Şeyxzamanli Nağı bəy Salah bəy oğlu, Keykurun 1883-cü ildə Gəncədə anadan olmuşdur. İctimai-siyasi və dövlət xadimidir. İlk təhsilini Gəncə gimnaziyasında almışdır. Şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. "Difai" partiyası Gəncə Şöbəsinin, "Gənclik" təşkilatının, "Müsavat" partiyasının fəal üzvlərindən olmuşdur. Türkiyənin hərbi yardımını təmin etmək üçün 1918-ci ilin yanvarında xüsusi göstərişlə ora göndərilmiş, Qafqaz cəbhəsinin komandanı Vehib paşa və digər dövlət rəsmilərilə danışıqlar aparmış. Şamxor hadisəsi zamanı rus əsgərlərinin tərk-silah olunmasında yaxından iştirak etmişdir. 1919-cu il avqustun 20-də böyük qardaşı Məmmədbağır Şeyxzamanlının yerinə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində Əks-inqilabla mübarizə təşkilatının rəisi təyin olunmuş, 1920-ci il martın 6-na qədər bu quruma rəhbərlik etmişdir. Cümhuriyyət dövründə ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir. Aprel işğalından (1920) sonra N.Şeyxzamanlı da vətəni tərk etmək məcburiyyətində qalmış, çox çətinliklə əvvəlcə Gəncəyə. sonra isə Tiflisə getmişdir. Fətəli xan Xoyski və Həsən bəy Ağayev Tiflisdə faciəli surətdə qətlə yetirildikdən sonra N.Şeyxzamanlı İstanbula getmiş, ömrünün sonuna qədər burada yaşamış, Keykurun soyadını qəbul etmişdir. Türkiyədə jurnalistliklə məşğul olmuş, "Azərbaycan". "Türk yolu". "Qafqaz", "Odlu Yurd" jurnallarında, bir çox qəzetlərdə Azərbaycan istiqlal mücadiləsinin səhifələrini işıqlandıran yazılar dərc etdirmişdir. "Biz və onlar" (1934). "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə" (1957), "Dərdləşmə" (1963), "Azərbaycan istiqlal mücadiləsi xatirələri" (1964) kitabları nəşr olunmuşdur. Əsərləri Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən dəyərli mənbələrdir. Nağı bəy Şeyxzamanlı Azərbaycan Siyasi mühacirətinin ən fəal nümayəndələrindən biri olmuşdur. 1967-ci ildə İstanbulda vəfat etmişdir. Əliağa İsmayıl oğlu Şıxlinski 1865-ci ildə Qazaxda doğulmuşdur. Çar ordusunun və müvəqqəti hökumətin general-leytenantı, Azərbaycan demokratik hökumətinin, sovet dövlətinin görkəmli hərbi xadimi olmuşdur. Orta təhsilini Tiflisdə almış, 1886-cı ildə Peterburq artilleriya məktəbini bitirərək podporuçik rütbəsi almışdır. Zabaykalyedə hərbi xidmət keçmiş, 1904-05-ci illərdə Port-Arturda batareya komandiri olmuşdur. Göstərdiyi qəhrəmanlıq və igidliyə görə Qızıl qılıncla mükafatlandırılaraq podpolkovnik rütbəsi verilmişdir. Müharibədən sonra 1906-cı ildə Ə. Şıxlinski ixtisasını artırmaq üçün Tsarskoselski artilleriya məktəbinə göndərilir. 1907-ci ildə artıq bu məktəbdə dərs deyir. 1910-cu ildə onun "Səhra toplarının cəbhədə işlədilməsi" adlı ilk kitabı nəşr olunur. 1912-ci ildə artilleriya general-mayoru rütbəsi alır. Birinci dünya müharibəsində Ə. Şıxlinski Peterburq qarnizonunun artilleriya rəisi, 1915-ci ildə Qərb cəbhəsinin artilleriya rəisi təyin olunur. 1917-ci ildə general-leytenant rütbəsi alaraq müvəqqəti hökumətdə Qərb cəbhəsi 10-cu ordunun komandanı təyin olunur. O ilin noyabrında istefaya çıxaraq vətənə qayıdır. Şıxlinski Rusiyanın və Fransanın bir sıra ordenlərilə təltif olunmuşdu. Azərbaycan Demokratik Respublikasının hökumətində hərbi nazirin müavini olmuş, Azərbaycanda kommunist rejimi qurulduqdan sonra, respublikanın hərbi və dənizçilik komissarlığında işləmişdir. 1926-cı ildə Şıxlinski "Rusca, azərbaycanca qısa hərbi lüğət" kitabını çap etdirmiş, elə o il də ehtiyata çıxaraq yaradıcılıq fəaliyyətilə məşğul olmuşdur. "Xatirələrim" adlı kitab yazmış, Azərbaycan yazıçılarını rus dilinə tərcümə etmişdir. Əliağa İsmayıl oğlu Şıxlinski 1943-cü ildə Bakıda vəfat etmişdir. Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci ildə Tiflisdə doğulmuşdur. Siyasi və dövlət xadimi, publisist alim. Orta təhsilini birinci Tiflis gimnaziyasında almış, 1888-ci ildə Peterburq universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra ona provaslavlığı qəbul etməklə universitetdə stajor professor yeri təklif edilmiş o isə bundan imtina etmişdir. Universitetdən sonra Ə. Topçubaşov Tiflisdə hakim köməkçisi, vəkil işləmiş, Bakıda publisistika ilə məşğul olmuşdur. 1898-ci ildə "Kaspi" qəzetini alaraq ona rəhbərlik etmişdir. Maarifçiliklə məşğul olaraq teatr həyatını işıqlandırmış və Azərbaycan ədəbiyyatını təbliğ etmişdir. Rus dilli "Bakinskiy Torqovo-promışlennıy listok" qəzetini redaktə etmişdir. XX əsrin əvvəlində Bakı şəhər dumasına seçilmiş, bir qədər sonra onun sədri olmuşdur. 1905-ci ilin avqustunda Oka çayında "Qustav Struve" gəmisində "Ümumrusiya müsəlmanlarının qurultayını çağırmışdır. Müsəlmanların qurultayı mərkəz Bakıda olmaqla Ə. Topçubaşovu sədr seçmişdir. O, Rusiya müsəlmanlarını qurultayda birləşməyə çağırmışdır. Sonra Ə. Topçubaşov daha iki qurultay keçirmişdir. 1907-ci ildə Ə. Topçubaşov Bakı qəzasından Rusiya Dövlət Dumasına deputat seçilmişdir. Dumada o Rusiyada bütün azsaylı xalqların avtonomiyasını tələb edən, "Narodnaya volya"çıların fraksiyasına qoşulmuşdur. Ə. Topçubaşov dumada çıxış edərək Rusiyanın kapitalist siyasətini kəskin tənqid etmişdir. Bu illərdə o çar hökumətinin "Qara siyahısı"na düşərək polisin məxfi nəzarətinə götürülmüşdür. 1918-ci ildə Ə. Topçubaşov Azərbaycan Demokratik hökumətində xarici işlər naziri olmuşdur. Onu iki qardaş xalqlar arasında əlaqələr yaratmaq tapşırığı ilə Türkiyəyə göndərmişlər. İstanbulda Ə. Topçubaşov əsas vəzifəsindən əlavə Azərbaycanda baş verən hadisələrlə bağlı kitab nəşr etdirmişdir. 1918-ci ildə o, Azərbaycan parlamentinin üzvü olmuş və ilk iclasda sədr seçilmişdir. Tezliklə ona Versal sülh konfransında iştirak etmək üçün göndərilən Azərbaycan nümayəndə heyətinə başçılıq etmək tapşırığı verilmişdir. Ə. Topçubaşov İstanbuldan birbaşa Fransaya yola düşmüşdür. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra vətənə qayıda bilməyərək mühacir olmuşdur. Parisdə elmi publisistik fəaliyyətlə məşğul olmuş, burda kitablar nəşr edərək dünya ictimaiyyətinə bolşevik Rusiyasının onun xalqına qarşı kolonial siyasət yürütdüyünü çatdırmışdır. Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1934-cü ildə Parisdə vəfat etmiş, Sen-Klu qəbiristanlığında dəfn edilmişdir. Vəkilov Məmmədrza Hacı Mansur oğlu 8 mart 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi xadim, həkimdir. 1887-ci ildə Tiflis klassik gimnaziyasını və 1893-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmişdir. Türkiyədə Qars şəhərində həkim işləmişdir. 1900-cü ildə Bakıya gələrək, bir il sonra burada ilk poliklinika açmışdır. Qafqaz İmperator Tibb Cəmiyyətinin həqiqi üzvü idi (1900). 1905-15-ci illərdə Bakı Şəhər dumasının, 1914-17-ci illərdə isə şəhər rəisi yanında neft işləri daimi komissiyasının üzvü olmuşdur. 1918-ci il fevralın 10-da Zaqafqaziya seyminə seçilmişdir. 1918-ci ilin dekabrında Azərbaycan Parlamentinin deputatı və "Müsavat" fraksiyasının üzvü seçilmiş, burada, əsasən, səhiyyə və maarif sahələri ilə məşğul olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920 və 1937-ci illərdə iki dəfə həbs olunmuş, lakin əleyhinə heç bir dəlil-sübut tapılmadığına görə azad edilmişdir. Torpaq məsələlərini yaxşı bildiyindən 1922-ci ildə Azərbaycan-Gürcüstan sərhədini müəyyənləşdirən komissiyaya cəlb edilmişdir. Onun və Mamay bəy Şıxlinskinin təkidindən sonra sərhəd Poylu stansiyasından götürülərək, Böyük Kəsik stansiyasından o tərəfə qoyulmuş, Qarayazı və Ceyrançöldəki qışlaq yerləri Azərbaycanın hüdudlarında saxlanılmışdır. Vəkilov 1924 ildə təqaüdə çıxsa da, həkimlik fəaliyyətini davam etdirmişdir. 1944-cü ildə Bakı şəhərində vəfat etmişdir. Vəkilov Mustafa bəy Nadir ağa oğlu (sentyabr 1896, Qazax qəzası, Salahlı kəndi - 01.11.1965, Ankara) -ictimai-siyasi xadim. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Bakı gimnaziyasını (1912) və Moskva Universitetinin hüquq fakültəsini (1917) bitirmişdir. 1917-ci ildə Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında, Moskvada Rusiya müsəlmanları qurultayında, Kiyevdə qeyri-rus millətlərin qurultayında fəal iştirak etmişdir. Əlimərdan bəy Topçubaşovun təqdimatına əsasən, Xüsusi Zaqafqaziya Komitəsi M. Vəkilovu Bakı quberniyası komissarının müavini təyin etmişdir. "Müsavat" partiyasının 1-ci qurultayında (1917, oktyabr) Mərkəzi Komitənin üzvü seçilmiş, həmin il noyabrın 15-də Zaqafqaziya Komissarlığında daxili işlər naziri A.İ.Çxenkelinin məsləhətçisi təyin olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Daxili İşlər Nazirliyində işləmişdir. "Azərbaycan " qəzeti redaksiya heyətinin üzvü olmuşdur. 1918-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə İstanbul konfransına gedən nümayəndə heyətində ekspert olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda fövqəladə səfiri və səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun katibi olmuşdur.
1918-ci ilin dekabrında "Müsavat" partiyasından Azərbaycan Parlamentinin deputatı seçilmiş, maliyyə-büdcə, redaksiya komissiyalarının, həmçinin Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü olmuş, bu sahədə qanun və qərarlar hazırlanmasında yaxından iştirak etmişdir. 1919-cu ilin dekabrında "Müsavat" partiyasının 2-ci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilmiş, həmin ilin dekabrında daxili işlər nazirinin müavini, 1920-ci ilin fevralında isə daxili işlər naziri təyin edilmiş, Qarabağda erməni daşnakları ilə döyüşlərin qaynar yerlərində iştirak etmişdir.
Aprel işğalından (1920) sonra Tiflisə, 1921-ci ildə Rusiya Gürcüstanı işğal edəndən sonra isə Türkiyəyə getmiş, "Müsavat"ın xarici bürosunda istiqlal mübarizəsini davam etdirmiş, Azərbaycan Milli Mərkəzində (təşkilatın Mərkəzi Komitəsinin üzvü idi), "Prometey" təşkilatında çalışmışdır. 1929-1941-ci illərdə Polşada, sonralar isə Fransada və İsveçrədə yaşamışdır. İkinci Dünya müharibəsinin (1939-1945) sonundan Türkiyədə yaşamış, Ankarada İllər Bankasında (Vilayətlər bankı) hüquq məsləhətçisi işləmiş və siyasi fəaliyyətini davam etdirmişdir. Vəkilov Rəhim bəy Əlağa oğlu (29.2.1897, Qazax qəzasının Salahlı k. - 1934) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; ictimai-siyasi xadim. Salahlı kənd məktəbini, sonra isə Bakı realnı məktəbini bitirmiş (1916), şagird təşkilatının işində fəal iştirak etmiş, bu təşkilat "Ümumqafqaz tələbə təşkilatı"na çevrildikdən sonra onun üzvü olmuşdur. Fevral inqilabından (1917) sonra təşkilat milli əlamətə görə parçalanmış və onun türk qrupu "Müsəlman Demokratik "Müsavat" Partiyası"nın tərkibində fəaliyyət göstərmişdir. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra isə Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü və katibi olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Vəkilov İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918, 19 noyabr) əsasən, Cümhuriyyət parlamentinin tərkibinə daxil olunmuşdur. Parlamentdə "Müsavat" fraksiyasını təmsil etmişdir. 1918-ci il dekabrın 7-də açılan Azərbaycan Parlamentinin ən gənc üzvü olan Vəkilov onun katibi seçilmişdir. Türk ordusu Azərbaycana gələndən sonra Azərbaycanın Osmanlı dövlətinə birləşməsi və müstəqillik tərəfdarları arasında mübarizədə Rəhim bəy ikincilərin tərəfində olmuşdur. O, 1919-cu ilin dekabrında keçirilmiş Azərbaycan-Ermənistan konfransında iştirak etmişdir.
Aprel işğalından (1920) sonra Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olan (1923) R. Vəkilov "Müsavat"ın gizli təşkilatında fəaliyyət göstərmiş, ziyalılar arasında iş aparmışdır. Buna görə 1923-cü ilin iyun və oktyabr aylarında həbs olunmuş, 1924-cü ilin aprelində üç illiyə Rusiyanın Yaroslav şəhərinə sürgün edilmiş, az sonra əfv olunaraq vətənə qayıtmışdır. 1926-cı ildə yenidən həbs edilmiş və 1927-ci il fevralın 28-də 8 illiyə SSRİ-nin Şimalına sürgün olunmuşdur. Onun rəhbərliyi ilə burada gizli "Müsavat" qrupu yaradılmışdır. 1934-cü ildə vətənə dönən R. Vəkilov az sonra Tiflisə, oradan da müalicə üçün Borjomiyə getmiş və bir neçə ay orada işləmişdir. Tiflisə qayıtdıqdan sonra bir müddət yaxın dostlarının evində yaşayan Rəhim bəy hökumət orqanları tərəfindən aramsız təqiblərə dözməyərək, 1934-cü ildə intihar etmişdir. Yusifbəyli (Yusifbəyov, Usubbəyov) Nəsib bəy Yusif oğlu (1881, Gəncə - 31.05.1920) - Azərbaycanın görkəmli dövlət və siyasi xadimi; Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri. Ziyalı ailəsində doğulmuşdur. Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti universiteti müvəqqəti olaraq bağladıqdan (1907) sonra, Nəsib bəy Bağçasaray şəhərinə (Krım) getmiş, burada İsmayıl bəy Qaspralının nəşr etdiyi "Tərcüman" qəzetində əməkdaşlıq etmişdir.
Fevral inqilabından (1917) dərhal sonra Yusifbəyli Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmış (1917, mart), 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak etmişdir. 1917-ci ilin iyununda Türk Ədəmi-Mərkəziyyət partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə birləşmiş, yeni partiya "Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat" adlanmışdır. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak etmiş, partiya proqramının müəlliflərindən biri olmuş, onun mərkəzi komitəsinin üzvü seçilmiş, Gəncə şöbəsinə rəhbərlik etmişdir.
1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutmuş, milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilmişdir. Yusifbəyli İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdur. Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olmuşdur. 1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutmuşdur. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920-ci ilin martına kimi fəaliyyət göstərmişdir. Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11 -də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu münasibətlə yanvarın 14-də Yusifbəyli Azərbaycan xalqına müraciət etmişdir.
Müraciətdə deyilirdi: "Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır.Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur olmuşdur. Məmməd Həsən Hacınskinin yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələnmişdir. Aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırılmış və onun ərazisi işğal olunmuşdur. Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda faciəli surətdə qətlə yetirilmişdir. Ziyadxanov İsmayıl xan Əbülfət xan oğlu (1867, Gəncə - 1920, Bakı) - ictimai-siyasi və dövlət xadimi, Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi Ziyadoğluları – Qacarlar nəslindəndir. Gəncə xanı Cavad xanın kötükcəsidir. Adil xan Ziyadxanovun qardaşıdır. Gəncə gimnaziyasında oxumuş, Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində çalışmışdır.
İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli soyqırımlarına məruz qalan azərbaycanlıların taleyinə məsuliyyət duyaraq siyasi fəaliyyətə qoşulmuşdur. 1906-cı ildə Qafqaz canişini yanında xüsusi yığıncağa azərbaycanlı nümayəndələr seçildi. Ziyadxanov da həmin ildə Yelizavetpol (Gəncə) quberniyasından 1-ci Dövlət Dumasının (1906) deputatı seçilmiş, dumanın müsəlman fraksiyasının büro üzvü və Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini kəskin tənqid etmiş, təkcə Qafqazda deyil, Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxmış və etirazını bildirmişdir. Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəltmişdir. Dumadakı çıxışlarından birində demişdi: "Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların sırasında Əlimərdan bəy Topçubaşov da var idi) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş, dumaya seçilmək hüququndan məhrum edilmişdir. Vıborq iclasındakı mövqeyini belə izah etmişdir: "Rusiya millətlərinin müqəddəratı yolunda birinci dərəcəli nümayəndələr belə bir addıma hazır olduqları bir vaxtda, əlbəttə, rəva deyildi ki, Qafqaz müsəlmanlarının vəkili, fəqət öz şəxsinə dəyəcək zərərin qorxusundan belə bir addımdan kənar çəkilsin". 1907-ci ildə rus müstəmləkəçiliyinə qarşı gizli mübarizə aparan "Müdafiə" təşkilatına başçılıq etmişdir. Həmin ilin martında Cənubi Qafqaz, Şimali Qafqaz və Krım müsəlmanları nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında, İsmayıl xan Ziyadxanov başda olmaqla, Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdır. Fevral inqilabından (1917) sonra Gəncədə yaradılan ictimai təşkilatların icraiyyə komitəsi tərəfindən şəhər milisinin rəisi təyin edilmişdir. 1918-ci ilin yazında İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi silahlı dəstə erməni-daşnak silahlı birləşmələrinin törətdiyi Şamaxı qırğınları zamanı müsəlman əhalinin xilası üçün fədakarcasına mübarizə aparmışdır. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Tehrana göndərilən Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına sədrlik etmişdir. Missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyinin və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmış, poçt-teleqraf, ticarət və sair sahələrə dair saziş layihələri hazırlanmışdır. 1920-ci il Aprel işğalından dərhal sonra qətlə yetirilmişdir.
Zizikski Əli bəy Harun bəy oğlu Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuşdur. Fevral inqilabından sonra kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). 1917-ci il oktyabr çevrilişindən sonra qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. Əli bəy Zizikski 1918-ci il mart soyqırımı zamanı öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdu.1918-ci ilin aprelində Bakı Soveti Quba üzərinə əks-hücum təşkil edərək ora böyük qoşun göndərmişdi. 1918-ci ilin mayında Əli bəy Zizikski, Həmdulla əfəndi Əfəndizadə və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri şəhəri Bakı Sovetinin qüvvələrindən azad etmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil oldu. 1918-ci il 15 sentyabrda Bakı Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra artıq polkovnik rütbəsində olan Zizikski paytaxt valisinin müavini təyin edilmiş, eyni zamanda, Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmişdi. O, Parlamentdə "İttihad" fraksiyasını təmsil edirdi. "İttihad" partiyasının 1-ci (1919, aprel) və 2-ci (1920, yanvar) qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdi.Aprel işğalından sonra Zizikski bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak etmişdir.
Zizikskinin sabiq müavini, o zaman Azərbaycan Fövqəladə Komissiyasının başçısı M.C.Bağırov onu sovet-bolşevik təqiblərindən qurtarmışdı. Bundan sonra Zizikski 1928-ci ilə qədər Bakıda yaşamış, lakin həmin il Bağırov Azərbaycandan kənara partiya işinə göndərildikdən sonra yenidən bolşevik təqiblərinə məruz qalmış, həbs edilmiş, "erməni qırğını törətməkdə" ittiham olunaraq edam edilmişdir.