Patogenez. Patogenezdə əsas faktor hipova-lemiyadır. Kəskin qanitirmə zamanı qanın itirilmə sürətindən, miqdarından asılı olaraq bir sıra kompensator reaksiyalar yaranır. Simpatiko-adrenalin sisteminin aktivləşməsi periferik damarların spazmına səbəb olur və depodakı qanın səfərbərliyi nəticəsində hemodinamika normallaşmağa başlayır. Eyni zamanda kapilyar təzyiq azalır, damar divarlarının keçiriciliyi artır və toxuma mayesi qan damarlarına daxil olur. Humoral mexanizmlər işə düşərək orqanizmdən su və Na ionlarının xaric olmasını ləngidir. Nəticədə autohemodil-yusiyanın hesabına ümumi dövr edən qanın həcmi artır. Yüngül qanaxmalar zamanı dövr edən qanın həcminin 10-15%-dən artıq itirilmədiyi halda bu mexanizm itirilən qanı kompensasiya edir.
Dövr edən qanın 30%-i qısa müddətdə, 50%-i isə tədricən itirilikdə, xəstəyə yardım göstərilməsə bu vəziyyət letal sonluqla nəticələnər.
Ümumi dövr edən qanın 20-40%-i itirilsə, toxuma hipoksiyası fonunda hemorragik şok yaranır. Qanın patoloji depolaşması və maye hissəsinin toxumalara keçməsi hemodinamikada dəyişiklik yaradır, metabolizm pozulur, parenximatoz orqanlarda distrofik dəyişikliklər, miokardın funksiyasında çatışmazlıq, eləcə də mərkəzi sinir sistemində və digər sistemlərdə patoloji vəziyyət yaranır. Uşaqlar və yaşlı insanlar qanitirməyə daha çox həssasdırlar. Belə ki, yenidoğulmuşlarda dövr edən qanın həcminin 10-15% itirilməsi hemorragik şokla nəticələnir.
Qanitirmə zamanı yaranan hipoksiya böyrəklərdə eritropoetinin hasilatını artırır, nəticədə sümük iliyində eritropoez güclənir və periferiyaya cavan eritrositlər daxil olur. Damar divarının zədələnməsi ilə yaranan kəskin qanitirmə zamanı trombositar və plazma hemostazı aktivlənir, qanın yapışqanlığı artır. Arterial təzyiqin azalması periferik qan dövranının zəifləməsinə, mikrosirkulyasiyada qanın stazına səbəb olur. Orqan və toxumaların hipoksiyası başlayır, maddələr mübadiləsinin toksiki məhsulları intoksikasiya yaradır. Nəticədə DDL sindromu inkişaf edir, mikroemboliya və mikrotromblar səbəbindən qan dövranı pozulur, qanın formalı elementlərinin damar daxili aqreqasiyası başlayır.
Dostları ilə paylaş: |