Nöqtələr
◘Bu ayədə bir neçə sual bəyan olunur:
Sual: “Hud” surəsinin birinci ayəsində Quran öz ayələrini bütünlüklə möhkəm ayələr kimi təqdim edir. “Zumər” surəsinin iyirmi üçüncü ayəsində isə bütün ayələr mütəşabeh sayılmışdır. Hazırkı ayədə isə bəzi ayələr möhkəm, bəziləri isə mütəşabeh ayələr kimi tanıtdırılır. Bütün bu fərqlər nə deməkdir?
Cavab: Quranın bütün ayələrinin möhkəm sayılması bu ilahi kitabda heç bir əsassız söz deyilmədiyinə işarədir. Bütün ayələrin mütəşabeh sayılmasının səbəbi isə ayələrdəki həmahənglik, oxşarlıqdır.
Bununla belə, xalqın dərki baxımından ayələr eyni deyildir. Bəzi ayələr hamının başa düşəcəyi şəkildə aydın, bəziləri isə dərin və mürəkkəb mənalıdır. Bu dərinlik bəzilərinin şübhə və səhvinə səbəb olur.
Sual: Quranda mütəşabeh ayələrə yer verilməsində məqsəd nədir?
Cavab: Əvvəla, mütəşabeh ayələrin varlığı oxucunun ayələr haqqında düşünməsinə zəmin yaradır.
İkincisi, mütəşabeh ayələr səbəbindən xalq səmavi rəhbərlərə müraciət edir. Bəli, bütün dərslər asan olsa, şagird müəllimə ehtiyac duymaz.
Üçüncüsü, mütəşabeh ayələr xalqın sınaq vasitəsidir. Dolaşıq fikirli bəzi insanlar oxşar ayələr arasından öz hədəflərinə doğru hərəkət edirlər. Düşüncəli insanlar isə, imam Rizanın (ə) buyurduğu kimi, möhkəm ayələrə müraciət edərək, mütəşabeh ayələrin əsil mənasını öyrənirlər.1
Dostları ilə paylaş: |