Diyirlənmə elementlərinin formasına görə diyirlənmə sürtünməsi yastıqları iki yerə bölünür:
kürəcikli və diyircəkli.
Diyircəklər də öz növbəsində aşağıdakı formada olurlar: qısa silindrik, uzun silindrik, dolaqlı, konusvari, çəlləkvarı, konusvari–çəlləkvarı və iynəvarı diyircək.
Qəbul etdikləri qüvvələrin təsir istiqamətinə görə:
1. Radial yastıqlar – yalnız radial qüvvələri qəbul edirlər və ya əsasən radial yüklər üçün təyin edildiyi halda hər hansı oxboyu yükləri də qəbul edə bilir;
2. Radial–dayaq yastıqları – kombinə edilmiş böyük radial və kiçik oxboyu qüvvələri qəbul etmək üçündür;
3. Dayaq yastıqları – ancaq oxboyu qüvvələri qəbul edirlər;
4. Dayaq–radial yastıqları – böyük oxboyu və kiçik radial yükləri qəbul edirlər;
Kürəcikli yastıqlar
Kürəcikli yastıqlar orta hesabla daha itigedişlidir. Daxili və xarici həlqənin novlu hazırlanması bu yastıqlara bir və yaxud hər iki istiqamətdə təsir edən kiçik oxboyu yükləri götürməklə bərabər, həm də oxboyu istiqamətdə valın müəyyən vəziyyətdə saxlanması imkanını da təmin edir.
Kürəcikli yastıqlar diyircəkli yastıqlara nisbətən yastıqlar üçün açılmış yuvaların tuş oxlu olmasına və valların sərtliyinə qarşı daha az tələblər irəli sürürlər.
Diyircəkli yastıqların yükgötürmə qabiliyyəti kürəcikli yastıqlara nisbətən 70–90% yüksəkdir. Lakin itigedişli olmasına görə kürəcikli yastıqlara yaxın olan diyircəkli yastıqlar oxboyu yükləri qəbul etmirlər