Hesablama Palatası Salyanda maliyyə pozuntuları aşkarlayıb
22.08.2016
Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsindən Salyan Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlər üzrə audit hesabatını təsdiqləyib. Audit 4 qurumun fəaliyyətini və ümumilikdə 2 milyon 850,6 min manat məbləğində vəsaiti əhatə edib. Həmin qurumlar 10150 nəfərə, 167,1 min kvadratmetr mənzil sahəsinə xidmət göstərib.
Rəsmi açıqlamaya görə, auditlə əhatə olunmuş qurumlar proqnozların tərtibi zamanı şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin müvəqqəti normalarını nəzərə almayıb: “Küçə, park və səkilərin süpürülməsi, təmizlənməsi, yaşıllıqlara xidmət xərcləri proqnozlaşdırılan zaman müntəzəm süpürülən, qulluq edilən yaşıllıq sahələrinin və işıq nöqtələrinin dislokasiyası tərtib edilməyib. Həmçinin küçə, park və səkilərin süpürülməsi, təmizlənməsi xərclərinin icrası zamanı vəsaitlərin funksional təyinatı dəyişdirilib, malların (işlərin və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyib, iddiaçılarla bağlı zəruri məlumatların araşdırılmaması müqavilələrə xitam verilməsi ilə nəticələnib.
Əsaslı təmir işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi yolun istismar müddətinin azalmasına səbəb olub, həmçinin yolun kənar hissələrində norma üzrə nəzərdə tutulan maillik dərəcəsinə riayət edilmədiyindən yağış suları yolun səthində qalaraq onun vaxtından əvvəl sıradan çıxmasına öz təsirini göstərib.
Mənzil fondunun əsaslı təmiri işləri aparılmış bir sıra obyektlərdə işlər tam yerinə yetirilməyib, təsdiq edilmiş tələblərə riayət edilməməsi səbəbindən bir sıra abadlıq və təmir işləri keyfiyyətsiz aparılıb, küçələrin işıqlandırılması üzrə kreditor borcu olmadığı halda vəsait ödənib, ilin sonunda icraçı təşkilatlarla üzləşmə aktları tərtib edilməyib.
Bəzi işçilərə faktiki işləmədikləri halda əməkhaqqı ödənib, təmizlik işlərinə xidmət məqsədilə vəzifələr müəyyənləşdirilərkən əməyin ödənişi üzrə işçilərə müvafiq dərəcə təyin olunmayıb. Bəzi vəzifələr üzrə əməkhaqqı düzgün müəyyənləşdirilməyib və nəticədə artıq əməkhaqqı ödənib.
Auditlə əhatə olunan qurumlar ağac və əkin materiallarının alınması məqsədilə təhtəlhesab şəxsə verilmiş vəsaiti təsdiqedici sənədlər tam olmadan silib. Bir sıra hallarda isə faktiki işləməyən işçilərə əməkhaqqı hesablanıb və kassada saxlanaraq digər məqsədlərə xərclənib. Əmlak və öhdəliklərin illik inventarizasiyası aparılmayıb, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, əvəzsiz olaraq istifadəsinə verilmiş çoxillik əkmələr, ağaclar və çəmənlər uçota alınmayıb.
Hesablama Palatasının Kollegiyası Salyan Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatların yol verdiyi nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddətdə ləğvi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarıb. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Salyan Rayon İcra Hakimiyyətinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib”.
Dostları ilə paylaş: |