«İdrislə söhbət»
Əllamə Təbatəbai yazır:
Yadımdadır, Nəcəf-Əşrəfdə Mirzə Əli Qazinin əxlaqi və irfani tərbiyəsi altında olduğum vaxtlarda bir səhər damın üstündə səccadənin üzərində ibadətə oturmuşdum.
Bu an məni yüngül bir yuxu apardı. Gördüm qarşımda iki nəfər əyləşibdir. Onlardan biri həzrət İdris (ə), digəri əziz qardaşım seyyid Məhəmməd Həsən Təbatəbai idi.
Həzrət İdris (ə) mənimlə söhbətə başladı. Amma söhbətin tərzi bir cür idi ki, həzrət İdris (ə) sözünü mənim qəlbimə ilqa edərək deyirdi, səsini isə qardaşımın dili ilə eşidirdim. Bu mənim üçün təbiət aləmini metafizik aləmlə qovuşduran ilk müşahidəm idi ki, baş verirdi. Mənim o biri aləmlə ilk bağlantım buradan başladı.
Üzüldük, bu yolda çox cəfalar çəkdik.
Əl-minnətallah ki, məqsədə yetdik.
Hicran sona yetdi qəm ürəkdən çəkildi
Yarla həmdəm olub vüsal meyini içdik.
Elmdən yəqinə keçdik qulaqdan qəlbə
Dildə eşitdiklərimizi əyanda gördük.
«Xalis incilər silsiləsindən»
İmam Sadiq (ə) buyurur:
Arifin cismi camaat ilə, qəlbi isə Allahladır. Əgər bir göz qırpımı qədəri qəlbi Allahı yad etməkdən qafil olsa, Onun şövqündən ölər.
Arif ilahi əmanətin əmini, ilahi sirlərin xəzinəsi və Allah nurunun mə`dənidir. Xalqa ilahi rəhmətin dəlili odur, ilahi elmlərin daşıyıcısı, pərvərdigarın fəzli və ədalət tərəzisi odur.
Arif xalqdan tamahını kəsmiş, dünya və dünya əhlindən meylini üzmüşdür. Onun Allahdan başqa heç bir munisi yoxdur. Ancaq Allah üçün danışar, Onun yolunda işarə edər, Onunla nəfəs çəkər.
Belə bir şəxs Allahın qüdsü bağçalarında gəzib dolaşar və İlahi fəzlin kolundan lətif güllər dərər. Mə`rifət imanın əsli (kökü) və iman mə`rifətin fər`idir. (budağıdır.)
Deməli, mə`rifəti olmayan kəsin imanı da olmaz.1
«Şah Vəli»
Qur`ani-Kərimin böyük müfəssiri Əllamə seyyid Məhəmmədhüseyn Təbatəbai buyurur:
İkinci dünya müharibəsi başlamazdan qabaq mən təhsil üçün Nəcəfin elmi hövzəsinə yollandım.
Nəslimizin izzəti və şərəfi naminə aylıq tələbə hüququ üçün heç bir mərcəi-təqlidin təqaüd alan tələbələr siyahısına ad yazdırmadım. Dolanışığım üçün hər ay atam Təbrizdən pul göndərirdi.
Atamın hər ay göndərdiyi pul mənim bir aylıq xərcimi tə`min edirdi. Bircə, hərdən elə olurdu ki, pul gec çatırdı. Bunun da yolunu tapmışdım. Gedib dükançı və çörəkçi ilə danışmışdım ki, pul gələnə qədər lazım olan zəruri alış-verişi nisyə hesablasınlar, pul çatanda hamısını birdəfəlik ödəyim. Belə də edirdim.
İkinci dünya müharibəsi başladı, get-gəl çətinləşdi. Neçə ay idi ki, pul gəlib çıxmamışdı. Qəssab, baqqal, çörəkçi, bir gün mənə dedilər:
Ağa seyyid, sizin nisyə dəftərində hesabınız çoxalıb, artıq nisyə sata bilmərik; Keçmiş borclarınızı ödəyin, sonra yenə baxarıq.
Borclu olmağımın xəcaləti bir tərəfdən, pulsuzluq da o biri tərəfdən məni yaman sıxırdı. Narahat oldum.
Əli (ə)-ın hərəminə gedib imama təvəssül etdim və Allahdan bu müşkülümü həll etməsini xahiş etdim.
Evə qayıtdım. Elə bu fikirləri zehnimdə götür-qoy edirdim ki, həyət qapısının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm başında papağı, çiynində əbası olan arıq-sısqa bir seyyiddir.
Salaməleyk edib, hal-əhval tutduqdan sonra mənə dedi:
Seyyid Məhəmmədhüseyn! Allah sənə salam yetirir və deyir:
İyirmi ildir ki, səni pulsuzluq fikrindən və qürbət qəmindən qoruyub saxlamışıq, bundan sonra da darda qoymarıq. Darıxma, bu həftə müşkülün həll olar.
Dedim:
Siz kimsiniz? Dedi:
Mən Şah Vəliyəm. Bunu deyib gözlərimdən qeyb oldu. Evə qayıtdım. Fikir məni götürdü ki: “Allah sənə salam yetirir” nə deməkdir? Çox fikirləşdikdən sonra, nəhayət sualın cavabını tapdım. Rəvayətlərdə gözümə dəymişdi ki, hərdən Allah Cəbrayıl vasitəsilə Salmana, Əbuzərə və sairəyə salam yetirirdi.
Öz-özümə dedim: Əgər doğrudan da bu həftə müşkülüm həll olsa, deməli bu qeybi bir müjdə olmalıdır.
Qəribə də olsa iki gün sonra Təbrizdən bir-neçə nəfər sövdəgər, tacir Nəcəfə daxil oldu və atamın göndərdiyi dörd aylıq pulu mənə çatdırdılar.
Bundan sonra zehnimdə yeni bir sual oyandı ki, iyirmi il hansıdır?
Əgər yaşım nəzərdə tutulursa, sinnim iyirmi ildən olduqca çoxdur, əgər Nəcəfə gəldiyim tarix nəzərdə tutulursa, o da hələ iyirmi il olmayıb.
Bu əndişədə götür-qoy edirkən, birdən sanki qəlbimə ilham edildi: İyirmi ildir ki, əmmamə qoyub ruhani libasını geyinmişəm. Sonra fikrimdə yeni bir sual baş qaldırdı ki, yaxşı, bəs bu Şah Vəli kim idi? Nə qədər fikirləşsəm də cavab tapa bilmədim. Kimdən soruşdumsa, sorağını verən olmadı.
Artıq Nəcəfdən İrana qayıtmışdım. Təbrizdə olarkən şəhərin alimlərindən birinin evinə getdim. Orada olarkən həmin alimin kitabxanasına baxırdım ki, nəzərimi “Min məzar” adlı bir kitab cəlb etdi. Kitabı açıb vərəqlədim, gözümə “Şah Vəli məzarı” ünvanı sataşdı. Oxuyanda gördüm, məzar sahibinin bütün nişanələri mən gördüyüm Şah Vəlinin nişanələri ilə düz gəlir. Qəbrin ünvanını kitabdan götürüb, gedib onu Təbrizin qədim qəbristanlıqlarından birində tapdım. Qəbirin tarixinə nəzər saldım, gördüm təqribən 200 il bundan qabaq vəfat edibdir.1
«Daşın arifin əlində paralanması»
Şeyx Qulamrza Əlinur mənə (müəllifə) nəql edirdi ki, həzrət Ayətullah Vicdani deyirdi:
İllərin birində aşura günü, günortadan sonra qəbir əhlini ziyarət üçün “Qumun yeni qəbiristan” deyilən qəbiristanlığına getdim. Fatihə oxuyub ziyarət edəndən sonra gözüm qəbiristanlığın bir küncündə ziyarətə məşğul olan Əllamə Təbatəbaiyə sataşdı. Yaxına gedib salaməleyk etdim.
Əllamə bir neçə dəfə yanıqlı halda mənə dedi:
Cənab Vicdani, bu gün hansı gündür? Dedim:
Aşura günüdür. Dedi:
Heç görə bilirsənmi bu günü bütün mövcudat − yer, göy, daşlar, otlar şəhidlər ağası imam Hüseynə göz yaşı axıdır?
Mən onun bu sözlərindən təəccüblənib lal-mat qaldım. Anladım ki, varlığın həqiqətindən xəbər verir.
Bu halda Əllamə Təbatəbai əyilib yerdən bir daş parçası götürdü və daşı əli ilə alma kimi ortadan iki yerə böldü. Paralanmış daşı mənə sarı uzadıb nişan verəndə heyrətimdən quruyub qaldım. Gördüm daşın arasından qan süzülür. Bir müddət heyrət içində daşa tamaşa etdim.
Özümə gələndə artıq Əllamə qəbiristanlıqdan çıxıb getmişdi.
Dostları ilə paylaş: |