Güntay Gəncalp
Alim Qasımov ifaçılığı üzərinə
(Ramin Cabbarlı´ya sunulur)
Mədəniyət tarixi, insan zehninin oluşdurduğu olqular bütünüdür. Bu bütünlük, yalnızca yazılı hörütlərə (mətnlərə), sözəl (şifahi) söyləncələrə (əfsanələrə) yansımamışdır. Musiqi melodiyalarında da tarixin mədəni qatları saxlıdır. Tarixi, uzut (sənət) ölçüləri ilə anlamanın yollarından biri də musiqidir. Olquların uzut ölçüləri ilə görülüb duyulması melodiyalarla daha olanaqlıdır (mümkündür). Bu açıdan ulusal musiqidə tarixilik bağları qırılmazlığını qoruduğundan insan bəlləyi (zehni) və duyquları gizəmli (sirli) biçimdə əski olumlu dəyərləri günümüzdə canlı tutmağı başarar. Bu açıdan musiqi dalğalarında tarixilik saxlıdır. Musiqidən dərin zövq alışımızın nədəni də bu olsa gərək. Çünkü bu zövq dolayısıyla biz günümüzün darısqallığından qurtulub keçmişə uzanır və gələcəyə boylana bilirik. Musiqi uzutunda (sənətində) ulusal tinin (ruhun) və kimliyin özünü seyrə dalış olanaqları (imkanları) geniş ölçülüdür. Varlığı səslə özümsəmə olaraq alqılayalım (dərk edəlim) bunu.
Muğam ifaçılığında səsin özünü anlamlaşdırma denəyimi (təcrübəsi) çox əskilərə uzanmaqdadır. Səsin duyğu və düşüncədə özləmli (kədərli) — sevincli zövqə və anlayışa dönüşməsi minillərə dayanmaqdadır. Bizim səsə bu qədər içdən bağlı olmağımızın da nədəni burda saxlı olmalı. Biz səsə əyilimliyik (meylliyik). Çünkü səsdə əski nəfəslərin yaşamlarından gizəmli anlam və məna qalıtımı (irsi) saxlanmışdır. Bəlkə də sonsuz varlığın bir yerində səs sonrasızlığa (əbədiyətə) qədər barınıb qalır. Səsi melodiyaya, hörütə (mətnə), təsvirə, duyğuya və düşüncəyə dönüşdürmə çabaları insanın ən əski uyqar (mədəni) çabalarından biri və ən önəmlisidir. Səs də bu dönüşüm sürəcində öz gəlişim evrələrini (mərhələlərini) yaşamışdır. Bir çox dönəmlərdə səs də dinlərin, məzhəblərin, ideolojilərin, inancların və törələrin gözətimində (kontrolunda) olmuşdur. Əski ikiçayarası (mesopotamia) uyqarlıqlarında dəyişik tanrıları çağırıb çağrışdırmağa yönləndirilmişdir. Daha sonraki dönəmlərdə səs də ilahiyatın gözətimi altında tutulmuşdur. Ancaq bütün bu gözətimlərə (kontrollara) qarşın (rəğmən), sürəkli olaraq səs özgür yaşam duyğusuna can atmışdır. Bu nədənlə də səs tarixi sürəcdə özgürlük savaşında sürəkli öndə olmuşdur. Gözətimlər uzun sürə səsi yaşam duyğusundan yoxsun buraxmışdır. Tarixdə estetik dərinliyi olan səs iki doğrultuda gəlişmişdir: 1. Həyat duyğusundan yoxsun buraxılaraq uyuşdurucu rolu üstlənən səs. Yalnız ilahiyat gözətimində olduğundan həbs həyatı yaşamışdır. 2. Kiçik ortamlarda və əmək meydanlarında yaşam duyğuları ilə iç-içə gəlişən özgür səs olanaqları.
Doğu Orta Çağında da böyləcə olmuşdur. Azərbaycan tarixində səsi həbsdən azad edib və ona bütünüylə həyat duyğuları yükləyən Böyük Üzeyir Hacıbəyli olmuşdur. Üzeyir Hacıbəyli ilə muğam səsi həyat duyğuları ilə doldurulmuş, muğam uzutundakı (sənətindəki) səs tam özgürlüyünə qovuşduğu üçün operaya da girə bilmişdir. Üzeyir Hacıbəyli istedadı muğamatı tarix boyu dilədiyi azadlığına qovuşdura bilmişdir. Dərgahlarda insanların duyğularını uyuşdurub söndürərək mərsiyə aracı olan muğamlar Hacibəyli yaradıclığı ilə insanlara özgüvən və estetik dərinlik içərən zövq yaşatmışdır. Tabuların zindanından qurtuluşu dolayısıyla muğam opera kimi modern musiqi alanlarına da sıçraya bilmişdir. Azərbaycan məkanındakı muğam həyatı İran başda olmaqla bir çox ölkələri öz etkisi altına almışdır. Hacıbəylinin başlatdığı devrim sonrasında Azərbaycan musiqisi özünə özgü (məxsus) evrim (təkamül) evrələrini (mərhələlərini) yaşamışdır. Biz bir evrə üzərində durmaq istəyirik. Alim Qasımov evrəsi.
Alim Qasımov ifaçılığı özlüyündə geniş araşdırma qonusudur. Çünkü uzun zamandır Qasımov ifaçılığı Azərbaycan dinləyiciləri başda olmaqla bütün dünyaya səslənməkdədir. Dinləyicilər Alimin səsini dinlərkən içlərində bir diksiniş, bir oyanış hiss etməkdədirlər. Bunun başlıca səbəbi Qasımov ifaçılığının çəlişkilərdən (təzadlardan) arınmış olmaması, daha dərin çəlişkilər içərməsidir. Hacıbəylinin musiqimizdə başlatdığı modernləşmə dalğaları Qasımov ifaçılığında zirvəyə çatmışdır. Çünkü Qasımov nəfəsində dünya səslərinin, dünya musiqisinin etkilərini, yansımalarını duymaq mümkündür. Səs gerçək anlamda öz ülküsəl (ideal) azadlığına qovuşmuş olur. Dinləyici də bu səs dolayısı ilə xəyalı və inanılmaz iç azadlığına qovuşduğu üçün Alimi dinləməkdən yorulmur. Yaxşı sənət əsəri təzadları göstərən və ya təzadları çözmüş olan bir əsəri deyildir. Üstün sənət əsəri öz yapısında da çəlişkinin var olduğunu göstərməlidir. Çözülməyən çəlişkiləri. Alimin ifaçılığında iç-içə girmiş təzadları bilicaltımızda hiss edirik. Çəlişkili (təzadlı) duyğuların bilincaltımızda ortaya çıxışı bizi iç devrimə hazırlar. Təzadlı duyğuların dialektik gəlişməsi estetik qavrayıcılıq olanaqlarımızı dərinləşdirər. Alim Qasımov sənətində ən önəmli gözə çarpan üstünlük budur. Bu özəllik başqa ifaçılarda çox zəif ikən, Alim ifaçılığında ən yüksək yerdədir. Alim Qasımov ifaçılığı bizdə çəlişkili zövq dərinliyi yaradır. Bir kəz dinləmək yetərli olmur. İçimizdəki gizəmli çəlişkilərin oluşdurduğu sorulara cavab bulmaq üçün yenidən Alimi dinləmə ehtiyacı ortaya çıxır. Gerçək və özgün (orijinal) bir uzut (sənət) sürəkli çevrəsinin, tarixin, kültürün basqısı altında hiss edər özünü. Bu basqılar çözümsüz çəlişkilər olaraq uzut yapıtının (əsərinin) yapısında (strukturunda) açıqca görünər. Səsin özgürlük axtarması insanın özgürlük axtarışı ilə özdeşdir. İnsan ruhu da kəndisini çevrənin, kültürün, tarixin basqısından qurtarmaq istər. Alim Qasımov ifaçılığındakı səsin üstün özgürlük arama amacları ilə dinləyici ruhunun da eyni özgürlüyü araması örtüşdüyündən, Alim ifaçılığı ilə dinləyici arasında əməkdaşlıq ilişkiləri şəkillənmiş olur. Yəni Alim Qasımovun ifaçılığında dinləyicinin rolu var. Bu ilişkilər görünməz gizəmli biçimdə bərqərar olur. Gizəmli enerji alış—verişi.
Kütlə musiqisi haqqında az—çox hər kəsin bilgisi vardır. Bir neçə günlük kütlə tərəfindən tükətildikdən sonra ömrü sona ərən musiqi türləri. Alim Qasəmov səsinin çəkimi (cazibəsi) kütləni də daha üstün zövq atmosferinə yüksəldəcək ölçüsüzlükdədir. Kütlə musiqisinin ötəsində oluşub olqunlaşan musiqi uzutu insan, yaşam və varlıq üçgənində ortaya çıxar. Böylə bir amac doğrultusunda biçimlənən musiqi çağlar boyunca etkinliyini (fəaliyətini) sürdürər. Hind musiqisinin sevimliliyi də bu üzdən olsa gərək. Bu musiqi türünün ifaçısı dinləyicini də bir iç seyirci olaraq görür. Burada dinləyici, yalnızca dinləyib zövq alan edimsiz (əməlsiz) nəsnə kimi deyildir. Gerçək musiqi yapıtının dinləyicisi dinləyib zövq alma duyqusunun ötəsində həm də ifaçı ilə bir yerdə musiqi yapıtının yaradıcısı kimi ortaya çıxar. Qasımov dinləyicidə bu yetənəyi təhrik edən bir ifaçı kimi qarşımızdadır. Dinləyici, Qasımov səsinin dalğalarına öz yaradıcı enerjisini yükləyərək ifaçını yalnız buraxmaq istəmir. Alman filosof Adorno “Modern musiqinin fəlsəfəsi” adlı kitabında bunu “Muzikal praksis” adlandırır. Muzikal praksis, yəni dinləyicinin muzikal biçimin yaranmasında üstləndiyi, üzərinə aldığı rol. Dinləyici ilə ifaçının arasındakı gizəmli duyğusal işbirliyi.
Alim Qasımov ifaçılığında mühafizəkarlıq və sonsuz özgürlük duyğularının qarşılaşması dinləyicini haldan hala yüksəltməkdədir. Dinləyicidə varlıq, insan və həyat haqqında geniş ölçülü imgələr (təsəvvürlər) oluşur. Qasımov, dinləyicini tanış olmadığı, ancaq sırf bu səs aracılığı ilə tanışdığı “ora”lara aparır. Bu nədənlə də Alim Qasımov ifaçılığı bir tür gəzi və ya səfər olaraq ortaya çıxmaqdadır. Dinləyici ilə ifaçının bir yerdə iç səfərə, iç gəziyə çıxması. Bu üzdən yayqın “ulduz” qavramı ilə Qasımov ifaçılığını tanımlamaq yanlış olur. Çünkü ulduz gecələr parlar. Ancaq Qasımov ifaçılığı aydın gündüzdə bizi iç səfərə daldırdığı üçün o, ulduz deyil, bir günəşdir. Ulduzlar sonsuzdur, günəş bir təkdir.
Qasımovu dinlərkən bir tür yabancılaşma duyğusunu yaşarıq. Modern anlamda yabancılaşma. Bu, bir yabancıya bənzəyiş türündən deyil. Yayqın kültürə, ifaya yabancılaşma. Ötələrdə bir yerdə tabulara, bulunduğumuz pozisiona yabancılaşaraq üstün “mən”imizlə bütünləşmək. Yabancılaşma olmazsa, düşünmək və gəlişən zövq anlayışı da ortaya çıxmaz. Çəlişkilərin dürtüləri yabancılaşmaya doğru sürüklər. Bu olumlu yabancılaşma yeni estetik alqılayışın (idrak etmənin) oluşumunu sağlar olduğundan saldırqan və uçurqandır. Çevrəni, tabuları uçurub mənəvi məkanı genişlədir. Əski ölçülərə saldırmış kimi görünür. Yenilik özünə yer etdikcə əskiliyə qarşı çıxar. İçində bulunduğumuz pozision genişlər. İştə Qasımov ifaçılığı bizi böylə durumlarla qarşılaşdırmaqdadır.
Sənət, yalnız özgünlük (orijinallıq) anlayışına olan bütün bağlarını qırdıqdan sonra gerçək özgünlüyə ulaşmış olur. Yəni sənət “bu biçimdə orijinallıq olmalıdır” öngörüsündən qurtulduğunda gerçək sənət əsəri də yaranmış olur. Özgünlük üçün heç bir ölçü yoxdur çünkü. Qasımov ifaçılığında öncədən öngörülən bir özgünlük (orijinallıq) ortada yoxdur. İfaçının səs dalğaları, səs gözəlliyi və səs dərinliyi bizə ummadığımız özgünlüyü (orjinallığı) yaşatmaqdadır. Öncədən varlığı sanılan özgünlük üçün bir dayanaq əksəni (mehvəri) olmalıdır. Gerçək bir sənət əsəri özündən öncəkilərə dayanmaz. Bu dayanma özündən öncə bir şeyin olduğunu qəbul etməkdir. Ancaq bir uzmanc (sənətçi) heçliyin içindən doğar. Daha öncəki öyrənimləri gerçək bir ifaçını heçliyin içinə sürüklər. Bu öyrənimlər və denəyimlər bu üzdən önəmli, yoxluğa apardığı üçün. Olanları öyrənmək heçliyə doğru dırmanış üçündür. Ən yüksək yer. Heçlikdə bütün öncə olanlar unudular və sənətçi özünü, yalnız özünü var etməyə çalışar. İfaçının yoxluqdan varlığa axışı eyləmində (fəaliyətində) dinləyici də eyni halları yaşamış olur. Alim Qasımovu bənzərsiz muğam ifaçısı edən ən önəmli özəllik də budur. Bu, hər zaman bilincli biçimdə olmaz. Uzmancın (sənətçinin) içindəki sürəkli özünü aydınladan istedad yoxluğa doğru yürür və heçlikdə də burxulub qalmaz. Gerçək uzut (sənət) bundan sonra yaranar. Daha öncədən var olanları öykünmə (təqlid etmə) Qasımov uzutunda olduğu kimi gerçək bir uzmancın edəcəyi edim (əməl) deyildir. Burada üstünlük və gözəllik ayrışımları (fərqlilikləri) ortaya çıxar. Üstünlük, öncədən bir üstün doğrunun (həqiqətin) var olduğunu qəbul edər və ona doğru qoşar. Gözəllik isə, daha öncədən üstün olanın varlığını qəbul etməz, üstün gözəlliyi özü yaradar. Sənəti də dindən ayıran budur. Din daha öncədən bir üstün gözəlləyin var olduğuna inanar və onun həsrətində sızlar. Uzut (sənət) isə, bunu özü yaradar. Daha öncədən var olana hər kəsin ulaşma haqqı və olanağı ola bilir, ancaq yaradılan üstünlük uzmanca (sənətçiyə) özgüdür (məxsusdur). Əski gözəllik fəlsəfəsi ilə yeni gözəllik fəlsəfəsinin ayrımlaşdıqları (fərqləndikləri) nöqtə də burasıdır. Modern gözəllik fəlsəfəsinin yaratdığı olqunu əski gözəllik anlayışı öncədən varmış və sənətçi ona varmışdır görüşü ilə açıqlar. Alim Qasımov ifaçılığında bunun gerçəkləşmə sürəcinə tanıq olmaqdayıq. Qasımov ifaçılığı muğamların aşama—aşama irəliləməsində yeni gözəlliklər yaradır. Qasımov səsi ilə dinləyicinin bütün zərrələri işbirliyi yaparaq bu üstün gözəlliyi oluşdurular. Bu nədənlə bu ifaçılıq həm düşüncə bağımsızlığını istər, həm də düşüncə və duyğu bağımsızlığını yaradar. Alim Qasımov mərsiyə türünə əyilimlənməsə (meyllənməsə), mərsiyə sızlamalarını ifaçılığına əkləməsə, bu gedişlə dinləyicinin ruhunu daha da özgür ortamlara daşıya biləcəkdir.
12.11.2010
səhər saat 05.15
Dostları ilə paylaş: |