AYƏ 151:
﴿ سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُواْ الرُّعْبَ بِمَا أَشْرَكُواْ بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ ﴾
TƏRCÜMƏ:
«Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.»
TƏFSİR:
Bu ayədə müsəlmanların «Ühüd» müharibəsindən sonra möcüzəli şəkildə xilas olmalarına işarə edilərək buyurulur: Biz tezliklə kafirlərin qəlblərinə qorxu və vəhşət salarıq. «Ühüd» müharibəsinin axırlarında onların qəlblərinə qorxu saldıq, onun bariz nümunəsini də öz gözlərinizlə gördünüz.
Sonrakı cümlədə isə onların qəlblərinə qorxu və vəhşət salınmasının səbəbi bəyan olunur: Buna görə qorxu saldıq ki, onlar heç bir dəlil olmadan Allaha şərik qoşurdular.
Ayənin sonunda belə insanların taleyinə işarə edilir və buyurulur: Bu şəxslər həm özlərinə, həm də cəmiyyətlərinə zülm etmişlər, buna əsasən onların cəhənnəmdən başqa yerləri olmaz və ora necə də pis yerdir!
AYƏ 152:
﴿وَلَقَدْ صَدَقَكُمُ اللّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَاكُم مَّا تُحِبُّونَ مِنكُم مَّن يُرِيدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ الآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنكُمْ وَاللّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ﴾
TƏRCÜMƏ:
«Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir.»
TƏFSİR: QƏLƏBƏDƏN SONRA MƏĞLUBİYYƏT
«Ühüd» müharibəsi ilə əlaqədar hadisələrdə qeyd etdik ki, müsəlmanlar müharibənin əvvəllərində xüsusi ittihad, rəşadət və şücaətlə vuruşurdular. Nəticədə qısa vaxt ərzində qələbə çaldılar. Lakin öz səngərlərini boşaldan oxatanların bir qrupunun itaətsizlik edib müharibə qənimətlərini yığmağa məşğul olmaları ucbatından bu döyüşün müvazinəti tamamilə əksinə dəyişdi: İslam qoşunu ağır məğlubiyyətlə üzləşdi. Müsəlmanlar ağır tələfat verdikdən və xəsarətə düçar olduqdan sonra Mədinəyə qayıdanda yolda bir-birlərinə deyirdilər ki, «məgər Allah bizə qələbə və fəth vədəsi verməyibmi?! Onda nə üçün məğlub olduq?!»
Bu ayədə Quran onlara cavab verir və məğlubiyyətin səbəblərini izah edərək buyurur: Allahın sizə qələbə barəsindəki verdiyi vədə tamamilə düzgün idi. Buna görə də müharibənin əvvəlində qələbə çaldınız və Allahın fərmanı ilə düşmənləri qətlə yetirdiniz. Bu vədə də Peyğəmbərin (s) əmrlərinə itaət etdiyiniz, müqavimət ruhiyyəsini əldən vermədiyiniz vaxta qədər davam etdi. Məğlubiyyət o zamandan başladı ki, sizdə süstlük və itaətsizlik ruhiyyəsi yarandı.
Yəni əgər qələbə vədəsinin heç bir qeydi-şərti olmadığını güman edirsinizsə böyük səhvə düçar olmuşsunuz və yanılırsınız. Bütün qələbə vədələri Allahın fərmanına itaət etməklə şərtlənir.
Sonra buyurulur: Siz öz istədiyiniz və nəzərə çarpacaq dərəcədə böyük qələbəni müşahidə etdikdən sonra itaətsizlik yolunu tutdunuz və səngərləri boşaltmaqla bir-birinizlə çəkişməyə başladınız.
Sonra buyurulur: Bu zaman sizdən bir dəstə dünyanı istəyir və müharibə qənimətlərini toplayırdı, halbuki, başqa bir dəstə öz yollarında sabitqədəm dayanıb axirəti və ilahi mükafatları istəyirdi.
Bu zaman müharibənin vəziyyəti tam əksinə dəyişdi, dönüş nöqtəsi yarandı və Allah sizin qələbənizi məğlubiyyətə döndərdi ki, imtahana çəkib tənbeh etsin və sizi tərbiyələndirsin. Sonra Allah cəzalandırılmağa layiq olduğunuz halda sizin etdiyiniz bu qədər itaətsizlik və günahları bağışladı, çünki Allah heç bir neməti möminlərə əsirgəməz.
Dostları ilə paylaş: |