Ali məktəbdə elmi tədqiqat işinin xüsusiyyətləri. Ali məktə- bin kafedralarında bir qayda olaraq elmi-tədqiqat işi aparılır



Yüklə 36,25 Kb.
tarix01.01.2022
ölçüsü36,25 Kb.
#107102

Ali məktəbdə elmi tədqiqat işinin xüsusiyyətləri. Ali məktə- bin kafedralarında bir qayda olaraq elmi-tədqiqat işi aparılır. Yalnız tək-tək halda hansısa müəllim bu və ya digər üzürlü səbəbə görə elmi-tədqiqat işindən azad edilə bilər. Bu halda həmin müəllimin tədris yükü muvafiq şəkildə artırılır.

Ali məktəbdə aparılan elmi tədqiqat işləri əhatə dairəsinə görə üç qrupa ayrıla bilər: kafedranın ehtiyaclarına xidmət edən tədqiqat işləri; ümuminstitut əhəmiyyətli tədqiqatlar; respublika uçün əhəmiyyət kəsb edən tədqiqat işləri.

Maliyyələşdirmə mənbələrinə görə ali məktəbdə aparılan elmi todqiqat işləri iki qrupa ayrılır: dövlət büdcəsi hesabına təşkil edilən tədqiqatlar və təsərrüfat hesablı tədqiqatlar. Birinci qrupa aid olan tədqiqatların haqqı müəllimin dövlətdən aldığı maaşa daxil edilir. İkinci qrup tədqiqatların haqqı dövlət büdcəsi hesabına ödənilmir; müvafiq müəssisə və ya idarə ilə müəllimin və ya kafedranın, yaxud ali məktəbin bağladığı müqavilə əsasında daxil olan vəsait hesabına ödənilir.

Ali məktəbdə aparılan elmi-tədqiqat işlərinin xeyli hissəsi həmin ali məktəbin ehtiyaclarını ödəməyə yönəlir. Ali məktəbin ehtiyacları isə müxtəlif olur: fənn proqramları tərtib etmək; dərsliklər hazırlamaq; dərs vəsaitləri və metodik göstərişlər yazmaq; mühazirə və seminar məşğələlərini təkmilləşdirmək; praktik və laborator məşğələlərin məzmunu və üsullarını yeniləşdirmək; pedaqoji prosesin qanunauyğunluqlarını üzə çıxartmaq və bu əsasda məsləhətlər vermək; təlim və tərbiyə proseslərini uzlaşdırmağın, pedaqoji prosesin inkişafetdirici imkanlarını üzə çıxartmağın yollarını müəyyənləşdirmək və s. və i. a. Başqa sözlə, ali məktəbdə aparılan elmi tədqiqat işləri orada təlim, tərbiyə, təhsil və psixoloji inkişaf problemlərinin həllinə də xidmət edir.

Bundan əlavə, respublikamızda sosial-iqtisadi həyatın, elm və texnikaiın, mədəniyyət və incəsənətin bir çox problemləri ali məktəb mütəxəssislərinin tədqiqat obyekti olur.

Ali məktəbdə elmi-tədqiqat işi pedaqoji prosesin tərkib hissəsi kimi. Ali məktəbdə elmi tədqiqat işinin başlıca məqsədi təlim-tərbiyə prosesinin səviyyəsini yüksəltməyə yönəldiyindən, onu pedaqoji prosesdən ayrı təsəvvür etmək düzgün deyil. Ali məktəbdə elmi tədqiqat işi müxtəlif cəhətdən pedaqoji proseslə üzvi şəkildə bağlı olur. Əvvəla, tədqiqat üçün seçilən mövzular pedaqoji prosesdən, yəni təlim, tərbiyə və təhsil problemlərindən irəli gəlir. Məsələn, ixtisasın tələblərinə uyğun gələn kompüter proqramlarının, testlərin, məsələ və misal toplularının, təhlil üçün mətnlərin, müxtəlif formalı əyani vəsaitlərin, maketlərin və s.-in hazırlanmasını müvafiq kafedralar planlaşdırır.

İkincisi, bir sıra kafedralarda tələbələr müxtəlif formalı tədqiqat işinə cəlb edilir. Konkret faktik materialların toplanmasında, qruplaşdırılmasında və sistemə salınmasında tələbələr xüsusilə fəallıq göstərirlər.

Üçünçüsü, elmi-tədqiqat işlərindən alınan nəticələr dərslik, dərs vəsaiti, metodik vəsait, əyani vəsait kimi, mühazirələrdə elmi faktlar kimi pedaqoji prosesdə tətbiq olunur.

Göstərilən səbəblərə görə ali məktəbdə elmi-tədqiqat işi pedaqoji prosesin tərkib hissəsinə çevrilir və təlim-tərbiyənin keyfiyyətini yüksəltməyə xidmət edir.

Elmi tədqiqat işi yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması vasitəsi kimi. Elmi-tədqiqat işinin əhəmiyyəti yalnız pedaqoji prosesə xidməti ilə məhdudlaşmır. Elmi- tədqiqat işi yüksək ixtisaslı elmi pedaqoji kadrların hazırlanmasına da kömək edir. Əvvəla, tədqiqat işi ilə məşğul olan şəxs, istəsə də, istəməsə də psixoloji cəhətdən təkmilləşir: onun elmi-pedaqoji təfəkkürü itiləşir, hadisə və faktları tutuşdurmaq, təhlil etmək, qruplaşdırmaq, ümumiləşdirmək, nəticə çıxartmaq qabiliyyətləri sürətlə formalaşır. Tədqiqatçı müəllimdə intensiv formalaşan bu cür təfəkkür qabiliyyətləri pedaqoji prosesdə əks səda verir, onun səviyyəsini yüksəldir, tədricən tələbələrin təfəkkürünə süzülür.

Ali məktəbdə müəllimin apardığı elmi-tədqiqat işi çox halda namizədlik və ya doktorluq dissertasiyası ilə nəticələnir. Müəllim dissertasiya müdafiə edir, elmlər namizədi və ya elmlər doktoru alimlik dərəcəsi alır. Alim adını daşımağa başlayan müəllimin məsuliyyəti xeyli artır, o daha səmərəli fəaliyyət göstərməli olur.

Deyilənlərdən görünür ki, ali məktəbdə elmi-tədqiqat işi yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması vasitəsinə də çevrilir.




Yüklə 36,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin