Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar”



Yüklə 196,32 Kb.
səhifə1/4
tarix02.06.2018
ölçüsü196,32 Kb.
#52421
  1   2   3   4

c:\users\help\desktop\logo-smmm.jpg

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM)


Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar” mövzusunda

H E S A B A T

Bakı şəhəri- 2018

Siyasi Məhbusları Müdafiə Mərkəzi

Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar” mövzusunda



H E S A B A T

(Sənəd 30 oktyabr 2017- 01 mart 2018- ci illər aralığında hazırlanıb)
İçindəkilər;

  1. Ümumi məlumat. Səh.1

  2. Hesabatın hazırlanmasında məqsəd. Səh. 1-2

  3. Dünyada yaşayan azərbaycanlılar. Səh.2

  4. Avropada yaşayan azərbaycanlı ictimai fəallarla bağlı vəziyyət. Səh.2

  5. Avropa ölkələrində yaşayan siyasi mühacirlərin Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən təzyiqlər. Səh. 3-20

  6. Nəticə. Səh.20

  7. Təkliflər. Səh. 21

  8. İstifadə və istinad olunan mənbələr. Səh. 21


Ümumi məlumat. Təqdim olunan Hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Bu sənəd Avropada və digər ölkələrdə yaşayan azərbaycanlı siyasi mühacirlərlə bağlı cərəyan edən hadisələr, onların ictimai- siyasi fəaliyyəti ilə əlaqədar həmin şəxslərin ailə üzvlərinə, qohumlarına qarşı Azərbaycanda həyata keçirilən təzyiqlər, bu hadisələri doğuran səbəblər, mövcud durum və vəziyyətdən çıxış yolları ilə bağlıdır.
Hesabatın hazırlanmasında Avropa ölkələrində bu və ya digər formada əlaqəli şəkildə təzyiqlərə məruz qalan, həbs olunan şəxslər, onlara qarşı irəli sürülən rəsmi ittihamlardan, həmin şəxslərin özlərinin və müdafiəçilərinin fikirlərindən, mətbuatın xülasəsindən, yerli və beynəlxalq təşkilatların mövqeyini ifadə edən sənədlərdən, eləcə də Azərbaycan hökümətinin mövqeyindən, qanunvericilik aktlarından və s. istifadə olunub.
Hesabatın hazırlanmasında məqsəd. Statistik məlumatlara görə Azərbaycanda artan repressiyalar, əlverişsiz biznes mühiti, korrupsiya və monopoliyanın güclənməsi, təhlükəsiz yaşam, işsizlik problemləri və s. nöqteyi- nəzərdən son illər xeyli sayda insan ölkəni tərk edərək xarici ölkələrə üz tutur. Hazırda ölkədə təqiblərə məruz qalan xeyli sayda ictimai- siyasi fəal Avropada yaşayır və fəaliyyət göstərir. Onlar tez- tez Avropanın müxtəlif şəhərlərində Azərbaycan hakimiyyəti əleyhinə aksiyalar keçirirlər, siyasi məhbuslara azadlıq tələb edir, hakimiyyəti tənqid edirlər. Hakimiyyətin əli onlara çatmadığına görə onları susdurmaq və mövqelərindən geri çəkmək üçün həmin şəxslərin Azərbaycandakı ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlər həyata keçirir. Onların qohumlarını işdən çıxarır, polisə çağırıb təzyiq göstərir, həbs edir. Bəzən isə onları Avropadakı qohumlarından imtinaya məcbur edir.
Hesabatın hazırlanmasında məqsəd Avropada yaşayan siyasi mühacirlərin özlərinə və Azərbaycandakı ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən təzyiqləri araşdırmaq, problemi doğuran səbəbləri və çıxış yollarını özündə əks etdirən sənəd hazırlayıb onu aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim etməkdir. Diqqəti bu istiqamətdə baş verən hadisələrə yönəltməklə problemin həllinə yardımçı olmaqdır.
Dünyada yaşayan azərbaycanlılar...

Bir sıra qurumların (Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Rеspublikasının xarici ölkələrdəki diplоmatik nümayəndəliklərinin, Azərbaycan diaspоr təşkilatları və s.) vеrdiyi məlumatlara görə hazırda dünyada 50 milyondan artıq (bəzi mənbələrdə bu rəqəm 52 və 55 milyon göstərilir- red.) azərbaycanlı yaşayır ki, onların 10 milyondan çoxu mühacirdir. 42 ölkə üzrə aparılan statistikaya görə azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3,5 milyon, Rusiyada isə 3 milyondan artıq azərbaycanlı yaşayır.

Eyni zamanda İraq, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Almaniya, Misir, Pakistan, Ukrayna da azərbaycanlıların çox yaşadığı ölkələr içərəsində liderlik edir. Amma son illər Avropa ölkələrinə mühacirət edən azərbaycanlıların sayı artmaqdadır.
Avropada yaşayan azərbaycanlı ictimai fəallarla bağlı vəziyyət

Yuxarıda qeyd olunduğu kimi müxtəlif səbəblər ucbatından son vaxtlar xeyli sayda əmək qabiliyyəti olan insanlar ölkəni tərk edərək dünyanın müxtəlif ölkələrinə, o cümlədən Avropaya üz tuturlar. Əvvəlki illərlə müqayisədə ölkədən gedənlərin sayı nəzərə çarpacaq dərəcədə artıb.

Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə 1992-2016-cı illərdə 4406 Azərbaycan vətəndaşı yalnız Almaniyada bu ölkənin vətəndaşlığını alıb. İdarədən verilən məlumata görə, Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri, yaxud 50,9%-i qadın, 2162 nəfəri, yaxud 49,1%-i isə kişidir. Digər ölkələrdə də anolji statistika mövcuddur.

Müxtəlif ekspertlərin, o cümlədən tez- tez Avropa ölkələrinə səfər edərək araşdırma aparan tarixçi alim, Milli Şuranın sədri Cəmil Həsənlinin bildirdiyinə görə hazırda siyasi təqiblər, insan haqlarının kütləvi şəkildə pozulması, aclıq və yoxsulluq ucbatından son illər vətəni tərk edib Qərbi Avropanın müxtəlif ölkələrinə sığınan azərbaycanlıların sayı 700 min ətrafındadır və bunların 80 faizi əmək qabiliyyətli insanlardır, xüsusi ilə gənclərdir; “Hazırda Almaniyanın qaçqın düşərgələrində (kamplarında) məskunlaşan qaçqınların sayına görə ilk yerdə Suriya gəlirsə, sonrakı yerlərdə Azərbaycan qaçqınları aparıcı yer tutur. Lakin insanlar Suriyanı müharibə nəticəsində tərk edirlər. Azərbaycandan isə repressiyalar, ölkənin talan edilməsi insanların ölkənin gələcəyinə ümidini qırıb. Ölkə iqtisadiyatın çökməsi, büdcə talançılığı, hakim elitanın korrupsiyaya qurşanması, əhalinin kütləvi şəkildə yoxsullaşması, işsizliyin geniş yayılması, əmək haqqı və pensiyaların simvolik məzmun kəsb etməsi əhalinin kütləvi mühacirətinin başlıca səbəbləridir. Hətta adamlar hakim ailəyə məxsus aviaşirkətin yük yerində ölkədən qaçmağa başlayıblar. Hazırda xeyli sayda adam da ölkədən çıxmağın yolların axtarır”. Yeri gəlmişkən qeyd edək ki, Almaniyanın Münster şəhər məhkəməsi bu yaxınlarda bildirib ki, qaçqın statusu almaq üçün bu ölkəyə ən çox müraciəti Suriya, Əfqanıstan, İraq və Azərbaycan vətəndaşları edir.

Azərbaycan hakimiyyəti bəzi ictimai fəalları ölkəyə gətirib onları həbs edib. Əfqan Muxtarlı, Rauf Mirqədirov və s. Jurnalist Fikrət Hüseynlini Ukraynada həbs etdirsə də ölkəyə gətirə bilməyib. Eyni zamanda ölkəyə gətirə bilmədiyi, onun siyasətinə qarşı çıxış edən mühacirlərin isə Azərbaycanda olan ailə üzvləri və qohumlarına qarşı təzyiq edir.

Fəal ictimai mühacirlərin ailə üzvlərinə və yaxınlarına qarşı repressiv təzyiqlər həyata keçirilir. Polisə çağırılıb hədə- qorxu gəlinir, həbs edilir. İşdən çıxarılır. Bəzən isə qohumlarını onlardan imtina etməyə məcbur edirlər.

Son zamanlar ölkədə repressiv, mühafizəkar siyasət gücləndiyindən (Konistitusiyaya və qanunvericilik aktlarına məhdudlaşdırıcı əlavələr edilib, mərkəzi icra hakimiyyəti möhkəmləndirilir, həbslər artıb, 160- dan artıq siyasi məhbus var və s.) Avropada yaşayan mühacirlərin də hökümətə yönəlik tənqidi çıxışları və aksiyaları da artıb. Son zamanlar Avropanın bir çox şəhərlərində belə aksiyalar daha da kütləvi xarakter alır. Ayrı- ayrı şəxslərin, ictimai fəalların, gənclərin, mühacir təşkilatların son zamanlar keçirdikləri silsilə aksiyaları qeyd etmək olar. Bu aksiyaların keçirilməsi aksiyanın təşkilatçılarının və iştirakçılarının Azərbaycanda yaşayan ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlərin artması ilə müşahidə olunur. Bu faktların araşdırılması, fiksasiya edilməsinə, toplanmasına və Hesabat halına salınıb sistemlləşdirilməsinə ehtiyac var. Amma hələ bu günə qədər ictimailəşməyən xeyli məlumatlar var.

Avropa ölkələrində yaşayan siyasi mühacirlərin Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən təzyiqlər
2014- cü ildə vətəndaş cəmiyyəti fəallarına qarşı olan total hücumun ardınca Avropa ölkələrində yaşayan siyasi mühacilərin Azərbaycanda yaşayan qohumlarına qarşı təzyiqlər də güclənib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid fəaliyyətindən dolayı onun Azərbaycanda (Şamaxıda- red.) yaşayan 2 qohumu həbs olundu. ABU- nun sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayev, jurnalist Günel Mövludun qardaşları, Meydan Tv- nin redaktoru Emin Millinin qohumu, Turan Tv- nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyevə cinayət işi açılıb həbs olunub. Hollandiyada yaşayan blogger Orduxan Teymurxanın uşaqdan- böyüyə kimi 12 nəfər qohumu Suraxanı polisinə aparılaraq təzyiqlərə və işgəncəyə məruz qalıblar, qohumlarına inzibati həbs cəzası verilib. Eyni aqibətlə Almaniyada yaşayan blogger Tural Sadıqlının ailəsi üzləşib və qardaşı Elgiz Sadıqlı həbs olunub. Hazırda xeyli sayda azərbaycanlı siyasi mühacirlərin avropadakı fəaliyyətlərinə görə onların qohumları Azərbaycanda təzyiqlərə məruz qalır. Polisə çağrılıb hədə- qorxu gəlinir, həbs olunurlar, işdən çıxarılır və hədələnirlər.

Qohumları təzyiqlərə məruz qalan şəxslərdən bir çoxları qohumlarının təhlükəsizliyi və rifahı üçün bu məlumatların ictimailəşdirilməsini istəmir. Bəzi şəxslərlərlə bağlı detallı məlumatlara nəzər salaq;


Qənimət Zahid. Hazırda Fransada mühacir həyatı yaşayan “Azadlıq” qəzetinin və Turan TV- nin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov 2015- ci ildə həbs olunub. Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1- ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham olunublar.

Bir sıra yerli və beynəlxalq təşkilatlar qeyd edib ki, Rüfət və Rövşən Zahidovlar qohumları Qənimət Zahidin fəaliyyətinə görə onu susdurmaq və qisas almaq məqsədilə narkotiklə şərlənərək həbs olunublar. Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı onları vicdan məhbusu elan edib.



Məhkəmənin hökmü ilə Rüfət Zahidov və Rövşən Zahidovun hər biri  6 il müddətinə azadlıqdan məhrum edilib (https://news.milli.az/country/447319.html). Sonrakı müddətdə onlar Qənimət Zahidlə qohumluqdan imtinaya məcbur edildikdən və ona qarşı çıxış etdikdən sonra (https://www.amerikaninsesi.org/a/qanimat-zahid/3588904.html) azadlığa buraxılıblar.

Tural Sadıqlı. Geniş izləyici kütləsi olan “Azad söz” səhifəsinin admini, blogger Tural Sadıqlı tənqidi çıxışlarına və 2015- ci ilin fevralın 13-də Berlində dövlət başçısı İlham Əliyevin əleyhinə keçirilən aksiyada iştirak etdiyinə görə onun qardaşı Elgiz Sadıqlı Azərbaycanda polis tərəfindən narkotik ittihamı ilə həbs olunub. O, beynəlxalq reaksiyalardan sonra şərti cəza ilə həbsdən azad edilib. Bu barədə 2015- 2016- cı il Hesabatında Amnesty İnternational təşkilatı yer ayırıb (https://www.amerikaninsesi.org/a/amnesty-international-azerbaycan/3204519.html). Sonrakı müddətdə Tural Sadıqlının fəaliyyətinə və admini olduğu “Azad söz” səhifəsində dərc olunan tənqidi yazılara görə onun atası Əlövsət Sadıqlı dəfələrlə polisə çağrılaraq təhdid edilib.

18 fevral 2018- ci ildə Tural Sadıqlının atası Əlövsət Sadıqlının Ramana qəsəbəsində yaşadığı ev polislər tərəfindən mühasirəyə alınıb. Evə gələn polislər qardaşı Elgizin onlarla polisə getməsini istəyiblər. Razılıq əldə olunub ki, günün ikinci yarısı Elgiz və atası bir yerdə polisə getsinlər. Lakin razılığa baxmayaraq bir neçə saat sonra onun atası Əlövsət Sadıqlının özünü Bakının Sabunçu rayon 12 saylı polis bölməsinə aparıblar. Onu səhərə qədər polisdə saxlayıb fevralın 19-da saat 11:00-12:00 arası sərbəst buraxıblar. Bu müddət ərzində onunla oğlu Tural Sadıqlının “dövlətçiliyə zidd” fəaliyyəti ilə bağlı suallar veriblər. Ə.Sadıqlının bildirdiyinə görə polis bölməsində aparılan söhbətlərdə T. Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər.

Fevral ayının 20- də Tural Sadıqlının Ağdamda yaşayan əmisi Zahir Sadıqovin evinə polislər gələrək onu Ağdam rayon polis şöbəsinə aparıblar. Onu polis şöbəsində səhər saatlarından saat 16:00-ya qədər saxlayıb Tural Sadıqlının fəaliyyəti ilə bağlı danışıqlar aparıb ona qardaşı oğluna təsir göstərməyə məcbur ediblər və sonra sərbəst buraxıblar.

23 fevral 2018- ci il tarixdə isə işlədiyi yerdən mülki geyimli şəxslər tərəfindən Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı oğurlanaraq naməlum istiqamətə aparılıb (https://www.amerikaninsesi.org/a/hebs/4268785.html). Ailə üzvləri tərəfindən dəfələrlə DİN- nin 102 xidmətinə, Sabunçu Polis İdarəsi, məhkəməyə müraciət edilsə də ondan xəbər tutmaq mümkün olmayıb. Yalnız 4 gün sonra məlum olub ki, Elgiz Sadıqov inzibatı həbs cəzası verilib və o, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasındadır. Bakı Apelliyasiya məhkəməsində məlum olub ki, həbs edilən gün Elgiz Sadıqova məcburi qaydada zor tətbiq edərək narkotika qatılmış çay içirdib ekspertizaya aprıblar ki, onun narkotika istifadəçisi olmasına dair lazımi rəy alısnlar. Məlum olub ki, məhkəmə qərarından sonra da Elgiz Sadıqlı Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilməli olduğu halda qeyri- qanuni olaraq 4 gün Sabunçu polis idarəsində saxlanılıb ağır işgəncələrə məruz qalıb. Dəfələrlə onun bədəninə elektrik cərəyanı buraxılıb və bildiriblər ki, siz (Sadıqlı ailəsi- red.) vətən xainlərisiniz. Vətən xainlərini biz belə edirik. Elgiz Sadıqovun məhkəmədə bildirdiyinə görə onun səhəti ağırdır, daxili orqanlarında güclü ağrılar var. Müayinə və müalicəyə ehtiyacı var.



Emin Milli. Meydan TV- nin təsisçisi və redaktoru Emin Milliyə təzyiq vasitəsi ilə onun qaynı Nazim Ağabəyov 2015- ci ilin iyul ayının 27- də saxta narkotika ittihamı ilə şərlənərək həbs olunub. O, informasiya texnologiyası üzrə mütəxəssisdir. Emin Milli baş verənlərin onun və Meydan TV-nin susdurulması üçün edildiyini bildirib. Qeyd edib ki, hətta onu, eləcə də bütün ailə üzvlərini öldürsələr belə o dayanmayacaq (http://arqument.az/az/emin-millinin-qayn-hebs-olundu/).

Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsi vəkil Adil İsmayılov müdafiə edib. O, çıxışında Nazim Ağabəyovun heç zaman narkotik maddədən istifadə etmədiyini bildirib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

 

Nazim Ağabəyov məhkəmədə bildirib k, heç zaman cinayətkar olmayıb: "20 ilin mütəxəssisiyəm. Evimdə xəstə uşağım var. Heç bir zaman narkotik maddələrin dövriyyəsi ilə məşğul olmamışam. Nə siqaret, nə də spirtli içli istifadəçisi deyiləm. Məni tutmağınızın səbəbi Emin Millidirsə onunla əlaqəm yoxdur, heç zaman müxalifətçi olmamışam. Hər zaman dövlətimi dəstəkləmişəm. Vergimi vermişəm. Bəraət çıxarılmasını istəyirəm". Dövlət ittihamçısı məhkəmədən Nazim İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də hakimlər kollegiyasının qərarı Cinayət Məcəlləsinin 234.4.3 - cü( külli miqdarda narkotk) maddəsi 234.1 (narkotik vasitə) maddəsi ilə dəyişdirilib. 70-ci maddə ( şərti cəza ) tədbiq edilərək 2 il müddətinə şərti olaraq cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.



 

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Emin Milli bildirib ki, onun həyat yoldaşının ailəsi təhdid altındadır. Onun özü də ölümlə təhdid olunub. O bildirib ki, bütün baş verənlər onu və rəhbərlik etdiyi Meydan TV- ni susdurmaq üçündür.
Günel Mövlud. Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşı Vəkil İmanov Biləsuvar rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Günel Mövludun qardaşları 2015- ci il oktyabrın 15-də narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər. Oktyabrın 13-də Vəkil İmanov Biləsuvarda, qardaşı Raci İmanov isə Sumqayıt şəhərində tutulub. Hər ikisi narkotik maddə ittihamı ilə saxlanılıblar. Günel Mövlud qardaşlarının həbsini özünün Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirir.

Jurnalistin atası Vəzir İmanov bildirib ki, Günel Mövluda görə ona işdən çıxması üçün də təzyiqlər edilib: "Cəbrayıl rayon diaqnostik kabinetinin laborantı idim. Təzyiq etdilər, işə icra hakimiyyəti və Kənd təsərrüfatı nazirliyi də qarışdı. Mən də ərizə yazdım ki, səhhətimlə bağlı istefa edirəm. Heç bilmirəm qızım nə edib ki, bu təzyiqlər var".

Həbslərin valideynlərinin səhətinə çox pis təsir etdiyini deyən jurnalist "öz işinə" davam edəcəyini də əlavə edib; "İstəyirlər ki, “Meydan TV” ilə əməkdaşlıq edən olmasın. Qohumlar vasitəsilə təzyiq edirlər. Mən “Meydan”- dan, Emindən, “Meydan”- la əməkdaşlıq edən insanlardan imtina etməyəcəm, uzaqlaşmayacam. Başqa cür yaşamağı sadəcə bacarmıram".

Son illər Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.

Meydan TV-nin rəhbəri Emin Millinin qohumları dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan "imtina etdiklərini" bildiriblər. Emin Milli bu halı qohumlarına təzyiq edilməsi ilə əlaqələndirib.
Elşad Abdullayev. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev “mandat alveri” və qardaşı Mahir Abdullayevin oğurlanması cinayəti ilə bağlı bir sıra məmurların ifşası ilə nəticələnən gizli çəkdiyi videoları ictimailəşdirdikdən sonra onun yaxınlarına və ailə üzvlərinə qarşı açıq təzyiqlər başlayıb. Onun qardaşı oğlu, Qarabağ döyüşlərinin iştirakçısı Mübariz Abdullayev 10 il müddətə azadlıqdan məhrum edilib. Bir sıra hüquq- müdafiə təşkilatları onu girovluqda olan siyasi məhbus elan edib. Sabiq rektorun bəzi qohumları, onun Azərbaycandakı qanuni nümayəndəsi Azad Mursaliyev və digərlərinin isə ölkədən çıxışı qadağan edilib. Özünün bildirdiyinə görə digər qardaşı, beynəlxalq hüquq üzrə elmlər namizədi Eldəniz Abdullayevi Ramiz Mehdiyevə məxsus “Qurd qapısı” restoranında zəhərləyiblər və nəticədə əmək qabiliyyətini itirib.

Elşad Abdullayev bildirir ki, qardaşı Mahir Abdullayevin oğurlanması cinayəti ilə bağlı yazıları və tələbləri təkrarlandıqca hakimiyyətə yaxın mətbuat orqanlarında onun və ailə üzvlərinin ünvanına mütəmadi olaraq böhtanlar və təhqir dolu yazılar dərc olunur; “Təsisçisi və redaktoru olduğum Avropaninsesi.com saytının Azərbaycana girişi bloklanıb. Vaxtilə rəhbəri olduğum Azərbaycan Beynəlxalq Universitetinin məni müdafiə edən məzun və müəllimləri davamlı şəkildə təzyiqlərə məruz qalırlar”.



Orduxan Teymurxan. 18 fevral 2017- ci ildə Almaniyanın Köln şəhərində "Qarabağa və siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən aksiyada Hollandiyada yaşayan azərbaycanlı bloger Orduxan Teymurxanın tənqidi çıxışından dərhal sonra onun Bakıda yaşayan bütün qohum- əqrəbası kütləvi şəkildə Suraxanı rayon Polis İdarəsinə aparılıb. Hətta qızdırma içində olan 2 yaşlı körpə Selcan da "rəislə söhbət" adıyla polisə aparılıb və İdarədə saxlanılıb. 18 fevralda bloggerin 12 nəfər qohumu axşamdan səhərə qədər Polis İdarəsində saxlanılıb. Onlara yatacaq, su- şörək belə verilməyib. Onlar bu şəxslər olub:

1. Dadaşov Xanlar
2. Bəbirsoy Şakir
3. Əliyeva Zəhra
4. Əliyev Möhübbət
5. Əliyev Elnar
6. Zeynalova Rübabə
7. Zeynalov Səbuhi
8. Əliyeva Südabə
9. Ağayeva Sədaqət
10. Nəzərli Xumar
11. Nəzərli Selcan
12. Ağayev İlqar

19 fevralda isə qadınlar sərbəst buraxılıb, qalanlar polisdə saxlanılıb. Onlardan Orduxan Teymurxanın tənqidi çıxışlarını dayandırması tələb olunub. Daha sonra isə bloggerin qardaşı Şakir Bəbirsoy olmaqla digərləri sərbəst buraxlsa da, onun 2 qohumu- böyük qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalov saxlanılıb. Polisə müqavimətdə ittiham olunaraq onların hər birinə məhkəmə tərəfindən 30 sutka inzibati həbs cəzası verilib. Hadisədən 2 gün sonra Xanlar Dadaşov işdən azad olunub.

Bu hadisələrdən 1 il sonra- 17 fevral 2018- ci ildə Orduxan Teymurxanın Bakıda yaşayan bacılarının evinə polislər gələrək onların övladlarını axtarıblar və onları həbs ediblər. Bloggerin iki bacısı oğluna Səbuhi Zeynalov və Tural Əliyevə Suraxanı Məhkəməsinin qərarı ilə hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandırılıblar. Onların məhkəmə qarşısına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş protokol əsasında çıxarıldığı bildirilir.

Bloggerin böyük bacısının oğlu Elnar Əliyevdən isə uzun müddət xəbər çıxmayıb. Polis harada saxladığı haqda heç bir məlumat verməyib. 19 fevralda Orduxan Teymurxanın bacıları və ailə üzvləri mətbuat qarşısına çıxardılaraq ondan imtina etdiklərini bir daha bildiriblər (https://www.youtube.com/watch?v=dhPqWjV1IrQ).

Orduxan Teymurxanın bütün qardaşları- Bəbir Bəbirsoy, Xanlar Dadaşov və Şakir Bəbirsoy iş yerlərini itirərək və ya işdən çıxarılaraq diksriminasiya, təzyiq və məcburiyyət qarşısında qalaraq ölkəni tərk ediblər.

Riyad Əliyev- Təfəkkür Universitetinin sabiq prorektoru Riyad Əliyev 2014- ci ilin avqust ayında ölkəni tərk edərək Almaniyaya mühacirət edib. Orda "Azereurotimestv" adlı sayt təsis edib. Həmin saytda Azərbaycan rəhbərliyi kəskin tənqid edilir. Məhz bu səbəbdən də saytın Azərbaycanda yayımlanması bloklanıb. O, eyni zamanda facebook hesabından ölkədəki hökm sürən qanunsuzluq, monorxiya qurluşunu və korrupsiya hallarını tənqid edir. Onun tənqidi çıxışlarından sonra qardaşı Renat Əliyevə və digər qohumlarına dəfələrlə xəbərdarlıq olunub ki, Riyad Əliyev dövlətçilik əleyhinə çıxışlar edir, dayandırsın. Lakin bu xəbərdarlıqlar nəticəsiz olduğundan onun qardaşı, karate üzrə ikiqat Avropa çempionu Renad Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. 2017- ci il mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Renadın üzərindən narkotik tapıldığı iddia olunur. Amma Renad Əliyev özünü təqsirli bilmir. Deyir ki, o, qardaşının Azərbaycan hökuməti haqda tənqidi fikirlərinə görə sifarişlə şərlənərək həbs olunub. 2015-ci ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunlarında karate üzrə hakim kimi iştirak etdiyini deyən Renad Əliyev necə həbs olunması haqda bunları söyləyib: «Dostlarımla kafedə oturmuşduq. Kafedən çıxanda 3 nəfər mənə yaxınlaşdı, maşına oturdub Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Orada dedilər ki, guya üstümdən narkotik çıxdı. Əlbəttə ki, yalan idi». «Ölkəni təmsil edən idmançı niyə şərlənməli idi?» – hakimlər bu sualı verəndə R.Əliyev səbəb kimi xeyli vaxtdır Almaniyada yaşayan qardaşı Riyad Əliyevin müxalifyönlü mövqeyini, Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlərini göstərib: «Hətta həbsimdən əvvəl mənim özümə də demişdilər ki, «qardaşına çatdır, özünü yığışdırsın. Əks halda, sizin üçün yaxşı olmayacaq». Bunu deyənlərə cavab verdim ki, mənim qardaşımla heç bir əlaqəm yoxdur. Dediklərini də elədilər...». Riyad Əliyev bildirir ki, Azərbaycan hakimiyyəti onun barəsində beynəlxalq axtarış elan etmişdi. Amma ötən ilin yanvarında «Interpol» onun axtarışını dayandırıb.

Riyad Əliyev Azərbaycanda yaşayan bəzi qohumlarının ona görə işdən çıxarıldığını, bəzilərinin isə ondan imtinaya məcbur edildiyini bildirir.


Nadir Məmmədov. Naxçıvan Muxtar Respublikasında şəxsi sahibkarlıq fəaliyyətilə məşğul olmuş Nadir Məmmədov siyasi fəallığına görə dəfələrlə təzyiq və işgəncələrə məruz qalıb, həbsə məhkum olunub. Özünün bildirdiyinə görə 2010- cu ildə keçirilən parlament seçkilərindən bir neçə ay sonra 2011- ci ilin aprel ayında Naxçıvan MR-nin daxili işlər naziri Əhməd Əhmədov tərəfindən ağır işgəncəyə məruz qalıb; “Saxta ittihamla- yol hərəkəti qaydasının pozulması adıyla saxlanılaraq, əslində Muxtar respublikada baş verən özbaşınalığa və korrupsiya hallarına etiraz etdiyim üçün Ə.Əhmədovun göstərişilə və birbaşa iştirakıyla səhərə qədər onun iş otağında işgəncəyə məruz qalmışam. Belə ki vəhşicəsinə döyülərək sol və sağ əllərimin dirnaqlarını kəlbətinlə çıxararaq bir daha polislərdən şikayət etməməyimi və Naxçıvanı tərk etməyimi tələb ediblər. Və məni buraxanda arxamca nəzarətçi salaraq ictimai fəal Elman Abbasovu döyməyimi tapşırdılar. Mən isə polisdən çıxan kimi gecə ikən Bakıya gəlib RATİ- də mətbuat konfransı keçirərək baş verənləri ictimaiyyətə açıqladım (www.youtube.com/watch?v=HqjzXkG7uYk), (https://www.youtube.com/watch?v=OqS04hL1NZI)”.

Özünün bildirdiyinə görə bundan sonra ona qarşı təzyiqlər Naxçıvanda mütəmadi xarakter aldı; “Yaxın qohumum, Məmməd Qurbanovla birlikdə olan biznesimizi hədəfə aldılar. Bu işin arxasında Naxçıvanın siyasi rəhbərliyi, o cümlədən Vasib Talıbovun bacısının yoldaşı Fəxrəddin dayanırdı. 2012- ci ilin dekabrın 8- də Məmməd Qurbanovla birgə həbs olunduq və dəfələrlə hər ikmiz işgəncə aldıq. Sədərəkdə polis bölməsində qarlı havada bayırda üstümüzə su töküb bizi döyərək işgəncə veriblər. Ailəmizdən və müdafiəçilərimizdən gizli saxlayıblar. Bu hal 5 gün davam edib və bizə yemək, su belə verməyiblər. Cinayət Məcəlləsinin 221.3 və 315.2- ci maddələri ilə ittiham olunaraq 4 ay 19 gün həbsdə qaldıq.

Həbsdən sonra da müstəqil fəaliyyətimizi davam etdirərək Muxtar Respublikada və Azərbaycanda baş verən neqativ hallarla bağlı mətbuatı və hüquq müdafiə təşkilatlarını daim məlumatlandırmışam.

Artıq Bakıda da təhlükəsiz yaşamağın qeyri-mümkün olduğunu görüb 2016-cı ilin iyun ayında ölkəni tərk edib Çexiyaya, oradan da Almaniyaya gəldim. Dublin protokoluna görə Çexiyaya göndərildim. Mənə qarşı burada da təzyiqlər olduğundan yerli polis orqanlarına müraciət etdim. Belə ki, sosial media vasitəsilə Çexiyada yaşayan bir qrup azərbaycanlı məni təhdid etmiş, Vasif Talıbovun hüzuruna göndərəcəklərilə bağlı mənə hədə- qorxu gəlmişlər. Özünü Çexiya Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edən Zamiq Məmmədli məni deport etdirəcəyini bildirmişdir. Vasif Talıbov, Əhməd Əhmədov və eləcə də Azərbaycan hakimiyyətinin digər yüksək vəzifə nümayəndələri külli miqdarda yatırımlarla Çexiyada güclü biznesə sahibdirlər və onların Çexiya hökumətinin bəzi nümayəndələri ilə isti münasibətləri var. Bütün bunlardan sonra məcbur olub yenidən Almaniyaya qayıtdım.

Mühacirətdə olduğum müddətdə facebook hesabımdan vaxtilə mənə işgəncə vermiş Əhməd Əhmədovun və bu işgəncənin sifarişini verən Vasib Talıbovun ünvanına tənqidi fikirlər səsləndirdiyimə görə 2017-ci ilin oktyabrın əvvəllərində qardaşım Kərəm Məmmədov və anam Zülfinaz Məmmədova polisə çağırılmış və təhdid olunmuşlar. Onlardan tələb edilmişdir ki, Nadir Məmmədov geri qayıtsın, ölkənin və Muxtar Respublikanın vəzifəli şəxsləri haqqında tənqidi fikirlər yazdığına görə cavab versin. Buna görə də qardaşım K.Məmmədovdan ölkəni tərk etməmək haqqında yazılı iltizam alınmışdır. Digər qardaşım Qadir Məmmədov Azərbaycandan çıxaraq Türkiyəyə getməyə məcbur olmuşdur.

“Biz Almanıyaya gəldikdən 2 həftə sonra baldızımı, yəni Məmməd Qurbanovun qızını Aynürə Qurbanovanı “Banditizm”- ə aparıb 5 saat saxlayıb 12 yaşlı qızı ilə hədələyiblər ki, Məmməd və Nadir bura gəlməsə sizi daha pis şeylər gözləyir. Təzyiqlər hələ də davam edir. Səbəb indiki hakimiyyətlə barışmamağımızdır. Varımızı, yoxumuzu əlimizdən alıb bizi ölkəmizdən didərgin salanları tənqid etdiyimizə və Almaniyada siyasi məhbuslarla bağlı keçirilən aksiyalarda iştirak etdiyimizə görə Azərbaycanda olan qohumlarımızı incidirlər. Və hal- hazırda da bu təzyilər davam edir”.



Yüklə 196,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin