Avtomobil yolları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması, qorunması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün avtomobil yollarına şamil edilir.[1]
Fəsil I ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
avtomobil yolu - dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndisi qurğular sistemidir;
avtomagistral - müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş avtomobil yoludur;[2] yol fəaliyyəti - yolların yaradılması, inkişafı, saxlanılması və idarə edilməsi məqsədi ilə həyata keçirilən fəaliyyət növlərinin məcmusudur;
avtomobil yollarının yaradılması - müvafiq proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması, elmi tədqiqat, layihə axtarış, tikinti-quraşdırma və yenidənqurma işlərinin aparılmasıdır;