Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)



Yüklə 6,61 Mb.
səhifə60/76
tarix01.01.2022
ölçüsü6,61 Mb.
#103872
1   ...   56   57   58   59   60   61   62   63   ...   76
3.12. Əqidə şəhidi - Hüseyn Cavid

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Türkün özünəməxsus tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti və s. olduğu kimi, bir də çox dəyərli tarixi ədəbiyyatı var. Bu müəzzəm tarixi əks etdirən tarixi ədəbiyyatın yaradıcılarından biri də Azərbaycan mənzum dramaturgiyasının banisi Hüseyn Caviddir. Cavidin mənsub olduğu Türk millətinin Bilgə Xaqandan başlayıb Mahmud Kaşğarlı, Yusif Xas Hacib Balasaqunlu, Fəxrəddin Mübarəkşah, Mir Əlişir Nəvai, İsmayıl Bəy Qaspıralı, Əlibəy Hüseynzadə, ƏHməd Bəy Ağaoğlu, Mehmet Akif Ərsoy, Yusuf Akçuraoğlu, Mehmet Əmin Yurdaqul və Ziya Göyalp tərəfindən davam etdirilən Türk məfkurə sistemindən kənarda təsəvvür etmək qeyri-mümkündür. İsmayıl Bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" və Əlibəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" kimi ideoloji-siyasi proqramları ilə yola çıxan Hüseyn Cavidin ən böyük qayəsi Türk Birliyi və bu birliyin ehtiva etdiyi coğrafi ərazisi olan Turanda yaşayan Türklərin mənəvi, iqtisadi, siyasi və hətta hərbi birliyi olmuşdur. Maddi ruh müvazinətinə dayanan, həyatın pozulduğu, maddinin-mənəvini üstələdiyi dünyanı, bəşər tarixinin heç vaxt görmədiyi bir böhrana sürüklədiyi bir dövrdə şeirin, bədii ədəbiyyatın, xüsusilə dram sənətinin xalqla canlı ünsiyyətini dərindən dərk edən Hüseyn Cavid Əfəndi Türklüyü, Türk ruhunu, Türk mənəviyyatını bütün yaradıcılığında daim canlı saxlamağa çalışan nadir sənətkarlarımızdandır. Türk tarixinin 2500 illik böyük bir mərhələsini, Sakalar və Hunlardan Səlcuqlulara, Teymurlu və Osmanlılardan XX əsrə qədər gəlib keçmiş, Türk təfəkkürünü yaradıcılığının şəriksiz mövzusuna çevirən, bütün tarixi dramlarında daha çox tarixin mahiyyətinə varan Hüseyn Cavid bütün olub-keçənləri dövrlə əlaqələndirmiş, yaşadığı dövrdə dünyada baş verən bütün siyasi məsələləri nəzərə almağa çalışmışdır. Şərəfli Turan məfkurəsinin gerçəkləşməsinə çalışan mütəfəkkir, tarixi əsərlərində Turan hökmdarı -Əfrasiyabdan (Alp Ər Tonqadan), Hun Xaqanı - Atilladan Səlcuqlu Sultanları - Alp Arslan və Məlikşahdan, Türk Moğol İmperatoru - Çingiz Xandan, Teymurlu İmperatoru - Əmir Teymurdan, Osmanlı İmperatorları - İldırım Bəyazid və Sultan II Əbdülhəmiddən əbəs yerə bəhs etməmiş, bu əzəmətli Türk hökmdarlarının bəşər tarixi qarşısındakı xidmətlərini nəzərə çatdırmaqla öz etnik mənşəyi və tarixi ilə də fəxr etmişdir. Çünki bu Türk qəhrəman hökmdarları Turanı gerçəkləşdirənlər, Yer kürəsinin böyük bir hisəsinin coğrafi və siyasi xəritəsini Türklərin simvolik rəmzi olan "Göy rəngə" boyamağa müvəffəq olmuş Cahangirlər olmuşlar.

Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, Naxçıvan şəhərində Məhəmməd Tağı Sidqinin açdığı "Məktəbi-tərbiyə" adlı "Rus-tatar" məktəbində dörd il təhsil almış, buranı bitirdikdən sonra Təbrizdəki "Talibiyyə" ruhani mədrəsəsində təhsilini davam etdirmiş, 1904-cü ildə Naxçıvana qayıdaraq, bir vaxtlar təhsil aldığı "Məktəbi-tərbiyə"də Türk və fars dillərindən dərs demişdir. Hüseyn Cavid 2 il burada müəllimlik etdikdən sonra 22 aprel 1906-cı ildə İstanbula gəlmiş, ilk öncə İstanbulda təhsil almaq üçün Azərbaycandan ezam olunan Gəncəli Abdulla Məmmədzadənin (Məşhur Abdulla Surun - A.M) köməkliyi ilə məşhur Türk şair və filosofu Rza Tofiqlə tanış olmuş, evdə ondan təhsil almış, bir il sonra Rza Tofiqin zəmanəti ilə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinin ədəbiyyat şöbəsinə daxil olmuşdur. İstanbul darülfünunda o, filosof Rza Tofiqin Qərb ədəbiyyatı müəllimləri Cənab Şəhabəddin və Xalid Ziyanın, həmçinin "istiqlal şairi", professor Mehmet Akifin mühazirələrini dinləmişdir. Bu "sərvətifünun"çuların Cavidin estetik dünyagörüşünün formalaşmasında müstəsna xidmətləri olmuşdur. İstanbulda Hüseyn Cavid buraya təhsil almağa gələn Azərbaycanlı Mirzəbala Mirqasımov, Abdulla Sur, Qırğızıstanlı Əbdüləziz və Krımlı Bəkir Çobanzadə ilə dostluq etmiş, Güney Azərbaycan məşrutəçiləri, İran Demokrat Firqəsinin o zamankı lideri, partiyanın ideologiyasını Məmməd Əmin Rəsulzadə ilə birgə hazırlamış, Seyid Həsən Tağızadə "Danişməndani-Azərbaycan" əsərinin müəllifi, böyük ədəbiyyatşünas-alim Məmmədəli Tərbiyət (Mirzə Məhəmmədəli Xan - A.M), Hacı Rəsul, Parisdə təhsil alıb vətəninə qayıdan Güney Azərbaycanın Türk milli düşüncəsinin ideoloqlarından və ilk azadlıq şəhidlərindən olan Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabaninin yaxın silahdaşlarından olan şair Zeynalabdin Səffət və "İttihad və tərəqqi" partiyasının Güney Azərbaycan inqilabçılarına kömək etmək məqsədi ilə göndərilən Güney Azərbaycan fədailərinin baş ideoloqu sayılan Ömər Naci bəylə yaxından tanış olmuşdu. Cavid İstanbul Universitetində Osmanlı ədəbiyyatı, fars ədəbiyyatı, Qərb ədəbiyyatı, ədəbiyyat tarixi, siyasi və ümumi tarix, tarixi coğrafiya, fəlsəfəyə giriş və s. fənlərdən dərs almışdır.



Cavidin İstanbulda təhsil aldığı dövr Osmanlı İmperatorluğunun çökməyə başladığı ən gərgin dövr olmuşdur. Bu dövrdə İkinci Məşrutiyyət elan olunmuş, Sultan II Əbdülhəmid taxtdan salınmış, "İttihad və tərəqqi" partiyası hakimiyyət başına gəlmişdi.

İstanbul mühiti və ətrafındakı yüksək səviyyəli ziyalılar Cavidə həqiqət, məhəbbət təlimi ilə yanaşı, "Türkçülük" məfkurəsinin ciddi məşqlərini keçmiş, gənc şairi bu məfkurənin sevdalısı etmişdilər. Belə ki, Hüseyn Cavidin İstanbul Universitetində təhsil aldığı illərdə Türkiyədə artıq "Osmanlıçılıq" və "İslam birliyi" ideyaları öz yerini məşhur Türkçü Yusuf Akçuraoğlunun irəli sürdüyü "Türkçülük" və "Türk Birliyi" ideyasına tərk etməkdə idi. Hələ XIX əsrin sonlarından başlayaraq, böyük mütəfəkkirlər olan "Ümumtürk dilinin atası" sayılan İsmayıl Bəy Qaspıralının "Dildə, fikirdə və işdə birlik" və ideoloji-siyasi Türkçülüyün yaradıcısı Əlibəy Hüseynzadənin Türklərin yeganə milli-siyasi nicat proqramı olan "Türkləşmək, İslamlaşmaq, avropalılaşmaq" kimi ideoloji konsepsiyaları dünyada yaşayan bütün Türklər arasında siyasi-ideoloji düstura, Türk millətçiliyinin düşüncə və həyat prinsipinə çevrilmiş, artıq XX əsrin əvvəllərində Türk dünyasını tanımaq və tanıtmağa xidmət edən "Türk dərnəyi", "Türk yurdu dərnəyi", daha sonra "Türk ocaqları" kimi siyasi-ideoloji təşkilatlar yaradılmış və dünyanın müxtəlif yerlərindən milli ziyalıları öz ətrafında toplayan, Yusuf Akçuraoğlu, Əhməd bəy Ağayev, Mehmet Emin Yurdaqulun birgə təsis etdikləri "Türk yurdu" dərgisi nəşrə başlamışdı. Bu milli ziyalılar sayəsində "Türkçülük" ideologiyası daha geniş arealı əhatə edərək, Osmanlı İmperatorluğu, Güney və Quzey Azərbaycan, Krım, Qazan və Türküstanda yayılmağa başlamışdı. O dövr Osmanlı dövlətinin əsas fiqurları olan hərbi nazir, vitse-generalissimus Ənvər Paşanın, xarici işlər naziri Tələt Paşanın “Türkçülük” və “Türk Birliyi” ideologiyasını qəbul etməsi ilə maarifçi və ideoloji “Türkçülük” siyasi və hərbi "Türkçülük"lə birləşərək, "Turançılıq" məfkurəsini ön plana çıxarmış və hətta ədəbi-bədii əsərlərdə özünə yer qazanmışdı ki, bu işdə ən böyük xidmət göstərənlərdən biri də məhz Hüseyn Cavid Əfəndi olmuşdur. İstanbulda yüksək təhsil, milli təfəkkür və yaxın silahdaşlar qazanan Hüseyn Cavid 1910-cu ildə Türkiyədən Naxçıvana qayıtmış, üç ay sonra Bakıya gəlmiş, İstanbuldakı tələbə yoldaşı Abdulla Surun təqdimatı ilə 1911-ci ilin sonuna qədər bir il beş ay müddətində Bakıda yaşayan iranlılar üçün İran səfirliyi tərəfindən açılmış "İttihad" məktəbində Azərbaycan Türk dili müəllimi kimi fəaliyyət göstərmiş, 1912-ci ildə Gəncədə Axund Hüseyn Pişnamazzadənin müdir olduğu "Mədrəseyi-ruhaniyyə"də müəllimlik etmişdir. 1912-ci ilin avqust ayında Tiflisə gələn Cavid, Firidun bəy Köçərlinin köməyi ilə 1914-cü ilə qədər buradakı iranlıların "İttifaq" məktəbində dərs demişdir. Tiflisdə olduğu dövrdə Hüseyn Cavid Əziz Şərif, Rza Təhmasib, İsmayıl Haqqı Bəy, Qurbanəli Şərifzadə, Yüzbaşov, Kirmanşahlı və digər ziyalılarla ünsiyyətdə olmuş, 1914-cü ilin sonlarında o, səhhəti ilə əlaqədar olaraq, Kaxetiyaya getmiş və burada dəmir yolu üzrə işçiləri qeydiyyata alan "tabelçi" vəzifəsində çalışmış, nəhayət 1915-ci ildə yenidən Bakıya qayıdaraq, 1918-ci ilə qədər Tağı Nağıyevin "Şəfa" məktəbində müəllimlik etmişdir. 1918-ci ilin mart qırğınında daşnaklar tərəfindən Təbriz mehmanxanasında yaşayan yetmiş nəfərlə birgə Hüseyn Cavid də əsir götürülmüş, bir həftə sonra azadlığa çıxaraq, Təbrizə gəlmişdir. İki ay Təbrizdə Hacı Məhəmməd Naxçıvaninin evində qalan Hüseyn Cavid yenidən siyasi və hərbi vəziyyətin çox gərgin olduğu bir dövrdə Naxçıvana qayıtmışdı.

1918-ci ilin aprel ayında Qars, Gümrü, Axısqa və Axalkalaki bölgələrinin müsəlman əhalisi "Milli istişarə məclisi" yaradaraq 12 nəfərdən ibarət Müvəqqəti Hökumət təşkil etmiş və bu hökumətin başçısı Hüseyn Cavidin çox yaxın dostlarından biri olan Axısqa Türkü, məşhur Ömər Faiq Nemanzadə seçilmişdi. 1918-ci ilin noyabrında Naxçıvan Türkləri "Araz-Türk Respublikası" yaradaraq, erməni və gürcülərin təcavüzündən qorunmaq üçün silahlı dəstələr təşkil etməyə başlamışdılar. Təkbaşına, ayrı-ayrılıqda düşmənə qarşı müqavimət göstərməyin çətinliyini nəzərə alan Axısqa, Borçalı-Qarapapaq Hökuməti və Araz Türk Respublikası yetkililəri Qarsda II Milli Qurultaya toplanaraq, 17 yanvar 1919-cu ildə birləşmək haqqında qərar qəbul etmiş və beləliklə də "Birləşmiş Qars İslam Şurası" və "Cənub Qərb Qafqaz hökuməti" və onun hərbi qüvvələri yaradılmışdır. Emin ağa yeni yaranan "İslam Türk dövləti"nin prezidenti, Fəxrəddin Piroğlu hökumət başçısı, Bəhram Xan Naxçıvanski xariciyyə naziri seçilmişlər. Türk əhalidən təşkil olunan silahlı dəstələrə Sərvər bəy, Hafiz bəy və adlarını bilmədiyimiz komandanlar rəhbərlik etmişdilər. Qısa müddətdə mərkəzi Qars olan bu hökumətin əmrində 8 minlik bir hərbi qüvvə yaranmışdı. Batum ilə Ordubad ərazisi daxilində olan bu birləşmiş respublikanın ərazisi 40 min kv.km, əhalisi isə 2 milyona yaxın idi ki, bunun da bir milyon 700 mini Türk, 237 mini isə qeyri-Türklərdən ibarət idi. Bu dövrə qədər heç bir rəsmi-siyasi fəaliyyətlə məşğul olmayan Cavid, 1919-cu ildə Axısqa, Ermənistan və Naxçıvan Türklərinin birlikdə yaratdıqları Cənubi Qafqaz Araz-Türk Hökumətinin rəsmi nümayəndəsi kimi bu hökumətin xariciyyə naziri Bəhram Xan Naxçıvanski və Şərur məsələsini müzakirə etmək üçün göndərilən Bağır Rzayev, həmçinin Məhərrəm Əliyev, Ələşrəf Kazımov, Əsəd Manafov və Əziz Xan Naxçıvanskidən ibarət nümayəndə heyəti ilə birlikdə Cənubi Qafqazın və Naxçıvanın siyasi-hərbi çıxarlarını müzakirə etmək üçün Bakıya gəlmiş, Azərbaycan milli hökuməti qarşısında müsəlman qaçqınlara yardım göstərmək barədə məsələ qaldırmışdılar. Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdəki Nazirlər Sovetinin sədri Fətəli Xan Xoyski onların bu xahişini yerinə yetirərək, dövlət büdcəsindən bir milyon manat ayırmış və Hüseyn Cavidin də iştirak etdiyi nümayəndə heyətinin bu yardımı ünvanına çatdırmaq məqsədi ilə onların təhlükəsizliyini təmin etmək üçün Tiflisdəki müttəfiq qüvvələrin komandanı - general Tomsona məktubla müraciət etmişdi. Fətəli Xan Xoyski bu nümayəndələrin İngiltərə hökumətini məlumatlandırmağına yardımçı olmağı da general Tomsondan xahiş etmişdi. (Seçmələr bizimdir - A.M. Bax: Azarbeycan belgelerinde ermeni sorunu (1918-1920), Ankara 2001, səh 369).

Həmişə olduğu kimi Qərbin imperialist dövlətləri bu dəfə də bölgənin müsəlman Türklərinin deyil, xristian erməni və gürcüləri hərtərəfli müdafiə edərək, 19 aprel 1919-cu ildə Qarsa hücum edərək "Cənub-Qərb Qafqaz Hökuməti" Məclisinin binasını mühasirəyə almış, hökumət üzvlərini həbs etmiş və Malta adasına sürgünə göndərmişdilər. Beləliklə cəmi üç ay fəaliyyət göstərən Cənub-Qərb Qafqaz Hökumətinin varlığına ingilislər son qoymuş, vəziyyətdən istifadə edən gürcülər ingilislərin hərbi dəstəyi ilə Axısqa və Axalkalaki nahiyyələrini zəbt edərək, Gürcüstana ilhaq etmişdilər. Mənfur qonşularımız isə Qarsı ingilislərdən təslim alaraq, ingilislərin gözü önündə Qars və ətrafındakı müsəlman Türk və kürd əhalisini qətlə yetirmişdilər (Seçmələr bizimdir - A.M. Bax: Dr.Akdeş Nimet Kurat, Türkiye ve Rusiya, Ankara 1990, səh 587-588).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavid Bakıda birinci realnı məktəbdə, sonra isə Darülmüəllimində müəllimlik etmiş, Seyid Hüseynlə yaxın dostluq etmiş, çox güman ki, Məmməd Əmin Rəsulzadə ilə ilk dəfə bacanağı Seyid Hüseynin Novxanıdakı bağında tanış olmuşdur. Cavidlə Rəsulzadənin yaxın münasibətləri haqqında Seyid Hüseynin qızı Qumral Sadıqzadə öz memuarı olan "Son mənzili Xəzər oldu" kitabında ətraflı məlumat vermişdir (Bax: Qumral Sadıqzadə, Son mənzili Xəzər oldu, Bakı 2001).

Sovet hakimiyyətinin ilk illərində Cavidə münasibət ümumiyyətlə müsbət olsa da, sonradan bu münasibət dəyişmiş, ona qarşı basqılar yapılmış, əqidəsindən dönməyən mütəfəkkiri Sovet Dövlət Təhlükəsizlik idarəsi 1937-ci ildə həbs etmiş, iki il bir aylıq istintaqdan sonra, 19 iyun 1939-cu ildə keçirilmiş xüsusi müşavirədə heç bir dəlil-sübut olmadan "Anti-sovet təşkilatda iştirakına və təbliğatına", "Türkiyənin şpionu, müsavatçı-pantürkist olduğuna", "Əksinqilabi təşkilatın üzvü oduğuna, əksinqilabi fəaliyyətinə", "Ədədbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi-əksinqilabi ruhda tərbiyə olunması istiqamətində gördüyü işlərə", "Pantürkist ideyaların yayılmasına xidmət etdiyinə görə" 8 il müddətinə azadlıqdan məhrum edilmiş və İslah Əmək Düşərgəsinə göndərilməsi qərara alınmışdır. Müşavirənin başqa bir qərarı ilə Hüseyn Cavid 1939-cu il iyulun dördündə Vladivostokun Maqadan vilayətinə göndərilmiş, 1941-ci ilin 31 oktyabrında xəstəliyi ilə əlaqədar İrkutskdakı əlillər zonasına köçürülmüş, 18 gün sonra 17 noyabr (5 dekabr) 1941-ci ildə 59 yaşında orada vəfat etmişdir. Sonradan nəşi Azərbaycana gətirilərək, anadan olduğu Naxçıvan şəhərində dəfn olunmuşdur. Bu gün Azərbaycan hökuməti tərəfindən hazırlanmış məqbərəsində uyumaqdadır. Ruhu şad olsun!


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin