Amerikalılarda Azərbaycan haqqında daha geniş təsəvvür yaratmağa çalışacağam



Yüklə 15.67 Kb.
tarix14.01.2017
ölçüsü15.67 Kb.
Amerikalılarda Azərbaycan haqqında daha geniş təsəvvür yaratmağa çalışacağam”

1991-ci ildə fəaliyyətə başlamış Xəzər Universiteti Azərbaycanda müasir dövrün tələblərinə cavab verən ilk ingilisdilli özəl ali təhsil ocağıdır. Burada tədris proqramı dünya standartları səviyyəsində kredit sistemi əsasında həyata keçirilir. Xəzər Universiteti Azərbaycanın Avropa təhsil sisteminə inteqrasiya etməsində böyük rol oynayır. Universitetin yaradıcısı, fizika-riyaziyyat elmləri doktoru professor Hamlet İsaxanlı bir çox elmi əsərlərin, riyaziyyat, təhsil, humanitar və sosial elmlərə dair tədris vəsaitlərinin müəllifi olmaqla yanaşı, həm də gözəl şairdir. Elm, təhsil və ədəbiyyata verdiyi töhfələrə görə böyük mükafatlara layiq görülmüş, bir neçə beynəlxalq akademiyanın üzvü olan Hamlet müəllim Azərbaycanın ən çətin dönəmində belə bir təhsil ocağı yaratmaqla adını tarixə yazdırdı. Bu gün ölkəmizin ən nüfuzlu özəl ali təhsil müəssisələrindən sayılan Xəzər Universitetində dünyanın müxtəlif ölkələrindən gəlmiş tələbələr təhsil alır. Burada həmçinin yüksək ixtisaslı xarici müəllimlər dərs deyir. Bir müddət əvvəl isə Amerikanın tanınmış filosofu professor Con Rayder Xəzər Universitetinə rəhbərlik etməyə başlayıb. Məqsəd Hamlet İsaxanlı tərəfindən əsası qoyulmuş ali təhsil ocağını daha da inkişaf etdirmək, onu Avropa və Amerika standartlarına uyğunlaşdırmaqdır.


Biz də öz növbəmizdə professor Rayderi yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, ondan bir qədər özü haqqında danışmağı xahiş etdik.

Təbrikə görə bizə minnətdarlığını bildirən professorun amerikasayağı təbəssümünü və gülər üzünü görəndə bir qədər əvvəl keçirdiyim sıxıntıdan əsər-əlamət qalmadı. Üstəlik, sən demə, rektor rus dilində də danışırmış.


Uşaqlığım doğulduğum Nyu-York şəhərində keçib. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Nyu- York Dövlət Universitetinə qəbul olmuşam. Kortlandda bakalavr dərəcəsi aldıqdan sonra Ston Brukda magistratura və doktoranturanı bitirmişəm. Bu səviyyəyə gəlib çatmağımda həmin ali məktəbin böyük rolu olub. Fəlsəfə doktoru olmağım isə təsadüf deyil. hələ gənc ikən bu sahəyə böyük marağım olub.

Bəs nə üçün təhsilinizi müxtəlif şəhərlərdə almısınız?


Ston Brukda Nyu York Universitetinin bir bölməsi yerləşir. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra təhsil aldığım universitetdə qalıb, bir müddət fəlsəfədən mühazirə oxudum. Sonra isə orada professor kimi fəaliyyət göstərməyə başladım. Əvvəlcə Mərkəzi Avropa və şərqşünaslıqla bağlı layihə hazırlayıb, 1996-cı ilədək ona rəhbərlik etdim. Bütün bunlarla yanaşı, fəlsəfə departamentinin sədri, incəsənət fakültəsinin dekanı vəzifələrində də işləmişəm. Son səkkiz il ərzində Nyu York Dövlət Universitetinin Amerikaşünaslıq və Rusiyaşünaslıq Mərkəzinin direktoru kimi çalışmışam. Ötən ilin fevralında beynəlxalq proqramlaşdırma şöbəsinin rəhbəri oldum. 2010-cu ilin sentyabrında isə Xəzər Universitetinin rektoru vəzifəsinə təyin edildim.
Şəxsi həyatıma gəlincə, ailəliyəm. Həyat yoldaşım Lübov Puqayeva milliyyətcə rusdur. O, Sankt Peterburq Dövlət Universitetində filologiyadan dərs deyir. Ötən ilin dekabr ayında XIX əsr rus ədəbiyyatına dair fransız dilində “Rite de Passage” adlı kitabı nəşr olunub. İşimizlə əlaqədar çox məşğul olsaq da, tez-tez görüşməyə çalışırıq.
Universitetin işçiləri, müəllim və tələbələrlə ünsiyyət zamanı çətinliyiniz olurmu?
Yaxşı sualdır. Əslində elə də böyük çətinliyim olmur. Çünki universitetin demək olar ki, bütün əməkdaşları ingilis dilində danışır, özü də mükəmməl səviyyədə. İngiliscə bilməyənlərlə isə rus dilində ünsiyyət qururam. Tələbələrimizin də əksəriyyəti ingilis dilini yaxşı bilir. Digər tərəfdən, mənimlə söhbət etmək onlara təcrübə qazanmaq baxımından bir fürsətdir. Mən isə öz növbəmdə Azərbaycan dilini öyrənirəm. Bakıda insanlar iki dildə danışırlar. Bu isə dil öyrənmək baxımından mənim üçün olduqca əhəmiyyətlidir.
Xəzər Universitetini bəyənirsinizmi?
Universitetdə yaradılmış şəraitdən, beynəlxalq standartlardan razıyam. Bu təhsil müəssisəsi yeni hündürmərtəbəli binada yerləşir. Texniki avadanlıqlarla təchiz olunmuş geniş dərs otaqları, kitabxana, müəllim və tələbələr üçün yeməkxana yüksək səviyyədədir. İndi universitetdə sürətli internet tətbiq etmək üzərində işləyirik. Ümidvaram ki, tezliklə on-line tədris sistemi sayəsində xarici universitetlərlə daha sıx əlaqələr qura və bu yolla xarici ölkələrdən yeni tələbələr cəlb edə biləcəyik. Xəzər Universitetində tədris proqramı elə birinci gündən Amerika sistemi əsasında qurulub. Burada Boloniya təhsil sisteminin bütün tələblərinə riayət olunur.

Əvvəllər Bakıda olmuşdunuzmu?


İşimlə əlaqədar olaraq keçmiş SSRİ-nin bir çox şəhərlərinə, o cümlədən də Bakıya səyahət etmişəm. Təhsilə dair birgə layihələr üzərində çalışarkən sovet təhsil sistemi ilə yaxından tanış olmuşam. Bakıya ilk dəfə Azərbaycan Dillər Universitetinin keçirdiyi konfransda iştirak etmək üçün gəlmişəm. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı ilə də elə həmin tədbirdə tanış olmuşuq.
Konfransdan sonra Hamlet İsaxanlı təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün məni fəxri qonaq qismində Xəzər Universitetinə dəvət etdi. Görünür, universitet və onun kollektivi ilə əyani tanışlığım rektor seçimi müsabiqəsində mənə yardım etdi.
Xəzər Universitetində nə kimi yeniliklər tətbiq etmək fikrindəsiniz?
Bu gün dünyada təhsil sistemi dayanmadan inkişaf edir. Məqsədim rəhbərlik etdiyim kollektivi həmin yeniliklərlə tanış etmək və bu yenilikləri bizdəki şəraitə uyğunlaşdırmaqdır. Xəzər Universitetinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmək üçün əlimizdən gələni edirik. Bu gün universitetimizin dünyanın bir çox ali təhsil ocaqları, o cümlədən mənim üçün doğma olan Nyu York Dövlət Universiteti ilə geniş əlaqələri var. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da genişlənəcək. İndi biz Amerika və Çinin bir sıra universitetləri ilə təcrübə mübadiləsi etmək barədə düşünürük.
Bu planınızın həyata keçməsi üçün nə qədər vaxt lazımdır?
Bu, uzun prosesdir. Ümid edirəm ki, bütün planlarımı həyata keçirə biləcəyəm. Hələlik Xəzər Universiteti ilə iki illik müqaviləm var. Rəhbərlik məndən razı qalsa, müqavilənin müddətini uzada bilərik.
Bir filosof kimi qədim mütəfəkkirlərdən hansı sizin ruhunuza daha yaxındır?
Qədim fəlsəfə müdriklik dəryasıdır. Amma mənim ruhuma XX əsrin ABŞ filosofu, vətənində böyük şöhrət qazanmış Con Devi daha yaxındır. Ondan əlavə, müəllimim Yustus Bakler də mənə doğmadır. Onların fəlsəfi fikirlərinin əsasında praqmatizmlə naturalizmin birləşməsi dayanır.
Son vaxtlar sufilik ətrafında böyük mübahisələr gedir. Sizin bu mövzuya münasibətiniz necədir?
Mistisizmlə aram yoxdur. Biz amerikalılar realist insanlarıq (gülür). Mistika gözəldir, dərvişlərin səma rəqsi və musiqisi adamı ovsunlayır. Cəlaləddin Ruminin sözü yadıma düşdü: “Hər bir sözə uyğun cismani təcəssüm, hər bir fikrə aid müəyyən əməl var”. Bu fikir mənin ruhuma çox yaxındır.
Ən çox sevdiyiniz yazıçı?
Tarixi romanlar müəllifi Filip Kerr. Onun əsərləri Amerikada çox sevilir.
Poeziya ilə maraqlanırsınızmı?
Ümumiyyətlə, amerikalıların şeirə marağı olmur. Buna baxmayaraq, XIX əsrin şairi Ralf Valdo Emersonun şeirlərini xoşlayıram.
Bəs musiqi ilə aranız necədir?
Klassik musiqini, xüsusilə də bəstəkar Aaron Koplandın əsərlərini sevirəm. Nyu-York radiosunu açıram, bir neçə dəqiqədən sonra skripka, fleyta, simfonik orkestrin müşayiəti ilə sehrli aləmə yollanıram...
Mədəniyyətlərimiz arasında oxşar cəhətlər varmı? Ümumiyyətlə, bizi bir araya gətirən nədir?
Azərbaycanlılar çox səmimi, istiqanlı, mərd xalqdır. Bu keyfiyyətlər amerikalılarda da var. Təəssüf ki, Amerikada Azərbaycan o qədər də tanınmır. Biz bir-birimizlə daha çox maraqlanmalı, fikirlərimizi bölüşməli, müxtəlif mövzuları müzakirə etməliyik. Azərbaycanlıların işgüzar və bacarıqlı olmaları mənim çox xoşuma gəlir. Aramızdakı oxşar cəhətlər budur. Bir-birimizə nə dərəcədə yaxın olmağımız öz istəyimizdən və fəaliyyətimizdən asılıdır. Mən amerikalılarda Azərbaycan haqqında daha geniş təsəvvür yaratmağa, ölkənizin həqiqətlərini onlara çatdırmağa çalışacağam.

Leyla CƏMİLZADƏ

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə