AxiRƏt azuqəSİ


HİKMƏT VƏ BƏSİRƏT PEYĞƏMBƏRİN (S) HƏYAT YOLUNUN BİR HİSSƏSİDİR



Yüklə 6,59 Mb.
səhifə21/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

HİKMƏT VƏ BƏSİRƏT PEYĞƏMBƏRİN (S) HƏYAT YOLUNUN BİR HİSSƏSİDİR

1. Hikmət və bəsirət zöhdün məhsuludur;

2. Zahid insanın nişanələri;

3. Uzun arzular və fəaliyyətdən yayınmaq, təqva və təvəkkülün zəifləməsinə dair bir nişanədir;

4. Peyğəmbərin (s) həyat yolunun bir hissəsi.

HİKMƏT VƏ BƏSİRƏT PEYĞƏMBƏRİN HƏYAT YOLUNUN BİR HİSSƏSİDİR


Peyğəmbəri-əkrəm (s) müxtəlif üsullarla dünyanın qəbahət və təmayülünü xatırladır, eyni zamanda zöhdün məziyyətlərindən və dünyaya rəğbətsizlikdən də söhbət açır. Peyğəmbərin (s), bütün insanlarının anlaya bilməsi üçün tərbiyəvi məsələləri müxtəlif metodlarla xüsusi bir zəmində açıqlaması, mö᾿cüzəyə oxşar bir işdir. Mətləblər elə rəngarəng seçilib, müxtəlif tərbiyəvi və əxlaqi qəliblərə elə tökülmüşdür ki, hər kəs öz səliqəsinə uyğun olaraq ondan bəhrələnə və ruhunda tə᾽sir qoya biləcək tərbiyəvi azuqənin ən münasibini seçə bilər. Həzrətin (s) tərbiyədə seçdiyi üsullardan biri zöhdü tə᾽rifləyib, insanları ona sövq etdirmək, həmçinin, zöhdün nəticəsində insanda zühur edən bir sıra mə᾽nəvi keyfiyyətlərə diqqəti yönəltmək olmuşdur.

HİKMƏT VƏ BƏSİRƏT ZÖHDÜN MƏHSULUDUR


«Ey Əbuzər! Elə bir bəndə tapılmaz ki, dünyada zahid olsun, amma Allah hikməti onun qəlbinə salmasın. Zahid olan hər kəsin dilini Allah hikmətlə açar və onu dünyanın eyib, dərd və dərmanlarından agah edər; (nəhayətdə) onu səhih və salamat (şəkildə) cənnətə aparar».

Bu bölümdə Həzrətin (s) tə᾽kidi, zöhdün və dünyaya e᾽tinasızlığın insan qəlbinin hikməti qəbul etməsi üçün yetkin vəziyyətə gətirilməsindədir. Bu andan e᾽tibarən insan həqiqətləri dərk edir. Lakin qəlblərini dünyaya bağlamış insanlar həqiqəti dərk etməkdə acizdirlər. Çünki «حب الشىء يعمي و يصم» dünya məhəbbəti insanı qəflət yuxusuna daldırır. Bunun əksinə olaraq, dünyaya rəğbət göstərməyən kəslər həqiqətləri dərk edirlər, çünki dünyanın fövqündədirlər; dünyanı axirətlə müqayisə etdikdə, ən üstününü ‒ axirəti seçirlər.

Zöhd, rəğbətsiz olmaq mə᾽nasındadır. Necə ki, Yusifin (ə) qardaşları barəsində deyilmişdir:

«...(qardaşları) Yusifi dəyər-dəyməzə satdılar, çünki ona rəğbətsiz idilər»1.

Dünyada zahidlik, dünyaya rəğbətsiz olmaq deməkdir. Əgər bir nəfərin mal-dövləti varsa, böyük maddi imkanlara malikdirsə və bununla yanaşı həm də zahid həyat sürmək istəyirsə, həmişə bu fikirdə olacaq ki, sərvətini Allah yolunda necə xərcləsin. Belə adamın dünya malı toplamağa həvəsi olmayacaq. Həzrət Süleyman (ə) kimi şəxslər o boyda var-dövlət və səltənətlərlə elə bir hala malik idilər ki, dünyada bir tikə arpa çörəyinə belə qane olardılar.

«Allah hikməti qəlblərində sabit edər» cümləsinin izahında bir neçə nöqtəni xatırlatmaq zəruridir:

1. Dünyaya rəğbətsizliklə ilahi maarifin dərki arasında sıx əlaqə mövcuddur. Yə᾽ni elə bir insan ola bilməz ki, o həm ürəyini dünyaya bağlasın, həm də ilahi biliklərdə elm dəryası olsun.

2. Dünyaya rəğbətsizliyin məhsulu olan hikmət, insanın elm və mə᾽rifətini sabit bir hala gətirir və e᾽tiqadda süstləşmənin qarşısını alır. İnsan, mümkündür, müəyyən bir mə᾽rifətə yetişib bir həqiqəti dərk etsin, lakin onun mə᾽rifəti süst olacaqdır, çünki yəqinə çatmayıbdır.

Yəqin dərəcəsinə çatmayan insanın qəlbində mə᾽rifət kök atıb bərkiməz. E᾽tiqadın əsaslarında əqidənin əsil olmasından əlavə, dini biliklərin səviyyə və möhkəmliyi də xüsusi dəyərə malikdir. Həmin cəhətinə görə də, ötəri və keçici olan imanlar nəinki heç nəyə yaramırlar, üstəlik mənfi hallara gətirib çıxarırlar. Bu halın məzəmmətini Qur᾽anın əksər ayələrində müşahidə etmək olar:

«Gəmiyə minib yola düşəndə, (imanı zəif olanlar) haqq dininə könül verərək, Allaha yalvarırlar. (Amma) elə ki, (Allahın inayəti ilə) nicat tapıb quruya çıxırlar, Ona şərik qoşmağa başlayırlar»1.

3. Elə ki, hikmət qəlbdə yerləşdi, ürəkdə qapanıb qalmır, onun tə᾽siri özünü dildə, əməldə də zahir edir.

Qəlbində hikmətin qərar tutduğu şəxsin danışığı hikmətli olacaq və qəlbində qaynar bulaq kimi qaynayıb dilinə axacaqdır. Belə şəxs bihudə danışıqlardan pəhriz edib, Loğman həkim kimi elə həkimanə moizə edəcək ki, hər kəlməsi eşidənlərin qəlbini oxşayacaqdır. Bəli, dil ürəyin keçid yoludur, başqa tə᾽birlə desək, insan qəlbinin çeşməsi dilin gözündən qaynayıb üzə çıxır. Çünki kuzədən tökülən onun içindəki olacaqdır. Ürək çeşməsinin yolu təkcə dildən ötüb keçmir, eləcə də insanın digər rəftarları da üzə çıxır.

Dünyaya rəğbətsizliyin insana qoyduğu tə᾽sirlərdən biri də, dünyanın eyiblərini ona aşkar etməsidir. Yə᾽ni, insan dünyanın nöqsanlarını, pisliklərini, nöqsanlarını o zaman görə bilər ki, özünü onun buxovlarından azad etmiş olsun.

Könlünü dünyaya vermiş insanlardan öz mə᾽şuqlarının (dünyanın) eyibini müşahidə etməsini gözləmək olmaz. Çünki dünya məhəbbəti insanın onun eyiblərini görməkdə gözlərini kor, nöqsanlarını eşitməkdə qulaqlarını kar edir. Əksinə, onun çirkinliklərini gözəl görür və dünyaya ifrat təmayülün tə᾽sirindən yaranmış nalayiq rəftarı ona gözəl görsənir. Bu mə᾽na müxtəlif tə᾽birlərlə Qur᾽anda bəyan edilmişdir:

«Axirətə inanmayan kəslərə gördükləri işi bərbəzəkli göstərdik, çaşqınlıq içində vurnuxur onlar»1, «…Tutduğunuz işi nəfsiniz sizə bərbəzəkli göstərdi…»2, «…Tutduqları işləri şeytan onlara bərbəzəkli göstərdi…»3.

Müxtəlif tə᾽birlərlə söylənilmiş bu ayələr onu göstərir ki, dünyaya vurğunluq dünya və dünyəvi işləri insanın nəzərində gözəl cilvələndirir. İnsanın dünyaya məhəbbəti artdıqca, onun, hətta eyibləri də nəzərində gözəl görsənəcək, çünki aşiq mə᾽şuqun eyiblərini görə bilmir. Aydındır ki, belə insan dünyanın aldadıcı zahirini görür, onun batininin dərkində, onu yüksəkdən müşahidə etməkdə acizdir:

«Dünya həyatının zahirini üzdən bilərlər, axirətdən isə büsbütün xəbərsiz olarlar»4.

Bu dəstənin müqabilində dünyaya e᾽tinasız olan insanlar, batini gözləri açıq olduqları üçün çirkinliklərini də görərlər. Bu dəstə, zəhərli ilanın ancaq gözəl zahirini və xətti-xalını görən birinci dəstədən fərqli olaraq, ilanın qorxulu dişini və ağzında gizlətdiyi öldürücü zəhərini də görürlər: «Dünyanın hekayəsi ilanın hekayəsinə oxşayır: Əlinlə onu sığallasan, sənə yumşaq və lətif görünər, lakin daxilində öldürücü zəhəri vardır. Aldanmış nadan ona tərəf gedər, ancaq uzaqgörən aqil ondan uzaq gəzər»1.

Bəli, Allah adamlarının uzaqgörənlikləri və batini tanışlıqları, onları zahiri bər-bəzəklərin qarşısında aldanmaqdan qoruyur. Onların maddi üfüqləri aşan dərin baxışları, ancaq zahiri görən səthi baxışlılar arasında əsaslı fərqi tə᾽yin edən göstəricidir. Həzrət Əlinin (ə) tə᾽birilə: «Allahın dostları o kəslərdir ki, camaat dünyanın zahirinə baxanda, onlar onun batininə nəzər yetirərlər. Cammat onun bu günü haqqında düşünəndə, onlar dünyanın aqibəti haqqında fikirləşərlər. Ürəklərini öldürə biləcək qorxduqları şeyin özünü, qəlblərində öldürərlər. Tezliklə üzülüşəcəkləri şeyi bildikləri üçün onu indidən dünyada tərk edərlər»2.

Hədisin davamında Peyğəmbər (s) buyurur:

«Ey Əbuzər! Qardaşının dünyada zahidlik etdiyini görsən, onun sözlərinə qulaq as, çünki ona hikmət əta ediləcək».

Bu söz Həzrətin (s) öndə buyurduğu «Hər kəs zahidlik edərsə, Allah hikməti onun qəlbində yerləşdirər» bəyanının davamıdır. Deməli, dünyaya rəğbətsiz olan insan hikmət qazanacaq və danışdığı zaman kəlamı hikmətli olacaqdır. Çünki dünyadan əl çəkən insanın sözü qəlbindən qaynaqlanır və sonda da qəlblərə tə`sir edir. Zahid insan öz əməli ilə sübut etmişdir ki, dediklərinə e᾽tiqad bəsləyir. Belə olan surətdə həmin şəxsdən ancaq hikmətli sözlər gözləmək olar. Bunun əksinə olaraq, dünyaya vurğun olub onun ləzzətləri içərisində məst olmuş insanın hikmətdən, mə᾽rifətdən bir payı olmaz. Dünyaya aludə olduğu üçün gözləri həqiqətləri görməkdən məhrumdur və nəticədə, onun danışığı faydasız və hikmətsizdir.



Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin