S ü l e y m a n (tәk). Yәqin ki, Soltan bәyin qızıdır, amma әcәb gözәl qızdır, bәrәkәllah, Әsgәr! Görünür ki, kişinin ruhu var ki, özünә bu cür qız seçibdir. Mәn belә bilmәdim ki, Soltan bәyin qızı gözәl imiş, yoxsa әvvәldәn bilsәydim özüm alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük sәhv elәmişәm. Gәrәk bu qızı mәn alaydım. Halbuki indi gәlmişәm qızı Әsgәr üçün istәyәm. (Fikir). Yoxsa, bәlkә elә gәlmişkәn, elә özüm üçün istәyim?... Yox, bu yoldaşlıq haqqında namәrdlik olar. Әsgәr mәnә etibar edib elçiliyә göndәribdir, özü dә qıza bәnddir, necә ola bilәr ki, onu mәyus elәyim, lәnәt şeytana. Adam gәrәkdir dostluqda düz ola. Nә elәmәk? Mәn dә axtararam, özümә bir gözәl qız taparam, xainlik pis şeydir. S o l t a n b ә y daxil olur. S o l t a n b ә y. Paho, Süleyman, sәn hara, bura hara? Xeyir xәbәr olasan, әylәş görәk nә var, nә yox? (Әl-әlә verib, otururlar).
S ü l e y m a n. Bәy, xeyir olmamış nә olacaq? Şükür allaha, hәr şey öz yerindә sazdır.
S o l t a n b ә y. Çox gözәl, indi söylә daha nә var, nә yox?
S ü l e y m a n. Bәy, bilirsәn bu dünyanın işi elә belә gәlibdir ki, insan insana lazım olur, adam adama gәrәk olur. Görürsәn ki, әvvәlcә bir adamı heç tanımırsan, sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda, gәrәk elә olasan ki, sәnә yaraşan ola, özü dә varlı ola, adlı-sanlı ola.... Mәsәlәn, götürәk bizim cavan tacirimiz Әsgәri....
S o l t a n b ә y. O kimdir?
S ü l e y m a n. Bәy, sәn onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. Mәrhum bәzzaz Mürsәli deyirәm ki, bir gözәl kişilәrin birisi idi.
S o l t a n b ә y. Hə, yaxşı tanıyıram; hәqiqәt, mәrhum çox gözәl kişi idi.
S ü l e y m a n. Bәli, indi Әsgәr dediyim oğlan onun oğludur ki, o da hәr bir barәdә atası kimi gözәl adam vә ağıllı oğlandır. Özünün dә şükür allaha, yaxşı varı, malı. Alveri dә çox böyük tәrәqqidәdir.
S o l t a n b ә y. Yaxşı, Әsgәr nә deyir?
S ü l e y m a n. Әsgәrin dediyi odur ki, sәninlә qohum olmaq istәyir.
S o l t a n b ә y. Balam, mәnim qızım uşaqdır ki....
S ü l e y m a n. Bәy, gәrәk uşaq olmasın. Amma onu bil ki, Әsgәr özgә adamdır, bәy. O sayaq oğlanın qohumluğu sәnә hәr bir barәdә yaxşı olar.
S o l t a n b ә y. San orasını doğru deyirsәn; hәqiqәt tacir tayfası mәnim xoşuma gәlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vәkil-mәkil, uçitel-muçitellәr ilә mәnim işim olmaz. Vә xoşuma da gәlmәzlәr. Ancaq burası var ki, Әsgәri mәn görmәmişәm. Hәrçәnd bilirәm ki, atası yaxşı kişi idi vә dövlәti dә çox idi, ancaq bәzi vaxt yaxşı kişinin pis övladı olur.
S ü l e y m a n. Xeyr, bәy, Әsgәr çox gözәl oğlandır. Çox ağıllı, yaraşıqlı vә çox da şüurlu oğlandır. O barәdә tәvәqqe edirәm ki, mәnә etibar edib, sözümә inanasan. Hәrgah allah elәmәmiş Әsgәr pis adam olsaydı, mәn sәnin qızını ona istәrdimmi?
S o l t a n b ә y. Elә isә, allah xeyir versin, razıyam....
S ü l e y m a n (әl tutur). Allah xeyir versin, allah hәr ikisini xoşbәxt elәsin. Oğul-uşaq sahibi olsunlar.
S o l t a n b ә y. (durur). İndi buyur dә, buyur, gedәk o biri otağa çaydan-zaddan içәk, söhbәtimizi dә orada edәk. (Durub, o biri otağa keçirlәr.)
A s y a (daxil olur, tәk). Vallah, heç belә gözәl oğlan olmaz. Ömrümdә dә görmәmişәm. Qoy indi dә bu qapının deşiyindәn baxım, (Әyilib qapının deşiyindәn baxır.) Mәn dә bu oğlana bәnd olacağam. (Acıqla). Nә qayırım? Gülçöhrә gәdәnin birinә bәnd olanda, mәn niyә bәy oğlu kimi bir cavana bәnd olmayım? Elә olaram ki, hәlә Gülçöhrәni dә ötәrәm.... (Aşiqanә). Of, hәqiqәt, adamın adama gözü düşәndә әhvalı necә pәrişan olur! (Oxuyur). M u s i q i Gözәlim, yar gözәlim. M u s i q i Bir sözüm var, gözәlim. M u s i q i Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim. (2dәfә) M u s i q i Aşiq oldum sәnә mәn. M u s i q i Etmәdin lütfü kәrәm. M u s i q i Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim. (2dәfә)
M u s i q i Yanıram eşq oduna,
Yetmәdin fәryadına.
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim. ( 2 dәfә) M u s i q i Gözәlim, yar gözәlim.... Oynayır, sonra gedir. T e l l i (çıxır). Yaxşı ki, qonaq gәldi, mәni ağamın әlindәn qurtardı. Yoxsa oramı basdır, buramı basdır, oramı ov, buramı ov.... Daha hәlak elәdi mәni. Belә şorgöz kişi olmaz. Vallah bir allah bәndәsi olsaydı, mәnicә alardı, canımı qurtarardı. Amma hanı bir elә allah bәndәsi! (Deyәn kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bәndәsini yetirdi. (Gedib qapını açır, Vәli daxil olur).
V ә l i. Soltan bәyin evi buradır?
T e l l i. Hә, buradır, nә işin var?
V ә l i. Sizdә bir nәfәr qonaq varmı?
T e l l i. Hә, var, necә?
V ә l i. Daha nә üçün acığın tutur?
T e l l i. Acığım nә üçün tutsun, sәn kimsәn?
V ә l i. Mәn kilimçi. (Kәnara). Amma әcәb qızdır, yәqin bu qulluqçudur.
T e l l i. Kilimçi nәdir?
V ә l i. Bir әvvәlcә de görüm sәn kimsәn?
T e l l i. Mәn bu evin qulluqçusuyam.
V ә l i. Mәn dә o evin nökәriyәm.
T e l l i. Hansı evin?
V ә l i. Belә o evin, o....
T e l l i. Buy, elә bil gәdә dәli olubdur.
V ә l i. Dәli niyә oluram, maralım!
T e l l i. Mәn maral deyilәm.
V ә l i. Belә mәndәn ötrü maralsan, bu canım sәnә peşkәş. Belә, belә ... belә.... (Oxuyur). M u s i q i Qoy xanımı bәy aparıb
Tezlik ilә toy elәsin. (2 dәfә)
Sәnidәcә mәn alaram, (2 dәfә)
Mәn dә bir bәy olaram. T e l l i. Pulun var?
V ә l i. Var, var.
T e l l i. Pulun var, gәlәrәm!
V ә l i. Bilirәm, gәlәrsәn!
Tel l i. Belә, belә yarımsan!
V ә l i. Belә, belә canımsan! M u s i q i. Oynayırlar. T e l l i. Mәn gedәrәm ol kәsә ki, (2 dәfә)
Onun pulu çox olsun.
Onun pulu çox olsun, (2 dәfә)
Dәrdi, qәmi az olsun.
Pulun var? V ә l i. Var, var. M u s i q i. Oynayırlar. İ k i s i b i r y e r d ә. Qoy xanımı bәy aparıb,
Tezlik ilә toy elәsin. (2 dәfә) V ә l i. Sәnidәcә, mәn alaram.
T e l l i. Mәnidәcә sәn alarsan.
V ә l i. Mәn dә bir bәy olaram. (2 dәfә)
T e l l i. Sәn dә bir bәy olarsan. (Tәk). Pulun var?
V ә l i. Var, var. M u s i q i. Oynayırlar. T e l l i (xoşuna gәlir). Әşi tez ol, sözünü de görüm nә istәyirsәn?
V ә l i. Sәni istәyirәm, sәni. Bildinmi?
T e l l i. Buy, әcәb işә düşdüm.
V ә l i. Gözümün, işığı, get, o qonağa deynәn ki, bir qapıya çıxsın, sözüm var. (Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Әcәb qızdır. Vallah, qoy ağam qızı alsın, mәn dә bunu alım, ikimizin dә toyu bir gündә olsun. (Әlini-әlinә sürtür). S ü l e y m a n vә S o l t a n b ә y çıxırlar. S ü l e y m a n. Hә, Vәli, sәnsәn? Bildim nә üçün gәlibsәn, gәl gedәk. (Soltan bәyә). Bәy, hәlәlik xudahafiz.
S o l t a n b ә y. Xudahafiz, salamat ol. (Gedirlәr. Soltan bәy Süleymanı ötürüb qayıdır). Ay qız, Telli. Gülçöhrәni, Asyanı bura çağır gәlsin. Qıza da deyim görüm nә olur.... Bәli, dünyanın işi belәdir.... Bir vaxt var idi biz dә cavan idik.... İndi....
Q ı z l a r gәlirlәr. S o l t a n b ә y. Hә, oturun görüm. Ay qız Gülçöhrә, nә üçün belә bikef görünürsәn? Nә olub ki, naxoş deyilsәn ki?
G ü l ç ö h r ә. Xeyr ata, yaxşıyam.
S o l t a n b ә y. Çox gözәl, qızım, bilirsәn nә var?
G ü l ç ö h r ә. Xeyr, ata.
S o l t a n b ә y. Bәs elә isә bil: sәni әrә verirәm. G ü l ç ö h r ә hәrәkәt edir. T e l l i şad olur. A s y a heyfsilәnir. A s y a (kәnara). Heyf, oğlan әlimdәn çıxdı.
G ü l ç ö h r ә. Ay qız, mәnim nә vaxtımdır ki, әrә gedim?
S o l t a n b ә y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsәn. Hәr bir şeyi bilirsәn, anlayırsan. Sәni bir tacir oğlana verirәm ki, hәm cavan, hәm pullu, hәm mallı....
G ü l ç ö h r ә. Ata, acığın tutmasın, mәn әrә gedәn deyilәm.
S o l t a n b ә y (mülayim). Bax, axmaqlama. Mәn elçiyә söz verdim getdi.
A s y a (kәnara). Allah sәnә şükür, gәlәn oğlan elçi imiş.
G ü l ç ö h r ә. Yox ata, mәn әrә getmәk istәmirәm.
S o l t a n b ә y. Yaxşı, yaxşı, naz elәmә, bilirәm ki, ürәyindә sevinirsәn.
G ü l ç ö h r ә. Yox ata, doğru sözümdür, mәn әrә getmәk istәmirәm, istәyirsәn vur mәni öldür, әrә vermә.
S o l t a n b ә y. Deyәsәn, sәn doğrudan danışırsan. (Bәrkdәn). Nә axmaq sözdür, necә yәni әrә getmәk istәmirsәn? Evdә qalıb qocalıb qartımayacaqsan ki?
G ü l ç ö h r ә (ağlayır). Mәn әrә getmәk istәmirәm.
S o l t a n b ә y (lap bәrkdәn). Sәn allah qudurğan olma. Sәnin nә haqqın var söz danışmağa. Atan sәni әrә verir, sәnin borcun itaәt elәmәkdir.
A s y a. Әlbәttә, Gülçöhrә, atan nә deyir, sәn ona qulaq as, indi ki, sәni әrә verirlәr, sәnin borcun getmәkdir. Daha burda artıq çek-çevir olmaz ki....
G ü l ç ö h r ә. Qoy atam mәni öldürsün, amma әrә vermәsin.
A s y a. Axı sәnin danışmağa nә haqqın vardır.
S o l t a n b ә y. Sәnә deyirәm ki, axmaq olma. Mәn sәni elә adama әrә verirәm ki, daha elәsin tapmazsan. Sәn nә fikirdәsәn?
G ü l ç ö h r ә. Sәn o adama Asyanı әrә ver, qoy mәn evdә qız qalım.
S o l t a n b ә y. Nә boş-boş danışırsan. Asyanı istәyәn olsa, onu da әrә verәcәyәm. İndi sәni istәyirlәr, gәrәk әvvәl sәni verim.
A s y a. Әlbәttә, elәdir.
G ü l ç ö h r ә. Mәn әrә getmәk istәmirәm.
S o l t a n b ә y (acıqlı). Sәnin borcun deyildir, ağzın nәdir getmәyәsәn. Atan sәnә buyurur get, get! Çox o yan-bu yan elәsәn, tutub qulağından mıxlaram divara. (Gülçöhrә ağlayır.... Sükut. Soltan bәy acıqlı-acıqlı ora-bura gәzinir. Bir azdan sonra mülayim dillә deyir.) Qızım, sәn elә bilirsәn ki, mәn sәni pis adama әrә verirәm? Sәn onu yәqin bil ki, belә oğlana gedәcәksәn ki, padşah balası kimi; özü cavan oğlan, tacir, pulu çox, dövlәti çox. Bәs dәliyәm ki, sәni pis yerә verim? Sәn mәnim gözümün işığı tәk qızımsan, mәn sәni bәdbәxt elәrәmmi? (Tutub qızının alnından öpür). Sәn qoca atanın sözünә qulaq as, dәlilik elәmә!
G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ay ata, vallah әrә getmәyә heç könlüm yoxdur. Necә elәyim? Sәn mәni әrә vermә, qoy evdә qalım.
S o l t a n b ә y. Qızım, inad olma! Atan nә deyir, sәn dә ona itaәt elә, elәmәsәn allah sәni xoşbәxt elәmәz, bәdbәxt olarsan vә onu yәqin bil ki, mәnim sözüm sözdür. Mәn kişiyә söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kәbin kәsilәr, toy olar. Gedәrsәn әrә, әrin dövlәtli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyәsi olarsan, mәn dә bu qoca vaxtımda bir azca dincәlәrәm, arxayın olaram. Sәn mәn deyәnә qulaq as.
G ü l ç ö h r ә. Ay ata, indi ki, sәn istәyirsәn mәn әrә gedim, qoy onda öz istәdiyimә gedim. A s y a qorxusundan guya üzünü cırır, tәәccüb edir. S o l t a n b ә y (tәәccüb vә heyrәtlә). Qızım sәn istәdiyin kimdir, söylә görәk. A s y a qorxur. Musiqi. G ü l ç ö h r ә. (Oxuyur). Mәni saldı olmaz dәrdә, arşın mal alan, (2 dәfә)
Qalmadı heç taqәt mәndә, yanaram. (2 dәfә)
Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dәfә)
Ola bilmәz özgә fikrim, arşın mal alan, (2 dәfә)
Onu görcәk aşiq oldum, arşın mal alan, (2 dәfә)
Günü-gündәn dәrdә doldum, yanaram. (2 dәfә) S o l t a n b ә y (bәrk hirslәnir). Qızım, arşın mal alan kimdir? (Kәnara). Yoxsa o xalası olandır?
G ü l ç ö h r ә. Mәn getsәm, ona әrә gedәrәm.
S o l t a n b ә y. (Birdәn qışqırır). Nә danışırsan, axmaq qızı axmaq. Bazarın gәdәsinә әrә gedәcәksәn, dәli olubsan nәdir? Allaha and olsun, bir sillә çәkәrәm ki, dişlәrin qarnına gedәr. Bәli, Soltan bәyin qızı bir gәdәyә aşiq olubdur, pәh-pәh, pәh! İndi bildim ki, nә üçün әrә getmәk istәmirsәn. Amma onu sәn yәqin bil ki, әgәr belә axmaqlasan, atamın goru haqqı, sәnә bir toy tutaram ki, bir kәrә nәfәsini çәkәrsәn. Sәn mәnim namusuma toxunan iş görürsәn. Nә haqqın var ki, arşınmalçıya baxırsan. Qoy bir o arşınmalçı gözümә görünsün: ona mәn bir patron çaxım ki, iyi-tozu qalmasın. Onu bil ki, mәnә Soltan bәy deyәrlәr. Mәn binamusluğu qәbul edәn adam deyilәm. Sәni dә öldürәrәm, onu da öldürәrәm!
G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ata, vallah, öldür mәnim canım qurtarsın.
S o l t a n bәy (çığıra-çığıra). Öldürәcәyәm! Bu papaq mәnә haram olsun ki, bir dә arşınmalçı adı tutsan, sәni tikә-tikә doğracayam. Belә binamusluq olar ki, mәnim qızım gәdә-güdәyә bәnd olsun? (Ayağını yerә vurur). Dur bu saat rәdd ol gözümün qabağından. İtil burdan, binamus. (Gülçöhrә durub bәrk ağlaya-ağlaya gedir. Soltan bәy hövlnak ora-bura gәzir. Asya vә Telliyә.) Nә vaxt arşınmalçı, bura gәlmişdi?
A s y a (qorxa-qorxa). Vallah, xәbәrim yoxdur.
S o l t a n b ә y. Necә xәbәrin yoxdur? Yalandan mәndәn gizlәyirsiz. Cәhәnnәm olun siz dә burdan. (Asya vә Telli qaçırlar.) Әcәb başıma kәlәk gәldi; itin birisi qapıma gәlib qızımı özünә bәnd elәyir; belә dә binamusluq olar? İndi başa düşürәm ki, nә üçün xalasının әvәzindә qızımı istәyirmiş. Cәhәnnәm olsun onun xalası da, istәmәdik.... Qız lap dәli kimi olubdur. Gәrәk tezliklә әrә verim, çıxsın getsin, yoxsa işdәn sonra bir xata çıxar. Süleymanı görsәm deyәcәyәm ki, Әsgәrә xәbәr versin ki, gәlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getmәyәcәkdir. Mәnim dә hirsim tutar, vurub öldürәrәm. Ay qız, Asya, Telli. Bura gәlin. (Asya vә Telli daxil olur.) Bax, mәn gedirәm bazara, siz Gülçöhrәyә öyüd-nәsihәt edәrsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara).
A s y a (Telliyә acıqla). İndi biz fәqir nә qayıraq, bizdә nә taqsır var ki, Gülçöhrә bir gәdәyә aşiq olubdur. Ay qız get Gülçöhrәni çağır bura. (Telli gedir.) Gör, sәn allah. Qızın cürәtinә bax. Atasına açıq deyir ki, arşınmalçıya bәnd olmuşam. Lap xatadır bu qızın işi. G ü l ç ö h r ә ilә T e l l i gәlirlәr. G ü l ç ö h r ә yenә taxtın üstә yıxılır. M u s i q i A s y a vә T e l l i. Bәsdir bunca ahü zarın (2 dәfә)
Nәyә lazım bu fәryad (2 dәfә)
Layiqdirmi ola yarın, (2 dәfә)
Atan ola sәnә yad! (2 dәfә) G ü l ç ö h r ә. Getmiş әldәn ixtiyarım, (2 dəfə)
Kimsәdәn yox heç imdad.
Ağlar oldu böylә halım,
Necә qılmam mәn fәryad?! (2 dәfә) A s y a vә T e l l i. Heç yaraşmaz ah edәsәn. (2 dəfə)
Gәl ol sәn dә biz tәk şad. (2dәfә)
Səy qıl kim qala sәndә (2 dəfə)
Xalq içindә yaxşı ad. (2 dәfә) M u s i q i P ә r d ә
DÖRDÜNCÜ MӘCLİS
Ә s g ә r i n evindә vaqe olur. Ev yaxşı bәzәnib, Ә s g ә r özü dәxi yaxşı geyinibdir. Ә s g ә r. Biçarә Gülçöhrәnin başına әngәllәr açdım. İndi yazıq qız elә bilir ki, doğrudan da onu özgәsinә әrә verirlәr. Amma әcәb sözü üstә dayanan qızdır. Xoşluqla әrә getmәyә razı olmadı, odur ki, atasının tәvәqqәsinә görә, adam göndәrmişәm ki, gedib götürüb qaçsınlar. Zәrәr yoxdur; bir-iki saatdan sonra mәnim kәlәyimin üstü açılar, onda qız da sevinәr, mәn dә sevinәrәm, atası da sevinәr, hamı sevinәr. Amma ürәyim çox bәrk tәlәsir, istәyirәm ki, qızı tez gәtirsinlәr ki, yazıq daha әzab çәkmәsin. Amma qәribә iş gördüm ha. Evlәnmәdim-evlәnmәdim, axırda bu kәlәklә evlәndim. Heç pis elәmәdim, yaxşı elәdim. Allah Süleymanın atasına rәhmәt elәsin, әcәb şey öyrәtdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dәxi mәni sevir!... Qәrәz, gedim xalam dediklәrimi düzәldibdirmi? (Gedir). Bir qәdәr sonra qapı açılır. G ü l ç ö h r ә n i qaçırıb gәtirirlәr. Bir neçә oğlan Gülçöhrәnin qolundan tutub onu içәri salırlar vә qapını örtüb gedirlәr. Gülçöhrә bәrkdәn ağlaya-ağlaya taxtın üstünә yıxılır.... Bir az keçәndәn sonra deyir: G ü l ç ö h r ә. Ox. Bu nә әzabdır mәn çәkirәm. Mәni güclә, zorla әrә verirlәr. Bilmirәm kimә verirlәr, mәni sevdiyimdәn ayırırlar. İstәmirәm mәn bu dövlәti, bu dәstgahı. Mәn öz sevgilimi istәyirәm. (Üzünü örtüb ağlayır.) M u s i q i G ü l ç ö h r ә. Hicran dәrdi, fәlәk verdi,
Bunca cәfanı layiq gördü. (2 dәfә)
Yoxdur taqәt, sәbrә halәt.
Ölmәk yaxşıdır, nә ki bu zillәt. (2 dәfә)
Ey xuda rәhm et, ey xuda rәhm et!
Qıl mәdәd ya rәb, mәn yazığa rәhm et! M u s i q i Yox, mәn bu hala davam edә bilmәrәm. Daha mәndә tab vә taqәt yoxdur. Hamısından yaxşısı budur ki, bir kәrәlik özümü boğum öldürüm, canım qurtarsın. (Dәsmalın açıb burur ki, özünü boğsun, lakin bu әsnada "Arşın mal alan...." sәsini eşidib tәәcüblә qulaq asır vә eşitdikcә keçmiş günlәrini yada salır. Әsgәr pәrdә dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.) M u s i q i Ә s g ә r daxil olub, salam verir. G ü l ç ö h r ә (tәәccüblә baxır). Sәnsәn, yoxsa özgәdir?
Ә s g ә r. Mәnәm, mәnәm, Gülçöhrә, arxayın ol.
G ü l ç ö h r ә (ağlayır). Görürsәn mәnim başıma nә işlәr gәtirirlәr? Bir qәdәr gec gәlsәydin, özümü öldürmüşdüm. Sәn buraya nә sayaq gәldin? Sәni burada görsәlәr öldürәrlәr.... Mümkün varsa, gәl qaçaq. (Әcәlә ilә dartır.)
Ә s g ә r (gülür). Hara qaçaq öz evimizdәn?
G ü l ç ö h r ә (heyrәtlә). Nә danışırsan, bura kimin evidir?
Ә s g ә r. Bura mәnim evimdir, sonra da olacaq sәnin evin.
G ü l ç ö h r ә. Heç başa düşmürәm? Mәni kim götürüb qaçıbdır?
Ә s g ә r. Mәn göndәrdiyim adamlar.
G ü l ç ö h r ә (fikirli). Bәs mәn elә bildim ki, mәni atam verdiyi tacir oğlanın adamları götürüb qaçıblar.
Ә s g ә r. Әlbәttә, elәdir. Gülçöhrә (lap heyran qalır). Yenә başa düşmәdim, allah eşqinә, mәni başa sal görüm bu nә kәlәkdir.
Ә s g ә r (gülür). Bax, Gülçöhrә. Sәnә aşiq olan arşınmalçı da mәnәm, atan әrә vermәk istәdiyi tacir oğlan da mәnәm. Mәn yalandan arşın mal satan olub özümә qız axtarırdım ki, axırda sәni tapdım vә atandan istәdim, o da verdi, amma atan bilmәdi ki, mәn arşın mal satan oğlalam, çünki o әvvәldәn mәni görmәyibdir.
G ü l ç ö h r ә (nazla). Ay biinsaf. Bәs mәnә yazığın gәlmәdi ki, bu qәdar әziyyәt çәkdim, әzab çәkdim, atam mәni öldürmәli oldu. Özümü öldürmәli oldum.... (nazla). Belә bilsәydim, sәni sevmәzdim....
Ә s g ә r. Bәs burası var ki, bu şadlığımız bütün o әziyyәtlәri yuyur aparır, elә deyilmi maralım, Gülçöhrә?
G ü l ç ö h r ә (axırda razı olur). Elәdir.
Ә s g ә r. Di gәl bәri, gedәk otaqları bir-bir gәzәk vә xalamı da görәk. (Gedirlәr o biri otağa.) Bu halda bayır qapıdan S o l t a n b ә y daxil olur. S o l t a n b ә y. Vallah, yenә ata ürәyidir, tab gәtirmәdi, dedim gedim görüm, bәlkә qız, xudanәgәrdә, özünә bir xәsarәt yetirdi. (Ora-bura baxır.) Bәs hanı bunlar? Ay uşaqlar, kim var? Ә s g ә r daxil olur. Ә s g ә r. Salamәleyküm, Soltan bәy, sәn bizә xoş gәlmisәn.
S o l t a n b ә y (әvvәl xoş üzlә, sonra tәәccüblә). Balam, sәn.... Sәn Әsgәrsәn? Yoxsa o arşın mal satan?
Ә s g ә r. Xeyr bәy, mәn Hacı Mürsәl oğlu Әsgәrәm, sәnәtim dә tacirlikdir.
S o l t a n b ә y. Deyirәm axı, ancaq mәnim gözümә belә görükdü ki, qabağımda o gәdәdir.
Ә s g ә r. Bilirәm, sәn istәdin ki, onun xalasın alasan, o da әvәzindә sәndәn qızını istәdi, özü dә acıqlanıb qovdun, elәdirmi?
S o l t a n b ә y (tәәccüblә). Elәdir.... Balam sәn hardan bildin?
Ә s g ә r. Necә bilmәyim ki, o mәn özüm idim....
S o l t a n b ә y (heyrәtlә.) Nә danışırsan?
Ә s g ә r. Bәli, bәli, mәn qәsdәn elә etdim ki, qızı görüm sonra alım.
S o l t a n b ә y. Doğru deyirsәn?
Ә s g ә r. Budur, qızın tәsdiq edәr. (Çağırır Gülçöhrәni.) Gülçöhrә!
G ü l ç ö h r ә (daxil olub atasına tәrәf gedir). Bax, ata, hәm sәn deyәn oldu, hәm mәn deyәn. Әsgәr bizi kәlәyә qoyub sәnin acığına vә mәnim dә әzabıma sәbәb oldu, bütün tәqsir bundadır.
S o l t a n b ә y (ayılır). Hә, indi başa düşdüm, çox kәlәkbaz imişsәn. Rәhmәtlik sәnin atan heç belә deyildi. Ya allah. (Әl verir.) Çox gözәl, çox pakizә, vay sәni Әsgәr. Amma әcәb kәlәkbaz imişsәn. (Yadına düşür). Yaxşı, balam, bәs sәnin xalan necә oldu, hә? Hәqiqәt, o, sәnin xalan idi, yoxsa o da kәlәk idi?
Ә s g ә r. Xeyr, doğrudan xalamdır.
S o l t a n b ә y. Yәqin özü dә duldurmu? (Sevinir).
Ә s g ә r. Bәli, duldur.
S o l t a n b ә y. Hә, di ver gәlsin dә!
Ә s g ә r. Gәlsin, nә deyirәm, Gülçöhrә, zәhmәt çәk xalamı çağır. G ü l ç ö h r ә gedir. S o l t a n b ә y. Gәlsin, onu alım da! O dul, mәn dul; hәkim dә mәnә deyib ki, gәrәk arvad alam. Mәn bilәn hәkim xalanı da görsә deyәr ki, әrә get.
Ә s g ә r. Nә sözüm var ki, al dә, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı qohum nәdir?
S o l t a n b ә y (gülür). Bildim, bildim, a kәlәkbaz. G ü l ç ö h r ә vә C a h a n daxil olurlar. S o l t a n b ә y (Cahana). Әşi, gәl dә!... İrәli gәl! Görürsәn sәnin, sәnin bu bacıoğlun nә kәlәkbaz imiş.... Hә, indi nә deyirsәn, bir nәfәr molla, bir kәllә qәnd vә üç manat pulla aran necәdir? Deyirәm ki, elә Әsgәrlә Gülçöhrәnin vә sәninlә mәnim toyumuz bir olsun.
C a h a n. Nә deyirәm, allah xeyir versin.
H a m ı. Amin, amin.
S o l t a n b ә y. Balam, o uşaqlar evdә tәk qaldılar, nigarandılar. Sizin gәdәni göndәrin Asya ilә Tellini bura gәtirsinlәr.
Ә s g ә r. Bu saat gedim göndәrim. (çıxır).
S o l t a n b ә y Әşi, vallah, sevindiyimdәn elә bilirәm ki, cavan oldum.... (Tez dilin dolayır). Yәni qoca da deyilәm, elә cavan kimi bir oğlanam. Maşallah olsun mәnә.
Ә s g ә r gәlir. Ә s g ә r. Göndәrdim getdi.
Bu halda S u l e y m a n daxil olur. S ü l e y m a n. Salamünәleyküm.
S o l t a n b ә y. Paho Süleyman, әleykәssalam, balam sәnin bu dostun nә kәlәkbaz imiş!...
S ü l e y m a n. Bәli, çox kәlәkbazdır. Bilmirәm kimdәn öyrәnibdir.
Ә s g ә r. Necә kimdәn öyrәnmişәm? Bunun hamısını sәn öyrәtmәdinmi? Odur, xalam desin!
C a h a n. Doğrudur, bütün bu kәlәklәrin başçısı Süleymandır, o öyrәtdi.
S o l t a n b ә y. Belә imiş!... Süleyman, mәn sәni heç belә bilmәzdim, bu işlәri haradan öyrәnibsәn?
S ü l e y m a n. Bәy, öz başımdan çıxardıram.
S o l t a n b ә y. Ay sәnin başın var olsun.
S ü l e y m a n (birdәn Gülçöhrәni görüb diqqәt yetirir.) Yaxşı Gülçöhrә budur?
Ә s g ә r. Bәli, budur.
S ü l e y m a n. Bәs mәn gördüyüm qız buna oxşamır.
S o l t a n b ә y. Sәn yәqin Asyanı görübsәn.
S ü l e y m a n. Asya kimdir?
S o l t a n b ә y. O mәnim qardaşım qızıdır.
S ü l e y m a n (sevinir). Hә? Әşi, elә isә mәn nә üçün bikar qalım. Ver, mәn dә toy edim dә!...
S o l t a n b ә y. Doğru deyirsәn?
S ü l e y m a n. Әlbәttә!
S o l t a n b ә y. Verdim, al!
H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nә әcәb oldu!
S ü l e y m a n (kәnara). Bax mәrd yoldaşın axırı belә olar. Bu halda A s y a, T e l l i vә V ә l i daxil olurlar. S o l t a n b ә y. Bax budur gәldilәr. Ay qız, Asya, bu oğlana sәni versәm gedәrsәnmi?
A s y a (utana-utana). Bәli, gedәrәm.
S o l t a n b ә y. Qoçaq qızsan, Gülçöhrәdәn ağıllı oldun, çox gözәl, çox pakizә. (Vәli ilә Telli bir-birinә baxırlar. Vәli bәrk ah çәkir). Әdә, nә yaman ah çәkdin, bala nә dәrdin var ki?
Ә s g ә r. Nә dәrdi olacaqdır.... Gülçöhrәni mәnә verdin, Asyanı Süleymana verdin, xalamı özün alırsan, indi Tellini dә ver ona dә!...
H a m ı. Doğrudur, doğrudur.
S ü l e y m a n (Vәliyә). Hә, dedim ki, axı sәn dә hazırlaş.
S o l t a n b ә y. A qız, Telli, Vәliyә gedәrsәnmi?
T e l l i (mәrd-mәrdanә). Bәli, gedәrәm.
S o l t a n b ә y. Vәli, sәn Tellini alarsanmı?
V ә l i (utanır vә birdәi-birә). Bәli, alaram. (Gülür).
H a m ı. Allah xeyir versin.
S o l t a n b ә y. Yaxşı, balam, toylarımızı nә vaxt başlayaq?
H a m ı. Elә günü bu gün.
S o l t a n b ә y. Bәs elә isә başlayaq, düzülün! C ü t-c ü t olub oynayırlar. Әvvәlcә musiqiyә görә ağır, sonra musiqi tezlәşdikçә tez-tez oynayırlar, ta ki, pәrdә düşür. P ә r d ә