Baxın, bu təbliğat bizim keçmişdə haqq və ilahi hökumətin bərpasından öncə etdiyimiz təbliğat növü ilə çox fərqlidir. O zaman bizim təbliğ etdiyimiz mövzunu düzgün bilməyimiz kifayət idi; bununla yaxşı bir təbliğatçı olurduq. Bu gün əgər dünyanı, yaxud ən azı öz cəmiyyətimizi düzgün tanımasaq, o məsələni nə qədər yaxşı bilsək də yaxşı bir təbliğatçı ola bilmərik. Biz danışdığımız sözün haraya aid olduğunu bilməliyik; ölkə miqyasında yox, hətta dünya miqyasında hansı cinahı gücləndirir, hansı cinahı zəiflədir. Bu bir döyüş cəbhəsinə bənzəyir. Bəzən bir insan bir düşmənlə qarşılaşır və özünü müdafiə etmək istəyir. Bu bir növ müdafiədir. Bəzən də insan bir neçə kilometrlik bir cəbhənin səngərində durub müdafiə olunmaq istəyir. Bu müdafiə ayrı cürdür. Bəzən məsləhətlə irəliyə getmək, bəzən də məsləhətlə geriyə çəkilmək lazımdır. Bəzən insan güman edir ki, düşmənə hücum edir, lakin birdən görür ki, özününkülərə atəş açır. Bu quruluşun təşkil edilməsindən bu günə qədər ətrafda oturub daim bu quruluşa və onun həqiqətlərinə tənqid yağdıran bəzi şəxslər olmuşdur və indi də var. Onların əsas səhvi budur ki, öz səngərlərində yuxulamış insanlar kimidirlər. Sonra cəbhənin ətrafında bəzi irəliləyişlər olur; bəziləri irəliyə gedir və düşmənin öndəki mövqeyini ələ keçirirlər. Bu cənab isə indi yuxudan ayılır və özününkülərin tutduğu yerə atəş açır; elə bilir ki, orada düşmən var. Oradakılar özümüzünkülərdir, amma bu cənab yuxuya qalıb, xəbəri yoxdur. Siyasi məsələlərdə yuxuya qalmaq bəzən belə nəticələrə səbəb olur. Təbliğat bu qədər əhəmiyyətlidir.