ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ
(Apellyasiya şikayətinin baxışına dair yekun məhkəmə qərarı)
10 mart 2010-cu il İş № 1(106)86/2010 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən), Fərhad Abdulkərim oğlu Kərimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Zeynalov Faiq Şəkixan oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin, apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri İbişov İlqar Rəqəm oğlunun iştirakı ilə, açıq məhkəmə iclasında Əliyev Saleh Çaparxan oğlunun Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmündən məhkum Əliyev Saleh Çaparxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 dekabr 2009-cu tarixli hökmü ilə (sədrlik edən hakim Babayev Ağababa Fərman oğlu),
28 iyul 1969-cu ildə Əli Baryamlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri H.Əliyev prospekti 1 ünvanda yerləşən ailə yataqxanasında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş,
Əliyev Saleh Çaparxan oğlu Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli 19 avqust 2009-cu il tarixdən hesablanmışdır.
Hökmdən narazı qalan məhkum Əliyev Saleh Çaparxan oğlu apellyasiya şikayəti vermişdir.
İşin halları:
Məhkəmənin hökmü ilə Əliyev Saleh Çaparxan oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 29 mart 2009-cu il tarixdə yaşadığı Yardımlı şəhərindən, Şirvan şəhərinə gəlmiş tanışı Ağayev Yaşar Qələmirzə oğlundan satış məqsədi olmadan gələcəkdə dəyərini ödəyəcəyi şərti ilə 20 qram çəkidə narkotik vasitə olan həşiş qətranını, 20 qram çəkidə narkotik vasitə olan tiryəki, 0,095 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq özünün istifadəsi üçün, 10 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı mənzildə və üzərində qanunsuz olaraq saxlamış, bu müddət ərzində əldə etdiyi həşiş qətranının və tiryəkin bir hissəsini özü istifadə etmiş, heroinin bir hissəsini satmış və göstərilən narkotik vasitələrin qalan hissələrindən 0,499 qram çəkidə həşiş qətranı üzərindən, 0,298 qram çəkidə həşiş qətranı, 0,917 qram çəkidə tiryək, 0,095 qram çəkidə qurudulmuş marixuana və 3,750 qram çəkidə külli miqdarda heroin yaşadığı mənzildən aşkar edilərək götürülmüşdür.
Apellyasiya şikayətinin dəlilləri:
Məhkum Əliyev Saleh Çaparxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılır ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilən ittiham əsassızdır, bu maddə ittihamdan xaric edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmamış, ona olduqca ağır cəza vermişdir. Onun ailəli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, səhhətinin pis olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyası məhkəmə istintaqı aparmadan apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkukum xahişini və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 dekabr 2009-cu tarixli hökmü dəyişdirilməməlidir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Cinayət işinin materiallarından görünür ki, Əliyev Saleh Çaparxan oğlunun cinayət əməli birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri ilə və cinayət işinin digər materialları ilə tam təsdiq olunaraq, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmişdir.
Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının 13581 saylı 13.10.2009-cu il tarixli rəyindən görünür ki, Saleh Əliyevin evindən götürülmüş yaşıl rəngli maddə narkotik təbiətli kənaf (çətənə, kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın xalis çəkisi 0,045 qramdır. İlkin tədqiqat zamanı marixuananın xalis çəkisi 0,095 qram təşkil edirdi. Saleh Əliyevin evindən və üstündən götürülmüş bir ədəd preslənmiş maddələr tərkibinə görə eyni olub, narkotik təbiətli kənaf (çətənə, kənnabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Həşiş qətranının xalis çəkiləri 0,449 və 0,248 qramdır. Ümumi çəkisi 0,697 qramdır. İlkin tədqiqat zamanı həşiş qətranının xalis çəkiləri 0,499 və 0,298 qram təşkil edirdi. Ümumi çəkisi 0,797 qram təşkil edirdi.
Bundan əlavə, məhkəmə kimyəvi ekspertizasının 13582 saylı, 13 oktyabr 2009-cu il tarixli rəyindən görünür ki, Saleh Əliyevin evindən aşkar olunmuş kürə formasında preslənmiş maddələrdən olan 3 ədədinin ilkin cəmi çəkisi 0,917 qram olan kustar üsulla xaş-xaş bitkisindən hazırlanmış narkotik vasitə tiryək, sellofana bükülü vəziyyətdə olan sarımtıl boz rəngli maddə isə ilkin xalis çəkisi 3,750 qram olan narkotik vasitə heroindir.
Birinci instansiya məhkəməsi məhkum Əliyev Saleh Çaparxan oğlunun barəsində hökm çıxararkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almış, S.Ç.Əliyevin barəsində cəzanı yüngülləşdirən (yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) və ağırlaşdıran (müəyyən edilməyib) halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və təqsirli bilindiyi maddələrnin sanksiyalarında nəzərdə tutulmuş ədalətli cəza təyin etmişdir.
Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Bundan başqa, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Daha sonra, CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Məhkum Əliyev Saleh Çaparxan oğlu apellyasiya şikayətində ailəli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, səhhətinin pis olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir.
Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə öz əksini tapmayan hallar yüngülləşdirici hal kimi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qrarının 4-cü bəndində göstərilir ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hal kimi nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən halların birinci instansiya məhkəməsi tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmaması qanuna zidd deyil, eyni zamanda cinayət işinin materiallarında məhkumun cəzasının yüngülləşdirilməsi üçün başqa əsasların mövcudluğu müəyyən edilmir və bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
Bundan başqa, məhkum S.Ç.Əliyev apellyasiya şikayətində Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 dekabr 2009-cu tarixli hökmünün dəyişdirilməsini, ona verilmiş ittihamdan CM-nin 234.4.3-cü maddəsinin xaric edilməsini xahiş etmişdir.
Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Əliyev Saleh Çaparxan oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilir. Eyni zamanda məhkum Əliyev Saleh Çaparxan oğlu apellyasiya şikayətində Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 dekabr 2009-cu tarixli hökmünün dəyişdirilməsi, ona verilmiş ittihamdan CM-nin 234.4.3-cü maddəsinin çıxarılmasına dair göstərmiş olduğu dəlillər heç bir sübutla təsdiq olunmur, apellyasiya şikayətində göstərilən bu dəlil də əsasız olduğundan təmin edilməməlidir.
Beləliklə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha hərtərəfli təhlil edib həm onlara, həm də yuxarıda qeyd olunan hallara, apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında məhkəmə baxışına əsaslanaraq məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün heç bir əsas görmür və buna görə də hökmdən verilmiş apellyasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1 və 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyası
Q Ə R A R A A L D I :
Əliyev Saleh Çaparxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Əliyev Saleh Çaparxan oğlunun Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmü dəyişdirilməsin.
Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: imza
Hakimlər: imzalar
Düzdür: Hakim İmran Hacıqayıbov
Dostları ilə paylaş: |