19.03.2010
Borçalı
AĞLAYIRDI
Ay Musa, yuxuda Vətəni gördüm,
Oba ağlayırdı, el ağlayırdı!
Qapqara buluda dönmüşdü gözlər,
Dodaq ağlayırdı, dil ağlayırdı!
Qəmdən ağarmışdı dağların başı,
Səngimək bilmirdi gözünün yaşı.
Götürüb başına torpağı-daşı,
Dağları titrədən sel ağlayırdı!
Bir zaman gəzdiyim köhnə oylaqlar,
Çəmənli, çiçəkli, güllü yaylaqlar,
Əlimlə çatdığım odlar, ocaqlar,
Yanıb kül olmuşdu, kül ağlayırdı!
Qumru gözəllərin işvəsi, nazı,
Şeyda bülbüllərin qəmli avazı.
Ölən ustadların yadigar sazı,
Sızlayıb qalmışdı, tel ağlayırdı!
Əşrəfi qürbətə saldı ehtiyac,
Olmadı, dərdimə olmadı əlac.
Həsrətin çəkdiyim hər dağ, hər yamac,
Məni səsləyirdi, dil ağlayırdı!
Dostları ilə paylaş: |