Axc qurucularının bioqrafiyası Ağabəyzadə Sadıxbəy İsmayıl oğlu

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 246.1 Kb.
səhifə1/5
tarix29.05.2018
ölçüsü246.1 Kb.
  1   2   3   4   5

AXC qurucularının bioqrafiyası
Ağabəyzadə Sadıxbəy İsmayıl oğlu 1865-ci ildə Göyçayda doğulmuşdur. Çar ordusunun general-mayoru, şərqşünas-alim olmuşdur. Orta təhsilini Bakı realni məktəbində almışdır. Ərəb, fars, polyak, fransız, rus və türk dillərini bilirdi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini təyin olunmuşdur. 

920-ci ildə Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən sonra Türkiyəyə gedərək bir müddət İstanbulda yaşamışdır. 1921-ci ildə Fransaya köçərək burada şərq dillərindən dərs demişdir. 1927-ci ildə S. İ. Ağabəyzadə Polşaya – Lvov universitetinə şərq dilləri fakültəsinə professor kimi dəvət olunmuşdur. O, burada 17 il işləyərək 1944-cü ildə 79 yaşında vəfat etmişdir.
Ağayev Həsən bəy Məşədi Hüseyn oğlu 1875-ci ildə  Gəncə şəhərində anada olmuşdur. Görkəmli ictimai – siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuşdur. Orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdır. Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Həsən bəy Parlament sədrinin birinci müavini seçilmişdir. Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirmişdir. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilmiş və 1920-ci il fevralın 2-nə qədər ona rəhbərlik etmişdir. 
Aprel işğalından (1920)sonra Tiflisə mühacirət edən Həsən bəy Ağayev həmin il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir. O, Tiflisin müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Ağamalıoğlu Səməd ağa Həsən oğlu 27 dekabr 1867-ci ildə Qazax rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Dövlət xadimi, maarifçi-publisist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində sosialistlər fraksiyasının lideri olmuşdur. 1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmiş, yerölçən ixtisasına yiyələnmişdir. 1917-ci ilin aprelindən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Birləşmiş Gəncə Komitəsi İcraiyyə Komitəsinin və Gəncə Fəhlə və Əsgər Deputatları Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli menşevik "Hümmət" təşkilatının üzvü, təşkilatın orqanları - "Gələcək" və "Probujdeniye" qəzetlərinin redaktoru, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü kimi fəaliyyət göstərmişdir.O, Azərbaycanın Qırmızı ordu tərəfindən işğalına köməklik göstərmiş, 1920-ci il Gəncə üsyanının yatırılmasının təşkilində fəal iştirak etmişdir. 1920-22-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında xalq torpaq komissarı Mərkəzi İcraiyyə Komitəsinin sədri, ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1922-29) olmuşdur. Ağamalıoğlu Azərbaycanda və SSRİ-nin digər türk-müsəlman respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmiş, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olmuşdur. Türk xalqlarının mədəni həyatı, türk əlifbasına keçidlə bağlı publisist kimi də fəaliyyət göstərmişdir. Ağamalıoğlu 6 oktyabr 1930-cu ildə Moskvada vəfat etmiş və orada dəfn olunmuşdur, cənazəsinin qalıqları Bakıya – Fəxri Xiyabana köçürülmüşdür.

Ağayev Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ildə Şuşada anadan olmuşdur. O, Türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoqlardan biri olmuşdur. Qarabağ xanı Pənahəli хаnın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almış, Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olub, lakin təhsilini yarımçıq qoyaraq 1888-ci ildə Parisə getmiş və orada hüquq məktəbini, sonra isə Sarbonna Universitetini bitirmişdir. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana dönərək, ADR parlamentinə üzv seçilən Əhməd bəy Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində 1919-cu ildə İstanbula getmişdir. 1920-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin edilmişdir. Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilən Ağayev Ankara Universitetinin professoru və "Hakimiyyəti-milliyyə" qəzetinin redaktoru işləmişdir.O, 1939-cu ildə İstanbulda vəfat etmişdir.

Axundov Cəfər (? - ?) – Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, 26 may 1918-ci il Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir Axundov Cəfər Azərbaycanın İstiqlal bəyannaməsinin qəbulunda iştirak etmiş, səsvermədə bitərəf qalmışdır. Tiflisdə menşevik "Hümmət" təşkilatının rəhbərlərindən biri olmuşdur.

Axundov Bəhram bəy Cəfər oğlu 1872-ci ildə Şuşada anadan olmuşdur. O, 1893-1895-ci illərdə Fransada təbiətşünaslıq və tibb təhsili almış, Bakıda "İttihad" məktəbində həkim işləmiş, "Nicat" və "Səfa" cəmiyyətlərinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən ADR parlamentinin tərkibinə daxil edilmişdir. 1919-cu ildə Azərbaycan hökuməti ona xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etməyi tapşırmış,. Aprel işğalından sonra müxtəlif səhiyyə müəssisələrində həkim işləmiş və "Əmək qəhrəmanı" adına layiq görülmüşdür. Bəhram bəy Axundov 1932-ci ildə Bakıda vəfat etmişdir.

Axundzadə Hacı Səlim Mirzə İsmayıl Qasir oğlu 1872-ci ildə Lənkəranda anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. İlk təhsilini atası, şair Mirzə İsmayıl Qasirin (1805-1900) Lənkəranda açdığı üsuli-cədid məktəbində almış, sonra gimnaziyada oxumuşdur. 918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal Bəyannaməsi qəbul edilərkən Azərbaycan Milli Şurasının üzvü Hacı Səlim Axundzadə müstəqilliyin lehinə səs vermişdir. Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, "Müsavat" partiyasının ikinci qurultayının (1919, 2-11 dekabr) iştirakçısı olmuşdur. Axundzadə İrandakı müsavatçıların fəaliyyətinə rəhbərlik edənlərdən olmuşdur. 1930-cu ildə İranın Ənzəli şəhərində vəfat etmişdir.
Axundzadə Məmmədsadıq Səmih oğlu (Məmməd Sadıq Aran) 1895-ci ildə Zəngəzur qəzasının Qarakilsə nahiyəsinin (indiki Sisyan rayonu) Urud kəndində ruhani ailəsində anadan olmuşdur. Onun babası Tiflisdə Qafqazın Şeyxülislamı vəzifəsini daşımışdır. Atası Səmih bəy dövrünün tanınmış ziyalılarından olmuşdur. Mirzə Məmmədsadıq 1917-ci ildə Gorusda məktəb açaraq uşaqların təhsili ilə məşğul olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra keçirilən parlament seçkilərində Zəngəzurdan millət vəkili seçilmiş, Müsavat partiyasının qaçqınlar üzrə komissiyasının üzvü olmuşdur. 
Mirzə Məmmədsadıq Axundzadə 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bir müMəmməd Sadıq Aran iki il Finlandiyada çalışmış və «Turan» adlı bir qəzet nəşr etmişdir. 1936-1941-ci illərdə İranda Türkiyənin “Ulus” və “Cümhuriyyət” qəzetlərinin müxbiri işləmişdir.ddət Müsavat partiyasının Qarabağda gizli fəaliyyət göstərən təşkilatına rəhbərlik etmişdir. Məmməd Sadıq Aran uzun müddət Ankarada Türk Kültürünü Araşdırma İnstitutunda fəaliyyət göstərmişdir. O, 1971-ci ildə İstanbulda vəfat etmişdir.
Aşurov Ağa Hacı Aslan oğlu 1880-ci ildə Bakıda anadan olmuşdur. İctimai-siyasi və dövlət xadimi olmuşdur. Bakı gimnaziyasını bitirmişdir. Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf Aşurov ticarət və sənaye naziri işləmiş, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik etmişdir. 1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunmuşdur. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, "Müsavat" və bitərəflər fraksiyasında təmsil olunmuşdur. 1936-cı ildə vəfat etmiş, Rostovun tatar qəbiristanlığında dəfn olunmuşdur.
Atamalıbəyov Abbas Seyfulla bəy oğlu 26 fevral 1895-ci ildə Tiflisdə anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi olmuşdur. İlk təhsilini Şamaxıda, Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuşdur və bu dövrdə sağ eserlərə qoşulmuş, müsəlman həmyerlilər komitəsinin sədri seçilmişdir. Rusiyada inqilabi hərəkatda yaxından iştirak etmiş, hərc-mərclik yarandığından Qafqaza dönmüş, eserlər partiyasında siyasi fəaliyyətini davam etdirmişdir. Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cümhuriyyət Parlamentində ―”Sosialistlər bloku” fraksiyasının üzvü idi. 944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olmuş, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak etmişdir. Sonralar bir müddət Çilidə, MƏR-də, 1967-ci ildən isə ABŞ-da yaşamışdır. Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, vətəninə qovuşacağına inamını itirməmişdir. Uzun sürən ağır xəstəlikdən sonra 1971-ci ildə Klivlenddə vəfat etmişdir.
Cavanşir Behbud Xan Azad oğlu 1877-ci ildə keçmiş Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və ictimai xadimi olmuşdur. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsidir. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olmuş və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxumuşdur. Orta təhsilini Tiflis realnı məktəbində almış, sonra dünyada ilk ali-texniki məktəb olan Almaniyadakı Frayberq Dağ-Mədən Akademiyasını bitirmişdir. 

1916-cı ildə Azərbaycana qayıdan Behbud xan Cavanşir Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışmışdı. Behbud xan Cavanşir 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi ikinci hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuşdur.
1918-ci il oktyabrın 6-dan həmin ilin sonuna qədər Behbud xan Cavanşir eyni zamanda ticarət və sənaye nazirliyini də idarə etmişdir. 1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Nəriman Nərimanovun tövsiyəsi ilə Behbud xan Cavanşir neft sənayesi sahəsində işləmişdir. 
Cəfərov (Cəfərzadə) Məmməd Yusif Hacıbaba oğlu 1885-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri; Cümhuriyyət Parlamentinin sədr müavini olmuşdur. Bakı kişi gimnaziyasını (1907) və Moskva Dövlət Universitetinin hüquq fakültəsini (1912) fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil illərində Moskvada oxuyan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan etnoqrafik konsert gecələri"nin və "Azərbaycan həmyerlilər təşkilatı"nın üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. 

1918-ci il mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclasında Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə yaradılan Müvəqqəti Milli Şuranın İcraiyyə Komitəsinin tərkibində M.Cəfərov da seçilmişdir. 
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilmişdir. M.Cəfərov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. 1920-ci il fevralın 2-də Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Azərbaycan Parlamenti sədrinin birinci müavini seçilmiş və Cümhuriyyətin süqutunadək bu vəzifədə çalışmışdır. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. 1938-ci ildə Bakıda vəfat etmişdir.
Yusif Mirbaba oğlu Vəzirov 1877-ci ildə Şuşanın Çəmənzəminli kəndində doğulmuşdur. 1915-ci ildə Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdir. On bir dil bilmişdir. Y. V. Çəmənzəminli 1906-cı ildən çap olunmağa başlamışdır. Y. V. Çəmənzəminli universiteti bitirdikdən sonra Simferopol, Odessa, Saratov, İstanbul və Parisdə yaşamışdır. 1919-cu ilin yanvar ayında Krımda olan Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada səfiri təyin edilir.   Lakin bolşeviklər Kiyevi ələ keçirdiyindən, oraya gedə bilməmiş və 1919-cu ilin yayında İstanbuldan keçərək Bakıya qayıtmışdır. 936-1937-ci illərdə Qarabağ xanının vəziri böyük şair Vaqifin həyatından bəhs edən "Qan içində" və 1961-ci ildə çap olunmuş "İki od arasında" əsərlərini yazmışdır.  Yusif Mirbaba oğlu (Yusif Vəzir Çəmənzəminli) Stalin repressiyasının qurbanı olmuş, 1940-cı ildə həbs olunaraq Qorki

vilayətinin Suxobezvodnoye həbs düşərgəsinə göndərilmişdir. 1943-cü ildə orada vəfat etmişdir.
Əbilov İbrahim Məhərrəm oğlu 1882-ci ildə Ordubad şəhərində anadan olmuşdur. Xalq Cümhuriyyəti Parlamentinin deputatı, sosialistlər fraksiyasının üzvü, ilk Azərbaycan diplomatlarından biri, Sovet Azərbaycanının Türkiyədə səfiri olmuşdur. Ordubadda M.T.Sidqinin "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymağa məcbur olmuşdur. 1903-cü ildən Port-Petrovskda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, "Hümmət"in (menşevik) üzvü olmuşdur. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından idi. 918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə deputat seçilmiş və onun sosialistlər fraksiyasının üzvü olmuşdur. 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru idi. 

1921-ci ildən N.Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in, sonra isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş, Sovet-Türkiyə, o cümlədən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynamışdır. Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürk ilə Əbilov arasında sıx dostluq münasibətləri var idi. Əbilov Azərbaycan Hökuməti adından dostluq və qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyyə etmişdir. 23 fevral 1923-cü ildə Türkiyənin İzmir şəhərində vəfat etmişdir, Bakıda dəfn olunmuşdur.
Əfəndizadə (Əfəndiyev) Abdulla İsmayıl oğlu 1873-cü ildə Şəkidə ruhani məmur ailəsində anadan olmuşdur. Maarif xadimi, tərcüməçi olan Əfəndizadə 1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almışdır. 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda oxumuşdur. 1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamış, 1898-1920-ci illərdə müxtəlif məktəblərdə müəllim və müdir işləmişdir. Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında fəal iştirak etmişdir. 

Əfəndizadə Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Nuxa şəhərindən ADR parlamentinin deputatı seçilib. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olub. 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan edib. 1919-cu ildə ADR hökumətinin nəşr etdirdiyi "Son türk əlifbası" adlı əlifba dərsliyinin müəllifı olub. Əfəndizadə İ.A.Krılovun, M.Y.Lermontovun seirlərinin ana dilimizə tərcümə işi ilə məşğul olmuşdur. O, Bakıda vəfat etmişdir.
Əfəndizadə Həmdulla Əfəndi İsmayıl oğlu 1888-ci ildə Quba qəzası, Dəvəçi nahiyəsinin Qələgah kəndində anadan olmuşdur. İctimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. 1906-cı ildə ikisinifli rus məktəbini bitirmişdir. Ərəb, fars və rus dillərini öyrənmişdir. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi dostu Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur.

920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Əfəndizadə öz tərəfdarları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərmiş, lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdu. 1928-ci ildə repressiyaya məruz qalaraq, Sibirə sürgün olunmuş, orada vəfat etmişdir.
Əfəndizadə Muxtar (Muxtar Əfəndi) İsmayıl oğlu 1 yanvar 1880-ci ildə indiki Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur. Maarif xadimi, müəllim, şərqşünas-tərcüməçi, Azərbaycanda milli-istiqlal hərəkatının fəal iştirakçılarından olmuş Muxtar əfəndi ilk təhsilini atasından almışdır. Sonra isə 9 il atasının dostu Hacı Məhəmməd əfəndinin mədrəsəsində, daha 9 il Ağdaş, Nuxa, Quba, Bakı, Şamaxı alimlərinin yanında təhsilini davam etdirmişdir. Muxtar əfəndi Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa əsasən Ərəş qəzasından ADR parlamentinin tərkibinə daxil edilmişdir. 1944-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində ərəb dilindən dərs demişdir. Onun "Miftah ül-lisan ül-ərəb" ("Ərəb dilinin açarı") adlı kitabı (1947) SSRİ-də ali məktəb tələbələri üçün ilk ərəb dili dərsliklərindən biri olmuşdur. 17 oktyabr 1975-ci ildə Bakıda vəfat edən Muxtar Əfəndi Ağdaş rayonu Şəmsabad kənd qəbiristanlığında dəfn olunmuşdur.
Əminov Ağakərim Məşədi Kərim oğlu 1888-ci ildə Bakıda anadan olmuşdur. Siyasi və dövlət xadimi olmuşdur. 1907-ci ildə Bakı kişi gimnaziyasını, 1911-ci ildə Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunu bitirmişdir. Peterburqda azərbaycanlı tələbələrdən ibarət həmyerlilər cəmiyyətinin üzvü olmuşdur. Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işləmişdir.

1912-ci ildə "Müsavat" partiyasına daxil olmuşdur.  Əminov Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən, "Müsavat" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Hökumət kabinəsində ticarət və sənaye naziri olmuşdur.

Əminov 1918-1919-cu illərdə "Müsəlman gecələri" tədbirinin əsas təşkilatçılarından olmuş, Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının (1919, may) yaradılmasında da fəal rol oynamışdır. 1920-ci il Aprel işğalından sonra "Azərneft" sistemində işləmişdir.1921-ci ildə Bakıda vəfat etmişdir.
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu 1870-ci ildə Şəkidə anadan olmuşdur.İctimai-siyasi xadim, maarifçi olmuşdur. 1876-1883-cü illərdə Şəki şəhər məktəbində oxumuş, Tiflisdə Aleksandr Müəllimlər İnstitutunu bitirmiş (1888), Şəki şəhər məktəbinə müəllim təyin edilmişdir.

Əmircanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. 1918-ci il 19 noyabr Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr).  1920-ci il Aprel işğalından sonra İstanbula mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. 1948-ci ildə İstanbulda vəfat etmişdir.
Əsədullayev Mirzə Şəmsi oğlu 1875-ci ildə Bakıda anadan olmuşdur- Sahibkar, ictimai xadim olmuşdur. Azərbaycanın neft sənayeçisi Şəmsi Əsədullayevin (1840-1913) oğludur. Gimnaziya təhsili aldıqdan sonra atasının neft şirkətində əmək fəaliyyətinə başlamışdır. 1915-ci il martın 11-də "Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır (cəmi 1 sayı çıxmışdır). Əsədullayev Fevral inqilabından (1917) sonra 1917-ci ilin martında Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. 1918-ci ildən Bakı neft sənayeçiləri qurultayı şurasının sədri olmuşdur. Əsədullayev Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, neft sənayeçiləri qurultayı şurasından Cümhuriyyət Parlamentinə seçilmişdir. "Müsavat" və bitərəflər fraksiyasına daxil idi. 1936-cı ildə vəfat etmişdir. Qəbri şəhərin müsəlman qəbiristanlığındadır.

Gindes Yevsey Yakovleviç 1872-ci ildə Kiyevdə anadan olmuşdur. Görkəmli həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri olmuşdur. 1897-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897-1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902-1905) işləmişdir. 1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qaraşəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905-1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xGindesə Azərbaycanın əməkdar həkimi adı verilmişdir. 1952-ci ildə Bakıda vəfat etmişdir.

Hacıbababəyov Mehdi bəy 1871-ci ildə anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olmuşdur. Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilmişdir. Hacıbababəyov Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. "Müsavat" fraksiyasının üzvü olmuşdur. 1925-ci ildə vəfat etmişdir.

Ceyhun Əbdül Hüseyn oğlu Hacıbəyli 1891-ci ildə Şuşada doğulmuşdur. Publisist, ədəbiyyatşünas, ictimai xadimdir. Üzeyir Hacıbəyovun kiçik qardaşıdır. İlk təhsilini Şuşada, orta təhsilini Bakıda almışdır. Peterburq və Sarbonna universitetlərində təhsil almışdır. Parisdə yaşayaraq "Revyu de Monde musulman" jurnalında Azərbaycan türklərinin mədəniyyəti ilə bağlı mütəmadi olaraq məqalələrlə çıxış edtmişdir. 1918-ci ildə ADR bərqərar olduqda C. Ə. Hacıbəyli Bakıya qayıdaraq rusdilli "Azərbaycan" qəzetinin redaktoru olmuşdur. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak etmişdir. C. Hacıbəyli fransız şərqşünasları A. Beniqsen və T. Kelkejeninlə 1964-cü ildə nəşr olunmuş "Rusiyada 1920-ci ilədək müsəlman nəşriyyat işinin tarixi” adlı monoqrafiyanın hazırlanmasında iştirak edmişdir 
Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş, Sen-Klu qəbiristanlığında dəfn olunmuşudur. Bakı küçələrindən biri onun adını daşıyır.


Dostları ilə paylaş:
  1   2   3   4   5
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə