Aşura sayəsində düşmən təbliğata qarşı mübarizə
Haqq və əsl İslam cəbhəsi Aşuranın ruhu, sözü, həqiqəti və məhərrəmin mesajı sayəsində bu düşmən və xəbis təbliğata qarşı mübarizədə həmin möcüzəni bir də təkrar edə bilməzmi?! Nə üçün edə bilməsin?! Çətinliyi var, amma mümkündür, iradə və fədakarlıq lazımdır. Yol açıqdır, bağlı deyil.
Əzadarlıqda bidət
Son zamanlar ziyarət məsələsində qəribə və yeni bir bidət də yaratmışlar. İmamların pak qəbirlərini ziyarət etmək istəyəndə məqbərənin həyət qapısından daxil olan kimi üzü üstə yerə uzanır və sürünə-sürünə qəbrə sarı gedirlər. Siz bilirsiniz ki, Peyğəmbərin (s), İmam Hüseynin (ə), İmam Sadiqin (ə), Musa ibn Cəfərin (ə), İmam Rzanın (ə) və digər imamların pak qəbirlərini Mədinədə, İraqda və İranda hamı, o cümlədən böyük alim və fəqihlər ziyarət edirdilər. Nə zamansa eşitmisinizmi imamların, yaxud alimlərin hansısa ziyarət etmək istəyəndə qapıdan girən kimi özünü sürünə-sürünə qəbrə çatdırsın?!
Əgər bu iş xoşagələn, müstəhəb, məqbul və yaxşı olsaydı, böyüklərimiz edərdilər, amma etməyiblər. Hətta söylənib ki, mərhum Ayətullah Bürucerdi - o böyük alim, güclü, dərin və aydın fikirli müctəhid bəlkə də müstəhəb olan kandar öpməyi qadağan etmişdi. Güman ki, kandarı öpməyin müstəhəb olması hədislərdə göstərilmişdir, dua kitablarında var. Səhv eləməsəm, kandarı öpmək üçün hədis də mövcuddur. Bu iş müstəhəb olsa da, o deyirdi ki, bunu etməyin, düşmənlər sizin səcdə etdiyinizi düşünüb Şiə firqəsi əleyhinə ittiham düzəltməsinlər. Lakin bu gün bəziləri Əli ibn Musa Rzanın (ə) pak məqbərəsinə daxil olduqda yerə uzanıb 200 metrlik yolu sürünə-sürünə gedir və özlərini qəbrə çatdırırlar. Bu iş doğrudurmu?! Xeyr, bu iş səhvdir. Ümumiyyətlə dinə və ziyarətə hörmətsizlikdir. Belə bidətləri xalq arasında yayan kimdir? Bəlkə bu da düşmənin işidir. Bunları xalqa deyin və zehinləri aydınlaşdırın.
Dostları ilə paylaş: |