AxiRƏt azuqəSİ


v) PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNƏ MƏHƏBBƏT



Yüklə 6,59 Mb.
səhifə3/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   2   3   4   5   6   7   8   9   ...   36

v) PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNƏ MƏHƏBBƏT


«(Üçüncü mərhələdə) sənə, Əhli-beytimə məhəbbətli olmağı nəsihət edirəm. Allah-təala onları hər cür nöqsan və pisliklərdən uzaq edib, pak qərar vermişdir».

Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir. Təsadüfi deyil ki, onlara olan məhəbbətin əhəmiyyətini göstərmək üçün mərhum imam Xomeyni (r.ə.) öz siyasi və ictimai vəsiyyətnaməsini bu hədislə başlayır: «Özümdən sonra sizə iki böyük əmanət qoyub gedirəm: biri Allahın kitabı (Qur᾿an), digəri Əhli-beytim…».

Bəlkə də, inqilab rəhbərinin bu sözləri dünya millətlərinə qəribə görünə bilər. Lakin rəhbər Əhli-beytə tabe olmağı ilə fəxr edirdi.

Biz Əhli-beytə olan bu bağlılıq və məhəbbətin sirrini bilmirik. Bəlkə də, belə təsəvvür edirik ki, onlar Peyğəmbər (s) övliyaları olduğu üçün onları sevməliyik! Əgər belə olsaydı, onların dərəcə və məqamları Qur᾿anla yanaşı tutulmazdı. Əhli-beytə məhəbbətin bu dərəcədə tə᾿kid olunması, onların Peyğəmbərlə (s) qohum olmaları səbəbindən deyil. Belə olsaydı, Peyğəmbərin (s) bir neçə həyat yoldaşı var idi ki, onlar barəsində də Əhli-beyt üçün buyurulan tə`kidlər olunardı. Lakin mə᾿lumdur ki, onlar haqqında heç bir xüsusi göstəriş verilməmişdir. Əhli-beyt barəsində olan tə᾿kidlər, Allahın onları hər cür eyib və çirkinliklərdən pak qərar verməsi səbəbindəndir.


ƏHLİ-BEYTİN NUHUN (Ə) GƏMİSİ VƏ BƏNİ-İSRAİLİN HİTTƏ QAPISINA BƏNZƏDİLMƏSİ


«Ey Əbuzər, əziz olan Allah mənim Əhli-beytimi ümmətim üçün Nuhun (ə) gəmisinə bənzətmişdir. Bu gəmiyə minən nicat tapar. Hər kəs ondan üz döndərsə, batıb qərq olar. Həmçinin, Əhli-beyt Bəni-İsrail arasında olan Hittə qapısı kimidir. Bu qapıdan daxil olan Allahın əzabından amanda qalar».

Peyğəmbərin (s), Əhli-beytə məhəbbət bəsləməyə tə᾿kid etməsi və onları «nicat gəmisi» və «Hittə qapısı»na bənzətməsi, aralarındakı qohumluq əlaqələrinə görə deyil. Kimsə elə düşünməsin ki, Peyğəmbər (s) öz övladlarını sevdiyi və onların halına yandığı üçün davamlı olaraq camaatdan onlara hörmət göstərmələrini tə`kid edirdi.

Peyğəmbərin (s) Əhli-beyt barəsində xalqa etdiyi tövsiyələr qohumluq əlaqələrindən, doğmalıqdan irəli gələn məhəbbətdən daha üstün olub, Əhli-beytin xalqı uçurumdan, fəlakət dəryasında batmaqdan qurtara biləcək yeganə nicat yolu olduğu üçün idi. Peyğəmbər (s) bilirdi və inanırdı ki, Əhli-beyt ümmət üçün nicat gəmisidir. Çünki Nuhun (ə) ümməti onun nicat gəmisinə minməklə ilahi əzabdan yaxa qurtardılar. Boyun qaçıranlar, o cümlədən də Nuhun (ə) öz oğlu batıb, həlak oldular.

İslamın ilk illərində müsəlmanlar arasında ayrılıq və ixtilaf yox idi. Məhz belə bir zamanda Peyğəmbər (s) Əbuzərə, Əhli-beytinin Nuhun (ə) gəmisi kimi olduğunu nəsihət edir. Onlarla əlaqəni üzüb yollarını azan hər kəs, Nuhun (ə) qövmü kimi həlak olacaqdır. Həqiqətdə, bu nəsihət Peyğəmbərin (s) müsəlmanlara etdiyi xəbərdarlıq idi. Sanki Peyğəmbər (s) öz ölümündən sonra bir dəstə adamın təəssübkeşlik üzündən müsəlmanlar arasında nifaq salacağını görür, indidən onun həllinə çalışırdı. Belə bir şəraitdə ümmətin yeganə nicat yolunu Əli (ə) başda olmaqla, Əhli-beytə sarılmaqda görürdü. Fəqət bu yolun yolçuları zəlalət girdabına yuvarlanıb məhv olmaqdan nicat tapa bilərdilər. Əhli-beytin yolundan çıxanlar isə həqiqət yolunu itirib, dünyanın qarışıq cığırlarında sərgərdan dolaşanlardır.

Daha sonra Peyğəmbər (s) Əhli-beyti Bəni-İsrailin Hittə qapısına bənzədir. Bu iki bənzətmə əksər rəvayətlərdə həm sünni, həm də şiə alimləri tərəfindən Peyğəmbərin (s) dilindən rəvayət edilmişdir. Hətta, rəvayətlər mö᾿təbərliyi e᾿tibarı ilə təvatör1 həddinə çatmışlar.

Bəni-İsrail bir vaxtlar törətdiyi saysız-hesabsız günah və zülmlər üzündən Allahın qəzəbinə düçar olmuş, Allah tərəfindən qırx il «Tih» səhrasında avara-sərgərdan dolaşmağa məhkum edilmişdilər. Qırx ildən sonra axıtdıqları göz yaşları və tövbələrini Allah-təala qəbul etmiş, yenidən onlara lütf və mehribanlıq göstərərək, tövbə qapısını onların üzünə açmışdı. Bu barədə Qur᾿an buyurur:

«…Və onlara dedik ki, dizi üstə, səcdə halında kəndin qapısından daxil olun və «İlahi, bizim günahlarımızdan keç» deyin ki, biz də sizin günahınızı bağışlayaq və yaxşı əməl sahiblərinin savabını bir az da artıraq»2.

Hittə qapısından keçənlər, nəinki izzət və şərəfə nail olurdular, hətta bütün günahları da bağışlanırdı. Peyğəmbər (s) bu iki təşbihi yad etməklə müsəlmanlara anlatmaq istəyirdi ki, Bəni-İsrailin mö᾿minləri Hittə qapısından daxil olub hər iki dünya səadətinə çatdıqları kimi, onlar da Əhli-beytin elm və mə`rifət qapısından daxil olmaqla, dünya və axirət xoşbəxtliyinə nail ola bilərlər.

«Hittə» kəlməsi lüğətdə tökülmək, çırpılmaq, bir şeyi yox etmək və bir növ təmizlənmək mə᾿nasındadır. Bəni-İsrail bu kəlməni deməklə Allahdan bağışlanmaq diləyib, etdikləri günahların silinməsini istəyirdi. Allah-təala bu qapını onlar üçün tövbə vasitəsi seçmişdir. Lakin Allahı danan bir sıra imansızlar, Onun sözünü məsxərəyə qoyub, bə᾿zi rəvayətlərdə deyildiyinə görə, «Hittə» kəlməsinin yerinə «Həntə» (buğda mə᾿nasındadır) sözünü işlədirlər. Allah onları törətdikləri pozğun işlər və tövbə qapısından üz döndərdiklərinə görə, əzaba düçar etdi:

«Zülmkarlar Allahın sözünü dəyişdirdilər (onlara deyilən sözü başqa sözlə əvəz etdilər). Biz də pis əməlləri və fərmandan boyun qaçırdıqları üçün onlara göydən şiddətli əzab nazil etdik»3.

Peyğəmbər (s) öz Əhli-beytini insanlara Hittə qapısı kimi dünya və axirət səadətini bəxş edə biləcək bir vasitə kimi tanıtdırır. Lakin camaat onun sözünə e᾿tina etməyib, Əhli-beyt yerinə başqalarını seçdilər. Onlar Əli (ə) ilə başqaları arasında olan fərqi görmürdülər. Onların düşüncəsində Əli (ə) Peyğəmbərin (s) kürəkəni olduğu kimi, Osman da Peyğəmbərin (s) kürəkəni və Peyğəmbər (s) özü də birinci xəlifənin ‒ Əbu Bəkrin kürəkəni idi!

Nəsihətin bura qədərki hissəsində, əsasən, ibadətin mühüm mərhələləri barəsində olan məsələlərə toxunulur. Qeyd edək ki, ibadətin insanın qəlbi və batini ilə əlaqədar olan mərhələsi ən mühüm və əsas mərhələ hesab olunur. Yə᾿ni hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirmədən, bu barədə zəruri mə᾿lumata malik olmadan və Əhli-beytə məhəbbət bəsləmədən ibadətdən lazımınca bəhrələnə bilməz. İbadət yalnız zahiri əməllərin məcmusu kimi başa düşülməməlidir. Həqiqətdə, ibadətin kökü, insanın qəlbinin dərinliklərindən su içir və bütün bəndəçilik yolları öz cığırlarını ürəkdən açır.



Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin