İmamətlə şahlığın ziddiyyəti
İmamət şahlığa çevrildi. İmamətin mahiyyəti şahlığın mahiyyəti ilə fərqli və təzadlıdır. Bunlar bir-birinin ziddidirlər. İmamət - ruhi və mənəvi rəhbərlik, xalqla duyğusal və etiqadi bağlılıqdır. Şahlıq isə güc, qüdrət və hiylə hökumətidir, onda heç bir mənəvi, duyğusal və iman bağlılığı yoxdur. Bu iki məsələ bir-birinin tam qarşısındadır. İmamət ümmətin arasında, ümmət üçün və xeyrə doğru bir hərəkətdir. Şahlıq isə hakim qrupun varlanması və şəhvətpərəstliyi üçün xalqın maraqlarının əleyhinə və xüsusi təbəqələrin xeyrinə olan qüdrətli bir hökmranlıqdır. Bizim İmam Hüseynin (ə) qiyamı zamanı gördüyümüz ikincisidir, birincisi yox. Yəni iş başında olan Yezidin nə xalqla əlaqəsi vardı, nə elmi, nə təqvası, nə iffəti, nə zahidliyi, nə Allah yolunda cihad keçmişi, nə İslam mənəviyyatına bir qədər inanırdı, nə onun rəftarı bir möminin rəftarı idi, nə də sözü bir həkim sözü; heç bir cəhəti Peyğəmbərə (s) bənzəmirdi. Belə bir şəraitdə, özü Peyğəmbərin (s) həqiqi canişini olan Hüseyn ibn Əli (ə) kimi bir şəxsə imkan yarandı və qiyam etdi.
Əgər məsələnin zahiri təhlilinə baxsaq, bu qiyam Yezidin fəsadlı və antidemokratik hakimiyyəti əleyhinə, əsl həqiqətdə isə İslam dəyərləri üçün, elm, iman və izzət üçün bir qiyamdır, xalqın fəsaddan, rəzillikdən, aşağılıqdan və cahillikdən xilas olması üçündür. Buna görə Mədinədən xaric olduqda qardaşı Məhəmməd ibn Hənəfiyyəyə və əslində bütün tarixə etdiyi müraciətində belə dedi: “Mən bədxahlıq, fəsad törətmək və zülm etməkdən ötrü qiyam etmirəm”. Mən təkəbbür, qürur və lovğalanmaq üzündən, hakimiyyətə meyl və həvəs üzündən qiyam etmirəm. “Yalnız babamın ümmətinin işlərini düzəltməkdən ötrü qiyam edirəm”. Mən görürəm ki, Peyğəmbər (s) ümməti arasında vəziyyət dəyişmişdir, hərəkət yanlış hərəkətdir, tənəzzülə doğru, İslamın istədiyi və Peyğəmbərin (s) gətirdiyi istiqamətin əksinə gedir. Mən bunlarla mübarizə aparmaq üçün qiyam edirəm.
Dostları ilə paylaş: |