04.05.2012
Petrozavodsk
KİŞİLƏR
Qeyrətli atları minib getdilər,
Qeyrətə körpülər salan kişilər.
Mərdliyi mənliyə calaq etdilər,
Mənliyi mərdlikdən alan kişilər.
Görün o dövrandan bizə nə qaldı?
Keçmiş əsrlərdən əfsanə qaldı.
Dönüb xəyallarda yurd-yuva saldı,
Həyatdan, ömürdən talan kişilər
Ay Əşrəf, bir anlıq fikirləş, nədən?
Gör hansı dərdlərdi səni göynədən?
Yeri, göyü, ərşi, gürşü titrədən,
Necoldu köhnədən qalan kişilər!?
23.05.2004
Borçalı
ÖZÜNÜ GÖZLƏ
Gecənin gec vaxtı döyüb qapını,
Yersiz gələnlərdən özünü gözlə!
Dalınca sürünən yaltaqlar kimi,
Üzə gülənlərdən özünü gözlə!
Etibar hardadır indi dünyada,
Ürəklər qaradı, kindi dünyada.
Nə qədər ocaqlar söndü dünyada,
Qəlbi xainlərdən özünü gözlə!
Hər zaman Tanrıya çevir arxanı,
Dostunu, düşməni yaxından tanı.
Bir anın içində yıxar dünyanı,
Xatalı əllərdən özünü gözlə!
Elə bir zəmanə gəlibdi, qardaş,
Bilinmir nə yaxşı, nə dost, nə sirdaş.
Hər tərəf dələduz, hər tərəf əyyaş,
Ağlı əlillərdən özünü gözlə!
Demə bu dünyada hamı yaxşıdı,
Təkcə saflıq bu həyatın naxşıdı.
Namərdlik namərdin sapand daşıdı,
Daşı bəllilərdən özünü gözlə!
Xain əməllərdən özünü gözlə!
Dostları ilə paylaş: |