Hərbi xuntanın devrilməsi. Mülki hakimiyyətin qurulması. 1974-cü ilin iyulun 23-də Xunta hakimiyyətdən getməyə məcbur oldu. Karamanlis yeni mülki hökumət təşkil etdi. Amnistiya verildi, bütün partiyalar, o cümlədən Kommunist Partiyasının fəaliyyətinə icazə verildi, ordu təmizləndi, Yunanıstan Kipr Respublikası ilə həmrəyliyini bildirdi.
Yunanıstan NATO-nun hərbi təşkilatından çıxdığını elan etdi. Zəhmətkeşlərin bir neçə təbəqələrinin maaşı artırıldı. Sosialist ölkələri ilə əlaqələr yaxşılaşdırıldı. Karamanlisin başçılığı ilə «Yeni demokratiya» partiyası yaradıldı.
Mavrosun hökuməti dövründə «Yeni qüvvələr» partiyası təşkil edildi. Papandreu «Ümumyunan sosialist hərəkatı» (PASOK) partiyasını yaratdı. Demokratik qüvvələr «Vahid sollar» birliyini təşkil etdilər. Keçmiş müdafiə naziri Qarufaluas «Milli demokratik ittifaq» pratiyasını təşkil etdi.
1974-cü ilin noyabrın 17-də yeni parlament seçkiləri keçirildi. «Yeni demokratiya» partiyası əksəriyyət qazandı. Sağlara 1% səs verildi. 1974-cü ilin dekabrın 8-də keçirilən dövlət quruluşu haqqında referendumda əhalinin 69%-i respublika idarə formasına səs verdi. 1974-cü il konstitusiyası ilə Yunanıstan prezidentli parlamentli respublika oldu. Prezident parlament yolu ilə 5 ilə seçilirdi. O, fövqəladə vəziyyət elan edə, xüsusi tribunal təşkil edə bilərdi. Birinci prezident Tsasos, hökumətin başçısı isə Karamanlis oldu. Bir palatalı parlamentə 300 deputat seçilməli idi.
70-ci illərdə iqtisadiyyat yüksələn xətlə inkişafa başladı. Dövlət bölməsi artdı. 1975-ci ildə xunta üzvləri üzərində məhkəmə prosesi başlandı. Bununla belə zəhmətkeşlərin bir sıra hüquqları məhdudlaşdı. 1976-cı ildə parlament tətilləri qadağan etdi. 1978-ci ildə terrorizmlə mübarizə haqqında qanunla demokratiya da məhdudlaşdırıldı. Ali məktəblər üzərində hökumətin nəzarəti gücləndi. Ölkədə narazılığın artdığını görən Karamanlis 1977-ci il noyabrın 20-də parlament seçkiləri keçirdi. Birinci yerə yenə «Yeni demokratiya», ikinci yerə PASOK çıxdı. Karamanlis 1978-ci ilin yazında yeni hökumət təşkil etdi.
Mütərəqqi yunan həmkarlar ittifaqları «PASOK»la əməkdaşlığı artırdı. Xarici siyasətdə hökumət ən çox ABŞ-la yaxınlaşdı. 1975-ci ilin fevralında Yunanıstanda ABŞ bazalarının statusu məsələsi ətrafında müzakirələr aparıldı və bu, müsbət nəticəsini göstərdi. ABŞ bazalarının ləğv edilməsinə razılıq verdi. 1976-ci ilin aprelində Yunanıstan və ABŞ arasında hərbi əməkdaşlıq haqqında saziş bağlandı, ABŞ ona hərbi kömək etməyi öhdəsinə götürdü. NATO ilə danışıqlarda Karamanlis bildirdi ki, Kipr böhranı həll edilərsə, Yunanıstan NATO-dan çıxmaq haqqında qərarına yenidən baxar. 1979-cu ildə NATO-nun Avropada amerikan raketlərini yerləşdirmək təklifini Yunanıstan bəyəndi. Egey və Kipr məsələsində Türkiyə ilə ixtilaflar aradan qaldırıldı. 1975-ci ildə SSRİ ilə Yunanıstan arasında gəmiçilik sazişi, 1977, 1979-cu illərdə yeni sazişlər bağlandı. 1979-cu ilin oktyabrında Karamanlis SSRİ-yə gəldi. Monqolustan, Vyetnamla diplomatik əlaqələr yaradıldı.
Yunanıstan XX əsrin 80-ci-90-cı illərdə. 80-ci illərdə Yunanıstan iqtisadi çətinliklərlə qarşılaşdı. 1980-ci ildə iqtisadi inkişaf sürəti düşdü. Bu vəziyyət 1983-ə qədər davam etdi. Sənaye məhsulları 8,5 faiz aşağı düşdü. Kənd təsərrüfatı məhsulları istehsalı 4,4% azaldı, işləyən əhalinin 8,3 %-i işsiz idi.
Ölkənin sosial-siyasi vəziyyəti kəskinləşdi. 1981-ci ilin parlament seçkilərində «Ümumyunan sosialist hərəkatı (PASOK)» partiyası qələbə çaldı və həmin partiyanın sədri P.Papandreunun başçılığı altında hökumət təşkil edildi. Bu dövrdə siyasi və ictimai həyat daha da demokratikləşdirildi. Sosial-iqtisadi yeniliklər, xarici siyasətdə pozitiv dəyişikliklər baş verdi. 1981-ci ildə Yunanıstan AİB-ə üzv oldu.1989-cu il parlament seçkilərindən sonra K.Mitsotakisin hökuməti təşkil edildi. Bu hökumət 1993-cü ilə qədər hakimiyyətdə oldu. Bu hökumətin dövründə ABŞ-la əməkdaşlıq, Yunanıstanın Avropanın siyasi və iqtisadi qurumlarına inteqrasiya olunmaq cəhdləri artdı. 1993 və 1996-cı ilin parlament seçkilərində PASOK partiyası dalbadal qələbə çaldı. Hökumətə K.Smitis başçılıq etdi. Türkiyə ilə mübahisəli olan Egey dənizi, Kipr və Makedoniya məsələsində K.Smitis hökuməti sərt mövqe tutdu. Bu məsələlər ABŞ-ın vasitəçiliyi nəticəsində 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində müzakirə edildi. Türkiyə və Yunanıstan rəhbərləri görüşdülər və münasibətlər qismən nizama salındı.
Yunanıstanın hazırda baş naziri PASOK-un lideri (Ümumyunanıstan Sosialist Hərəkatı) Kostas Smitesdir. Yunanıstanın prezidenti Konstantineskodur. Ölkədə əsas partiyalar Yeni Demokratiya İttifaqı və PASOKdur.
NİDERLAND (HOLLANDİYA) KRALLIĞI
İkinci dünya müharibəsi qurtardıqdan sonra
Niderlandın iqtisadi və siyasi vəziyyəti
1945-ci ilin mayında Niderland faşist işğalçılarından azad edildi. Ölkə müharibə nəticəsində öz milli sərvətinin üçdə birini itirdi. 500 min ölən və əsir alınan oldu. Niderlanda dəyən maddi zərər 5,6 milyard dollar oldu. Dövlət borcları 28 milyard hulden təşkil edirdi.
Sənayedə istehsalın səviyyəsi müharibədən əvvəlki illə müqayisədə 50%, kənd təsərrüfatında isə 60% aşağı düşdü.
Zəhmətkeşlərin maddi vəziyyəti də ağırlaşdı. Zəruri tələbat malları çatışmırdı. Vergilər iki dəfə artırılmışdı. 100 min nəfər tam, 200 min nəfər isə qismən işsiz idi. Vəziyyəti çətinləşdirən səbəblərdən biri də Niderlandın öz müstəmləkələrini itirməsi idi.
Niderland inkişaf etmiş sənaye-aqrar ölkə idi. Onun iqtisadiyyatı xeyli dərəcədə xarici xammal və satış bazarlarından asılı idi. Yüksək inkişaf etmiş kənd təsərrüfatı xeyli dərəcədə ixrac üçün istiqamətləndirilmişdi. Müharibə qurtardıqdan sonra yüksək gəlir gətirən və az xərclə mümkün olan sənaye sahələrinin bərpasına xüsusi diqqət yetirildi. Ölkə xarici istiqrazlara da ehtiyac hiss edirdi. Hakim dairələr İngiltərə ilə ənənəvi əlaqələrini bərpa etdilər. Müharibədən sonra Niderlanda ABŞ kapitalının müdaxiləsi sürətləndi. Artıq 1946-cı ilin əvvəllərində 200 min yaşayış evi, 400 min ha torpaq sahəsi yararlı hala salındı, 2.5 min km. dəmiryolu bərpa olundu. Sənaye müəssisələrinin bərpası və modernizasiyası getdi. 1948-ci ilin sonuna yaxın Niderland sənaye və kənd təsərrüfatı malları istehsalında müharibədən əvvəlki səviyyəyə çatdı.
Müharibədən sonrakı illərdə əhalinin geniş təbəqələrində ümumi demokratik əhval-ruhiyyə gücləndi. Kütlələr demokratiyanın bərpasını tələb edirdilər. Bununla əlaqədar Niderlandda faşist «milli-sosialist hərəkat» partiyasının fəaliyyəti qadağan edildi.
Ölkədə müharibədən əvvəlki burjua partiyalarının yenidən formalaşması prosesi getdi. 1945-ci ilin mayında ənənəvi partiyaların siyasətindən narazı olanlar birləşib Niderland Xalq Hərəkatı (NXH) partiyasını təşkil etdilər. 1946-cı ildə keçmiş Katolik partiyası əsasında Katolik Xalq Partiyası (KXP) yarandı. Sosial-demokratların əksəriyyət hissəsi Niderland xalq partiyası ilə birləşib 1946-cı ilin fevralında Əmək Partiyasını (ƏP) təşkil etdilər. Müharibə qurtardıqdan sonra Niderland Kommunist partiyasının sıralarında 250 min nəfər var idi.
Demokratik qüvvələr siyasi, iqtisadi və sosial sahədə mütərəqqi islahatlar keçirilməsini tələb edirdilər. Fəhlə sinfinin tətilləri hökuməti ciddi güzəştlərə getməyə məcbur etdi. Londonda yerləşən Niderland mühacir hökuməti istefaya getdi. 1945-ci ilin iyununda təşkil edilən yeni hökumətə NXH-nin lideri V.Sxermerqord rəhbərlik etməyə başladı. Yeni hökumət əmək haqlarını 25% artırdı. Ərzaq mallarının qiymətlərinin qalxmaması üçün tədbirlər gördü. Hər il fəhlələrə ikihəftəlik məzuniyyət müəyyən edildi. Bu dövrdə keçirilən maliyyə islahatları varlı təbəqələrin mənafelərinə toxunurdu. Hökumət ölkədəki sosial gərginliyi zəiflətmək üçün bu islahatları keçirməyə məcbur idi.
1946-cı ilin mayın 17-də ölkə parlamenti olan Baş Ştatlara keçirilən seçkilərdə Katolik və Əmək partiyaları uğur qazandılar. Kommunistlər isə 10 deputat yeri tutdular. Ölkədə sosialist və katoliklərin Z.Baylin başçılığı ilə koalision hökuməti təşkil edildi.
Bu hökumət inhisarçı kapitalın mövqeyini möhkəmləndirdi. Ölkəyə xarici, ilk növbədə ABŞ kapitalının müdaxiləsi gücləndi. İqtisadiyyatı xarici bazar üçün istiqamətləndirmək, İndoneziyada ağalığı bərpa etmək xətti götürüldü.
Niderland bitərəflik siyasətindən əl çəkərək digər kapitalist ölkələri ilə inteqrasiyaya xüsusi diqqət verməyə başladı. 1948-ci ildə o, Benilüks valyuta-kömrük ittifaqına girdi, «Marşall pranı»na qoşuldu. Qərb və Şimali Atlantika blokuna daxil oldu. Niderland ərazisində ABŞ-ın hərbi və raket bazaları yerləşdirilməyə başlandı.
1945-ci ilin sentyabrın 29-dan Niderland ABŞ və İngiltərənin hərbi köməyi ilə İndoneziya ilə müharibə aparsa da, orada öz ağalığını bərpa edə bilmədi. 1949-cu ilin noyabrında Niderland hökuməti İndoneziyanın müstəqilliyini tanımağa məcbur oldu.
Niderland «soyuq müharibə» illərində. 50-ci illərdə Niderlandın iqtisadiyyatı yüksələn xətlə inkişaf etdi. İxraca göndərilən məhsulların yüksək keyfiyyətlə istehsalı artdı. Maşınqayırma, o cümlədən, nəqliyyat avadanlığı, qara metallurgiya, avtomobil istehsalı, elektronika, kimya, yeyinti və metal emalı kimi sənaye sahələri əhəmiyyətli dərəcədə inkişaf etdi. Niderland gəmilərinin tonnajı 3 dəfə artdı. Niderlandın dəniz donanması kapitalist ölkələri içərisində beşinci yeri tuturdu. 1959-cu ildə ölkədə 1773 min ton neft istehsal edilirdi. Adambaşına düşən kimya sənayesi məhsullarına görə ölkə dünyada üçüncü yeri tuturdu. 50-ci illərin sonunda Niderlandın Qroninqen əyalətində zəngin qaz yataqları aşkara çıxarıldı. 1971-ci ildə Hollandiyada 48,3 milyard kub m. qaz çıxarılırdı. Adamaşına düşən qaz istehsalına görə Niderland dünyada birinci yeri tutdu.
50-ci illərdə Niderlandın iqtisadi inkişafı müəyyən çətinliklərlə qarşılaşmalı oldu. Belə ki, 1953-cü ildə ölkənin cənub əyalətlərini su basması nəticəsində maddi zərər 0.9 mlrd. hulden (dövlət büdcəsinin 25%-i) oldu.
50-ci illərdə Niderland Avropa polad və kömür, Avropa İqtisadi birliyinə və digər kapitalist ölkələrinin birgə təşkilatlarına üzv oldu. Digər ölkələrlə inteqrasiya ölkə iqtisadiyyatının yenidən qurulmasına səbəb oldu. Bu inteqrasiyada Niderland tabe tərəf kimi çıxış edirdi. İqtisadi inkişafda xarici bazarlar üçün istehsal mühüm rol oynayırdı. Mühüm istehsal sahələrinin məhsulunun 22-50%-i ixraca gedirdi. Ölkənin ixracının 30%-ni kənd təsərrüfatı məhsulları təşkil edirdi.
1960-cı ildə sənaye məhsulu istehsalı müharibədən əvvəlkinə nisbətən iki dəfədən çox artdı.
60-cı illərdə ölkədə istehsalın hər il orta inkişaf tempi 7%-dən yüksək idi. İqtisadiyyatın inkişafının sənaye istiqaməti milli gəlirdə kənd təsərrüfatının payının azalmasına səbəb oldu. 1959-cu ildə kənd təsərrüfatının payı cəmi 11,7% təşkil edirdi. Kənd təsərrüfatında ölkə əhalisinin cəmi 13%-i çalışırdı ki, bu da müharibədən əvvəlkinə nisbətən iki dəfə az idi. Bununla belə kənd təsərrüfatında yüksək inkişaf etmiş kapitalist münasibətləri formalaşdı. Onun məhsuldarlığı əhəmiyyətli dərəcədə artdı. Niderland bir çox kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsalına görə dünyada birinci yeri tutdu. AİB-də kənd təsərrüfatı məhsullarının ixracına görə birinci yer ona məxsus idi.
İstehsalın və kapitalın mərkəzləşməsi və təmərküzləşməsi prosesi gücləndi. Bir neçə iri beynəlxalq kompaniyaların, o cümlədən ingilis-holland neft kompaniyası olan «Royyal datç-Şell»in, marqarin yağı istehsalı üzrə ingilis-holland konserninin, sabun və texniki piylər istehsal edən «Yunilever»in, süni ipək istehsalı üzrə Qərbi Almaniya - Hollandiya inhisarı olan «AKYU»nun, radio aparatı və radio avadanlığı istehsalı üzrə holland-amerikan konserni olan «Filins»in, Hollandiya kompaniyası olan «Hooqovens»in ölkədə ağalığı gücləndi. İnteqrasiya prosesi xırda sahibkarlığın iflasını sürətləndirdi. 1964-1974-cü illərdə 40 min xırda və orta müəssisələr iflasa uğradı. Amsterdam və Rotterdam kommersiya bankları birləşdi və bu birləşmə əsasında «Alqemene bank Niderland» yarandı. Bu yeni maliyyə korporasiyasının əlində bütün xüsusi bankların aktivinin ¾ hisəsi birləşdi. 1969-cu ildə iki böyük holland firması olan «AKYU» və «Koninkleke Zaut Orqanon» (KZO) birləşib AKZO adlandı.
Tezliklə bu kompaniya kimyəvi lif məhsulları istehsalına görə dünyada ikinci yeri tutdu.
Beynəlxalq inhisarlara Hollandiyada fəaliyyət göstərmək üçün əlverişli şərait yarandı. ABŞ-ın 500 iri korporasiyasından 100-dən çoxu Niderlandda öz filiallarını yaratdılar. ABŞ-ın neft inhisarları Hollandiyanın neft emalı sənayesinin 50%-nə nəzarət edirdi. 60-cı illərdə AFR-in də bu ölkəyə birbaşa kapital qoyuluşu 7 dəfə artdı, AİB ölkələri ilə ticarətdə Niderlandın ixracının 49.5%-i, idxalının isə 47%-i AFR-in payına düşürdü.
Ölkənin iqtisadi həyatında dövlətin rolu yüksəldi. Dövlət-inhisarçı kapitalı gücləndi. Hollandiya inhisarçılarının gəliri çoxaldı.
Ölkənin siyasi həyatında əvvəlki kimi Katolik xalq partiyası və Əmək Partiyasının nüfuzu güclü idi. Katolik fəhlə hərəkatı həmkarlar birliyi də fəhlələr arasında böyük nüfuz qazanmışdı. Ölkədə çıxan qəzetlərin 30%-i katoliklərin nəzarəti altında idi. Katolik xalq partiyası daxili siyasətdə xüsusi mülkiyyəti müdafiə edir, əməklə kapitalın əməkdaşlığına çalışırdı. Xarici siyasətdə katoliklər Qərbi Avropa ilə inteqrasiyanı və NATO-nu dəstəkləyirdilər.
Ölkənin siyasi həyatında ikinci nüfuzlu partiya olan Əmək partiyası daxili həyatda «demokratik sosializm» tərəfdarı olduğunu göstərir, xarici siyasətdə isə katoliklərin siyasətini müdafiə edirdi.
1957-ci ildə baş verən iqtisadi böhranla əlaqədar olaraq V.Dreys hökuməti xərcləri azaltdı, sənaye quruculuğunu ixtisar etdi, vergiləri artırdı. Liberallar Xalq partiyasına daxil oldular. 1957-ci ildə Pasifist sosialist partiyası yarandı ki, o öz tərkibində Əmək partiyasının tərkibindən çıxan sosialistləri və pasifistləri birləşdirirdi. O, müharibə, silahlanma əleyhinə çxıır, NATO-dan Niderlandın çıxmasını tələb edir, müstəmləkəçiliyi pisləyirdi.
Ölkənin daxili həyatı tez-tez hökumət kabinetlərinin dəyişməsi ilə səciyyələnirdi. 50-ci illərdə hakimiyyətdə Katolik xalq partiyası və Əmək partiyasının koalisiyalı hökuməti dururdu. 1958-ci ilin dekabrından hökumətə KXP-nin sədri Yan Eduard de Kuay başçılıq etməyə başladı. Hökmətin tərkibinə həmçinin demokratiya və azadlıq uğrunda mübarizə aparan Xalq partiyasının, əksinqilabi partiyaların, Xristian tarixi ittifaqının nümayəndələri də daxil oldular.
1967-ci ilin aprelin 5-də katolik de Yonqun başçılığı altında təşkil edilən koalision hökumətə KXHP, liberallar, ƏP və XTİ-nin nümayəndələri də daxil oldular. 1969-cu il parlament seçkilərindən sonra dörd partiyanın nümayəndələrindən təşkil edilmiş hökumətə yenə də de Yonq başçılıq etdi.
Ölkənin sürətlə silahlanmaya cəlb edilməsi zəhmətkeşlərin həyat səviyyəsinə mənfi təsir göstərirdi. 50-ci illərdə əmək haqlarından tutulan verigi 2,5 dəfə artdı. Dolayı vergilər də çoxaldı. 1967-ci ildə ölkədə 100 min işsiz var idi. Əmək haqlarının yüksəlməsi uğrunda fəhlə sinfinin mübarizəsi gücləndi. 1964-1966-cı illərin mübarizəsi hökuməti fəhlələrin əmək haqlarını orta hesabla 42% artırmağa məcbur etdi. Ölkədə antimüharibə hərəkatı da artdı.
Xarici siyasətdə Niderland hökuməti digər ölkələrlə iqtisadi, siyasi, ticarət əlaqələri genişləndirməyə və möhkəmləndirməyə çalışırdı. O, Qərbi Avropa ilə inteqrasiyaya daha çox diqqət yetirirdi.
ABŞ meylli istiqamət Niderlandı «soyuq müharibə»də fəal iştiraka cəlb etdi. Silahlanmaya çəkilən xərclərə görə Niderland NATO-da 4-cü yerdə dururdu. 1960-cı ildə onun hərbi büdcəsi 2 mlrd. hulden təşkil edirdi. 1966-cı ildən Mərkəzi Avropada NATO-nun Silahlı Qüvvələrinin komandanlığının ştab-qərargahı Niderlandın ərazisində yerləşirdi.
Bununla belə, Niderland hökuməti 1962-ci ildə Qərbi İrianaın İndoneziyaya verilməsi haqqında sazişi, 1968-ci ildə atom silahının yayılmaması haqqında müqaviləni imzaladı. 1970-ci ildə isə təhlükəsizlik və əməkdaşlıq məsələlərinə həsr edilmiş Ümumavropa müşavirəsinin çağrılması ideyasını müdafiə etdiyini bildirdi. Niderlandın sosialist ölkələri ilə münasibətləri yaxşılaşdı.
Niderland XX əsrin 70-ci illərində. 1970-ci ildə Niderlandda iqtisadi yüksəliş davam edirdi. Lakin tezliklə iqtisadi enmə müşahidə edilməyə başladı. 1970-1975-ci ildə Hollandiyanın ticarət donanması 20%-dən çox ixtisar edildi.
1974-cü ildə inflyasiya artdı, energetika böhranı başladı, iqtisadi çətinliklər yarandı. Limburqda sonuncu kömür şaxtası bağlandı. 1975-ci ildə işsizlərin sayı 206 minə çatdı. Rotterdamın yük dövriyyəsi aşağı düşdü. 1975-ci ildə sənaye məhsulu 5% aşağı düşdü. 3.5 min firma iflasa uğradı. 70-ci illərin ikinci yarısında iqtisadiyyat zəif də olsa, inkişaf etməyə başladı. Ölkədə dövlət bölməsinin çəkisi artdı. Hollandiya kapitalının xarici ölkələrə müdaxiləsi genişləndi.
Ölkənin siyasi həyatında sabitlik pozuldu. 1971 və 1972-ci il parlament seçkiləri ölkədə Katolik Xalq Hərəkatı partiyasının nüfuzunun düşdüyünü göstərdi.
1972-ci il seçkilərində Əmək partiyası daha çox səs alaraq ilk dəfə hökumət koalisiyasında aparıcı partiya oldu. Hökumət böhranının ən uzun sürən dövründə hökumətə sosial-demokratlar rəhbərlik etdilər. 70-ci illərdə siyasi qeyri-sabitlik davam etdi. 1977-ci il seçkiləri ərəfəsində Əmək Partiyasına qarşı Katolik Xalq partiyası, Antinqilab partiyası, Xristian tarixi ittifaq partiyası «Xristian-demokratik çağırış» blokunda birləşdilər. Əmək partiyası seçkilərdə qələbə qazanmasına baxmayaraq koalisiyalı hökumət yarada bilmədi. 1977-ci ilin dekabrında A.Aqtın başçılığı altında klerikal və liberallardan ibarət koalisiyalı hökumət təşkil edildi. Bu hökumətin daxili siyasətdə iqtisadiyyatı canlandırmaq üçün gördüyü tədbirlərdən biri sosial ehtiyaclara və təhsilə çəkilən xərcləri ixtisar etməsi idi. Lakin hərbiyə çəkilən xərclər çoxaldı. Ölkədə tətil və sülh tərəfdarları hərəkatı artdı. 1979-cu ilin dekabrın 6-da parlament əksəriyyət səslə ölkədə ABŞ raketlərinin yerləşdirilməsinə qarşı çıxdı.
1971, 1975, 1976 və 1978-ci illərdə SSRİ ilə Niderland arasında ticarət, iqtisadi, sənaye, texniki əməkdaşlığın 10 il müddətinə inkişafı, elmi və mədəni əməkdaşlıq haqqında sazişlər imzalandı. Niderlandla MXR, ADR, VDR arasında diplomatik münasibətlər yaradıldı. 1975-ci ildə o, Helsinki müşavirəsində iştirak etdi və onun Yekun Aktına qol çəkdi. BMT-nin sülhməramlı tədbirlərini müdafiə etdi.
Niderland XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəlində Niderlandın iqtisadi vəziyyəti pisləşdi. 1980-1982-ci illərdə o, güclü iqtisadi böhran keçirdi. 1981-1982-ci illərdə sənaye istehsalının həcmi 4,5%, emal sənayesində isə istehsal 23% aşağı düşdü. 1980-1983-cü illərdə 28669 firma iflasa uğradı. 1983-cü ildə işsizlərin sayı 1980-ci illə müqayisədə təxminən 2,5 dəfə artaraq 829 min nəfərə çatdı.
Hökumət böhrandan çıxmaq yolları axtarmağa başladı. Bu illərdə Kuvorden yaxınlığında 35 mlrd.kub m. həcmində təbii qaz yataqları aşkara çıxdı. Şimal dənizinin Niderlanda düşən hissəsində isə neft yataqları ilə yanaşı 87 mln. kub m. həcmində qaz yataqları da tapıldı. 1983-cü ildən sonra ölkə iqtisadiyyatında qismən canlanma müşahidə edilməyə başladı.
İqtisadi böhran hökumət daxilində də ixtilafları gücləndirdi. 1981-ci ilin may ayının 26-da keçirilən parlament seçkilərindən sonra ancaq sentyabr ayının 11-də xristian-demokratlar, əməkçilər və demokratik sosialistlərdən ibarət koalision hökumət təşkil edildi. Lakin çox fəaliyyət göstərmədi. 1982-ci ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkiləri ölkənin siyasi həyatında sola doğru meyli nümayiş etdirdi. Əmək partiyası daha çox səs aldı. Xristian-demokratlardan və sosial-demokratlardan ibarət hökumət təşkil edildi. Ona xristian-demokratlardan R.Lyubbers başçılıq etdi. Yeni hökumət «iqtisadiyyatın canlandırılmas» xəttini götürdü. «Sərt qənaət» siyasəti hökumətin həmkarlar ittifaqı ilə münasibətlərini də kəskinləşdirdi. Ölkədə ən mühüm siyasi hadisələrdən biri 1983-cü ilin fevralın 17-də yeni Konstitusiyanın qəbul edilməsi oldu. Bu konstitusiya XIX əsrdən mövcud olan köhnə konstitusiyanı əvəz etdi. Ölkənin dövlət quruluşu əvvəlki kimi konstitusiyalı monarxiya olaraq qaldı. Qanunverici hakimiyyət krala və iki palatalı parlamentə məxsus idi. Parlament seçkiləri dörd ildən bir keçirilir. 1980-ci ilin aprelin 30-da dövlətin başçısı kraliça Beatriksdir. İcraedici hakimiyyət başda baş nazir olmaqla Nazirlər kabinetinə məxsusdur.
1983-cü ilin avqustun 31-də parlamentin birinci palatasına keçirilən seçkilər fikir müxtəlifliyini bir daha nümayiş etdirdi. 1986-cı ilin mayında keçirilən parlament seçkilərindən sonra Xristian-demokratik çağırış, Azadlıq və Xalq partiyasının nümayəndələrindən ibarət R.Lyubbersin başçılığı altında koalisiyalı hökumət təşkil edildi.
80-ci illərdə ölkədə demokratik hərəkat və sülh uğrunda mübarizə gücləndi. Niderland öz xarici siyasətində mühüm diqqəti NATO və AİB çərçivəsində əməkdaşlığa verirdi. 1981-ci il noyabrın 16-da hökumət neytron silahının əleyhinə olduğunu bildirdi. 1982-ci ilin fevralında parlament kimyəvi silahların öz ölkəsində yerləşdirilməsinə və Hollandiya silahlı qüvvələrində ondan istifadəyə qarşı çıxdı. 1983-cü ildə parlament NATO-nun nüvə proqramında Niderlandın iştirakını əhəmiyyətli dərəcədə azaltmaq haqqında qətnaməni bəyəndi.
80-ci illərdə də Niderland SSRİ və digər sosialist ölkələri ilə iqtisadi, elmi-texniki və mədəni sahədə əməkdaşlığı davam etdirdi.
90-cı illərin əvvəllərində 1989-cu ildə təşkil edilmiş «yaşıllar-sollar» birliyinin ölkədə nüfuzu gücləndi. Ölkədə 1994 və 1998-ci illərdə keçirilmiş parlament seçkilərində Əmək partiyası qələbə çaldı. Əmək partiyasının lideri V.Kok hər iki hökumətə başçılıq etdi.
Niderland hazırda yüksək inkişaf etmiş sənayeyə və yüksək məhsuldar kənd təsərrüfatına malik bir ölkədir. O həm də əmək məhsuldarlığının və əmək haqqının yüksək səviyyəsi ilə də öndə gedən qabaqcıl dünya dövlətlərindən biridir. Ölkə özünün gülləri ilə də büdcəsinə xeyli gəlir gətirir.
İSVEÇRƏ KONFEDERASİYASI
İkinci dünya müharibəsindən sonra ölkənin iqtisadi və siyasi vəziyyəti
İsveçrə ənənəvi bitərəfliyini saxlayaraq İkinci dünya müharibəsində iştirak etmədi. Lakin o müharibə dövründə faşist bloku dövlətləri, xüsusilə Almaniya ilə əməkdaşlıq edirdi ki, bu da antifaşist koalisiyası üzvlərinin böyük narazılığına səbəb olurdu.
Müharibədən sonra İsveçrənin iqtisadi vəziyyəti əlverişli idi. Sənaye məhsulu istehsalının həcmi yüksək sürətlə artdı, iqtisadiyyata kapital qoyuluşu çoxaldı, kredit-bank əməliyyatları və ixrac genişləndi. Maşınqayırma, elektrotexnika, kimya, yeyinti sənayesində iri inhisarlar ağalıq edirdi. Maşınqayırmada «Zultser», «Georq Fişer», elektrotexnikada «Braun, Boveri», yeyinti sənayesində «Nestle», kimya sənayesində «Siba», «Qeyqi», «Sandos» tanınmış inhisarlar idi. Ölkənin bütün maliyyə-iqtisadi həyatı «Kredi Syuns» kimi üç iri bankın əlində cəmləşmişdi. İsveçrə kapitalı xarici dövlətlərə, xüsusilə Latın Amerikası ölkələrinə fəal müdaxilə edirdi. 50-ci illərin sonunda İsveçrənin 19 trestinin dünyanın 80 ölkəsində 921 filialı fəaliyyət göstərirdi.
Ölkənin siyasi həyatında dörd partiyanın - radikal-demokrat, mühafizəkar-katolik, kəndli-sənətkar-byurqer və sosial-demokrat partiyasının koalisiyası hökmranlıq edirdi.
İsveçrə xarici siyasət sahəsində bitərəfliyini davam etdirirdi. Bu səbəbdən də o, BMT-yə daxil olmadı. Lakin o YUNESKO və BMT-nin digər orqanlarına daxil oldu. 1946-cı ilin martın 18-də SSRİ ilə İsveçrə arasında diplomatik münasibətlər bərpa edildi.
Müharibədən sonrakı ilk illərdə fəhlə və demokratik hərəkatların yüksəlməsi müşahidə edilirdi. 1944-cü ilin oktyabrında Sürixdə İsveçrə əmək partiyası (İƏP) təşkil edildi.
İsveçrə XX əsrin 50-60-cı illərində
50-ci illərdə İsveçrədə iqtisadiyyat sürətlə inkişaf etdi. Sənayenin aparıcı sahələri maşınqayırma, avadanlıq, kimya və elektrotexnika idi. Ölkə dünya saat istehsalına görə birinci yeri tutdu. Ölkədə hər il orta hesabla 65 milyon ədəd saat buraxılırdı. Sənaye topdansatış milli məhsulun 47%-ni verirdi. İşləyən əhalinin 1 milyonu və ya 50%-i sənaye fəhlələri idi. İsveçrənin ixracında 95% yeri sənaye malları tuturdu. Əhalinin 10%-i kənd təsərrüfatında, 40%-i isə xidmət sahəsində çalışırdı. İsveçrə sənaye ölkəsi olduğunu təsdiqlədi, sənaye istehsalının həcminə görə kapitalizm dünyasında 11-12-ci yeri tutdu. Ölkədə turizm «sənaye»si də geniş inkişaf etdi. Dünyanın maliyyə mərkəzlərindən biri kimi İsveçrənin vəziyyəti möhkəmləndi. Ona müxtəlif ölkələrin kapitalı axmağa başladı. 50-ci illərin ortalarında xarici ölkələrin İsveçrə bankında qoyduğu pulun miqdarı 5-6 mlrd. frank idi.
İsveçrə də öz növbəsində başqa ölkələrə kapital qoyurdu. 1950-1969-cu illərdə onun xaricə kapital qoyuluşu 10 mlrd frankdan 24.5 mlrd franka çatdı. Onların çoxu kapitalist ölkələrinin inkişafına sərf olunurdu. İqtisadi «çiçəklənmə» dövrü 1963-cü ildə hökumətin etiraf etdiyi kimi «həyəcanlı situasiya» ilə əvəz olundu. Bu məsələ ilə əlaqədar olaraq 1964-cü ildə fövqəladə dekretlər qəbul edildi. Xarici kapitalın ölkəyə axını məhdudlaşdırıldı, sahibkarlara verilən bank kreditləri azaldıldı, yeni tikililərin həcmi ixtisar edildi.
İqtisadiyyatda vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq 60-cı illərin sonunda hökumət fövqəladə vəziyyəti təxirə saldı. Kənd təsərrüfatı ləng inkişaf edirdi. Ölkədə fasiləsiz olaraq «qiymətlərin qayçısı» (kənd təsərrüfatı məhsullarına aşağı, sənaye mallarına isə yüksək qiymət qoyulması) saxlanılırdı. 1939-cu illə müqayisədə kəndli təsərrüfatlarının sayı 1955-ci ildə 14% aşağı düşdü.
İsveçrədə 50-ci illərdə iş həftəsi 47-50 saat idi. Ölkədə hələ məzuniyyət və sosial sığorta haqqında qanunvericilik yox idi. Ona görə də İsveçrədə sosial vəziyyət getdikcə gərginləşirdi. 800 minə yaxın xarici fəhlələrin vəziyyəti daha ağır idi. Ultra sağ qüvvələr şovinist əhval-ruhiyyəni qızışdıraraq xarici fəhlələri ölkədən qovmaq istəsələr də, demokratik qüvvələrin təzyiqi ilə hökumət buna mane olmağa məcbur oldu. Dörd partiyalı koalisiya 60-cı illərdə hakimiyyətdə qaldı.
60-cı illərdə İsveçrə Əmək partiyası zəhmətkeşlərin sosial-iqtisadi və siyasi hüquqlarını müdafiə edən bir neçə qanun layihəsini irəli sürdü. Ölkədə müharibə əleyhinə hərəkat gücləndi. Qadınlara seçki hüququ verilməsi ilə əlaqədar olaraq 1959-cu ilin fevralın 1-də ölkədə keçirilən ancaq kişilərin iştirak etdiyi referendumda klerikal dairələrin və sağ burjua partiyalarının əksəriyyətinin təzyiqi ilə qadınlar ancaq Cenevrə, BO və Nevşatel kantonlarında seçki hüququ aldılar.
Lakin tezliklə Bazel, Tiçino və Vale kantonlarında da qadınların kişilərlə bərabərhüquqlu olması haqqında qərarlar qəbul edildi. 1969-cu ilin martın 1-də 3 min qadın «Bernə yürüş» təşkil etdi. Bundan məqsəd iqtisadi və siyasi həyatın bütün sahələrində qadınlara da kişilərlə bərabər siyasi hüquqlar verilməsi idi. 1971-ci ilin fevralın 7-də yenidən keçirilən referendum nəticəsində bütün qadınlara seçki hüququ verildi.
Müharibə təhlükəsinin artması ilə əlaqədar olaraq ölkədə sülh tərəfdarları bir sıra kütləvi kampaniyalar təşkil etdilər. 1952-ci ildə keçirilən referendumda isveçrəlilərin əksəriyyəti hökumətin silahlanma proqramının əleyhinə olduğunu bildirdi.
Beynəlxalq aləmdə İsveçrə xarici ticarəti genişləndirdi. Onun xarici ticarət dövriyyəsinin üçdə ikisi Qərbi Avropa ölkələri ilə idi. Bu ölkələr içərisində isə AFR, İtaliya, Fransa, İngiltərə əsas yer tuturdu. ABŞ-la da böyük həcmli ticarət əməliyyatları saxlanılırdı. Bununla belə, 50-ci illərdə ABŞ-dan gətirilən mallara gömrük haqqının 50% artırılması iki ölkə arasında «saat müharibəsi» adı ilə məşhur olan narazılığın yaranmasına səbəb oldu.
Müharibədən sonra İsveçrədə BMT-nin Avropa Ümumdünya səhiyyə təşkilatı, Beynəlxalq əmək təşkilatı, Beynəlxalq elektrorabitə ittifaqı, Ümumdünya meteorologiya təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti , BMT-nin ticarət və inkişaf təşkilatı və digərlərinin iqamətgahı yerləşirdi. Burada həmçinin Avropa azad ticarət assosiasiyasının, Tariflər haqqında baş sazişlərin, Beynəlxalq olimpiya komitəsinin, Ümumdünya poçt ittifaqının da orqanları fəaliyyət göstərirdi. Burada eyni zamanda bir çox beynəlxalq görüşlər keçirilirdi və bu hal indi də davam edir.
50-ci illərdə İsveçrənin NATO ölkələri ilə əlaqələrinin genişlənməsi onun hərbi büdcəsinin də artmasına səbəb oldu. Ölkənin hərbi büdcəsi 1959-cu ildə 977 mln. franka çatdı ki, bu da dövlət xərclərinin 40%-ni təşkil edirdi. «Soyuq müharibə» şəraitində İsveçrənin sosialist ölkələri ilə əlaqələri zəif idi. Onlarla ticarət dövriyyəsi cəmi 3% təşkil edirdi. Lakin 60-cı illərdə sosialist ölkələri ilə münasibətlər xeyli yaxşılaşdı. 1967-ci ildə Moskva-Sürix hava yolu açıldı.
Dostları ilə paylaş: |