AxiRƏt azuqəSİ


PEYĞƏMBƏRİN CƏHƏNNƏM ƏZABI BARƏSİNDƏ BUYURDUQLARI



Yüklə 6,59 Mb.
səhifə34/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   28   29   30   31   32   33   34   35   36

PEYĞƏMBƏRİN CƏHƏNNƏM ƏZABI BARƏSİNDƏ BUYURDUQLARI


Peyğəmbəri-əkrəm (s) cəhənnəm əzabının bə᾽zi nümunələrini Əbuzərə vəsf edərək buyurur ki, o əzabların ən kiçiyi əgər bu dünyada baş versə, dəhşətli faciə baş verər. Həmçinin, cənnət ne᾽mətlərinin bə᾽zi nümunələri haqqında danışır ki, bu dünyada insanın onlardan birini qəbul etməsi, torpaq əhli olan insanın gücü xaricindədir. Bunları söyləməkdə Peyğəmbərin (s) məqsədi, dünya və onun bər-bəzəklərinə məftun olmuş bizlərə, dünya ilə axirət aləmini müqayisə etməklə, dünyanın olduqca kiçik olduğunu göstərməkdir. Axirət aləmi özünün vəsfedilməz genişliyi və əzəməti ilə Allahın nişanələrindən biri və həmçinin, bütün varlıqlar Yaradanın bir iradəsi ilə varlıq donu geymiş olsalar da, hər biri özü-özlüyündə Allahın sonsuz qüdrət və əzəmətindən xəbər verir.

Peyğəmbər (s) buyurur:

«Qiyamətdə bir nəfər yetmiş peyğəmbərin əməlinə sahib olsa da, o gündə görəcəyi şeylərin şiddətindən əməllərini az hesab edəcəkdir».

Bizim ibadət və əməlimiz heç adi bir mö᾽mininki qədər də deyil, o ki, qalmışdı peyğəmbərin ibadəti və əməli qədər olsun. İndi düşün ki, yetmiş peyğəmbərin ibadəti və savab işləri nə qədər olar. Bunlar bir tərəfə, fərz edək ki, yetmiş peyğəmbərin əməlinə bərabər ləyaqətli bir iş gördük, lakin qiyamətdə o günün dəhşətini görəndə, həmin əməl gözümüzdə bir zərrəyə çevriləcəkdir. Qiyamət günü elə qorxulu və dəhşətlidir ki, Allahın inayət və rəhməti olmadan, heç yetmiş peyğəmbərin də əməli kara gəlmir! Bu səbəbdən də, həmişə gözümüzü Allahın inayət və rəhmətinə dikməliyik. Qəlbimizi Ona sarı yönəltməklə, gecənin xəlvətində ağlayıb sızlamaqla, dərdləşib oxşamaqla Onun geniş rəhmət qapılarını üzümüzə açıq saxlamalıyıq. Öz əməlimizə arxalanmamalıyıq, çünki bu arxayınlıq bizi bir yerə çatdırmayacaq.

Hədisin davamında Peyğəmbər (s) buyurur:

«Əgər cəhənnəmin bir qab çirkini, irinini bu dünyanın şərqində yerə töksələr, (onun istisindən, pis qoxusundan) qərbdə yaşayanların beyni qaynamağa başlayar».

Qur᾽anda cəhənnəm əhlinə veriləcək əzablardan söz açılır. Onlardan biri də, «ğislin»dir:

«Bu gün (qiyamət günü) bax burada onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur»1.

«Ğislin» cəhənnəm əhlinin içəcəyi şərabdır. Qabı və paltarı yuduqdan sonra qalan çirkli su mə᾽nasındadır. Ğislin o qədər murdar və irinli içkidir ki, yuyulmuş əşyaların çirkini, bulaşığını ona ad qoymuşlar. Həqiqətdə isə ğislin, insanın pis əməllərindən süzülüb göllənmiş çirkinliklərdir. Bu su o qədər ürəkbulandırıcı, pisqoxulu və yandırıcıdır ki, dünyanın şərqinə bir qab ondan töksən, dünyanın qərbində olanların beyinləri qaynayar.

Bizim insan kəlləsinin qaynaması haqqında olan təsəvvürümüz bu həddədir ki, güclü atəşi bir nəfərin üzünə yaxınlaşdıranda, həmin hadisə baş verir. Yə᾽ni düşünürük ki, insanın başı o zaman qızıb dağılmağa başlayar ki, onu yanar odun üstünə tutasan və ya yaxın fasilədə güclü hərarəti olan odun yanında saxlayasan. Lakin həmin od nə qədər yandırıcı olsa belə, on metrlik fasilədən və ya ondan bir az da artıq fasilədən elə də ciddi bir tə᾽sir etməyəcəkdir. Amma qiyamətdə insanlar elə susayacaqlar ki, məcbur olub, həmin cismin suyunu içəcəklər.

Cəhənnəmin odu, axirət və qəbir evinin əzabı, dünyanın atəş və əzabları ilə müqayisə edilməzdir. Cəhənnəm atəşinin yanında bu dünyanın atəşi soyuq və sönükdür, ancaq dərini, üzdə olanı yandırır. Onu görəndə, buna dözmək insana asan gəlir, lakin cəhənnəmin odu xalisdir və hətta şüura malikdir. Bu səbəbdən, dünyadakı atəşlərin heç biri ruhu yandırmır, amma cəhənnəm odu cisimdən əlavə, insanın ruhunu və qəlbini də öz kamına çəkir. Şübhəsiz, cəhənnəmin odu və əzabı insanın dünyadakı pis əməllərinin nəticəsi və məhsuludur.

CƏHƏNNƏM QAYNAMAĞA BAŞLAYANDA İNSANLARIN VƏ MƏLƏKLƏRİN KEÇİRƏCƏKLƏRİ HAL


Peyğəmbəri-əkrəm (s) sözünə davam edərək, cəhənnəmin necə cuşa gəlib qaynayacağı barədə belə buyurur:

«Cəhənnəm qəzəbindən coşub püskürməyə başlayanda, Allahın bütün mürsəl peyğəmbərləri və müqərrəb mələkləri diz çöküb deyərlər: «Pərvərdigara! Qurtar məni! Mənə nicat ver! Hətta İbrahim peyğəmbər (ə) oğlu İshaqı yaddan çıxarıb deyər: «Mən Sənin dostun İbrahiməm, məni yaddan çıxarma».

Allah Qur᾽anda buyurur:

«Bədbəxt olanlar od içərisində (cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir!»1.

Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: «Kəşşafda «zəfir» nəfəsin, havanın çölə verilməsi, «şəhiq» isə nəfəsin içəri alınması mə᾽nasında təfsir edilmişdir…Allah bununla demək istəyir ki, cəhənnəm əhli nəfəslərini sinələrinə çəkərlər, sonra çölə verərlər və cəhənnəm atəşinin hərarətinin şiddəti və əzabın böyüklüyündən ah-nalə çəkib fəryad qopararlar»2.

Yuxarıda verilən təfsirə əsasən belə mə᾽lum olur ki, insan nəfəs alıb verdiyi kimi, cəhənnəm də nəfəs alıb verir.

Cəhənnəm nəfəs alıb-verməklə, özünün yandırıcı hərarətini çölə buraxar. Bu hərarət bütün cəhənnəm əhlini bürüyüb əhatə edər, sonra cəhənnəm nəfəsini geri çəkməklə, şəhiqlə bütün cəhənnəm əhlini öz kamına çəkər. Peyğəmbər (s) buyurur: «Cəhənnəm coşub daşmağa başlayanda bütün insanlar, hətta böyük peyğəmbərlər və müqərrəb mələklər özlərini itirib qorxuya düşər, dizləri bükülüb yerə çökər və hamını unudub öz haylarına qalarlar. Hərəkət etməyə nə gücləri qalar, nə də düşünüb-daşınmağa macalları. Bu görə də, çarəsizlik və zillətlə dizlərini yerə qoyub, əllərini Allahın sonsuz rəhmətinə doğru uzadar və Ondan öz nicatlarını istəyərlər. Belə ki, həzrət İbrahim (ə) öz əziz övladı İshaqı yaddan çıxarıb deyər: «Sən məni öz dostun «İbrahim Xəlilullah»-deyə adlandırmışsan, məni unutma, dadıma yetiş! Məni bu dəhşətli, öldürücü əzabdan qurtar! Bu, Allahın qiyamət günü verəcəyi əzabların bir nümunəsidir. Həmin əzab əgər bu dünyada zühur etsə, dəhşətli və vəhşətli bir ölümlə bütün məxluqatı məhv edər».

Cəhənnəm və onun əzabları ilə daha artıq tanışlıq əldə etmək üçün yaxşı olardı ki, imam Sadiqdən (ə) təfsilatı ilə bir hədis zikr edək: «Cəbrayıl (ə) günlərin bir günü rəngi qaçmış, qəmgin halda Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) soruşur: «Ey Cəbrayıl, niyə qəmgin və narahatsan?». Ərz edir: «Ey Məhəmməd, niyə də olmayım ki? (Xəbərin olsun) bu gün cəhənnəmin dəmləri işə salındı». Peyğəmbər (s) dedi: «Cəhənnəmin dəmi nədir?». Cəbrayıl dedi: «Belə isə xəbərin olsun ki, Allah-təala atəşə əmr etdi, sonra atəş min il alışıb yandı, nəhayət, qızarıb qırmızı oldu. Sonra yenə əmr etdi, bir daha min il yandı, nəhayət, rəngini dəyişib ağardı. Bundan sonra bir daha əmr etdi, atəş min il də yanılı qalıb, qara rəngə düşdü. O atəş qara və qaranlıqdır. Əgər cəhənnəm atəşinin bir halqası - ki, uzunluğu yetmiş ziradır - yerə düşsə, dünya onun hərarətindən əriyib suya dönər və əgər cəhənnəmin «zəri᾽» və «zəqqum»undan1 bir damcısı bu dünyanın sularına düşsə, hamı onun üfunətindən həlak olar». Bunu eşidəndə, Peyğəmbər (s) ağladı və Cəbrayıl da (ə) ağlamağa başladı. Allah-təala onlara sarı bir mələk göndərdi və mələk ərz etdi: «Allah sizə salam göndərir və buyurur: «Mən sizi günaha düşüb, bunun üçün də əzaba düçar olmaqdan amanda saxladım»2.



Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin