Sankt-Peterburq
QOCALDI
Sevincli günlərim getdi, ay Sevinc,
Əridi qar kimi, arxada qaldı.
Ağ örtük bağladı başıma illər,
Gözlərimi duman aldı, çən aldı,
Əşrəf əmin bax beləcə qocaldı!
Bir zamanlar, uca dağlar başında,
Qartala dönərdim gənclik yaşında.
İndi zəmanənin qarlı qışında,
Ömrümə qəm yağdı, kədər iz saldı,
Əşrəf əmin bax beləcə qocaldı!
Ulu dağlar gözlərimdən uzaqdı,
Buz bulaqlar gözlərimdən uzaqdı,
O yaylaqlar gözlərimdən uzaqdı,
Məni dərdə salan bu qəmli haldı,
Əşrəf əmin bax beləcə qocaldı!
Bir də bu dünyaya gələcəyəmmi,
Bir də bu dünyanı görəcəyəmmi?
Gedib Vətənimdə sevəcəyəmmi?
Həsrət ürəyimdə bir qara xaldı,
Əşrəf əmin bax beləcə qocaldı!
Demə şair divanədi, ya dəli,
Ümmanlar yaradıb gözümün seli.
Kor-koranə qürbət elə gələli,
Günüm-güzəranım hey qalmaqaldı,
Əşrəf əmin bax beləcə qocaldı!
Dostları ilə paylaş: |