Diyirlənmə sürtünməsi yastıqları fırlanan və yırğalanan valların dayaqları olub, onların müvafiq hərəkətinə imkan yaratmaqla bu valları üzərində saxlamaq funksiyası daşıyırlar.
Diyirlənmə sürtünməsi yastıqlarının tətbiqi sürüşmə sürtünməsini diyirlənmə sürtünməsi ilə əvəz etməyə imkan vermişdir. Bu yastıqlar valların üzərində yerləşmiş ötürmənin detallarından vallara təsir edən qüvvələri qəbul edir və gövdəyə ötürür.
Diyirlənmə yastığı xarici həlqədən, daxili həlqədən, diyirlənmə elementlərindən və separatordan ibarət bir düyümdür.
Bəzən də diyirlənmə sürtünməsi yastığı sadəcə diyircəklər dəsti şəklində hazırlanır və bu diyircəklər valın və gövdənin səthi üzrə diyirlənərək yastıq rolunu oynayır
Bir və ya hər iki həlqə olmaya da bilər. Bəzən radial ölçüləri kiçiltmək məqsədi ilə daxili həlqə olmur və diyirlənmə elementi bilavasitə valın üzərində diyirlənir.
Separatorun vəzifəsi diyirlənmə elementlərini bir-birindən ayırmaqla, onları bərabər məsafədə saxlamaq və onların fırlanma hərəkətinə istiqamət verməkdir.
Xarici həlqənin daxili, daxili həlqənin isə xarici səthində diyirlənmə elementlərinin hərəkəti üçün qaçış yolu düzəldilir.
Standartlaşdırılması
Diyirlənmə sürtünməsi yastıqları beynəlxalq miqyasda standartlaşdırılmışdır. Onların istehsalı ilə xüsusi ixtisas-laşdırılmış zavodlar məşğul olur. Dünyada illik istehsalı milyonlarla ədəd olan diyirlənmə sürtünməsi yastıqlarının ölçüləri çox geniş diapazonda dəyişir.
Hazırda xarici diametri 1 mm-dən 4,2 m-ə (və daha böyük), kütləsi 0,5 qramdan 7 t-a qədər olan yastıqlar mövcuddur. Daxili diametri 3…10 mm olan yastıqlar 1 mm-də, 20 mm-ə qədər 2…3 mmdən, 110 mm-ə qədər 5 mm-dən, 200 mm-ə qədər 10 mm-dən, 500 mmqədər isə 20 mm-dən bir və s. standartlaşdırılmışdır.