yol təsərrüfatının subyektləri - yol fəaliyyətini həyata keçirən və yoldan istifadə edən hüquqi və fiziki şəxslərdir;
avtomobil yolları şəbəkəsi - müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemidir;
hərəkəti buraxma qabiliyyəti - yolun və ya onun hər hansı bir hissəsinin vahid vaxt ərzində müəyyən edilmiş sürəti və təhlükəsizliyi təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin maksimum sayıdır;[4] hərəkət şiddəti - vahid vaxt ərzində yoldan və ya onun hər hansı bir hissəsindən hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayıdır;
yol qurğuları - yolda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini habelə yoldan istifadə edənlərə xidmət göstərilməsini təmin edən zəruri keçidlər, qurğular, tikililər və avadanlıqlardır;
torpaq yatağı - yol geyiminin konstruktiv laylarının və yolun digər elementlərinin yol zolağında səmərəli və dayanıqlı yerləşdirilməsini təmin edən qrunt tərkibli konstruksiyadır;
yol geyimi - torpaq yatağı üzərində yerləşən və avtomobil nəqliyyatı vasitələrinin yola təsirindən meydana gələn gərginliklərin torpaq yatağına ötürülməsini təmin edən yol örtüyü də daxil olmaqla bir və ya çox laylı möhkəm və dayanıqlı monolit konstruksiyadır;
avtomobil yollarının sahibləri - dövlət avtomobil yollarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, yaxud təsərrüfat məqsədləri və ya operativ idarəçilik üçün avtomobil yollarına təhkim olunmuş hüquqi şəxslər, bələdiyyə və özəl avtomobil yollarına münasibətdə müvafiq olaraq bələdiyyələr və mülkiyyətində və (və ya) istifadəsində avtomobil yolları olan hüquqi və fiziki şəxslərdir;
ağırçəkili nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
iriqabaritli nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;