Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar”



Yüklə 196,32 Kb.
səhifə3/4
tarix02.06.2018
ölçüsü196,32 Kb.
#52421
1   2   3   4

Abbasov Tural Fəxrəddin oğlu. 2012- ci ildən AXCP- nin üzvü olduğunu, Milli Şuranın 2013- cü ildə keçirdiyi mitinqlərdə yaxından iştirak etdiyini bildirir; “Hakimiyyətə qarşı keçirilən mitinqlərdə fəal olmuşam. 2013- cü ildə “Əsgər ölümünə son!” aksiyasında fəal iştirak etdiyimə görə 37- ci polis bölməsində 7 gün saxlanılmışam. Hal- hazırda Müsavat Partiyasının üzvüyəm və 2015- ci ilin iyul ayından Almaniyada siyasi mühacirəm. Düsseldorfdda 2017- cı ilin mart ayının 10- da “siyasi məhbuslara azadlıq” aksiyasının təşkilatçısı olmuşam. Bu aksiyadan sonra ailə üzvlərimə qarşı təzyiqlər başladı. Öncə atamı, anamı, əmilərimi və əmim uşaqlarını işdən çıxartmaqla hədələdilər və yaxınlarım, əsasən də atam və anam məndən imtina etdi. Atamla 7 aydan artıqdır ki, danışmırıq. Azərbaycan hakimiyyəti qardaşımı həbs edib- Abbaslı Toğrul Fəxrədin oğlu. Hal- hazırda o, həbsdədir. Nəsimi rayon polis idarəsindən valideyinlərimə zəng edən Nadir adlı şəxs əgər susmasam və hakimiyyətdən üzr istəməsəm qardaşımdan sonra bacımı da həbs edəcəklərini söyləyirlər. Hakimiyyətin mənə təzyiqləri sosial şəbəkələrdə, saytlarda dərc olunan yazılarım və Almanyada ki, ictimai- siyasi fəaliyyətimlə bağlıdır.

“Azadlıq” qəzetinin saytında və digər saytlarda dərc olunan tənqidi yazılarımdan sonra (https://storage.googleapis.com/qurium/azadliq.info/196864.html) qardaşım 2017- ci ilin dekabrın 2- də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 177.1- ci və 221.1- ci maddələri ilə ittiham irəli sürülüb.

Bacım Şükürova Şəbinəmin həyat yoldaşı Şükürov Ramin Sarvan oğlu bacıma təzyiq edərək onu boşamaqla hədələyib. Ramin Şükürov bir neçə dəfə ona fiziki təzyiq göstərərək başına zərbələr endirib və 2 uşaqla evdən qovub. Bu gün bacıma mənə görə təzyiqlər həm həyat yoldaşı Ramin tərəfindən və ata tərəfimizdən artıb. Şəbinəmi xalam Eynulayeva Sevinc və Sadıqova Aysu himayələrinə alıblar.

Yafəz Əkrəmoğlu. Azadlıq radiosunun keçmiş əməkdaşı Yafəz Əkrəmoğlu Azərbaycanda olarkən jurnalist fəaliyyəti ilə bağlı bir neçə dəfə təzyiqlərə məruz qalıb. O, ölkəni tərk etdikdən sonra isə ailəsini Naxçıvan aeropotunda girov saxlayıb onun təslim olmasını tələb ediblər (http://arqument.az/az/yafez-ekremolu-ailemi-naxvanda-girov-gtrmsdler/). İqdıra qədər gedən jurnalist və onun ailəsi beynəlxalq təşkilatların və Türkiyə polisinin məsələyə müdaxiləsindən sonra çətinliklə də olsa ölkədən çıxa bilib. Görünən o idi ki, hakimiyyət Avropada da fəaliyyətini və hakim ailənin biznes şəbəkəsi ilə bağlı araşdırma yazılarını davam etdirən Yafəz Əkrəmoğlunun cəzalandırılması üçün səylərini əsirgəməyib. Bu barədə jurnalist qeyd edir ki;

“2014-cü il dekabrın sonlarında, Azadlıq radiosunun Bakı bürosu bağlandıqdan sonra Praqa bürosuna dәvәt olunmuşam vә burada fәaliyyәtimi davam etdirmişәm. Praqa bürosunda işlәyәrkәn Naxçıvan MTN әmәkdaşları tәrәfindәn dәfәlәrlә hәdә zәnglәri almışam. 2015-ci il iyul ayının әvvәllәrindә Naxçıvandan Bakıya qayıdan yaxın qohumlarım Naxçıvan hava limanında saxlanılıb, daha sonra polisә aparılıblar. Onlar mәnim geri qayıtmağımı tәlәb edirdilәr. Bir sutka sonra qohumlarım azad edilib”.

Almaniyaya mühacirət etdikdən sonra orda da Azərbaycan hakimiyyəti ilə bağlı araşdırma yazılarını davam etdirən Yafəz Əkrəmoğluna qarşı AR Baş Prokurorluğu Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə (Maddə.318- qanunsuz sәrhәd keçmәk, Maddə. 308- vәzifә sәlahiyyәtlәrindәn sui istifadә), Maddə. 313- vәzifә saxtakarlığı, Maddə. 320- rәsmi sәnәdlәrin saxtalaşdırılması) cinayət işi açaraq bu barədə Almaniya hökümətinə rəsmi müraciət edib. Məqsəd onun ölkəyə ekstradisiya edib həbs etmək olub. Almaniya hüquq- mühafizə orqanları bu istəyi rədd etsələr də Azərbaycan hakimiyyəti jurnalistlə bağlı İnterpol vasitəsi ilə beynəlxalq axtarış elan edib.

Emil Cəfərli. 15 ildir ki, AXCP- nin üzvü olduğunu və hazırda 2015- ci ilin may ayından İsveçdə yaşadığını bildirən Emil Cəfərli mühacir kimi Stohkolumdakı ictimai- siyasi fəaliyyətinə görə ailə üzvlərinin və qohumlarının təzyiqlərə məruz qaldığını bildirir; “Ailə və qohumlarıma olan təziqlər, 20 avqust 2015- ci ildə Mingəçevir şəhər polis bölməsində döyülərək öldürülən Bəhruz Hacıyevə görə təşkil etdiyim (22.08.2015- ci il tarixdə) aksiyadan sonra başladı. 23 avqustda prezident İlham Əliyev Mingəçevir olaylarının sakitləşməsini və səbəbinin araşdırılmasını öz üzərinə götürdü. Sabahı günü həyat yoldaşım Aynur Cəfərova, qaynanam Roza Əliyeva, dayım və oğlu Qoşqar Allahverdiyev, Qara Allahverdiyev, qardaşım Pərvin Cəfərov, bibim nəvəsi Nəsir Abdullayev, əmim qızı və həmçinin həyat yoldaşımın müdirəsi Natavan Cəfərovanı polis bölməsinə rəisin otağına aparıblar. Otaqda rəis Bədəlov Ələsgər, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və Bakı şəhərindən gəlmiş, adını bilmədiyimiz bir general olub. Həmin genereal həyat yoldaşımdan soruşub ki, “sənin həyat yoldaşın Emil İlham Əliyevdən nə istəyir? İnsanları ona qarşı niyə qızışdırır? Sənin həyat yoldaşın vətən xainidir. Ona və uşaqlarına bu ölkədə yer yoxdur”. Orda yoldaşımın müdirinə dedilər ki, bunu işlədiyi uşaq baxçasında (o, 10 saylı Mingəçevir şəhər Körpələr evi- Uşaq baxçasında işləyirdi- red.) işdən xaric edin. Həmin görüşdən sonra sabahı günü onu işdən azad etdilər (https://afn.az/xeber/15002-mingechevirde-muxalifetchilerin-hebsi-bashladi.html). Daha sonra dəfələrlə özü və telefonu izlənilirdi. Hadisələrdən bir müddət sonra ölkəni tərk etməyə məcbur oldu və mənim yanıma bura- Stohkoluma gəldi. Həmin günü qardaşım Cəfərov Pərvinə 20 gün inzibati həbs, dayım oğlu Qara Allahverdiyevə 20 sutka həbs və bibim nəvəsi Abdullayev Nəsir Vaqif oğlu haqqında isə 3 aylıq həbs qəti imkan tədbiri seçildi. 2 il 5 aydır ki, artıq həbsdədir.

Mənim ictimai- siyasi fəaliyyətimə, konkret olaraq facebook- da Azərbaycanda və xüsusən Mingəçevirdə mövcud olan korrupsiya hallarına dair yazdığıma yazılara görə 19 iyul 2016- ci il tarixdə qardaşım, qayınanam və bacanaqlarım Taleh Ərəbov və Rəşad Quliyevin evlərində polis bölməsi tərəfindən axtarış olub. Həmin gün Taleh ölkədə olmadığı üçün onu tapa bilməyiblər. Bacanağım Rəşad Quliyevə 7 gün inzibati həbs, qardaşım Pərvin Cəfərova isə 20 gün verdilər.

28.10.2016- ci ildə tarixdə facebook- da Mingəçevirdə polis şöbəsində döyülərək öldürülən Bəhruz Hacıyevlə bağlı keçirilən aksiyada çəkilmiş şəkili paylaşaraq “Mingəçevir gəncləri, bu hakimiyyətin zalımlığına qarşı bir daha nə zaman məharətinizi göstərəcəksiniz?” deyə çağırış etdiyimə görə qardaşım Pərvin Cəfərova və yeznəm Farizə 10 gün inzibati həbs cəzası veriblər. Azərbaycanda yaşayan bütün qohumlarım təzyiqlər ucbatından hazırda mənimlə əlaqələrdən imtina ediblər”

Əhməd Cəlaloğlu. Musavat Avropa Koordinasiya Mərkəzinin (AKM) yaradıcılarından olan, hazırda Almaniyada yaşayan Əhməd Cəlaloğlu da təzyiqlərə məruz qaldığını bildirir; “Qısaca onu deyim ki, Azərbaycan hakimiyyəti məni neytirallaşdırmaq və Avropada söz sahibi olmamağım üçün mənə və əzizlərimə qarşı amansız hərəkətlər edir. Burdakı agentləri vasitəsi ilə hardasa yemək vasitəsi ilə zəhərlətdirib öldürəcəklərini deyirlər. Mənə salam verən ətrafımda olanlara deyirlər bunu. Yaxınlarıma bildirirlər ki, Əhməd Calaloglu cox riskli bir işi üzərinə götürüb. İnanın bir gördünüz ki, Əhməd Calaloglu yemək yediyi yerdə onu zəhərləyib öldürdülər. Azərbaycanda bir qardaşım var idi. Onun başına Allahın müsübətin acdılar. O da məcbur olub ölkəni tərk etdi. Təsəvvür edin Azərbaycanda əzizlərimin hammısına məndən imtina ərizəsi yazdırıblar. Hec biri ilə danışmıram. Mənə bir söz demirlər, gedib bacanagıma qədər çıxıblar. Yəni bunları mən cox vaxt qabartmıram ki, AKM tərkibi güclənir, insanlar qorxmasın, təşkilatdan üz döndərməsinlər. Amma vəziyyət belədir.

Məni qaldığım yerdə motosikletlə izləyiblər, məşq keçdiyim yerə qədər gəliblər. Zəhərləmək istəyiblər və s. Bütün bunlar məni mübarizəmdən döndərmək üçündür. Amma mübarizəmdən çəkilən deyiləm”.



Rəsul Mürsəlov. Keçmiş siyasi məhbus, qanunsuz həbs həyatı yaşamış Rəsul Mürsəlov həbsdən çıxdıqdan sonra 2014- cü ilin avqust ayında ölkəni tərk edib. Hazırda Hollandiyada yaşayır. Bildirdiyinə görə həbsdən çıxdıqdan sonra da ona qarşı təzyiqlər dayanmayıb; “2014 cü ildə barəmdə yenidən cinayət işi (CM- nin 274-cü və 178- ci maddələri ilə) başlanıldı. Həmin vaxt ailəmə təzyiq edilir və mənim harda olmağım haqqında məlumat almaq istəyirdilər. Daha sonra 2015- ci ilin may ayında, Binəqədidə yanan binaya görə insanları etiraza səsləməyimlə davam etdi. Həmin vaxt ailəmin tamamı, o cümlədən anam, atam, bacım (onun 3 yaşlı övladı), yeznəm, xalam, əri və oğlu, digər xalam (Pasport qeydiyyat idarəsində işləyirdi), bibim, onun yeznəsi (Vergilər idarəsində işləyirdi) saxlanılaraq Zaqatala rayon polis şöbəsinə aparıldı və bundan sonra polis mənimlə skayp üzərindən danışığa keçərək etiraz çağırışımı dayandırmağı tələb etdilər. Polisin adı Şahid (Zaqatala Polis Şöbəsi Cinayət axtarış bölməsi rəisi) idi. Mən bu tələblərə etiraz etdim və bundan sona xaker hücumu ilə email və facebook profillərim oğurlandı. Ailəm 1 gün sonra sərbəst buraxıldı. Sentyabr ayında təkrar təzyiq dalğası başladı və ailəmin məndən imtina etməsi tələbi qoyuldu. Təzyiqlərdən sonra anam, atam, yeznəm, bacım (onun 3 yaşlı övladı), xalam (pasport qeydiyyat şöbəsində işləyən), bibimin yeznəsi (Vergilər idarəsi rəis müavini) və digər bibimin yeznəsi mənim kimi qohumdan imtina etdikləri barədə yazı yazmaqla imzaladılar (təbii polis şöbəsində və onların diktəsi ilə). Ancaq hadisələr bununlada bitmədi və 2016- cı ilin yanvar ayında Zaqatala şəhərində təşkil etdiyim “Bahalaşmaya son!” adlı aksiya səbəbindən ailəm təkrar girov götürüldü. Pasport qeydiyyat şöbəsində 25 il çalışmış xalam Sima Dəmirova işdən kənarlaşdırıldı. Ailəm 1 gün polisdə saxlanıldı və sərbəst buraxıldı. Eyni ilin may ayında atam bir dəfə polis tərəfindən saxlanıldı və məhkəmədən sonra sərbəst buraxıldı. Sözdə polisin qanuni əmrinə tabe olmamışdı. Halbuki polis atamı evdən aparmışdı. Daha sonra 2017- ci ilin may ayında Bakıda yaşayan dayımı və iki oğlunu Binəqədi rayonu 6- cı polis bölməsinə apararaq mənimlə əlaqə saxlamalarını və fəaliyyətimi dayandırmağım tələbini irəli sürməyi əmr edirdilər. Qeyd edim ki, 6- cı polis bölməsinin rəisi ailəmi Zaqatalada həbs etdirən icara başçısı Mübariz Əhmədzadənin oğludur. Mən bütün tələblərdən imtina etdim və mübarizəmdə geri yol olmadığını bildirdim. Hazırda hakimiyyətin təzyiqi nəticəsində ailəmi 2014- cü ildən bu yana görmürəm və 2016- cı ildən bu yana isə telefon danışığı belə edə bilmirəm”.

Zakir Ağayev. 2016-cı ildə Azərbaycan hakimiyyətinin təqib və təzyiqlərindən qaçıb Almaniyaya sığındığını bildirən Zakir Ağayev mühacir olduğu ölkədə də hakimiyyət əleyhinə keçirilәn bir neçə aksiyanın tәşkilatçısı və fəal iştirakçısı olub; “Elә bu sәbәbdәn әli mәnә çatmayan hakimiyyət ailә üzvlәrimi tәqib edir, onları hәdәlәyirlәr. Bu sәbәbdәn qardaşım Mahir Ağayev müxtәlif vaxtlarda 3 dәfә polisә aparılıb pisixi, mәnәvi vә psixoliji tәzyiqlәrә mәruz qalıb. Bunları faktlarla sıralayıram:

1. 18.02.2017-ci ildə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə Almanyanın Köln şəhərindəki mitinq təşkilatçılarından biri olmuşam. Bu mitinqə 1 gün qalmış, 17.02.2017- ci ildә qardaşım Mahir Ağayev Cəlilabad polis bölməsinə aparılaraq ona qarşı fiziki zorakılıq tətbiq etmişlər. Onların tәlәbi belә olub ki, Zakir Ağayev bu mitinqdә nә özü, nә dә ki tәşkil etdiyi adamlar iştirak etmәmәlidir. Tәbii ki mәn vә tәrәfdadlarım bu aksiyada iştirak etdik vә mәn çıxış edәrәk hakimiyyәti sәrt tәnqid etdim (http://bastainfo.com/az/2017/02/17/almaniyadaki-musavatcinin-qardasi-cəlilabadda-polisə-aparildi/)

2. 12.03.2017-ci ildə Azərbaycandakı siyasi məhbuslar və elәcә dә blogger Mehman Hüseynovun qanunsuz həbsinə etiraz olaraq Nürunberg şəhərinin mərkəzində aksiya təşkil keçirdik. Bu aksiyadan sonda qardaşım Mahir Ağayev yenidәn Cəlilabad rayon polis şöbəsinə çağırıldı vә yenidәn eyni sәpkili tәzyiqlә üzlәşdi. Hadisədən gec xəbər tutduğum üçün mәsәlәni ictimailəşdirә bilmәdim.

3. 09.07.2017-ci ildə “heykəl məhbusları” Qiyas Ibrahimov və Bayram Məmmədova həbsxanada işgəncə verilməsinә etiraz olaraq Almaniyanın Marktredvitz şəhərində mәnim tәşkilatçılığımla aksya keçirildi. Bundan iki gün sonra 11.07.2017-ci ildə Cəlilabad rayon Göytəpə polis bölməsinin rəisi Əlifağa Kazımov qardaşım Mahir Ağayevi polis bölməsinə gətizdirərək mənim keçirdiyim aksiyanın facebook- dakı yayımını ona göstərib qardaşım Mahiri təhqir edərək demişdir: "Qardaşın Zakir Ağayev hökuməti və dövlət başçısına təhqir edir. O uzaqdadır, ona əlimiz çatmır, sənə isə çatır. Әgәr bir dә belә olacaqsa onun yerinә sәn hәbs olunacaqsan". Hәmin gün polisdә qardaşıma fiziki və psixoloji təzyiqlәr olub. (http://arqument.az/az/almaniyada-daha-bir-aksiyadan-azerbaycana-ars-foto/)

Bu hadisәdәn 1 ay sonra yaxın qohumum Müşfiq Şəkərlini mənim mövqeymi dəstəklədiyinə görə 15 sutka həbs etmişlər. Mən Müşfiq Şəkərlinin həbsindən 14 avqust 2017-ci ildə xəbər tutub Facebook- da canlı yayımda ictimaiyyətə xəbər vermişəm.

Hal- hazırda hakimiyyətin təzyiqləri nəticəsində Atam Ağayev Əliağa məni övladlıqdan çıxardıb. Bir tək qardaşım Mahirlə əlaqə saxlayıram. Mənə görə atama təzyiq edərək onu işdən çıxarmaqla hədələyiblər. Ona deyirlər ki, oğulun susmalıdır. Digər qohumlarıma da təzyiq edirlər.



Məhəmməd Mirzəli. Fransada mühacir həyatı yaşayan blogger Məhəmməd Mirzəlinin atası Fazil Mirzəliyev və yeznəsi Ağayev Elman Tofiq oğlu 2018- ci ilin yanvarın 13-də polisə aparılıb. Onların polisə aparılması səbəbi bloggerin facebook profilində hakimiyyəti sərt tənqid etməsi və “ac çaqqalların əlinə düşmüş xalqım” başlıqlı karikatura paylaşmağı olub. Bu barədə Məhəmməd Mirzəli öz facebook hesabında yazıb (https://www.facebook.com/MahammadMirzali). Bildirib ki, yanvarın 13-də səhər saatlarında ona zəng edib, atasını həbs etdiklərini söyləyiblər: “Atamla polis maşınında aparılarkən danışdım. Dedi: “Sən nə isə paylaşmısan, ona görədir”. Deyir, əgər həmin paylaşımlar silinməsə, bacılarımı, anamı da tutub polisə aparacaqlar. Mən həmin paylaşımları silmək niyyətində deyiləm”.

M.Mirzəli deyir ki, bu, ilk deyil. Daha öncə də onun atasını, anasını polis saxlayıb: “2013 və 2016-cı illərdə də belə hal olmuşdu. O zaman da, indi də atamı mənə görə həbs ediblər. Hətta 2016-cı ildə atamla anamı birlikdə həbs etmişdilər. O vaxt “Heydəristan” adlı səhifəm var idi, ona görə edirdilər. İndi də “Made in Azerbaijan” adlı səhifəm var (https://www.facebook.com/Madeinazn/) və həmin səhifədəki paylaşımlara görə ailəmə təzyiq edilir”.

M. Mirzəli bildirir ki, həmin səhifədə tanınmış blogger Orduxan Temirxan, siyasi mühacir Tural Sadıqlı və digərləri ilə canlı yayımlar edir, ölkədəki siyasi proseslərlə bağlı fikirlərini bölüşürlər:

“Bu da, görünür, hökumətin xoşuna gəlmir. Avropada təşkil olunan mitinqlərdə də iştirak edirəm, siyasi fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda Parisdə Azərbaycan səfirliyinin önündə “Siyasi məhbuslara azadlıq”, “Ölkəmi talan etmə” şüarları ilə aksiya keçirilmişdi. Mən səhifəmdə bu mitinqin görüntülərini də paylaşdım. Ondan sonra atamı yaşadığı Göyçay rayonunda həbs etdilər. Atamı həbs edən İlqar Quliyev adlı şəxsə zəng etdim. Deyir: "Mənim həmin həbsdən xəbərim yoxdur". Ancaq oğlunun profilinə girdim, gördüm ki, atasının maşınının fotosunu paylaşıb. Hansı ki atamı həmin nömrə nişanlı (99 EK 921) avtomobilə mindirib aparıblar. Atamı həbs edib, Bakıya aparıblar. Onun həbsi mənim siyasi, tənqidi çıxışlarımla bağlıdır. Atam narkoman, cinayətkar deyil. 64 yaşı var. Beyin iflici və böyrək çatışmazlığından əziyyət çəkir”.

Fevral ayının 13- də Məhəmməd Mirzəlinin yeznəsi (bacısının əri) Laçın rayonundan məcburi köçkün olan Elman Ağayev məhkəmə tərəfindən 30 sutka müddətinə həbs edilib. E.Ağayevi iş yerindən aparıblar və polisə tabe olmamaqda ittiham ediblər.

Mirzəlinin ailə üzvlərinə təzyiqlər davam edir. Ondan internetdə hökumət əleyhinə çıxışlara son qoymasını və xaricdə insan hüquqlarına dəstək aksiyalarında iştirak etməməsini tələb edirlər.


Həsənəliyev Əli. 1982- ci ildə Bakıda anadan olub, heç bir təşkilatın üzvü olmayıb. Bildirdiyinə görə 17 sentyabr 2016- cı ildə Milli Şuranın mitinqindən sonra 20 sentyabrda polis evlərinə gəlib və onu döyüblər; “Bölməyə aparmaq istəyiblər, lakin bir təhər onlardan qurtulmuşam və bir müddət gizləndikdən sonra noyabrın əvvəllərində Almaniyaya qaçmışam. Burada 18 fevral 2017-ci il ilk Köln şəhərində keçirilən mitinqdə iştirak etmişəm. Ondan sonra atamı polisə çağırıblar və mənə cinayət işi açıblar. Burada demək olar ki, bu günə kimi 15- ə yaxın hökümət əleyhinə mitinqlərdə iştirak etmişəm və çıxış etmişəm. Alman dilini bildiyim üçün hər mitingdə çıxış etmişəm almanca. Son 6 fevral Berlin mitinqində və 14 fevral Bonn mitinqində iştirak və çıxış etmişəm. “Diktatoru dünyaya tanıdaq” aksiyasına qoşularaq video bloq hazırlamışam (https://m.facebook.com/story.php?story_fbid=1554872564589690&id=931452196931733, https://m.facebook.com/story.php?story_fbid=1554867354590211&id=931452196931733). 21 fevral 2018- ci ildə saat 14 iradələrində Bakıdan xalam oğlu vatsap vasitəsilə yazıb ki qardaşım Elşad Həsənəliyevi polislər gəlib aparıblar. Polis onlardan tələb edib ki, mənə desin ki, videonu və “İlham Əliyev diktator” yazılarımı silim. Mənimlə əlaqəsi və münasibəti olmadığını bildirdikdən 4 gün sonra onu sərbəst buraxıblar”.

Kərimov Saday. AXCP- nin üzvü olduğunu və Azərbaycanda olduğu müddətdə partiyanın keçirdiyi bütün tədbirlərdə iştirak etdiyini bildirən Kərimov Saday müxtəlif təzyiqlərə məruz qaldığını qeyd edir; “26 fevral 2016- cı ildə Xocali faciəsi günü Xətai rayonu Xocali parkinda etdiyim çəklişləri polislər əlimdən aldı. 11 sentyabr 2016- cı il mitnqindən qabaq isə ev nömrəmizə zəng edib valideyinlərimə “oğlun bu yoldan çəkilsin” təhdidləri edirdilər. Dəfələrlə evimizə basqın olub. Evə döndükdən sonra mənzil qapsı açıq olurdu, maddi zinət əşyalarına əl vurmazdılar, ancaq sənət götürərdilər.

31 dekabr 2016- cı ildə Almaniyanın Mayen şəhərinə gəlmişik və hazırda burda yaşayırıq. Koblenz şəhərində 13.01.2018- ci ildə "Siyasi məhbuslara azadlıq”, “Korrupsiya və talana son" aksiyasına təşkilatçılıq etmişəm. 06 fevral 2018-ci ildə Berlin şəhərində Xarici İşlər Nazirliyi önündə "Diktatorlar Avropa üçün təhlükədir" aksiyasinda iştirak etmişəm. “Diktatoru tanıdaq” aksiyasının fəal iştirakçılarındanam. 06 mart 2018- ci il axşam saat 21:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi, Elman Rüstəmov 15 ünvanda yaşayan bacımın yoldaşı Həsənov Şahlar 30-cu polis bölməsinə aparılıb (http://www.tendensiya.com/news/18165.html). Gecəni bölmədə qaldıqdan sonra sabahı günü Sabunçu rayon məhkəməsinə aparılıb. Orada polisə müqavimət adı ilə 10 gün həbs olunub. Bacımın yoldaşını mənim fəaliyyətimə görə polisə müqavimət adı ilə həbs ediblər.



Məndən Almaniyada siyasi fəaliyətimi dayandırmağımı istəyirlər. Amma mən Azərbaycan hakimiyyətinin saxtakarlığını, talançılığını, korrupsiya əməllərini ifşa etmək üçün gücüm çatan qədər mübarizə aparacam və bu fəaliyyətimdən geri dönməyəcəm”.

Əliyev İsmayıl Rəhim oğlu. Azərbaycan Dillər Universitetinin məzunu olan, Dalğa hərəkatının etiraz aksiyalarında və siyasi fleşmoblarında iştirak edən İsmayıl Əliyev Azərbaycan Liberal Gənclər Assosiyasiyasının üzvü olub. O, Fridrix Nauman Fondunun dəstəyi ilə keçirilən Azırbaycanda Liberalizm mövzusunda bir neçə treyninqlərə qatıldığını, sosial şəbəkələrdə tənqidi məqalələrlə çıxış etdiyini bildirir; “İlk məqaləm “Азербайджан сегодня” adlı jurnalda təxəllüslə tələbəlik illərimdə olub. Daha sonra bloq və sayt yaradaraq Azərbaycanda mövcud rejimi tənqid edərək ölkəmizin daha da gözəl olması üçün töhvə verməyə çalışmışam. Saytım Роскомнадзор tərəfindən bloklanıb (domeinim Rusiyaya aid olub). Bir çox tənqidi yazılarım olsa da, 2015-ci ildə İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin qanunsuzluqları haqqında yazdığım üçün onlar tərəfindən şərlənərək gecə vaxtı oraya aparılmış, mənəvi və fiziki zorakılığa məruz qalmış və saxta şahidlərin də mənə qarşı ərizələrini görərək uydurma ittihamlara imza atmağa məcbur olmuşam. Bu sənədi əllərində şantaj qismində saxlayaraq məni yazdığım məqalə və statusları təkzib və üzrxahlıq etməyim tələb olunub. Problemi ictimailəşdirməyə cəhd etmişəm və qanunsuzluğu polisə bildirsəm də ərizəm qəbul olunmayıb. Hədə-şantaj və qurama ittihamlara daha tab gətirə bilməyəcəyim qənaətinə gələrək Azərbaycanı 26 sentyabr 2016-cı ildən tərk etmişəm. 29 senytabr 2016-cı ildən Almaniya Federativ Respublikasına siyasi sığınacaq üçün müraciət etmişəm. Almaniyada keçirilən siyasi aksiyalara qoşulmuş və bütün müxalif düşüncəli insanlara dəstək verməyə, habelə sosial şəbəkələrdə paylaşım və rəylərlə ölkəmizdəki qanunsuzluqlara qarşı mübarizəmi davam etmişəm. Azərbaycan Naminə Demokratiyə təşkilatının üzvüyəm. 9 dekabr 2017-ci ildə AND- ın Duisburq şəhərində konfransının təşkilatçılarındanam (Azər Kərimovla birgə). 29 avqust 2017- ci ildə tarixdə Bonn şəhərində yerləşən BMT-nin binası qarşısında keçirilən aksiyada iştirak etdiyimə görə Azərbaycanda bir çox qohumlarıma təhdid və xəbərdarlıq olunub. Qaynım Qurbanov Natiq 20 noyabr 2017 tarixində həbs edilərək 30 gün müddətinə azadlıqdan mərhum edilib (http://turan.az/ext/news/2017/12/free/Social/az/67447.htm) və işdən azad edilib. Həbsdə ikən fiziki zorakalıqla və təhqirlərlə üzləşib. Goranboy rayonu polis şöbəsində bunların mənə xəbərdarlıq məqsədi ilə olduğu bildiriblər. Mənə qarşı qara piar və hədə-qorxu bu gün də davam etsə də ölkəmizin inkişafı naminə müxalif insanlarla birgə Vətənimizin gələcəyi üçün töhvə verməyə çalışıram”.

Kərimov Azər Ramiz oğlu. 19 aprel 1975- ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Kiçik biznes fəaliyyəti ilə məşğul olub. Bildirdiyinə görə müxalifətin bir çox aksiyalarında iştirak edib; “Siyasi baxışlarıma görə işlərimdə və şəxsi həyatımda bir çox ciddi əngəllərlə üzləşirdim. Şəxsi təhlükəsizliyimi və övladlarımın gələcəyini düşünərək ölkəni tərk etmək qərarına gəldim. Hal- hazırda 30 sentyabr 2016-cı ildən bəri Almaniya Federativ Respublikasında yaşayıram. AND təşkilatının üzvüyəm. 29 avqust 2017 tarixdə Bonn şəhərində yerləşən BMT-nin binası qarşısında keçirilən aksiyada iştirak etdiyimə görə Azərbaycanda bir çox qohumlarım polis idarəsinə çağırılıb və gardaşım Kərimov Rafət 22 noyabr 2017- ci il tarixdə həbs edilərək 30 gün müddətinə azadlıqdan mərhum edilib (https://www.amerikaninsesi.org/a/aksiya/4156648.html). Məhs o hadisədən sonra bütün qohumlarım məndən üz döndərib və mənimlə olan bütün əlaqələri kəsiblər.

Əmim, əmim uşaqları polisə çağrılıb təhdid olunub. Qardaşım Bakıda Yasamal rayon polis idarəsi tərəfindən həbs edilib. Qohumlarımın çoxu Yasamal rayonunda yaşadığına qörə, həmin polis idarəsinə çağırılıb. Həm də Oğuz rayonunda bibim və əmim uşaqlarını mənim haqqımda sorğu sual ediblər. Mənimlə əlaqəni kəsdiklərinə görə təfərrüatlarını hələ də dəqiq bilmirəm. 09 dekabrda Duisburg şəhərində AND təşkilatının keçirdiyi konfransın təşkilatçılarından olmuşam. Almaniyanın Bonn, Köln, Essen, Münster və s. şəhərlərində Azərbaycanda insan hüquqlarının pozulmasına, korrupsiyaya, monopoliyaya etiraz, siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aksiyada iştirak etmişəm”.



Vidadi İskəndərli. Prokurorluq orqanlarından istefa verərək tənqidi çıxışları ilə diqqət çəkən Vidadi İskəndərli 2010- cu ildə keçirilən parlament seçkilərində iştirak edib. Seçkilərdən sonra o həbs olunub. Yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb. Həbsindən sonra hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirib. 2015- ci ildə ölkəni tərk edib əvvəl Gürcüstana, daha sonra isə Almaniyaya mühacirət edib. Qonşu ölkədə də o, hakimiyyətin ünvanına sərt tənqidi çıxışlarını davam etdirib, mövcud iqtidarın əleyhinə keçirilən bir çox aksiyaların fəal iştirakçısı olub. 2017- ci ilin iyul ayında onun tənqidi çıxışlarından dolayı ailə üzvləri- anası, qardaşı və bacıları hüquq müdafiəçisindən imtina etməklə bağlı dövlət başçısına və ictimaiyyətə müraciət ediblər (http://www.gununsesi.info/vidadi-isg%C9%99nd%C9%99rlinin-ail%C9%99si-ondan-imtina-etdi/). 05 mart 2018- ci ildə bir qrup şəxs onun Göyçayda dəfn olunmuş atasının qəbrini təhqir edib. Təhqirin əks olunduğu video görüntülər youtube.com-da yerləşdirilib (https://www.amerikaninsesi.org/a/siyasi/4280909.html). Bu olaya sərt reaksiya verən Vidadi İskəndərlinin çıxışı hakimiyyətdə təmsil olunan bəzi şəxslərin və iqtidar yönlü mətbuatın kəskin hədəfinə tuş gəldi.

Yüklə 196,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin