Bu gün dünya həqiqət təşnəsidir. Bu bir ruhaninin, yaxud İslam təəssübkeşinin sözü deyil, illərlə Qərb mədəniyyəti ilə rabitədə olan, get-gəl edən və hətta ona qarşı xoş niyyətdə olan şəxslərin sözüdür. Onlar deyirlər ki, bu gün Qərb dünyası yuxarı səviyyələrdə İslamın təşnəsidir. Yuxarı səviyyələr nə deməkdir? Filan avam və məlumatsız camaat, yaxud fərz edin maraqları ciddi şəkildə irəli sürülən qruplar, misal üçün, hakimlər, dövlət adamları, biznesmenlər, milyarderlər, hegemonlar, Qərb mədəniyyətinin və Qərb cəmiyyətlərinin key və gec duyan hissələridir? Alimlər, mütəfəkkirlər, vicdanlı insanlar, ziyalılar və gənclər Qərb cəmiyyətlərinin yuxarı səviyyələridir. Bu yuxarı səviyyələr bu gün onları həyatın minlərlə real problemindən xilas edə bilən məktəbin və həyat dərsinin təşnəsidirlər. Həyatın bu problemlərinin çoxu real problemlər deyil. Real problem psixoloji dincliyin və ruhi sabitliyin olmaması, tənhalıq, depressiya və ruhi sarsıntıdır. Bunlar bəşərin real problemləridir. Bunlar sərvətin və şöhrətin zirvəsində duran bir adamı intihara vadar edir. Gənc, pullu və maddi imkanlıdır, lakin intihar edir. Nə üçün? Dərdi nədir? Pulsuzluqdan, fiziki və cinsi ləzzət imkanlarının olmamasından daha çətin dərd nədir? Bu gün dünyanın maddi cəmiyyətlərinin və Qərb sivilizasiyasının yaxasını tutan dərd hüzursuzluq, aramlığın olmaması, ruhi dayağın olmaması, insanlar arasında ünsiyyətin və bağlılığın olmaması, qürbət və qırıqlıq hissidir.