Pulsuz təşviqat: hər qrupa həftədə 45 dəqiqə düşür
26.08.2016
İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-da keçiriləcək konstitusiya referendumunda qeydə alınmış təşviqat qruplarına ödənişsiz efir vaxtı ayırmalıdır. Seçki Məcəlləsi 40 min və daha çox üzvü olan təşviqat qruplarına belə hüquq verir. Təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq.
Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planına görə, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdimatı avqustun 22-də başa çatıb. REAL Hərəkatının yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupu MSK-dan imza vərəqələri götürsə də, fəaliyyətini yarımçıq kəsib.
Avqustun 25-dək referendumun təşviqatı üçün 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”. Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupu qeydiyyat mərhələsindədir.
Seçki Məcəlləsinə əsasən, referendumda təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış təşəbbüs qrupları arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
Televiziyada 3 saat ödənişsiz efir vaxtını (180 dəqiqəni) MSK-ya müraciət etmiş 4 təşəbbüs qrupu arasında bərabər böləndə hər təşəbbüs qrupuna həftədə 45 dəqiqə efir vaxtı düşür (“Respublika” təşəbbüs qrupu da qeydə alınarsa).
Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur.
Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.
Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Dostları ilə paylaş: |