Mahmudov Mustafa Hacımusa oğlu 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Qori Müəllimlər Seminariyasını bitirmiş, Bakıda 1-ci "rus-müsəlman" məktəbində müəllim (1899-1907) və müdir (1910-1920), daşınmaz şəhər mülkiyyətini qiymətləndirən komissiyada məmur (1908-1910) işləmişdir. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdir.1917-ci ildə Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra isə Azərbaycan Milli Şurasının üzvü, Milli Şuranın "Azərbaycan Məclisi-Məhbusanının təsisi haqqında qanun"una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı seçilmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir."Müsavat" fraksiyasının, parlamentin aqrar komissiyasının üzvü olmuşdur. Aprel işğalından (1920) sonra təqiblərə məruz qalmış, millətçilikdə, "əks-inqilabi fəaliyyətdə" ittiham edilmişdir. Bakıdakı 132 saylı məktəbdə dərs demişdir. 1924 və 1929-cu illərdə işdən çıxarılması barədə məsələ qaldırılmış, 1937-ci ilin noyabrında həbs olunaraq güllələnmişdir. Mahmudbəyov Ələsgər bəy 1875-ci ildə Şamaxıda anadan olmuşdur Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Bakı realnı məktəbini, Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri olmuşdur. 1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, 1968-ci ildə orada vəfat etmişdir. Makinski Teymur bəy 1874-cü ildə İrəvanda anadan olmuşdur. XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, ictimai-siyasi xadim olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, 1916-cı ildə isə Varşava Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdir. Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir.
Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən noyabrın 6-dək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuş (əslində, bu vəzifəni dekabrın sonuna qədər icra etmişdir), 1918-ci il dekabrın 26-dan 1919-cu il aprelin 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilmişdir. Təəssüf ki, Teymur bəy Makinskinin sonrakı taleyi haqqında səhih məlumat yoxdur. Mehmandarov Səməd bəy Sadıq 1856-cı ildə Lənkəranda anadan olmuşdur. Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli hərbi xadim, artilleriya generalı (general-leytenantdan sonra gələn rütbə) olmuşdur. Əslən Şuşadan olan atası dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. İlk təhsilini Bakıdakı Edadiyə məktəbində almış, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilmişdir. Sonralar 2-ci və 38-ci topçu briqadalarında xidmət keçən Mehmandarov 1894-cü ildə Varşava hərbi dairəsinə göndərilmiş, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna dəyişilmişdir. Həmin divizionun Çində 1900-1901-ci illərdə baş vermiş antiimperialist üsyanının qarşısının alınmasında iştirak etsə də, çar generalların təkidli tələbinə baxmayaraq, silahsız xalq kütlələrinə qarşı atəş açmağı zabit şərəfindən kənar sayaraq, boyun qaçırmışdır. 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, 7-ci Şərqi Sibir artilleriya divizionunun komandiri, eyni zamanda, Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi olmuşdur. Müharibədə göstərdiyi şücaətlərinə görə dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmiş və general-mayor rütbəsinə layiq görülmüşdür. Əməliyyatların keçirilməsi zamanı nümayiş etdirdiyi yüksək komandirlik məharəti, təşkilatçılıq vərdişləri çar Rusiyası komandanlığı tərəfindən lazımınca dəyərləndirilmiş və o, hərbi akademiya təhsilinin olmamasına baxmayaraq, 1915-ci il martın 22-də tam general rütbəsinə layiq görülmüşdür. Fevral inqilabından (1917) sonra rus ordusunun bolşevikləşməsi və ordu daxilində anarxiyanın artması ilə əlaqədar Mehmandarov istefa verərək, 1918-ci ilin payızında vətənə qayıtmışdır.
1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdır. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmış və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edilmişdir. Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri olmuşdur. Aprel işğalı (1920) ilə əlaqədar Mehmandarov vəzifəsindən istefa vermişdir. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə. Şıxlinski ilə birlikdə həbs etmişdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olmuş və Ə. Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalmışdır. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmiş, 1929-cu ildə isə təqaüdə çıxmışdır. 1931-ci il fevral 12-də vəfat etmiş, Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdir. Məhərrəmov Məhəmməd 1886-cı ildə İrəvan quberniyasının Qəmərli kəndində anadan olmuşdur. Azərbaycanda milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olmuşdur. İrəvan gimnaziyasının bitirdikdən (1914) sonra Moskva Universitetinin tibb fakültəsində oxumuşdur. Fevral inqilabından (1917) sonra təhsilini yarımçıq qoyub Tiflisə qayıtmış, burada "Hümmət" sosial-demokrat təşkilatına daxil olmuşdur. Məhərrəmov Müsəlman sosialist blokundan Zaqafqaziya seyminə seçilmiş, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. İstiqlal bəyannaməsinin qəbul olunmasında iştirak etmiş, müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.
Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdir. Azərbaycan Hökumətinin Parlamentin ağsaqqallar şurası ilə birgə iclasında (1918, 28 dekabr) Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin müşaviri (Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli ilə birlikdə) təyin olunmuşdur. Aprel işğalından (1920) sonra Məhərrəmov Vətənə qayıda bilməyərək, Fransada qalmış, Sorbonnada iqtisadiyyat sahəsində ali təhsil almışdır. 1927-ci ildən Bankda çalışmış, sonralar XVIII-XIX əsrlər fransız ədəbiyyatı bukinist mağazası açmışdır. İkinci dünya müharibəsindən sonra vətənə qayıtmaq ümidini itirən Məhərrəmov 1948-ci ildə Fransa təbəəliyini qəbul etmişdir. O, 1972 və 1975-ci illərdə Bakıda olmuş, şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır. 1982-ci ildə Parisdə vəfat etmişdir. Məlik-Aslanov Xudadat bəy Ağa oğlu 1879-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri, Parlament üzvü, alim, ixtiraçı-mühəndis; Dəmiryol nəqliyyatı mühəndisi, texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olmuşdur. Şuşa realnı məktəbini (1898) bitirmiş, 1904-cü ildə Sankt-Peterburq Yol Mühəndisliyi İnstitutunda ali təhsilini birinci dərəcəli diplomla başa vurmuşdur. 1901-1904-cü illərdə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuş və partiyanın Peterburq komitəsində çalışmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinələrində yollar və poçt-teleqraf naziri, 3, 4 və 5-ci kabinələrdə yollar naziri olmuşdur. 5-ci hökumət kabinəsində 1920-ci il fevralın 18-dək, həm də, müvəqqəti olaraq, ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini yerinə yetirmişdir. 1918-ci il iyulun 14-də Osmanlı hərbi dəmiryolları və limanları baş idarəsi ilə, 1919-cu il martın 8-də Gürcüstan Respublikası ilə dəmir yollarından istifadəyə dair müqavilə və saziş, 1920-ci il fevralın 5-də isə Gürcüstan dövləti ilə tranzit müqaviləsini imzalamışdır. Azərbaycan Parlamentinin üzvü olan Məlik-Aslanov 1919-cu ilin iyununda yaradılmış Dövlət Müdafiə Komitələri sədrinin birinci müavini təyin edilmişdir. 1919-cu ildə Bakıda ana dilində dərs keçirilən ilk dəmiryol məktəbi Məlik Aslanovun təşəbbüsü ilə açılmışdır. Onun gərgin əməyi sayəsində Azərbaycan dəmir yolunda böyük təmir işləri yaradılmış və nəqliyyatın nizamla işləməsi təmin olunmuşdur. Məlik-Aslanov 1919-cu ilin aprelində latın əlifbasına keçirilməsi üçün yaradılan xüsusi komissiyanın sədri təyin edilmişdir. O, Aprel işğalından (1920) sonra da rəhbər vəzifələrdə çalışmışdır. 1921-ci ilin əvvəllərində Azərbaycan Dövlət Tikinti Komitəsində şöbə müdiri, sonra isə komitə sədri işləmişdir.Məlik-Aslanov 1926-1930-cu illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) üzvü seçilmişdir. Zaqafqaziya MİK üzvlüyünə namizəd idi. Moskva jurnallarında məqalələri çap olunmuşdur. 1927-ci ildə Politexnik institutunun nəşriyyatı, 1929-cu ildə isə Azərbaycan Dövlət Nəşriyyatı Məlik-Aslanov dəmir yolu texnikasına aid iki kitabını nəşr etmişdir.
Məlik-Aslanov 1930-cu ilin əvvəlində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Siyasi İdarəsi tərəfindən "Azərbaycan Milli Mərkəzinin işi" üzrə ittiham olunub həbs edilmiş, 1933-cü ilin ortalarında azad olunmuşdur. 1934-cü ilin avqustunda əsassız ittihamla yenidən həbs edilmiş və 1935-ci ildə həbs düşərgəsində həlak olmuşdur. 1959-cu ildə ona bəraət verilmişdir. Məlik-Yeqanov Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Qarabağın Tuğ kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlament üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı olmuşdur. Qarabağ bəyləri nəslindəndir. İbtidai təhsilini məşhur maarifçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəb bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul edilərkən müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur.Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T.Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanınması haqqında barışıq şərtlərini imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır.
1919-cu ilin oktyabrında "Müsavat" partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq Şimala sürgün olunmuşdur. Məlik-Yeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu il fevralın 7-də Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir. Məmmədbəyli Heybətqulu Həbibulla oğlu 1888-ci ildə Bakı yaxınlığındakı Şağan kəndində anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Bakı realnı məktəbini bitirdikdən sonra texniki sənaye məktəbində oxumuşdur. Bakı müsəlman xeyriyyə cəmiyyəti, "Nəşri-maarif' və "Nicat" cəmiyyətləri tərəfindən Bakıda göstərilən tamaşa və müsamirələrin təşkilində yaxından iştirak etmişdir. Məmmədbəyli Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamış, "Rusiyada müsəlmanlıq" partiyasının (1917-ci il noyabrın axırlarından "İttihad" partiyası) təsis olunmasında yaxından iştirak etmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmiş, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş müsəlman fraksiyasının tərkibinə "İttihad" partiyasının nümayəndəsi kimi daxil olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Məmmədbəyli Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclasında Parlamentin üzvü seçilmişdir. Parlamentdə "İttihad" fraksiyasının rəhbərlərindən biri olmuşdur. Məmmədbəyli həmin dövrdə Bakıda bir sıra mədəni-maarif tədbirlərinin təşkilatçılarından olmuşdur. O, Nəsib bəy Yusifbəylinin 2-ci hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsində çalışmışdır. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə fəaliyyət göstərmiş, təqiblərə məruz qalmış, həbs edilmiş, işdən çıxarılmışdır. 1937-ci ildə vəfat etmişdir.
Mehdiyev (Mirmehdiyev) Mir Yaqub 1891-ci ildə Bakının Xırdalan kəndində anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biridir. 1909-cu ildə Aleksandropol (Gümrü) kommersiya məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində davam etdirmişdir. 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək, Kiyevdə Rusiya müsəlman tələbələrinin gizli yığıncağında iştirak etmişdir. Həbs olunduğundan vaxtında Peterburqa qayıda bilməyən Mehdiyev institutdan xaric edilsə də, az sonra bərpa olunmuşdur. 1915-ci ildə institutu bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Almaniyanın Bonn Şəhərinə getmişdir.
Mehdiyev "İttihad" partiyasının təşkilatçılarından olmuş, partiyanın birinci (1918, aprel ) və ikinci (1920, yanvar) qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. Bu partiyada fəaliyyətinə qədər Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. "İttihad" partiyasını təmsil edən Mehdiyev Zaqafqaziya seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış etmişdi. Zaqafqaziya Federasiyasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuş, Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun "una (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi.
O, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə "Prometey" təşkilatında Azərbaycanı təmsil edirdi.1928-ci ildə İstanbulda "Beynəlmiləl siyasətdə petrol" kitabı nəşr edilmişdir.1934-cü ildə Parisdə M.Y.Mehdiyevin "Beynəlxalq vəziyyət və sovetlərdə milliyyət məsələsi" əsəri rus dilində nəşr olunmuşdur. 1952-ci ildə Türkiyədə vəfat etmişdir. Məhəmmədbəyov Qazi Əhməd Azərbaycanda milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Məhəmmədbəyov Zaqafqaziya seymi Müsəlman fraksiyasının, 1918-ci il, 26 may Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın 1918-ci il, 19 noyabr "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, seçkisiz Cümhuriyyət parlamentinin tərkibinə daxil edilmişdir. Əvvəllər "Müsavat" partiyasının üzvü olmuş, sonra "İttihad" partiyasına keçmişdir. O, "İttihad" partiyasının sədr müavini olmuşdur. Məhəmmədbəyov 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Rusiya imperiyasına qarşı Samur-Axtı üsyanına başçılıq etmiş Qazi Məhəmməd bəyin nəvəsi, bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsi idi. Vəkilliklə məşğul olmuşdur. Məhəmmədbəyov 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. Parlamentdə "İttihad" fraksiyasını təmsil etmişdir. Nərimanbəyli Nəriman bəy Həşim oğlu 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün, orta təhsilini İrəvan gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində təhsil almışdır. Burada "Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti''nin rəhbərliyinə seçilmiş, inqilabi fəaliyyət göstərmişdir.
Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtmış, vəkil işləməklə yanaşı, "Müsəlman xeyriyyə cəmiyyətinin" rəhbərlərindən biri olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra "Müsavat" partiyasına daxil olmuş, Qafqaz müsəlmanlarının Bakı qurultayında, "Müsavat" partiyasının birinci qurultayında iştirak etmişdir. Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmiş, seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan (26 may 1918) sonra isə Azərbaycan Milli Şurasının (27 may 1918) üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Nərimanbəyli İstiqlal bəyənnaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, təqiblərə məruz qalaraq işdən çıxarılmış, sonralar vəkil işləmişdir.
1937-ci ildə repressiyaya məruz qalmışdır. Pepinov Əhməd bəy Ömər oğlu, Pepinov Əhməd Cövdət 1893-cü ildə Gürcüstanın Axalkələk mahalının Bolazur kəndində anadan olmuşdur İctimai-siyasi və dövlət xadimi olmuşdur. Görkəmli Azərbaycan jurnalisti və ictimai xadimi Ömər Faiq Nemanzadənin bacısı oğludur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan həmyerlilər təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanunun hazırlanmasında bilavasitə iştirak etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsində (24.12.1919 - 30.03.1920) Pepinov əmək və əkinçilik naziri olmuşdur.
Aprel işğalından (1920) sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. 20-ci illərin dövri mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur olmuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934), Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir. Repressiyaya məruz qalmışdır.
1938-ci ildə vəfat etmişdir. Protasov İ. (?-?)- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Milli Şurasının 19 noyabr, 1918-ci il "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, Slavyan-Rus Cəmiyyətindən parlamentin tərkibinə daxil edilmişdir. Parlamentdə "Slavyan-Rus cəmiyyəti" fraksiyasını təmsil etmişdir. 26 dekabr 1918-ci ildən 14 mart 1919-cu ilədək Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini tutmuşdur. Rəfibəyli Xudadat bəy Ələkbər bəy oğlu 1877-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan xalqının milli istiqlal mübarizəsinin fəal iştirakçılrından biri, görkəmli dövlət xadimi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən biri olmuşdur. Atası Ələkbər bəy Rəfibəyli xeyirxah, bütün mahalda tanınan müdrik el ağsaqqalı və ictimai xadim olmuşdur. Xudadat bəy ilk təhsilini Gəncə gimnaziyasında almış, 1904-cü ildə Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirmiş, həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləmişdir.
1907-ci ildə Gəncəyə qayıtmış, qubernatorun əmri ilə şəhər xəstəxanasına direktor təyin olunmuşdur. 1912-1913-cü tədris ilində Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas üzrə dinləyici olmuşdur.
Xudadat bəy Rəfibəyli 1914-cü ildə Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti olan "Gəncə tibb cəmiyyəti"ni yaratmışdır. O, cəmiyyətin üzvü, Xarkov Universitetinin məzunu Musa bəy Rəfiyev və başqaları ilə birlikdə yoluxucu xəstəliklərin qarşısını almağa çalışmış, imkansızlara, yoxsullara pulsuz tibbi yardım etmiş, xeyriyyəçilik fəaliyyəti göstərmişdir. Xudadat bəy 1918-ci ilin yanvarında Türkiyə cəbhəsindən qayıdan yaralı rus əsgərləri üzərində Şəmkir və Zəyəmdə cərrahiyyə əməliyyatları aparmış, neçə-neçə yaralını ölümdən qurtarmışdı.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumət kabinəsində Xudadat bəy Rəfibəyli xalq səhiyyəsi və himayədarlıq naziri təyin olunmuşdur. Cümhuriyyət hökuməti Bakıya köçdükdən sonra həmin ilin oktyabrında Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrilmiş və Xudadat bəy yenə də nazir vəzifəsinə təyin edilmişdir. 1918-ci ilin dekabrında Fətəli xan Xoyski hökuməti istefa verdikdə, Xudadat bəy xalq səhiyyəsi naziri vəzifəsini tərk etmişdir. 1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin etmişdir. O, ilk gündən Gəncə quberniyası ərazisində daşnak qulduru Andronikin başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının qarşısını almaq üçün qətiyyətlə mübarizə aparmağa başlamışdır. Aprel işğalından (1920) sonra Rəfibəyli aprelin 30-da bolşeviklərin tələbi ilə qubernator kimi səlahiyyəti öz üzərindən götürmüşdür. Hakimiyyəti yeni yaranmış inqilab komitəsinə təhvil vermişdir. Mayın 12-də Rəfibəyli həbs olunmuş və ona qarşı bir neçə ittiham irəli sürülmüşdür. Əsas ittiham ermənilərin yazdığı donoslara əsaslanırdı. Bolşeviklər onu erməni kəndlərinin yandırılması, quberniyanın erməni sakinlərinin sıxışdırılması ittihamı ilə Nargin adasında güllələmişlər. Rəfiyev (Rəfizadə) Musa bəy Hacı Məmmədhüseyn oğlu 1888-ci ildə Gəncədə anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü olmuşdur. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidi nəzdindəki mədrəsədə almış, sonra Gəncə klassik gimnaziyasında oxumuş, 1906-cı ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Təhsil illərində azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyətində fəal iştirak etmişdir. 1911-ci ildə universiteti bitirib Gəncəyə qayıtmış, şəhər xəstəxanasında həkim işləmişdir. Nümunəvi xidmətlərinə görə ona 1913-cü ildə "Titulyar müşavir", 1914-cü ildə "Kollej assesoru", 1916-cı ildə "Saray müşaviri" rütbələri verilmişdir. 1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətinin yaradılmasında iştirak etmişdir. Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniyası üzrə müvəkkili olmuşdur. 1917-ci ildə Gəncədə yaradılan "Türk Ədəmi-Mərkəziyyət" partiyasının fəal üzvlərindən olmuş, 1917-ci il oktyabrın 25-də Bakıda "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının (27 may 1918-ci ildən) üzvü olmuşdur. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə ikinci müvəqqəti hökumət təşkil edilərkən Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Musa bəy Rəfiyev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Müsavat və bitərəflər fraksiyası"ndan maliyyə-büdcə komissiyasının üzvü, həm də hərbi komissiyanın sədri olmuşdur. 1919-cu il dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Musa bəy Rəfiyev səhiyyə və himayədarlıq naziri olmuşdur. Musa bəy milli dövlətçiliyi bərpa etmək üçün Gəncə üsyanının (1920) təşkilatçılarından biri olmuş, üsyan qəddarlıqla yatırıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir. Bir neçə ildən sonra İrana getmiş, Təbrizdə klinika yaradaraq, ömrünün axırına qədər orada həkimlik etmişdir.1938-ci ildə Təbrizdə vəfat etmişdir.