«Vadiüs-səlamdan anladım!»
Mirzə Əli ağa Qazinin əksər şagirdləri nəql edirdilər ki, Qazi Nəcəfin Vadiüs-səlam qəbristanlığına ziyarət üçün çox gedirdi. Ziyarəti üç, dörd saata qədər çəkirdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorulardı və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına etiraz edib öz qəlblərində deyərdilər: Axı ustad üç-dörd saat vaxtı niyə burda oturur? Görən yorulmur?
Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətən də düzünü demək istəsək bu şəxs olduqca yaxşı adam idi. Bu şəxsin adı Məhəmmədtəqi Amoli və özü də Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən idi.
Məhəmmədtəqi Amoli nəql edirdi: Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiüs-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa bəsdir, daha bu qədər burda oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...
Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, − hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim.
Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mərifət dəryasından incilər toplayırdım.
İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm, amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim, ikifikirli qalmışdım. Bu niyyətimi heç kimə bildirməmişdim.
Bir axşam yatmaq istəyirdim. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstündə elmi və dini kitablar yığmışdım. Yatan vaxtı təbii olaraq mənim ayaqlarım kitablara tərəf uzadılmış olurdu. Öz-özlüyümdə dedim:
Görən qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində durmurdu, bir az yuxarıda taxçaya yığılmışdı. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım.
Səhər tezdən ustadım Qazinin yanına getdim, salaməleyk etdim, cavabımı verib dedi: Sənin İrana qayıtmağın məsləhət deyil, kitablara tərəf də ayağı uzatmaq elmə, kitaba ehtiramsızlıq sayılır.
Bu sözləri eşidəndə diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim:
Ağa, siz hardan bildiniz?
Dedi:
Vadiüs-səlamdan bildim.
Qazi bu son cümləsi ilə uzun müddət Məhəmmədtəqi Amulinin xatirində ustadının Vadiüs-səlamda uzun müddət oturması ilə əlaqədar dolaşan şübhələrə də son qoydu.1
Dostları ilə paylaş: |