Mənəviyyatın parlaması cəhətindən də belədir. Dəfələrlə demişəm ki, çoxları İmam Hüseynə (ə) müraciət edib bu müqavimətinə görə onu qınayırdılar. Onlar pis, yaxud kiçik insanlar deyildilər; bəziləri İslamın böyüklərindən idilər. Lakin pis anlayırdılar və zəif cəhətləri onlara qalib gəlmişdi. Onlar Hüseyn ibn Əlini (ə) də həmin zəif cəhətlərə məğlub etmək istəyirdilər. Lakin İmam Hüseyn (ə) dözdü, məğlub olmadı. İmam Hüseynlə (ə) birgə olan şəxslərin hər biri bu mənəvi və daxili mübarizədə qalib oldular. Öz övladını fəxrlə və razılıqla meydana göndərən ana, həyatın zahiri ləzzətlərindən keçən, özünü cihad və mübarizə meydanına tapşıran gənc, qocalıq dövrünün rahatlığından, öz evlərinin isti və yumşaq yatağından keçib çətinliyə dözən Həbib ibn Məzahir və Müslim ibn Övsəcə kimi qocalar, düşmənlərin arasında hörməti olan və o hörmətdən imtina edib Hüseyn ibn Əliyə (ə) qoşulan şücaətli sərkərdə, yəni Hürr ibn Yezid Riyahi - hamılıqla bu daxili və mənəvi mübarizədə qalib oldular.