«Bərzəx səfəri»
Tanınmış alim mərhum Ayətullah Molla Məhəmməd Mehdi Nəraqi (vəfatı 1209) fiqh, üsul, hikmət, riyaziyyat, əxlaq və irfan elmlərində İslamın misilsiz alimlərindən biri olmuşdur. Nəraqi Nəcəf sakini olub elə orada da, vəfat etmişdir. Onun məqbərəsi İmam Əlinin (ə) hərəminin sahəsinə bitişikdir.
Nəcəfdə sakin olduğu müddətdə bir gün Ramazan ayında onun mənzilində iftara heç nə yox idi. Əyalı ona dedi:
Evdə yeməyə heç nə yoxdur, get bir şey al gətir.
Mərhum Nəraqi evdən çölə çıxdı, amma onun bir qəpiyi də yox idi. O, qəbir əhlini ziyarət etmək üçün birbaşa “Vadiüs-səlam”a tərəf yollandı. Qəbirlərin arasında bir qədər oturduqdan sonra fatihə oxudu. Artıq hava yavaş-yavaş qaralırdı. Elə bu zaman qəbiristanlığa bir cənazə gətirdilər. Qəbir qazıb, cənazəni qəbirin içinə qoyduqdan sonra ona dedilər:
Biz tələsirik, işimiz var və evə qayıdırıq. Qalan işləri isə siz görün. Onlar bunu deyib getdilər. Mərhum Nəraqi deyir:
Mən qəbirin içinə girdim. Kəfəni açıb meyyitin üzünü torpağa qoyduqdan sonra üstünü torpaqla örtmək istədikdə, birdən, qəbirin içində bir oyuq gördüm. Oradan keçib böyük bir bağa daxil oldum. Bağda cürbəcür meyvələri olan çoxlu yaşıl ağaclar vardı. Bu bağın ortasında böyük və çox gözəl bir qəsr var idi. Buradan ora bahalı daş-qaşlarla örtülmüş bir yol gedib çıxırdı. Mən ixtiyarsız olaraq birbaşa həmin qəsrə tərəf yollandım.
Qəsr həddən artıq gözəl idi və qiymətli cəvahiratlardan olan kərpiclərlə tikilmişdi. Pillərdən qalxıb böyük bir otağa daxil oldum. Otağın yuxarı başında bir şəxs oturmuş və qalanları onu dövrəyə almışdılar.
Mən, salam verib oturdum. Onun dövrəsində oturanlar yuxarı başda əyləşən şəxsdən hələ sağ olan qohum-əqrəbaları haqqında soruşur və o şəxs də, cavab verirdi.
Bir az keçəndən sonra gördüm ki, bir ilan otağın qapısından girib birbaşa həmin şəxsə tərəf yaxınlaşdı və onu sancıb otaqdan çıxdı. İlan həmin şəxsi sancdıqdan sonra onun üzünün rəngi dəyişdi və ağrıdan qıvrılmağa başladı. Bir az keçəndən sonra halı yaxşılaşdı. Yenidən bir-birlərilə danışıb, hal-əhval tutmağa başladılar. Bir saatdan sonra həmin ilan gəlib əvvəlki kimi onu sancıb getdi. Yenə əvvəlki halı təkrarlandı və halı yaxşılaşandan sonra ondan soruşdum:
Siz kimsiniz? Bura haradır? Bu qəsr kimindir? Bu ilan nədir və niyə sizi sancır? Dedi:
Mən sizin indi qəbirə qoyduğunuz şəxsəm. Bu bağ mənim bərzəxdəki behiştimdir ki, Allah-taala mənə əta edib və qəbrimin içindən bu aləmə qapı açıb. Bu qəsr də mənimkidir. Gördüyünüz bu gözəl ağaclar, cəvahiratlar və bu yer mənim bərzəxdəki behiştimdir və mənə bura nəsib olub. Otaqda gördüyün adamlar mənim qohumlarımdır. Onlar məndən qabaq dünyadan köçmüşlər, indi isə məni görməyə gəliblər və sağ qalan yaxınları haqqında məndən soruşurlar. Mən də cavab verirəm. Dedim:
Bəs bu ilan niyə sizi sancır? Dedi:
Mən oruc, namaz , xums və zəkat əhliyəm, mömin bir adamam. Heç vaxt əyri bir iş görməmişəm. Bu bərzəx bağı da mənim saleh əməllərimin nəticəsidir. Amma yayın isti günlərinin birində küçədən keçirdim. Gördüm ki, bir dükan sahibi öz müştərisiylə mübahisə edir. Mən məsələni aydınlaşdırmaq üçün onlara yaxınlaşdım. Dükan sahibi müştəriyə deyirdi ki, 300 dinar mənə verməlisən. Müştəri isə deyirdi: Mən sənə 200 dinar borcluyam. Mən dükan sahibinə dedim:
Gəl sən öz 50 dinarından keç və müştəriyə də dedim ki, sən də öz 50 dinarından keçib 250 dinar dükan sahibinə ver. Baxmayaraq ki, dükan sahibi sakitləşdi, amma haqq onun olduğu üçün bu bölümlə razı deyildi və beləcə onun haqqını kəsdim. Elə bu əməlimə görə də, Allah-taala həmin ilanı məni sancmaq üçün məmur edib və bu iş qiyamət gününə qədər belə davam edəcək. Ümidvaram Allah-taala Məhəmməd (s) və Ali Məhəmməd xatirinə məni əfv edə.
Onu dinlədikdən sonra ayağa qalxıb dedim:
Əyalım evdə məni gözləyir. Gərək onlar üçün yeməyə bir şey aparam. Yuxarı başda əyləşən şəxs qalxıb məni qapıyadək ötürdü. Qapıdan çıxanda balaca bir kisədə mənə düyü verib dedi:
Bu yaxşı düyüdür, əyalınız üçün aparın. Mən düyünü götürüb sağollaşdım. Bağa girdiyim qapıdan çölə çıxdım. Elə bu zaman gördüm ki, həmin qəbirin içindəyəm, qarşımda da həmin cənazə və orada heç bir qapı da yoxdur.
Qəbirdən çölə çıxdım. Torpaq töküb qəbirin üstünü düzəltdim. Düyü kisəsini götürüb evə tərəf yollandım.
Bu əhvalatın üstündən bir xeyli keçmişdi. Amma həmin düyüdən nə qədər bişirirdiksə qurtarmaq bilmirdi. Hər dəfə o düyüdən bişirəndə bütün məhəlləni onun gözəl ətri bürüyərdü. Qonşular hər dəfə bizdən o düyünün haradan aldığımızı soruşurdular.
Nəhayət bir gün mən evdə olmayanda mənzilimizə bir nəfər qonaq gəlir. Əyalım yenə həmin düyüdən bişirir. Ətri bütün evi bürüyərkən qonaq soruşur:
Bu düyünü haradan almısınız? Bütün ənbər düyülərdən ətirlidir! Evdəkilər düyünün əhvalatını qonağa danışırlar. Beləliklə evdə qalan bir miqdar düyünü bişirdikdən sonra düyü daha qurtardı.
Bəli, bunlar behişt ruziləridir ki, Allah-taala onları öz dərgahına yaxın olan bəndələrinə əta edər. 1
Dostları ilə paylaş: |