Beşinci fəsil: Aşuranın təsir və faydaları Təbliğat fürsəti
Əziz qardaşlar! Böyük və möhtərəm alimlər! Elmi hövzələrin əziz və gənc tələbələri! Dinin sadiq təbliğatçıları! Çox xoş gəlmisiniz. Hörmətli məhərrəm ayında təbliğat fürsəti çox böyük və müstəsna bir fürsətdir. Bu, şəhidlər ağası və dünyanın azad insanlarının sərvəri olan həzrət Əbu Abdullah Hüseynin (ə) və o həzrətin pak dostlarının qanı sayəsindədir. Nahaq tökülmüş o qanın tarixdə həmişəyaşar təsiri vardır. Çünki öz canını dinin uca məqsədlərinə ixlasla təqdim edən şəhid pak və sədaqətlidir.
Hiyləgər və məkrli insan sözdə özünü nə qədər haqq tərəfdarı kimi göstərə bilsə də, şəxsi maraqlar, xüsusən də özünün və əzizlərinin canı məsələsi ortaya çıxanda geri çəkilir və onları fəda etməyə hazır olmur. Fədakarlıq meydanına qədəm qoyub xalis və ixlaslı şəkildə öz varlığını Allah yolunda verən şəxsi diri saxlamağı Allah-Taala öz öhdəsinə götürmüşdür: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin!“; “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə!“ Allah yolunda öldürülənlər diri qalırlar. Onların diri qalmasının bir mənası budur ki, onların nişanı, ayaq izi və bayrağı heç zaman itmir. Bir neçə gün zorakılıqla, hegemon güclərin müdaxiləsi ilə nişanlarının zəifləməsi mümkündür. Lakin Allah-Taala təbiəti belə yaratmışdır. Allahın qanunu budur ki, pakların, salehlərin və ixlaslı insanların yolu qalsın. İxlas çox qəribə bir şeydir. Odur ki, Hüseyn ibn Əlinin (ə), o həzrətin və səhabələrinin nahaq tökülmüş qanı sayəsində din yaşadı, bundan sonra da yaşayacaq.
Dostları ilə paylaş: |