Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Azərbaycanda xanlıqların meydana çıxması



Yüklə 1,65 Mb.
səhifə41/48
tarix08.12.2022
ölçüsü1,65 Mb.
#120634
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

18.1. Azərbaycanda xanlıqların meydana çıxması.
Quba xanlığı
XVII əsrin sonlarından etibarən Səfəvilər dövlətinin tənəzzülü daha da güclənmiş, onun əsarətində olan ölkələrdə baş vermiş kəndli hərəkatları və saray dairələri arasındakı çəkişmələr Səfəvilər dövlətinin daha da zəifləməsinə gətirib çıxarmışdı. Natural təsərrüfatın mövcudluğu, dövlətin müxtəlif hissəsləri arasında iqtisadi əlaqələrin zəifliyi, daxili və xarici ticarətin inkişafında yaranmış maneələr və bunların yaratdığı sosial narazılıq parçalanma meyllərini qüvvətləndirirdi.
Azərbaycanda və Səfəvilərin hakimiyyəti altında olan digər ərazilərdə baş vermiş təsərrüfat dağınıqlığı dövlətin tənəzzülünü daha da sürətləndirirdi. Uzun müddət gizli və bəzən açıq surətdə yerli feodalların mərkəzləşdirilmiş şah hökumətinə qarşı mübarizəsi onların müstəqilləşməsinə imkan yaradırdı.
Xalq kütlələrinin istismar edilməsi, vergilərin artması və İran feodallarının talançılıq siyasəti ölkənin məhsuldar qüvvələrini daha çox dağıdırdı. Bəhs etdiyimiz dövrdə kəndli təsərrüfatı və sənətkarlıq daha çox tənəzzülə uğramışdı ki. bu da Səfəvilər dövlətinin iqtisadi əsaslarını sarsıdırdı. Yerli bəylər tərəfindən kəndli torpaqlarının özbaşına tutulması kəndlilərin narazılığını daha da artırırdı.
Saysız-hesabsız vergilər şəhər zəhmətkeşlərini də var-yoxdan çıxarır və dilənçi halına salırdı. Feodal özbaşınalığı şəhərlərə və ticarətə böyük ziyan vururdu. Daxili çəkişmələrə qarşı mübarizədə zəif olan şah hökuməti azadlıq hərəkatlarını boğmaqda da aciz idi. Bunun nəticəsində ticarət əlaqələri zəifləyirdi, xarici ölkələrdən gələn ticarət karvanlarının istiqaməti dəyişirdi.
XVIII əsrin əvvəllərində Rusiya ilə ticarətdə törədilən maneələrin artması da tacirlərin mənafeyinə uyğun gəlmirdi. Çünki, müharibələr qonşu dövlətlərə mal aparılmasına mane olurdu. Digər tərəfdən, Rusiyanın cənub istiqamətində fəallığının artması, 1722-1723-cü illər hərbi ekspedisiyanın uğurları, ayrı-ayrı feodal hakimlərinin Rusiyaya olan meyli və müstəqilləşməyə can atmaları mərkəzdənqaçma qüvvələrinə rəvac verirdi.
XVIII əsrin birinci yarısında Nadir şahın qurduğu dövlət daha ağır maliyyə böhranı keçirir və uzun sürən müharibələr, şah sarayında hərc-mərclik, məmurlar tərəfindən böyük məbləğlərin mənimsənilməsi dövlət xəzinəsini var-yoxdan çıxarırdı.
İqtisadi və milli zülmün şiddətləndiyi və əsarətə düşmüş xalqların müqavimətinin artdığı bir şəraitdə mərkəzi hakimiyyət son dərəcə zəifləmişdi. Müstəqil olmağa çalışan bəylər, xanlar və digər iri feodallar şaha tabe olmaqdan boyun qaçırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, vaxtilə I Şah Abbasın və onun xələflərinin dayağı olan şahsevənlər şah hakimiyyyətindən üz çevirmişdilər. Adətən, Şahsevən xanları mərkəzdən, şəxsən şahın özü tərəfindən təsdiq olunurdular. Rusiyanın Cənubi Qafqazda agenti olan A.Volınski Səfəvilər dövlətində baş vermiş özbaşınalıqları qələmə alaraq yazmışdı ki, 1717-ci ildə şahsevənlər «şahın göndərdiyi adamı qəbul etmədilər və öz xalqları içərisindən hakim seçdilər, onlar şahın başqa əmrlərini də yerinə yetirmədilər. Onlar iranlılardan əsla qorxmur­dular». Ölkədə baş vermiş özbaşınalıqdan bəhs edən A.Volınski I Pyotra göndərdiyi məktubunda qeyd edirdi ki, «burada indi elə hakim vardır ki, o təbəələri üzərində deyil, təbəələri onun üzərində hakimdirlər».
XVIII əsrin birinci yarısında Azərbaycanın xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. A.Volınski öz məktublarının birində yazmışdı ki, «Səfəvilər dövlətinin taxıl anbarı olan Azərbaycanda tarlalar 7 il ərzində əkilməmiş qalmış və ölkədə aclıqdır». Belə məlumatlara rus səyyahlarından Druvilin, Qmelinin və başqalarının yazılarında də rast gəlmək olar.
Əsrlər boyu siyasi azadlıq və vahid dövlət yaratmaq uğrunda mübarizə aparan Azərbaycan xalqı XVIII əsrin ortaları və ikinci yarısında obyektiv ictimai-iqtisadi səbəblərin nəticəsində bir neçə feodal xanlıqlara parçalanmışdı. Bütün tarixi boyu bu xanlıqlar arasında mənafe uğrunda müharibələr getmiş və bunun nəticəsində xalq təsərrüfatı dağılmış, kəndlilər talan olunmuş, ticarət zəifləmişdi.
XVIII əsrin ikinci yarısında Azərbaycan iqtisadi tənəzzül dövrü keçirirdi. Bu dövrdə feodal münasibətləri Azərbaycanda məhsuldar qüvvələrin inkişafına daha çox əngəl törədirdi. Ölkənin ayrı-ayrı vilayətlərinin iqtisadi dağınıqlığı, ictimai əmək bölgüsünün hələ də aşağı səviyyədə olması, feodalların xeyrinə çoxlu məhsul rentası toplanması - bütün bunlar iqtisadi tənəzzülün başlıca şərtləri idi.
Bəhs etdiyimiz dövrdə Azərbaycanda məhsuldar qüvvələrin ümumi durğunluğu şəraitində kənd təsərrüfatı ağır vəziyyətdə idi. Xaricilərin basqınları və daxili çəkişmələr nəticəsində suvarma şəbəkəsi dağılmış, becərilən torpaqların sahəsi xeyli azalmışdı.
XVIII əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatında əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdan ibarət idi. Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. Belə ki, Quba, Qarabağ, Şamaxı xanlıqlarında əkinçilik nisbətən yaxşı vəziyyətdə idi. Talış və Bərgüşad düyü becərilməsi ilə məşğul olurdu. Abşeronda əkinçilik və maldarlıq zəif inkişaf etmişdi. Lakin Abşeronda zəfəran yetişdirilməsi, üzümçülük və ipəkçilik geniş yayılmışdı. Nadir şahın hakimiyyətinin sonlarına doğru burada neft daşınması dəniz yolu ilə Rusiya istiqaməti istisna olmaqla demək olar ki, dayanmışdı.
Gəncə, Şamaxı, Təbriz, Şəki və Qəbələ ipəkçiliyin əsas mərkəzləri kimi qalmaqda idi. Salyanda əhalinin həyatında balıq ticarəti mühüm yer tuturdu. XVIII əsr səyyahlarından M.Biberştyen yol qeydlərində göstərirdi ki, «Kürdə balıq tutulmasından əldə edilən gəlir 50 min gümüş manat təşkil edir».
Qubanın təbii şəraiti, əkinçiliyin və maldarlığın inkişafı üçün böyük imkanlar yaratmışdı. M.Biberşteyn Quba xanlığının ərazisində məhsuldarlığın qismən yüksəlişinin səbəbi kimi onun dağ ətəyi sahələrə malik olduğunu göstərmişdir. Lakin feodallaşma prosesi çox ləng gedirdi, çünki Azərbaycan kəndlilərinin əksər hissəsi eyni zamanda həm maldarlıqla və həm də əkinçiliklə məşğul olurdular. Bu kimi təsərrüfat sahələri əsasən Qarabağ, Şamaxı, Təbriz və Naxçıvan xanlıqlarında geniş yayılmışdı.
XVIII əsrin ikinci yarısında Azərbaycanın feodal xanlıqlara parçalanması təsadüfi hal olmayıb, dərin iqtisadi və ictimai köklərə malik olmuşdur. Tədqiqatçılar yazırlar ki, əgər iki yüz ildən çox davam etmiş (1501-1736) Səfəvilərin dövründə güclü idarə sistemi yaradılmışdısa, Nadir şah dövründə (1736-1749) möhkəm mərkəzləşdirilmiş idarə sistemi kiçik bir mərhələ təşkil etmişdi.
XVIII əsrin 40-cı illəri İranda və Cənubi Qafqazda feodal­lıqlara parçalanma prosesinin ən kəskin vaxtı idi. Belə tarixi prosesin nəticəsində Azərbaycan xanlıqlarının meydana gəlməsi üçün də zəmin yaradılmışdı.
Azərbaycan xanlıqlarının meydana gəlməsi prosesi XVII əsrin sonralarından başlayır. Mənbələrin məlumatına görə, ilk olaraq Quba və Talış xanlıqları yaranmışdı. Həmin xanlıqlar irsi hakimlər tərəfindən idarə olunur və ölkə adlanırdı. 1722-ci ildə I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Hüseynəli xan Quba xanı təyin edilir və uzun müddət bu vəzifəni daşıyır (1722-1758).
XVIII əsrin ortalarına yaxın Azərbaycanda bir çox xanlıqlar, kiçik feodal hökmdarlığı, sultanlıq və məlikliklər var idi. Kürlə Araz arasında olan ərazidə Qarabağ xanlığı, Zəngəzurdan Araza kimi olan sahədə Naxçıvan, Murovdağla Kür çayı vadisində Gəncə xanlığı yaranmışdı. Şirvan ərazisində Şamaxı, Kür çayı boyunca Cavad xanlıqları, Xəzər dənizinin qərb sahillərində Dərbənd, Quba, Bakı, Salyan və Talış xanlıqları meydana çıxmışdı.
Xanlıqlarla yanaşı Azərbaycanda daha kiçik feodal hökmdarlıqları – İlisu, Ərəş, Qəbələ, Qazax, Şəmsəddil və Borçalı sultanlıqları, Dağlıq Qarabağda isə Vərəndə, Xaçın, Çiləbörd, Gülüstan və Dizaq maliklikləri var idi. Sultanlıqlar və məlikliklər adətən xanlıqlardan asılı idilər.
Azərbaycanda xanlıqlar İrana qarşı mübarizə nəticəsində meydana çıxmışdı. Belə ki, Nadir şahın ölümündən sonra, Azərbaycanda olan İran hakimləri qovuldular. Yerli hakimlər hakimiyyəti əllərinə keçirərək özlərini xan elan edirdilər. Özlərinə məxsus pulları, çəkiləri, ölçüləri olan bu xanlar öz bildikləri kimi də xanlığı idarə edirdilər.
A.Bakıxanov yazırdı ki, Nadir şahın ölümündən sonra hətta şahdan nəslən asılı olan hökmdarlar da müstəqillik əldə etdilər. Belə ki, Quba xanı Hüseynəli xan və Gəncə xanı Şahverdi xan əvvəllər İran feodallarından asılı olduqları halda, Nadir şahın ölümündən sonra müstəqil, tam hakimiyyətə malik xanılıqlar yaratmışdılar.
Azərbaycan xanlıqları içərisndə ən qüvvətlisi Urmiya, Şəki, Qarabağ və Quba xanlıqları idilər. Azərbaycanda belə çox xanlıq və digər feodal hökmdarlığının meydana çıxması ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması, natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmağa cəhd etmələri ilə baglı idi. Bu xanlıqların hamısı Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparırdı, lakin bu sahədə Quba xanlığı daha böyük uğur qazanmışdı.
Azərbaycanın zəngin vilayətlərindən biri olan Qubanın münbit torpaqları müxtəlif kənd təsərrüfatı bitkiləri becərməyə imkan verirdi. Bu region mühüm strateji mövqeyə malik idi. Belə ki, Quba Azərbaycan, Dağıstan, Şimali və Cənubi Qafqazı rus torpaqları ilə birləşdirən mühüm ticarət yolu üzərində yerləşmişdi.
Xanlıq hələ XVII əsrin sonlarından etibarən yarı müstəqil ölkə halında fəaliyyət göstərmişdi. Həmin vaxt onun tabeliyində Salyan və Kulqan ərazisi də var idi. Qubanın yüksəlişi Hüseynəli xanın adı ilə bağlı olmuşdu.
Tarixi sənədlərdə onun 1689-cu ildə anadan olduğu qeydə alınmışdı. Hüseynəli xan Nadir şaha xidmət edərək «öz ata-babalarının irsini və ləyaqətini» saxlaya bilmişdi. Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələri başlandığı dövrdə o öz hakimiyyətini daha da möhkəmləndirmişdi. Həmin dövrdə Quba xanları böyük hüquq və səlahiyyətə malik idilər. Onlar hətta müstəqil fərmanlar da verirdilər.
1721-1722-ci illərdə Quba xanlığı müvəqqəti olaraq Qazıqu­muqlu Surxay xan və Müşkürlü Molla Hacı Davud tərəfindən tutulmuşdu. Tədricən onların hakimiyyəti Nügədi, Rustov, Xınalıq və s. kəndlərə də yayılmışdı.
Quba xanlığının sonrakı tarixi Rusiya ilə əlaqəli olmuşdu. I Pyotrun dövründə olan səfərlərin nəticəsində Quba xanlığı Rusiyanın himayəsində olmuş, 1727-ci ildə Rusiya ilə Türkiyə arasında sərhəd razılaşmasına görə, Şabran, Rustov, Beşbarmaq, Müşkür, Xudat Rusiyanın himayəsinə keçmişdi. Həta çar hökuməti Rustovda qarnizon saxlamaq üçün bir qala da tikdirmişdi.
Rusiya himayəsinə keçəndən sonra Hüseynəli xan xanlığı idarə etmək üçün naib təyin edilir. Ölkənin vergiləri xanın adamları tərəfindən yığılırdı, xan Rusiyanın müharibələrinə də hər şeylə kömək etməli idi. Tarixi mənbələrdə Quba hakimləri tərəfindən ticarət haqqında Rusiya ilə bağlanmış müqavilənin necə yerinə yetirilməsi haqqında çoxlu faktlar vardır.
Tədricən Quba xanlığına Samur ətrafı sahələr də daxil edilmişdi. Həmin yerlərdə olmuş rus alimi və səyyahı Samuil Qmelin Gülqan və Axtıpara kimi yerlərin də Quba xanlığına məxsus olduğunu göstərmişdi. 1756-cı ildə Quba xanlığının himayəsinə keçmiş Salyan XVIII əsrin ikinci yarısında xanlığın əsas siyasi dayağı və gəlir mənbələrindən birinə çevrilmişdi. Salyanın Quba xanlığı ilə birləşdirilməsi nəticəsində Həsənabad, Rüdbər, Səfi xan, Salyan limanı və kənd təsərrüfatı rayonları xanlığın ixtiyarına keçdi.
Şamaxı xanlığı üsündə Quba və Şəki xanları arasında mübarizənin gedişində Hüseynəli xan Şabran vilayətinə Muğandan, Dərbənddən və Şirvandan çoxlu əhali köçürdü. Quba xanlığı hər vasitə ilə möhkəmlənməyə və geniş əraziyə malik olmağa çalışırdı. Məhz bu prosesdə Quba xanlığının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olan Quba şəhəri paytaxt seçilmişdi. Xanlığın mərkəzinin Quba şəhəri seçilməsi təsadüfi deyildi.
Mənbələr paytaxt şəhərinin birdən-birə seçilmədiyini göstərirdi. Belə ki, xan iqamətgahının Xudatdan Quba qalasına köçürülməsi haqqında «Qafqaz təqvimində» deyilirdi ki, «Qubalı Hüseynəli xan 1747-ci ildə iqamətgahını Qudyal çayının sahilinə keçirdi». Başqa bir mənbədə Quba xanlığının iqamətgahının Xudat olduğu, sonra isə 1735-ci ildən yenidən əsası qoyulmuş Quba olduğu, A.Bakıxanov isə iqamətgahın Xudatdan Qubaya köçü­rülməsinin 1748-ci ilə aid olduğunu göstərirdi.
Quba şəhərinin tarixi kifayət qədər qədimdir. Hüseynəli xan şəhəri yenidən bərpa edərək onu Şimal-Şərqi Azərbaycanın siyasi və inzibati mərkəzinə çevirə bilmişdi.
Bununla belə, Quba haqqında olan məlumatlar onun əsasının qoyulma tarixini müəyyənləşdirməyə imkan vermir. Lakin göstər­diyimiz faktlar şəhərin nə Nadir şah, nə də Hüseynəli xan dövründə deyil, ondan da çox-çox əvvəllər yarandığını söyləməyə imkan verir.
1770-ci ildə Qubada olmuş S.Qmelin şəhərin və xan sarayının quruluşunun qısa şəkildə təsvirini vermiş və yerli əhalinin dediyinə əsaslanaraq otuz il əvvəl, yəni 1740-cı ildə şəhərin ətrafının daş hasarla hörüldüyünü göstərmişdi.
A.V.Suvorovun məktublarından birində çayın sahilində möhkəm Quba şəhərinin olduğu göstərilir. Mənbələrdə həmin dövrdə Qubada 2000-dən çox yaşayış binasının və 7000-dən çox əhalinin yaşadığı göstərilirdi. Onu da qeyd etmək lazımdır ki, XVII əsr üçün bu qədər əhalisi olan şəhərlər xarakterik deyildi. Bu isə şəhərin qədim və zəngin tarixə malik olduğunu göstərirdi. Quba eyni zamanda ticarət əhəmiyyətli şəhər olmuşdu. Şəhər orta əsrlərin karvan yollarının üzərində idi.
XVIII əsrin ikinci yarısında Qubada bir neçə məşhur rus səyyahı olmuş və onlar şəhər haqqında müxtəlif məlumatlar vermişlər. M.Biberşteynin yazdığına görə, «Quba xanlığına Şirvanın bir hissəsi və Ləzgistana qədər olan münbit torpaqlar və bağlar aid idi. Şəhərin ətrafı şərq üslubunda bəzədilmiş qüllələri olan divarlarla möhkəmləndirilmişdi».
Hüseynəli xan dövründə tikilmiş xan sarayı sonralar bərpa olunmuş və yenidən bəzədilmişdi. Azərbaycanın memarlıq abidə­lərini tədqiq etmiş İ.Şeblıgin xan sarayının qəşəng bəzəkləri, quruluşu etibarı ilə XVIII əsr saray tikililərinə xas olan xüsusiyyətləri özündə cəmləşdirdiyi haqqında ətraflı məlumat vermişdi.
XVIII əsrin ikinci yarısında Quba xanlığı hərbi-siyasi sahədə möhkəmlənmiş və Azərbaycanın daxili və xarici siyasətində əsas rol oynamağa başlamışdı. Xanlıq özünü müdafiə etmək üçün 10-25 min nəfərlik orduya malik idi. Fətəli xan zərurət yarandıqda orduya əlavə hərbi qüvvə toplaya bilərdi. Bu isə müstəqil daxili və xarici siyasət yeritməyə imkan verirdi.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin