Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Böyük fateh, din və dünyanın dayağı



Yüklə 6,61 Mb.
səhifə9/76
tarix01.01.2022
ölçüsü6,61 Mb.
#103872
1   ...   5   6   7   8   9   10   11   12   ...   76
Toğrul Bəy Səlcuqlu


1.5. Böyük fateh, din və dünyanın dayağı

Toğrul Bəy Səlcuqlu
Türk tarixinin unudulmaz böyük şəxsiyyətlərindən biri, Səlcuqlu İmperatorluğunun yaradıcısı Səlcuqlu Sultanı Toğrul Bəydir (1040-1063). Atası - Səlcuq Bəyin oğlu Mikayıl erkən öldüyündən dövlətin ilk qurucusu olan babası Səlcuq Bəy tərəfindən yetişdirilən Toğrul və Çağrı qardaşları dövründə Səlcuqlu Türkləri bir tərəfdən Qəznəlilərin, digər tərəfdən də Qaraxanlı və Oğuz Yabqularının basqısı ilə dağılmış, Cənd bölgəsini tərk edərək Xorasana doğru köç etməyə məcbur olmuşdular. Belə bir vaxtda Çağrı Bəy ətrafındakı Kınık boyundan olan Səlcuqlularla birgə Doğu Anadolu səfərinə çıxmış, Xorasan və Rey üzərindən Azərbaycana, oradan da Anadoluya, daha sonra isə gəldiyi yolla geri qayıdaraq qardaşı Toğrul Bəylə birləşmiş və beləliklə də bu iki qardaşın səyi nəticəsində Səlcuqluların gücü artmış, Xorasana doğru ikinci böyük Türk köçü başlamışdı. Türk boyları onların ətrafında sıx toplanmış, Qəznəli Sultan Mahmudun 1030-cu ildə ölümündən sonra Səlcuqluları durdura biləcək heç bir qüvvə qalmamışdı. Beləliklə, 1035-ci ildə digər Oğuz boyları ilə birlikdə Səlcuqlular Amu-Dəryadan Xorasan bölgəsinə keçərək oranı tamamilə hakimiyyətləri altına almış, 1038-ci ildə Qəznəliləri məğlub edərək öz müstəqilliklərini elan etmiş, Toğrul Bəy "Sultan" titulu qazanmışdı. Bu müstəqilliyi qəbul etməyən Qəznəlilər 1040-cı ildə Dandanakanda Səlcuqlularla qarşı-qarşıya gəlmiş, nəticədə Sultan Mahmud Qəznəlinin oğlu Məsud məğlub olmuş və beləliklə də müstəqil Səlcuqlu dövlətinin əsası qoyulmuşdu.

Daha sonra Səlcuqlular Toğrul Bəy öndərliyində Təbəristan, Gürcüstan, Xarəzm, Farsistan, Azərbaycan, İraq və Anadolunun bir çox bölgələrini, Çağrı Bəy Bəlx və Toxaristanı, İnanç Bəy Herat, Bust və Sistanı ələ keçirərək Səlcuqlu İmperatorluğunu gerçəkləşdirmiş oldular.

Toğrul Bəy Nişabur şəhərinə daxil olarkən şəhərin alim və irəli gələnlərini qəbul etmiş, "Divani-Məzalim"də oturaraq yerli xalqın istək və arzularını dinləmiş, yanında bulunan Nişabur qazisi Səidə: "Biz gəlməyik, Taciklərin qayda-qanunlarını bilmərik. Ona görə də bizdən nəsihət və yardımlarınızı əsirgəməyin" - deyərək yüksək insani və idarəedici vəsflərini göstərmişdi. Bu faktı bir çox müəlliflər öz əsərlərində qeyd etmişlər (Bax: Beyhaki, Tarixi-Məsudi, Tehran, hicri 1319-1332, səh. 652, 654; Osman Turan, Türk Cihan hakimiyeti mefkuresi tarihi, I cild, səh. 186 və s.).

Toğrul Bəy Qəznəlilər üzərindəki böyük qələbəsindən sonra ordusu ilə Həmədana girərkən dövrün məşhur övliyalarından biri olan Baba Tahir və Baba Cəfərlə qarşılaşmış, atından enərək onların əllərindən öpmüş, övliya Baba Tahir Toğrul Bəyə: "Ey Türk, Allahın xalqına nə etmək istəyirsən?" - deyə sormuş, Sultan da Şeyxə: "Nə əmr edərsən?" - cavabını vermiş, Baba Tahir də: "Həqiqətən də Allah ədalət və ehsan etməyi buyurur" ayəsini oxuyaraq "Tanrının əmrini yerinə yetir" - demiş, Toğrul Bəy də: "Elə edəcəyəm" - deyincə Baba Tahir Sultanın əlini tutmuş, öz barmağından çıxardığı üzüyü Toğrul Bəyin barmağına taxmış və: "Bunun kimi dünya ölkələrini sənin əlinə qoydum. Ədalətli ol!" - demiş, Toğrul Bəy də bu üzüyü daima uğurlu bir həmayil kimi daşımış və bütün savaşlarında barmağına taxmışdı" (Bax: Ravəndi, Rahat üs-südur, London, 1921, səh. 99).

Beləliklə, Tanrının Oğuz Xaqana və övladlarına İrkıl Xoca və ya Ulu Türk və Dədə Qorqud, Çingiz Xana Gökçə vasitəsilə necə dünya hakimiyyətini müjdələmişlərsə, Baba Tahir də İslam və dünya hakimiyyətini Allahın Toğrul Bəyə eləcə ehsan etdiyini müjdələmişdir.

Toğrul Bəyin 23 may 1040-cı ildə Dandanakan meydan savaşında Qəznəli ordularını məğlub etməsindən sonra qorxuya düşən Abbasi Xəlifəsi məşhur alim Mavərdini elçi sifəti ilə Toğrul Bəyin yanına göndərmiş və ona aşağıdakı məzmunda bir məktub göndərmişdi. Xəlifə bu məktubunda yazmışdı ki: "Ey Toğrul Bəy Məhəmməd! Aldığın məmləkətlər sənə bəsdir, digər İslam ölkələrinə toxunma". Toğrul Bəy Xəlifəyə cavabında bildirmişdi ki: "Mənim millətim həddən artıq çoxdur və bu məmləkətlər ona kafi gəlmir. Doğru bildiyim hər şey üçün əlimdən gələni edirəm. Əgər xalqımın bir qismi acdırsa, mən nə etməliyəm?". Toğrul Bəyin əsas siyasəti Anadoluda yurd salmaq olmuşdur. Bu məqsədlə o, Araz vadisindən keçərək Anadoluya səfər etmiş, sonra paytaxt Reyə dönərkən: "Bu bölgələr (Anadolu nəzərdə tutulur - A.M.) zəngin və Bizanslılar da qadın kimi qorxaq insanlardır. Ona görə də buraları asanlıqla fəth edəcəyəm" - demiş və Xəlifəyə Yay və Ox Tuğralı bir məktub göndərərək özlərinin padşahzadə - yəni Oğuz Xaqan nəsli olduğunu və səltənətin özlərinə aid olduğunu bildirmiş və göstərmişdir ki: "Həzrəti Məhəmməd Peyğəmbərə (s) xidmət etməklə şərəf qazanmaq, təqdis edilmək, Həccə gedərək yolları açmaq, asiləri (Büveyhilər nəzərdə tutulur - A.M.) məhv etmək və Misir şaşqınları (Fatimilər nəzərdə tutulur - A.M.) ilə savaşmaq, Xəlifəni (Abbasi Xəlifəsi nəzərdə tutulur – A.M.) qurtarmaq arzusundayam". Doğrudan da, Səlcuqlu Sultanı Toğrul Bəy Abbasi Xəlifəsi tərəfindən Xilafətin mərkəzi Bağdada dəvət edilmiş, Toğrul Bəyin Bağdada öz müəzzəm ordusu ilə daxil olması böyük bir coşğu ilə qarşılanmış, çoxdan bəri bəklənən "Tanrı ordusu, İslamın qurtarıcıları Türklər" İslamın siyasi hamisinə çevrilmiş, Ulu Peyğəmbərin (s) Peyğəmbərcəsinə söylədiyi məşhur hədisi yerinə yetirilmiş, "Türklər Fərat çayı kənarına gəlmiş və Xilafət ölkələrinə hakim olmuşdular". Paytaxt Bağdada daxil olarkən Xəlifə tərəfindən yüksək səviyyədə qarşılanan Toğrul Bəy "Ən böyük fateh", "İslam İmperatorluğunun Naibi", "Doğunun və Batının hökmdarı", "Din və Dünyanın dayağı" elan edilmiş, nəslinə Peyğəmbərə duyduğu böyük sevgidən dolayı "Əbu Talib" ləqəbi verilmişdi" (Seçmələr bizimdir - A.M. Bax: İbn-əl-Əsir, Əl-Kamil fit-Tarix, IX cild, Beyrut 1965, səh. 634; Ər-Ravəndi, Rahat əs-Südur, London 1921, səh. 105; Sünəni - Əbu Davud, IV cild, Misir 1956, səh. 161; Kafesoğlu İ., Selçuklu tarihi, İstanbul, 1972, səh. 39; Prof.Dr.Zekeriya Kitapçı, Hz. Peyqamberin hadislerində Türk varlığı, İstanbul, 1989, səh. 160-165, 168-172; İbn əl-Əsir, Tarix əl-Atabəkiyyə əl-Mosul, IX cild, səh. 180; Osman Turan, göstərilən əsəri, səh. 189).

Toğrul Bəyin başçılığı ilə 1055-ci ildə Türklərin Xilafətin paytaxtı Bağdada kütləvi gəlişi ilə şəhərin siması dəyişmiş, Xilafətin bu qədim mərkəzi yavaş-yavaş Türkləşmiş, şəhərdə yeni bir canlılıq yaranmışdı. Səlcuqlu Sultanı Toğrul Bəy Bağdadın uyğun bir məhəlləsində öz iqamətgahı üçün bir saray tikdirmiş, onun ətrafında Oğuz Türkmən bəyləri və Səlcuqlu aristokratları üçün bir çox yeni köşklər, Türk ordusu üçün qışlaqlar inşa etdirmiş, möhtəşəm bir məscid tikdirmişdi. Toğrul Bəyin gördüyü möhtəşəm işlərə görə daha sonralar Bağdada hətta "Toğrul Bəy şəhəri" ("Mədinət-üt-Toğrul Bek") deyilmişdi. (Seçmələr bizimdir - A.M. Bax: Faruk Sumer, Oğuzlar, Ankara, 1972, səh. 197; Koymen M.A. Toğrul bey və zamanı, İstanbul 1976, səh. 76).

Toğrul Bəy adından belə bir deyim tarix kitablarında qırmızı xətlə yazılmışdır: "Özümə saray yapıb da yanında bir cami inşa etməsəm Allahdan utanaram".

Bağdadda 70 yaşında ikən Xəlifənin qızı ilə evlənən Toğrul Bəy bu toyda Türkcə şərqilər söyləyib rəqs etmiş, bu toy-düyünün xatirəsi olaraq bir medalyon hazırlatmış, medalyonun bir üzündə Xəlifənin adını, digər üzündə isə özünün qabartma şəklini və adını yazdırtmışdı (Bax: Osman Turan, Selçuklular tarihi, Ankara, 1965, səh. 93-95).

Toğrul Bəy İslam ad və ləqəblərini işlətməyə başlamış, dövlətdə "Yabqu" vəzifəsinin yerinə "Məlik" terminini işlətmiş, hökuməti İslam örnəklərinə görə təşkilatlandırmış, beləliklə Doğu Türk-İslam dövlətinin təməllərini atmışdı. Özünü bütün varlığı ilə İslam dininə bağlayan bu Səlcuqlu Sultanı qısa bir zamanda ayrı-ayrı ölkələrdə dağınıq halda yaşayan köçəri Türk tayfalarını toplayaraq möhtəşəm bir İmperatorluq yaratmış, müsəlman Türklərə yeni bir mədəniyyət qapısı, İslam dünyasına yeni bir qurtuluş və nizam yolu açmış, Türklərə yeni bir Cahan hakimiyyəti dövrü yaşatmışdır. Bu dövlətin təməllərini babası Səlcuq Bəy atmışdısa, ən böyük işi orta əsr mənbələrində "Zamanın Sahibi" kimi təsvir edilən, mənəvi keyfiyyətləri, Səlcuqlu Türklərini böyük səbr, təmkin və üstün qabiliyyətləri ilə İmperatorluq yaratmağa sövq etdirməyi bacaran Toğrul Bəy və qardaşı Çağrı Bəy görmüşdür (Seçmələr bizimdir - A.M. Bax: Merçil E., Müslüman Türk devletleri tarihi, İstanbul, 1985, səh. 54).

Toğrul Bəyi qəbilə başçılığından Türk-İslam Sultanlığı taxtına çıxaran ədaləti, mərhəməti, şəfqəti, səbri, ehtiyatı, xoş rəftarlığı kimi yüksək məziyyətləri ilə yanaşı, İslam dininə sədaqətlə bağlılığı olmuşdur. Qədim Göy Türk Xaqanları Göy Tanrıya necə inanırdılarsa, müsəlman Qaraxanlı hökmdarları kimi Toğrul Bəy də İslam dininin Allahına eləcə dərin bir iman və inamla bağlı olmuşdur. 1048-ci ildə Bizanslılara qarşı böyük "Həsən Qala" zəfərini qazanan Toğrul Bəy bağlanan müqaviləyə görə, Bizanslıları vergi verməyə məcbur etmiş, hələ VIII əsrdə Xəlifənin qardaşı Maslamanın xatirinə Konstantinopolda inşa edilən və artıq XI əsrdə dağılmaqda olan "Maslama məscidi"ni yenidən inşa etdirmiş və mehrabına Türk hakimiyyət simvolu olaraq özünün "Yay və Ox Tuğrasını" qoydurmuş, adına xütbə oxutdurmuşdu (Bax: Vasilyev A., Histoire de l` Empire Byzantine, Paris, 1931, I cild, səh. 714; Osman Turan, göstərilən əsəri, səh. 43-44).

Toğrul Bəy ümumiyyətlə bütün rəsmi sənədlərdə olduğu kimi göndərdiyi məktubların başında da Türk gələnəyinə uyğun olaraq "Yay və Ox" işarələri qoymuş, öz titullarını yazmış, adına çıxardığı paralar üzərində "Sultan" titulunu işlətmişdir.

1055-ci ildə Bağdada daxil olmaqla Böyük Səlcuqlu İmperatorluğunun əsasını qoyan Toğrul Bəy İslamiyyəti son anda məhv olmaqdan qurtarmış, onun əvvəlki şərəf və ləyaqətini özünə qaytarmış, Abbasi Xilafətinin daha 200 il mövcud olmasına nail olmuşdu. Toğrul Bəy özünəqədərki dövlətin feodal bünövrəsini dəyişdirmək və mərkəziyyətçi bir İmperatorluq yaratmaq üçün İmperatorluğa tabe olan ölkə məlikləri və boy bəyləri arasında hüquqi mövqe və dərəcələrinə görə bölgülər aparmış, bütün məlik və bəyləri özünə bağlamışdı. Təbiidir ki, feodal nizamdan mərkəziyyətçi dövlət sisteminə keçmək güclü zorluqlarla qarşılanmış, şiddətli müqavimətə və üsyanlara səbəb olmuş və zaman-zaman hətta İmperatorluğu təhlükə qarşısında qoymuşdu.

İmperatorluğun birliyi və qüdrəti yalnız böyük sultanlar (özü, Alparslan, Məlikşah və Sultan Səncər) sayəsində davam edə bilmişdi.

Toğrul Bəy Xorasandan başlayaraq Səlcuqlu İmperatorluğunu bir inqilabi əsaslara dayanaraq qurmuş, köçəriliyə dayanan dövlətdə nizam-intizam və qanun hakim olmuş, hürriyyət və ədalət hökm sürmüşdü. Bütün bunları İslam mənbələri ilə yanaşı o dövr xristian mənbələri də təsdiq edir. Hətta Bizans və digər xristian və müsəlman ölkələrini fəth edən Toğrul Bəy bu yabançı mənbələrdə belə yüksək ədalət və fəzilətləri ilə tanıdılmışdır. Belə ki, Böyük Səlcuqlu Sultanı Toğrul Bəyin hakimiyyəti dövründə yaşamış və bütün hadisələri öz gözü ilə görmüş dövrün məşhur alim və tarixçisi Əbülüla Əhməd bin Həsən (tarixi mənbələrdə İnb Hassul kimi tanınır - A.M.) öz əsərində Türklərin fəzilətlərindən, qəhrəmanlıq və cəsarətlərindən bəhs etmiş, Toğrul Bəydən danışarkən göstərmişdi ki: "Bu gün Türklərin Cahan sultanı, İslamın padişahı, ulu və uca Şahənşah, dinin dirəyi, müsəlmanların yardım bəklədiyi, Allahın dininin zinəti, Tanrı şəhərlərinin (Məkkə, Mədinə və Qüds nəzərdə tutulur - A.M.) Sultanı, Tanrının zəif qullarına yardım edən Toğrul Bəydir. Türklər yenə də bu Ulu Padişahın (Toğrul Bəy nəzərdə tutulur - A.M.) şəxsində Yer üzünü ədalətlə doldurmuş, ad-sanı Şərq və Qərbi tutmuş, mülk və cah-cəlal sahibi, hər müsəlmana itaəti gərəkli, bütün mömünlər tərəfindən gecə-gündüz onun müzəffər olması üçün dua edilən bir Sultan bulmuşlar" (Bax: İbn Hassul, Tadil ül-Ətrak, çevirəni Ş.Yaltkaya, Belleten N-13, Ankara, 1940, səh. 261).

Bu adil, İslam dininin zinəti sayılan Səlcuqlu Sultanı Toğrul Bəy 1063-cü ildə vəfat etmiş, Böyük Səlcuqlu İmperatorluğunun o dövrdəki paytaxtı Rey şəhərində dəfn edilmişdir. Tarixi mənbələr Toğrul Bəyin Rey şəhərində olan abidə türbəsinin - Gümbədi - Toğrul Bəy - yüz ildən sonra da ehtişamlı bir abidə kimi ziyarətgah olduğunu yazmışlar.

Toğrul Bəy 23 illik hakimiyyəti dövründə müəzzəm bir Türk İmperatorluğu qurmaqla yanaşı bir sıra əzəmətli camilər, xəstəxanalar, karvansaraylar, saray və köşklər tikdirmiş, Türk mədəniyyətinin çiçəklənməsində əvəzsiz xidmətlər göstərmiş, İslam dünyasının qurtarıcısı kimi şərəfli bir ad qazanmışdır.

Ruhu şad olsun!





Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin