«Daşın arifin əlində paralanması»
Şeyx Qulamrza Əlinur mənə (müəllifə) nəql edirdi ki, həzrət Ayətullah Vicdani deyirdi:
İllərin birində aşura günü, günortadan sonra qəbir əhlini ziyarət üçün “Qumun yeni qəbiristan” deyilən qəbiristanlığına getdim. Fatihə oxuyub ziyarət edəndən sonra gözüm qəbiristanlığın bir küncündə ziyarətə məşğul olan Əllamə Təbatəbaiyə sataşdı. Yaxına gedib salaməleyk etdim.
Əllamə bir neçə dəfə yanıqlı halda mənə dedi:
Cənab Vicdani, bu gün hansı gündür? Dedim:
Aşura günüdür. Dedi:
Heç görə bilirsənmi bu günü bütün mövcudat − yer, göy, daşlar, otlar şəhidlər ağası imam Hüseynə göz yaşı axıdır?
Mən onun bu sözlərindən təəccüblənib lal-mat qaldım. Anladım ki, varlığın həqiqətindən xəbər verir.
Bu halda Əllamə Təbatəbai əyilib yerdən bir daş parçası götürdü və daşı əli ilə alma kimi ortadan iki yerə böldü. Paralanmış daşı mənə sarı uzadıb nişan verəndə heyrətimdən quruyub qaldım. Gördüm daşın arasından qan süzülür. Bir müddət heyrət içində daşa tamaşa etdim.
Özümə gələndə artıq Əllamə qəbiristanlıqdan çıxıb getmişdi.
Dostları ilə paylaş: |