«Qeybi gözətçi»
Müasir yazıçılardan biri yazır:
Ayətullah Kuhestani o kəslərdən idi ki, mələklər ona xidmətçi olacaqlar deyə, iftixar edirdilər. Mənim bu dediklərimə dəlillərim var. İndi nəql edəcəyim hekayədən başqa, digər dəlillərimi nəql edə bilmərəm. O hekayə budur:
Məşhəddə Şühəda meydanının yaxınlığından Nadiri xiyabanında dükanı olan və Məşhədin möhtərəm şəxslərindən sayılan bir nəfər bir gün mənim yanıma gəlib dedi:
Mənim on dörd yaşında bir qızım var. Hər gün səhər tezdən yuxudan qalxanda bizə qəribə şeylər danışır. Dediyinə görə bu xəbəri ona ruhlar verir. Qəribə olan burasıdır ki, dediklərinin də çoxu düz çıxır. Əgər sizə zəhmət deyilsə bizim evimizə gələrdiniz, görərdiniz qız nə danışır və danışdıqlarını haradan öyrənir, Allah eləməmiş bəlkə başına hava gəlib?
Mən onların evinə getdim. O qız mənə başqa dünyadan və o dünyanın sakinləri haqqında qəribə mətləblər söylədi. Dediyinə görə keçən gecə ruhlar onu tamam başqa bir dünyaya aparmışlar və o bunları orada görmüşdür.
Bunu da deyim, müqəddəs ziyarətgahlardan, onların quruluşu haqqında elə şeylərə işarə edir ki, elə dəqiq adlar çəkirdi ki, mən onları dəfələrlə ziyarət edib gördüyüm üçün, qızın sözlərinin doğruluğuna şəkkim qalmırdı. Gördüm qız heç nəyi artırıb-azaltmadan yerli-yerində danışır, halbuki, qızın atasının və qardaşlarının dediyinə görə o indiyə qədər Məşhəddən başqa ayrı bir yerdə olmamışdır.
Qızın atası və qardaşları mənimlə dost olduqları üçün bir neçə dəfə mən, qızın atası da olmaqla onun söhbətlərinə qulaq asdım. Bizə qəribə şeylər danışırdı və biz qızın söhbətlərindən çox bəhrələnirdik... Nə isə, uzun söhbətdi...
Söhbətlərin birində mənə dedi:
Siz ağa Kuhestanini tanıyırsınız? Dedim:
Bəli, ona çox inanıram. Dedi:
Dünən gecə məni onun yanına aparmışdılar... Başladı necə getməyini, hansı küçədən keçməyini, Kuhestan kəndinin harasında olduğunu və Ayətullah Kuhestaninin evinin nişanələrini danışmağa. Dedi:
Dünən axşam onun evinə daxil olanda, böyük bir otaq sağ tərəfdə, bir-neçə dənə də kiçik otaq sol tərəfdə yerləşirdi ki, tələbələr orada istirahət edirdilər. Qarşımızda balaca bir qapı vardı ki, içəri otağa açılırdı, biz ora getdik. Ağa Kuhestani yatan otağın qapısının ağzına çatanda mənimlə gələn ruhlar dedilər:
Bura Allah övliyalarından birinin mənzilidir.
Dedim:
Adı nədir? Dedilər:
Şeyx Məhəmməd Kuhestani və sonra da əlavə etdilər ki, əgər içəri daxil olmağa bizə icazə versələr, yatmamış olsa, elmindən yaxşı feyz alacağıq.
Amma təəssüflər olsun ki, onun yatdığı otağın qapısına yaxınlaşanda, qapının ağzında gözətçilik edən iki nəfər mələk bizə daxil olmağa icazə vermədi. Biz israr edəndə, ancaq mənə icazə verdilər, o da bu şərtlə ki, fəqət çöldən boylanıb baxa bilərsən, içəri keçmək olmaz. Amma Kuhestani yatırdı.
Bu yerdə başladı Ayətullah Kuhestaninin qiyafəsinin xüsusiyyətlərini deməyə. Dediklərinin hamısı həqiqətə uyğun idi. Nə görmüşdüsə, nə deyirdisə bütün nişanələr düz gəlirdi, hətta sonralar mən Ayətullah Kuhestaninin evində olanda evin bütün nişanələrinin qız deyən kimi dəqiq, yerli-yerində olduğunu gördüm.
Ayətullah Kuhestaninin görüşünə gedəndə qızın əhvalatını ona danışdım, təbəssüm edib dedi:
Ola bilər, mümkündür... Bizim hamımız Allahın əmrinə uyğun olaraq mələklərin mühafizəsi altındayıq. 1
Dostları ilə paylaş: |