİ lehinə casusluqda” ittiham etdilər. Təzyiq altında kommunistlər cəsusluqdan başqa tamamilə ağlasığmaz cinayətləri boyunlarına götürdülər: bütün Tehran quyularındakı suları zəhərləmək, qədim əlyazmazlarda İmam Xomeyniyə cadu etmək üçün lənət axtarmaq, İblislə (şeytanla) şəxsən əlaqə qurmaq və s…39
Nə olsa da, kommunistlər öz təbliğatlarını azsaylı iri sənaye müəssisələrindəki iran ziyalıları arasında aparırdılar, sadə fars-şiələrin onlarla daimi rastlaşması üçün – xüsusilə bazarda – yəhudi və bəhailərin sayı tamamilə kifayət idi. Satıcı yəhudi və bəhailər satıcı şiələrin əsas rəqibləri idilər (Belə alınmışdı ki, zərdüştilərin və xristianların mütləq əksəriyyəti ziyalı və ya məmur idilər). Fransız və suriyalı müəlliflər təsdiq edir ki, yəhudi və bəhailər ac şiə kütlələrinin qalxması üçün ən uyğun və əyani “düşmən” idilər.40
Amerikanın İrana, İraqla müharibə üçün silah satdığı, MKİ-nin də qazandığı pulla Nikaraquaya müdaxilə üçün gizli ordu qurduğu anlaşılan məşhur “İran-kontras” (“İrangeyt”) qalmaqalını xatırlasaq, onların o qədər də haqlı olmadığını görə bilərik. O vaxt ayətulla rejiminə çox gərəkli olan (İran hərbi texnikasının əksəriyyəti Amerika istehsalı idi) amerikan silah-sursatı İrana İsrail üzərindən gəlirdi və bu nədənsə Xomeynidə heç bir etiraz doğurmurdu...41
“Möcahədin-ə Xalq”və “Fədain-ə Xalq”la bacarmaq TUDƏylə bacarmaqdan daha çətin idi – onlar şəhər partizanlarının təşkilatı idilər. İllərlə “xalq möcahədinləri” və “xalq fədailəri” islam rejimiylə silahlı mübarizə apardılar; bu mübarizə onların yeraltı təşkilatlarının tamamilə məhvi və minlərlə insanın müdhiş işgəncələrlə öldürülməsiylə başa çatdı.42
İslam radikallarına “Möcahədin-ə Xalq”ı tamamilə ləğv etmək mümkün olmadı və onlar bunun bədəlini minlərlə insan həyatı ilə ödədilər (Belə hesab edilir ki, 1981-ci ilin yayından 1984-cü ilin yayına kimi “xalq mücahidləri” və onların tərəfdarlarının 20 mini öldürülmüşdür. Mücahidlərin ailə üzvləri sayılmır, islam inqilabı keşikçiləri fədailərin ailələrini bütünlüklə məhv edirdilər).43 İslamçıların terroruna cavab olaraq, “möcahədinlər” küçə döyüşləri, polis şöbələrinə, hökumət kazarma və qarnizonlarına hücumlar, raket və minomyotdan hökumət binalarına atəş açmaq vasitəsilə - 1981-ci ilin yayında “şəhər gerillasını” vətəndaş müharibəsinə çevirə bildilər. 1981-ci ilin iyul-sentyabr aylarında İrandakı islamyönümlü hökumət əhəmiyyətli dərəcədə təsirliliyini itirmişdi; bu, 28 iyunda ölkədə 2-ci şəxs sayılan İRP-nin lideri və Ali Məhkəmənin sədri ayətulla Məhəmməd Hüseyn Behaştinin də içində olduğu 72 nəfərin ölümüylə nəticələnən hakim İslam Respublika partiyasının mərkəzi qərargahının partladılmasından və 30 avqustda 8 ölü və 23 yaralıyla nəticələnən (Ölənlər arasında İranın prezidenti Məhəmməd Əli Rəcai, baş nazir Məhəmməd Cavad Bahonar, İran polisinin şefi, polkovnik H.Vahid Dostgərdi, yaralılar arasında isə müdafiə naziri və Xomeyninin Ali sovetdəki nümayəndəsi polkovnik S.M.Namcu da var idi) baş nazir dəftərxanasındakı partlayışından sonra oldu.44
İyulun ortasında ilk repressiya valından sonra yeraltı təşkilatlarını yaratmış “Möcahədin-ə Xalq” islam rejimiylə aktiv silahlı mübarizəyə başladı, ”möcahədinlər” Tehranda, Məşhəddə, Urmiyada, Təbrizdə, Məzcəd-Süleymanda hökumət evlərinə, “islam inqilabı keşikçilərinin” kazarmalarına və silah anbarlarına, İRP-nin yerli şöbələrinə hücum edərək hərbi əməliyyatlar keçirdilər. İyulun üçüncü ongünlüyündə “möcahədinlər” Tehran və digər şəhərlərdə hökumət binalarına, ”islam inqilabı” ştablarına və polis şöbələrinə sistematik hücum etməyə başladılar, 24 iyulda Rəştdə “islam inqilabı keşikçiləri” korpusuna hücum etdilər. Bundan əlavə, 20 iyulda onlar islamçı “qırğı”, məclisin deputatı Həbibulla Əsgərouladi-Mosalmana sui-qəsd etdilər (qəsd nəticəsində o yaralandı), 30 iyulda isə 28 iyun partlayışında ölən İRP-nin 52 deputanın birinin yerinə təzəcə seçilmiş höcət-ül-islam Rza Kamiyabı öldürdülər.45
1981-ci ilin avqustunda möcahədinlər onlarla hərbi əməliyyat keçirdilər, o cümlədən ”islam inqilabı keşikçiləri” korpusuna bir neçə dəfə hücum etdilər, Tehrandakı hücumda hətta tank əleyhinə raketlərdən də istifadə etdilər. Partizanların aktivliyi 1981-ci ilin avqustun 7-10-unda öz zirvəsinə çatdı; Tehran, İsfahan, Bəm, Sənəndəcə və Kirman şəhərlərindəki hökumət binalarında, İRP-dən olan deputatların qərargahlarında və ”islam inqilabı keşikçiləri”nin kazarmalarında 60-dan artıq partlayış oldu, polis şöbələrinə, silah anbarlarına hücum edildi, müxtəlif obyektlər yandırıldı. 25 avqustda möcahədinlər İranın baş prokuroru, höcət-ül-islam Mehdi Rabbani Əmlaşinin malikanəsinə hücum etdilər. Bundan əlavə, Tehranda onlar tərəfindən İRP-nın Mərkəzi Şurasının üzvü, məclisin deputatı Həsən Əyyat, Kirmanşahda isə islam rejiminin görkəmli nümayəndəsi höcət-ül-islam Bəhuddin İraqi öldürüldü, Səbzəvarda isə İslam inqilabi komitəsinin üzvü, höcət-ül-islam Əxlaqi yaralandı.46
1981-ci ilin sentyabr ayında “möcahədinlər” Mehabad (100 min əhali) şəhəri üzərində nəzarət uğrunda hökumət ordusu ilə küçə döyüşləri aparır, məclis binasına hücum edirdilər, “İslam inqilabının baş prokuroru” A.Koddusinin dəftərxanasını partlatdılar, həmçinin Təbrizdə islamistlərin nüfuzlu lideri ayətulla A.Mədənini qətlə yetirdilər.47
İslamistlər repressiyalarla cavab verirdilər – və bu dövrdə demək olar ki hər gün İrandan “xalq möcahədinlərinin” həbsi və edamı haqqında xəbərlər gəlirdi. Belə ki, 1981-ci il 4 avqustda 27 sol təşkilat üzvü, əsasən, “möcahədinlər” edam edildi; 5-7 avqustda daha 44 nəfər edam edildi, Qum şəhərində isə əsasən “möcahədinlər” olan 40 nəfər həbs edildi; 8 avqustda İranda 30 “möcahədin”, o cümlədən “Möcahədin-ə Xalq” MK-nin üzvü Əhməd Rza Şadbəxş güllələndi; 10 avqustda “islam inqilabı keşikçiləri” “möcahədinlərin” 30 konspirativ mənzilini ələ keçirdilər və “Enqilabe eslamie” yeraltı qəzetinin baş redaktoru Hüseyn Navab-Səfəvi daxil olmaqla, 23 partizan əsir götürüldü; 8-10 avqustda Tehranda, İsfahanda, Təbrizdə və Kərmanda “möcahədinlərə” simpatiyası olanlar arasında kütləvi həbslər aparıldı, həmçinin 9 avqustda Təbrizdə 12 nəfər və İsfahanda və Qəsri-Şirində 6 nəfər edam edildi; 13 avqustda İsfahanda 100-dən çox “möcahədin” həbs edildi ki, onları, hər şeydən əlavə, hocat-ol-islam S.Bəheştiyə sui-qəsd hazırlamaqda ittiham etdilər; 17 avqustda İranda 17 “möcahədin” edam edildi; 18 avqustda “Evin” həbsxanasında – daha 23 nəfər (“Möcahədin-ə Xalq” MK üzvü daxil olmaql) edam edildi; 16-19 avqustda İranda 270-dən çox insan (əsasən “möcahədin” və “fədainlər”) həbs edildi; 20 avqustda – 32 nəfər edam edildi; 21 avqustda Tehranda “islam inqilabçıları keşikçiləri” “Möcahədin-ə Xalqın” “inzibati mərkəzini” hücumla ələ keçirdilər, döyüşdə 3 “möcahədin” və 6 “keşikçi” həlak oldu, 16 nəfər həbs edildi; 20 və 22 avqust tarixləri arasında İranda təxminən 600 nəfər yeraltı fəaliyyət aparan adam həbs edildi, 242 “möcahədin” edam edildi; 24-25 avqustda – 781 nəfər, həmçinin Təbrizdə, Şirazda, Qorqanda 300 “möcahədin” həbs edildi, onlarla konspirativ mənzilləri darmadağın edildi, 37 “möcahədin” edam edildi, Estehban şəhərində isə 28 partizan edam edildi; 28 avqustda 114 nəfər sol təşkilat nümayəndəsi, o cümlədən Tehranda 72 nəfər həbs edildi; 1 sentyabrda İranda daha 39 “möcahədin” edam edildi; 3 sentyabrda – 55 nəfər güllələndi və 190 nəfər həbs edildi; 6 sentyabrda – daha 25 “möcahədin” həbs edildi və s.48 Cavab olaraq,”möcahədinlər” məqsədyönlü şəkildə islam siyasi polisi rəhbərləri, “islam tribunalları” hakimləri, məhbusları izləməyə başladılar. Beləliklə, 29 iyun 1981-ci ildə “Evin” mərkəzi siyasi həbsxana müdiri Məhəmməd Kaçaui güllələndi.49
1982-ci ilin fevral ayında “möcahədinlərin” qüvvəsi tükənmişdi. Təşkilatın lideri Məsur Recavi hələ 29 iyul 1981-ci ildə Fransaya qaçmışdı, iran “şəhər gerillasının” təşkilatçısı və strateqi M.Xiyabani (öz “şəxsi qvardiyası” ilə birlikdə) 8 fevral 1982-ci ildə döyüşdə həlak olmuşdu.50 “Möcahədin-ə Xalq”ın “mərkəzi komandanlığının” son iri əməliyyatları 22 fevral 1982-ci ildə Tehranda baş vermiş, 12 islamçının öldüyü və 60 islamçının yaralandığı partlayış və iran polisi şefi, Vahid-Dostgərdinin sələfi İbrahim Hədcarinin edamı idi.51 1982-ci ilin yaz ayında “Möcahədin-ə Xalq” islamçılar tərəfindən yeraltına qovulmuşdu, “aşkar edilmiş” və qeyri-leqal vəziyyətə düşmüş “möcahədinlərin” böyük hissəsi İranı tərk etməyə çalışırdı.
Bu gün “Möcahədin-ə Xalq” bölükləri İranın Milli Azadlıq Ordusunda birləşərək, İraqda məskunlaşıblar ki, buradan iran ərazisinə reydlər edirlər, teraktlar törədir və bəzən hətta Tehranı raket atəşinə tuturlar. Lakin İraqda “möcahədinlərin” taleyi yaxşı deyil: faktiki olaraq onlar Səddam Hüseynin xüsusi dəstələrinin marionetinə çevriliblər.
Demək lazımdır ki, “Fədain-ə Xalq” və “Möcahədin-ə Xalq”ın məhv edilməsindən sonra TUDƏnin faciəsinə görə (partiya 1983-cü ilin yazında tamamilə dağıdıldı) KPSS rəhbərliyi böyük məsuliyyət daşıyır, onlar TUDƏ-yə, “inqilabi və anti-imperialist” kimi, islam rejimi ilə “konstruktiv əməkdaşlıq” xəttini sırımışdılar. 1981-ci ilin yayı – 1982-ci ilin əvvəlini əhatə edən vətəndaş müharibəsində islamçılar tərəfindən “Möcahədin-ə Xalq” və “Fədain-ə Xalq” məhv edilən zaman SSRİ təbliğat aparatı aşkar şəkildə islamçıların xeyrinə davranır və hətta onların, ayətulla tərəfindən “şahın, MKİ-nin, MOSSAD, monarxistlər, amerikan imperialistləri və sionistlərin muzdlu agentləri” adlandırdığı “möcahədinlər” və “fədainlərə” atdığı böhtanları yayırdılar.52
Bu davranışlar həm də ona görə mənəviyyatsız görkəm alırdı ki, məhz həmin dövrdə islamçı rejim aşkar şəkildə Əfqanıstan ərazisində islamçı müxalifətin silahlı dəstələrini – sovet qoşunları və Babrak Karmal hakimiyyətinə qarşı müharibə üçün formalaşdırır, silahlandırır, təlim keçirir və Əfqanıstanın ərazisinə yayırdı (İranda – ayətulla Möntəzirinin şəxsi nəzarəti altında – cəmi 7 əfqan fundamentalist təşkilat yaradılmışdı),53 Tehran isə kütləvi tirajlarla bu cür xarakterik başlıqlar altında təbliğatçı məhsul dərc etdirirdi (sonra isə Əfqanıstanda yayırdı): “Rus intriqaları və əmir Dost Məhəmməddən Babraka qədər Əfqanıstandakı cinayətləri” və ya “Əfqanıstan – kafir ruslar üçün məzarlıq və dünya islam inqilabının başlanğıcıdır”.54 Əlavə edim ki, məhz “Möcahədin-ə Xalq”, “islam inqilabının” Əfqanıstan və Livana ixrac edilməsində ideoloq və praktik kimi görkəmli təşkilatçı vərdişlərinə malik olan, ayətulla Möntəzirinin oğlu Məhəmməd Möntəzirini öldürməklə, Kremlə ciddi köməklik göstərmişdilər.55
Əlbəttə, demək olar ki, İranda solların məhv edilməsi qaçınılmaz və təbii bir proses idi: bütün burjua inqilablarında inqilabçıların sol, sosialist, nəticə olaraq, antiburjua qanadı qalib gəlmiş burjualar tərəfindən məhv edilirdi. Lakin o zaman KPSS rəhbərliyi daha da günahkardır: TUDƏni, onları gözləyən təhlükədən xəbərdar etmək və əvvəlcədən gizli fəaliyyətə keçidlə bağlı göstəriş verməmək cinayət idi. Bu birinci arqument. İkincisi, TUDƏ taleyi və “Möcahədin-ə Xalq”ın taleyi arasında fərq var. Hər iki təşkilat islamçılarn tərəfindən dağıdılıb. Lakin “möcahədinlər” əsl kişilər və inqilabçılar kimi həlak olurdular – əllərində silahla, sinfi rəqibə ziyan verərək, öz həyatı bahasına. Məhz buna görə onlar sonda təşkilatlarının onda bir hissəsini qoruyub saxlamağa müvəffəq oldular – mühacirətdə gizli fəaliyyətlə. TUDƏ isə rüsvayçılıqla həlak oldu – müqavimət göstərmədən və itaətlə ölümə gedərək.
Maraqlıdır ki, “За рубежом” həftəlik jurnalı (həmin dövr bu həftəlik jurnal sovet oxucusu üçün beynəlxalq siyasət haqqında məlumat almaq üçün əsas mənbələrdən hesab edilirdi) ayətulla rejiminin “möcahədin” və “fədainlərlə” əsas mübarizəsinə əsaslı surətdə etinasız yanaşdı və yalnız yanvarda, sol şəhər partizanlarının məğlubiyyəti qaçınılmaz olanda moskvatəmayüllü alman jurnalı “Bletter für Deutsche und internazionale politik”dəki psevdomarksist məqaləni təkrar dərc etdi. Məqalədə faktlara və sinfi təhlilə zidd (amma KPSS MK-nin xəttinə uyğun) təsdiq edilirdi ki, Xomeyni tərəfdarları - “inqilabi demokratik qüvvələrdir”, Xomeyninin bütün əleyhdarları – “terrorçu”, “əks-inqilabçı”, “MKİ idarəsi tərəfindən dəstəklənən və yönəldilən” insanlardır və Xomeyni rejimi “əhəmiyyətli nailiyyətləri”, dəqiq ifadə etsək, “daxili həyatın demokratikləşdirilməsi” və “sosial sferanın yaxşılaşmasını” öz aktivinə yaza bilər.
Oxucunun diqqətini bir mühüm fakta yönəltmək istəyirəm: həmin dövr “За рубежом” həftəlik jurnalının baş redaktorunun müavini yuxarıda adı çəkilən “Usama bin Laden fenomeni” yazısının müəllifi V.B.İordanski idi...56
İran inqilabının timsalında sovet hökumətinin psevdomarksist xarakteri aydın oldu. Əgər hər addımda Leninə and içən sovet rəhbərləri əsl marksist olsaydılar, Leninin bu məşhur tələbinə belə aşkar şəkildə etinasız qalmazdılar: “Siyasi təhlilin başlanğıcında siniflər haqqında sual qoymaq lazımdır. Hansı sinfin inqilabından söhbət gedir? Bəs hansının əks-inqilabından?”57
Marksist təhlil baxımından İrandakı “islam inqilabının” xarakteri çox aydın idi: dini hərəkat formasında baş tutan burjua inqilabları – Almaniyada Kəndli döyüşü və ya 17-ci əsrdə ingilis burjua inqilabı kimi. Həm bu, həm də digər mövzu ətrafında marksizmin baniləri ətraflı araşdırma aparmışlar (Artıq yuxarıda deyildiyi kimi, Engels burjua inqilabının bu formasının baş verməsinin tarixi labüdlüyünü sübut etmişdi). Eyni zamanda Kautski və Bernşteynin bu mövzulardakı xüsusi tədqiqatları da marksist klassikaya aid edilir.58 Tomas Münserin, Münster kommunasının və diggerlərin taleyini xatırlamaq çətin olmadı.
Əslində “islam inqilabı” (dini qiyafəli burjua inqilabı kimi) bir neçə əsr gecikdi və imperializm dövründə “orta sinfin” inqilabi hərəkatı kimi ortaya çıxdı – istənilən halda, onda anti-burjua, anti-imperialist və anti-amerikan şüarların istifadəsi və faşist “milli inqilabıyla” üst-üstə düşməsi tamamilə təbii idi. Savadlı marksist üçün burda anlaşılmayan bir şey yoxdur. Nəticə etibarilə, islam fundamentalistləri islam fundamentalizminin siyasi hərəkat kimi ortaya çıxmasından bəri (29-cu əsrin 30-cu illəri) faşizmlə yaxınlıqlarını aydın görürdülər və dərhal Hitler rejimi ilə isti münasibət qurdular. İslam fundamentalistlərinin ilk təşkilatı – “Müsəlman qardaşları” Hitlerdən maliyyə yardımı alır, faşist təbliğatı aparır, nasist Almaniyasının xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olurdu.59 Yerusəlimin ilk fundamentalist baş müftisi Xəy Əmin Əfəndi əl-Hüseyni yalnız 3-cü Reyx və nasist təbliğatının xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olmurdu, həm də RSXA-nın 6-cı bölməsinin tapşırığıyla Yaxın Şərq və Şimali Afrikada üsyanlar təşkil edirdi.60
Klassik faşist hərəkatları iri burjuaziya və aristokratiyanın hakimiyyətini əlindən almaq istəyən “orta sinfin” hərəkatı olduğu kimi, islam fundamentalizmi də mövcud elitalarla hakimiyyət uğrunda mübarizə aparan orta və kiçik burjuaziyanın hərəkatı idi.61 Bir qayda olaraq, buraya elitalarla yerli feodallar və ənənəvi olaraq kompador olan iri burjuaziya aid idi (elə buradan da islam radikalizmi və fundamentalizminin anti-amerikan və anti-imperialist xarakteri bəlli olur). Sinfi xarakterli bu səbəb islamçıların öz sol tərəfdarlarına münasibətinin aqibətini müəyyən etdi.
Kiçik və orta burjuaziya (onlar hakimiyyəti öz nümayəndələri tərəfindən ələ keçirdikdən sonra sosial statuslarını yüksəldirlər) iri burjuaziyaya güzəştə gedə bilərlər, amma sosialist ideyanın tərəfdarı olanlarla, burjuaziyanın və xüsusi mülkiyyətin ləğvinin lehinə olanlarla dil tapa bilməzlər.
Ona görə də “islam inqilabı malikanələr sahiblərini daxma sahiblərindən qorumağa yönəlib” deyən fundamentalistlər hakimiyyətə gələndə malikanə sahibi oldular, “ədalətli islam iqtisadiyyatının” yerinə yalnız sinfi münaqişəyə62 uyğun olan işçi və muzdlu olan yox, həm də islamda ciddi qadağa olan sələmçiliklə məşğul olan, kapitalizm qaydalarına uyğun faiz götürən “islam banklarının” mövcud olduğu adi kapitalist iqtisadiyyatı qurdular.63
Göründüyü kimi, islam inqilabı sosial differensasiyanın azalmasına yox, artmasına gətirib çıxardı. Şah rejiminin süqutundan 10 il sonra aclıq və səfalət halında yaşayan iranlılarln sayı 34 milyona çatdı (əhalinin ümumi sayı 49,5 milyon idi), milyonçuların sayı isə inqilabaqədərki dövr ilə müqayisədə 7 dəfə artdı!64
Klassik faşist hərəkatlarında olduğu kimi, İrandaki islam radikalları arasında da sinfi yanaşmanı (tam olmasa da) qəbul edən və şüursuz sosialist əhval-ruhiyyəsiylə fərqlənən sol qanad var idi (Bəziləri isə birbaşa marksizmi öyrənirdilər, Ayətulla Həcazi kimi). Əlbəttə, onları da Ştrasserçilərin, Strapaezi və “boz köynəklərin” aqibəti gözləyirdi: onlar hakimiyyətə gələn Xomeyniçilər tərəfindən fiziki olaraq məhv edildilər (Sol islamçıların lideri ayətulla Murtaza Mütəxxəri 1979-cu ildə öldürüldü, onun işlərinin oxunulması, saxlanılması və yayılması 1984-cü ildə qanuna zidd elan edildi. Ayətulla Məhəmməd Bəkər əz-Sədr 1980-ci ildə edam edildi. Məşhur ayətulla Əli Şəriəti isə hələ islam inqilabının qələbəsindən əvvəl, 1977-ci ildə öldürülmüşdü.)65
Sosial proseslərə sinfi baxışın, sol ideyaların yaratdığı təhlükənin fundamentalistlər tərəfindən başa düşülməsi İslam rejimini sol hərəkata qarşı çox sərt tədbirlər görməyə vadar etdi; misal olaraq ”allahsızların” ailələrinin məhvini göstərmək olar (Monarxiya tərəfdarlarının ailə üzvlərinə qarşı belə tədbirlərdən əsasən istifadə edilmirdi).66 Bundan başqa, qiyamçı şiə ruhaniliyi ilə mübarizə aparan şahın mühafizə orqanı SAVAK-ın işçiləri birmənalı şəkildə edam edilsə də, “qırmızı təhlükə” ilə mübarizə aparan işçilərə toxunulmadı və onlar islam siyasi polisi SAVAMA-nın (İran Milli İnformasiya və Təhlükəsizlik Təşkilatının) heyətinə əlavə edildilər. Bu şöbələrin rəhbərləri Frazia və Kavadan başqa, SAVAMA şahın uşaqlıq dostu olan və “islam inqilabının” başlanğıcında anti-şah nümayişçilərinə qarşı kütləvi qırğında ittiham olunan general Fardustun xidmətlərindən də müxalifətə qarşı istifadə edildi.
Şah mühafizəsi xüsusi qəddarlığı ilə ad çıxarmışdı; belə ki, SAVAMA-nın divarları arasında məhbuslara yalnız MKİ məsləhətçiləri tərəfindən yayılan “adi müasir işgəncələri” tətbiq etmirdilər (elektroşok və boğma), orda həm də iyrənc və qəddar şərq işgəncə növlərindən, məsələn, odda yavaş-yavaş yandırılmadan da istifadə edilirdi. SAVAMA işgəncə siyahısını klassik orta şərq işgəncələrinin (məsələn, müasir Türkiyədə geniş istifadə edilən dabana taxta ilə döymə) hesabına genişləndirdi və praktikaya üç qat cəzanı tətbiq etdi,67 burada ifadə verib-verməmək heç bir əhəmiyyət kəsb etmirdi. Orta əsr zehniyyətinin sahibləri olan islamçılar bu sahədə də insanın yalnız işgəncə altında həqiqəti danışdığını özündə ehtiva edən orta şərq təfəkkürünə qayıtdılar, çünki bu zaman o, şüurun iştirakı olmadan danışır, yəni yalan deyə bilməz. İnkvizitor və gestapoçuların məntiqi ilə paralellər sadəcə olaraq göz deşir.
Hələ 1982-ci ildə aydın oldu ki, İrandaki islam radikallarının arxasında cəmiyyətdə nisbi və məhdud olsa belə, sosial ədalət cəmiyyəti qurmaq cəhdlərinin şüurlu şəkildə qarşısını alan islamçı mühafizəkarlar dayanır. Bu mühafizəkarlar hələ 1950-ci ildə yaranmış “Höcətiyyə”68 təşkilatında birləşmişdilər. Sirr deyil ki, islam radikalları səudiyyəli multimilyonçular tərəfindən maliyyələşir – Usama Bin Ladenin özü də səudiyyəli multimilyonçudur – Misirin 18 ən varlı ailəsindən 8 milyarder ailəsi (Əş Şərif-Ən Nəccər- Əs Səəd- Ər Rian və b.) “müsəlman qardaşlarına” aiddirlər.69 Misirdəki radikal islam qruplarının xərci ölkənin ən varlı insanı – Osman Əhməd Osman tərəfindən ödənilirdi.70 Müsəlman qardaşları Misirdə ümumi kapitalı 25 milyarda çatan 180 “islam” kompaniyası yaratmışdılar.71 Ona görə də öz “alma mater” – lərinin divarında “1979-cu il kasıblığın ədalətsizlik üzərində qələbəsidir” yazan Tehran Universitetinin solyönümlü tələbələrinin tələsdiyini deyə bilərik. Yeri gəlmişkən, bu şüar çox qalmadı.72 Onu islam radikalları cırıb atdılar.73 Sonra növbə tələbələrə də çatdı – axı Xomeyni demişdi: “bizə intellektuallar lazım deyil.”74
O da maraqlıdır ki, İranda fundamentalist rejim güclənənə qədər sollara qarşı islam radikalları İtalyan “arditi” və alman şturmçulardan götürülmüş tipik faşist taktikasından – qırğın və küçə döyüşlərindən istifadə edirdilər. 75
Əslində, sollarla mübarizədə bu taktikanı islam radikalları hakimiyyətdə olmadıqları yerlərdə də istifadə edirlər. Burada Fələstin nümunəsi yerinə düşür. 80-ci illərin əvvəlindən solyönümlü şərq mətbuatında İsrail tərəfindən işğal olunmuş ərazilərdə sol aktivistlərə qarşı radikalların hücumlarından bəhs edilirdi. Bu tip aksiyaların ən böyükləri kimi – Nablusdaki Ən Nəccəh universitetində (universitet Fəlsətin Kommunist Partiyasının dayağı hesab edilirdi) qırğın (İsrail hakimiyyətinin maneəsi olmadan), Bir – Zeyd şəhərindəki universitetdə tələbə mitinqinə hücum, sol-sosialist “tələbə hərəkatı cəbhəsi”nə qarşı fiziki təzyiq kampaniyalarını göstərmək olar. 76
Diqqətəlayiqdir ki, İsrail hökuməti özü işğal olunmuş ərazilərdə və İsraildə islam fundamentalistlərinin kök salmasına şərait yaratdı. Bu, İsrailin sağ yönümlü hökumətlərinin strateji xətti idi – M. Beqinin (1977-1984) və İ. Şamirin (1990-1992) başçılığı altında sağ və ifrat sağ bloku, Şimon Peres və İ. Şamirin koalisyon “milli birlik hökumətini” və Şamirin 1980-1986-cı illərdəki nazirlik dönəmini göstərmək olar. İslam fundamentalistlərini şirnikləndirməyə İsrail hökuməti 1979-cu ilin yayından başladı (Başqa məlumatlara görə 1980-ci ilin əvvəlindən). Bunu etmək çətin deyildi – fundamentalist ədəbiyyatın gətirilməsinə və təbliğatına göz yummaq və islam ruhanilik sistemində bir sıra dəyişikliklər aparmaq kifayət idi (İsraildə islam icması - muxtariyyəti olan digər dini icmalardan fərqli olaraq, dövlət administrasiyası tərəfindən idarə olunur, təyin edilir və əvəz edilir, bundan başqa, dövlət müsəlman icmasının bütün pul vəsaitlərinə tamamilə nəzarət edir. Nəticədə tezliklə İsrail və işğal olunmuş ərazilərdə fundamental təşkilatlar təşəkkül tapdı. İsrail hökuməti düşünürdü ki, fundamentalistlər fələstinlilər arasında FAT–ın təsirini məhv edəcəklər. Onların təxminləri doğru çıxdı: fundamentalistlər Yerusəlimin baş müftisi Səəd-Əd-Din Əliyaminin “Allahın düşməni” (ateist) elan etdiyi FAT-na daxil olan sol təşkilatların fəalları və aktivistlərini məhv etdilər. İsrail administrasiyası tərəfindən postuna təyin olunan fundamentalist Səəd- Əd-Din Əliyaminin digər maraqlı açıqlamaları və fətvaları ilə də məşhur idi, o hesab edirdi ki, Suriyadakı “allahsız”, “sosialist” rejim İsraildəki rejimdən daha təhlükəlidir. Çünki sosialistlər allahdan tamam uzaqdırlar, yəhudilər isə yox. Onlar sadəcə olaraq sonuncu peygəmbər Məhəmmədə yox, daha əvvəlki peyğəmbərə – Musaya inanmaqla səhv edirlər. Maraqlıdır ki, şeyx bu fətvanı 1982-ci ildə İsrailin Livana qarşı təcavüzü və Livan ərazisində Suriya və İsrail qoşunlarının qarşıdurması vaxtı vermişdi. 77
Dostları ilə paylaş: |