Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)



Yüklə 2.29 Mb.
səhifə20/30
tarix12.08.2018
ölçüsü2.29 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

2.17. Böyük Türkçü «Milli Natiq»

Həmdullah Sübhü Tanrıövər
Türk tarixində milliyyətçi, ictimai-siyasi xadim, diplomat, yazıçı, şair, müəllim və «Milli Natiq» kimi tanman böyük Türkçü Həmdullah Sübhü Bəy 1885-ci ildə Istanbulda anadan olmuşdur.

Babası Əbdürrəhman Sami Paşa Osmanlı İmperatorluğunun ilk Maarif Naziri, atası Əbdüllətif Sübhü Paşa da dövlətin 6-cı Maarif Naziri olmuşlar. Ilk təhsilini Kısıklı, Altunizadə və Nümunei-tərəqqi məktəblərində alan Həmdullah bəy, Sultan II Əbdülhəmidin iradəsi ilə pulsuz və yaşayış yeri ilə təmin edilmiş Sultaniyə Məktəbində - Qalatasaray Lisəsində 1904-cü ildə orta təhsilini tamamlamış, 1905-ci ildə Reji idarəsində tərcüməçi kimi ilk görəvə başlamış, sonra müxtəlif məktəblərdə müəllimlik etmiş, Ayasofya Rüşdiyyəsində natiqlik sənəti və fransızcadan, Darülmüəllimdə ədəbiyyatdan, Istanbul Universitetində Türk - İslam sənətindən dərs demişdir.

1909-cu ildə Fəcri-Atiçilərə qoşulan Həmdullah Bəy 1911-ci ildə onlardan ayrılaraq Türk milliyyətçisi Ziya Göyalpın rəhbərlik etdiyi Gənc Qələmlər ətrafmda toplaşan Mili Ədəbiyyatçılar cərəyanına qoşulmuş, 1912-ci ildə milliyyətçilik cərəyanının lstanbuldakı mərkəzi olan Türk Ocağına daxil olmuş və sonradan müəyyən fasilələrlə (1912-1931; 1949-1959; 1961-1966-cı illərdə) 34 il bu Ocağın Başqanı olmuşdur.

1913-cü ildə Ədirnədəki Bolqar vəhşiliklərini dünyaya anlatmaq məqsədi ilə seçilən heyətin üzvü olan Həmdullah Bəy, daha sonra Istanbuldakı işğalçı qüvvələrə qarşı təşkil edilən etiraz mitinqlərində alovlu çıxışlar edərək güclü bir natiq olaraq tanınmış, Qurtuluş Savaşı dövründə «Milli Natiq», Cümhuriyyətin ilk illərində isə Türkiyə Böyük Millət Məclisində Millət vəkili kimi etdiyi coşğun nitqləri ilə «Cümhuriyyət Natiqi» kimi ad qazanmışdı.

Son Osmanlı Məclisi-Məbucanına 1920-ci ildə Antalyadan Millət vəkili seçilən Həmdullah Sübhü bəy, Millət vəkilliyi saxlanılmaq şərtilə, Mətbuat və İstihbarat Ümumi Müdiri vəzifəsinə təyin edilmiş, Məclisdə “Misaqi-Milli” (“Milli Pakt”) lehinə çıxışlar etmiş, Məclisi-Məbusanın işğal qüvvələri tərəfindən qapadılmasından sonra Türk Ocaqlarının üzvləri ilə birgə Milli Mücadiləyə-Istiqlal savaşına qatılmaq üçün Ankaraya gəlmiş, Milli Konqresin və Milli Türk partiyasının yaradılması və fəaliyyətində fəal iştirak etmişdi.

Türkiyə Böyük Millət Məclisinin ilk dönəmində məclisə İstanbuldan Millət vəkili seçilən Həmdullah Bəy ilk kabinədə Mili Təhsil Naziri olmuş, «Milli Marş» yarışmasına Mehmed Akif Ərsoy bəyin yanşmaya qatılmasına nail olmuş və ilk dəfə olaraq Məclis Kürsüsündən «lstiqlal Marşı»nı təsirli səsi ilə oxuyaraq Türkiyə Cümhuriyyətinin Himni olaraq qəbul edilməsində önəmli rol oynamışdı.

Türk ocaqlan başqanı Həmdullah Sübhü Bəy Milli Təhsil Naziri olduqdan sonra böyük Türkçü alim, Sorbon Universitetinin professoru, hüquqşünas Sədri Məqsudi Arsalı Türkiyəyə dəvət etmiş, onun Türkiyə vətəndaşı olmasını təmin etmişdi.

Birinci və İkinci Türkiyə Böyük Millət Məclisinə İstanbuldan Millət vəkili olaraq seçilən Həmdullah Bəy 1925-ci ildə ikinci dəfə Milli Eyitim Bakanı (Milli Təhsil Naziri) olmuşdu. Bu vəzifələri ilə yanaşı Türk Ocaqları Başqanlığını da icra edən Həmdullah Sübhü bəy dərnəyin mərkəzini İstanbuldan Ankaraya köçürmüş, yeni Türk dövlətinin mədəni yöndən təşkilatlanmasında, Türk mədəniyyətinin, dilinin, tarixinin, ədəbiyyatının araşdırılması və yayılmasında böyük rol oynamışdı. 278 şöbəsi, 32 min üzvü olan Türk Ocağı siyasi bir güc qazandığından İsmət İnönünün təkidli tələbi ilə 10 aprel 1931-ci ildə qapadıldıqdan sonra Ruminiyaya səfir olaraq göndərilən Həmdullah Sübhü Bəy burada 13 illik fəaliyyəti dövründə də Türkçülüyünü davam etdirmiş, Rumıniyadakı xristianlaşmış Qaqauz Türkləri ilə maraqlanmış, onlar üçün ibtidai məktəblər açdırmış, onların Türkiyəyə köçməsini təşkil etmiş, Rumuniyadakı Türk qəbristanlıqlarını bərpa etdirmişdi. Bütün II Dünya müharibəsi dövründə Rumuniyada diplomatik fəaliyyət göstərən Həmdullah Sübhü Bəy Rummya Sovet İttifaqının «Dəmir pərdə»si təsiri altına düşüncə Türkiyəyə dönmüşdü.

17 mart 1949-cu ildə Ocaqçıları toplayaraq Türk Ocağını yenidən bərpa edən Həmdullah Sübhü Tanrıövərin 18 mart 1949-cu ildə «Tan» qəzetində belə bir açıqlaması yer almışdı: «Bugün öncəki məslək arkadaşlarımızı aramızda görmək, bu irfan və insaniyyət Ocağının, yəni Türk Ocağının yenidən qurulmasına şahid olmaq bəxtiyarlığını duyuram».

Toplantıda iştirak edən Türk-Tatar Cümhuriyyətinin sabiq Cümhur rəisi Sədri Məqsudi Arsal, İspartalı Tevfiq Raqib Nurəddin, Dr. Fəxrəddin Kərim Gökay, Hıfzı Tefvik Gönənsoy sıra ilə söz alaraq Ocaqlar haqqındakı görüşlərini anlatmış, professor Sədri Məqsudinin təklifi ilə bir «Bəyannamə» hazırlanmasına qərar verilmiş və Ocağın yenidən qurulması üçün lazım gələn qanuni təşəbbüslərdə bulunmaq üzrə müvəqqəti bir İdarə Heyəti seçilmişdi. (Bax: Adile Ayda, Sadri Maksudi Arsal, Ankara 1991, səh. 220-221).

1946-cı ildə yenidən Türkiyə Böyük Millət Məclisinə İstanbuldan Millət vəkili seçilən Həmdullah Sübhü Bəy 1950 və 1954-cü il seçkilərində Demokrat Partiyasından, öncə Manisadan, sonra isə İstanbuldan Millət vəkili seçilmiş, 1957-ci il seçkilərində Hürriyyət Partiyasının namizədi kimi qatıldığı seçkidə seçilə bilməmişdi.

Həmdullah Sübhü Bəy Türk Ocağının orqanı olan «Türk Yurdu» dərgisinin məqsəd və vəzifəsini özünün «Başlanğıc» adlı yazısı ilə şərh edərək göstərmişdi ki, “Türk Yurdu” yeni Türkiyənin istinad etməyə möhtac olduğu fikirləri ilk nüsxəsindən canlandırmağa çalışmışdı. Bunun üçün “Türk Yurdu” Türk millətini geri çəkmək istəyən bütün irticalara qarşı həyati fikirlərin bir düşüncə vəzifəsi olaraq çap olunur. “Türk Yurdu” Türk Ocaqlarının mədəni və elmi fəaliyyətini təsbit edəcək Türk millətinin mədəni birliyinə çalışacaq, eyni zamanda, Qərb mədəniyyətini mənimsəyən və bütün qurtuluş çarələrini o mədəniyyətin bizə çatdırılmasında görənlərin, Türk mədəniyyətini Qərb mədəniyyətləri ailəsinə daxil edənlərin bir təlqin vasitəsidir (Seçmələr bizimdir – A.M. Bax. H.Süphi, Başlanğıc, Türk Yurdu Cəmiyyəti, №1, İstanbul, hicri 1340, səh. 1-2) Həmdullah Sübhü Bəyin bu açıqlaması Türk Ocaqlarının yayım orqanı olan «Türk Yurdu» dərgisinin hədəflərini göstərməsi baxımından böyük bir önəm daşımaqdadır.

1911-ci ildə yayın həyatına başlayan”Türk Yurdu” ilk sayında “Məqsəd və Məslək” başlıqlı tanıtma yazısında “Türklüyə xidmət etmək, Türklərə fayda vermək istəyirik. Məqsədimiz məhz budur” – deyərək Türkçülük hərəkatını həyatın hər yönündə tətbiq etməyə çalışmışdır. Ocakçılar dildə Türkçülüklə başlayıb ədəbiyyat, sənət, İqtisadiyyat və sosial həyata hakim olmağa başlamış, canlı, qudrətli, coşqun və inqilabçı bir fikir sahibləri kimi ortaya atılmışdılar.

Ziya Göyalpm «Türkləşmək, İslamlaşmaq, Müasirləşmək» şəklində xülasə etdiyi Türk millətçiliyini dövrün digər fikir adamlan kimi Həmdullah Sübhü Bəy də qəbul etmiş və ömrünün sonuna qədər bu ideyaya xidmət etmişdir. Həmdullah Sübhüyə görə “Müasirlik” məmləkətin içində bulunduğu şərtlərə və ehtiyaclara uyğun özunu yeniləməsidir.

Bu yolda mədəni dünyaya ayaq uydurması və teknoloji inkişafa yabançı qalmamasıdır. Müsirlik Türk dilini unutduran mədrəsələrin yerinə xalqı həyatla təmasa bağlayan elmlərin təcrübələrini Türk cocuğunun beyninə yerləşdirən, millət eşqini öyrədən yeni məfkurədir. (Bax: Həmdullah Sübhü, Xitabə, “Türk Yurdu” dərgisi, cild: 1, №6, İstanbul, hicri 1341, səh. 486)

İzmir şöbəsi Türk Ocaqları mənsublarının dəvəti ilə Əhməd Bəy Ağaoğlu, Köprülü Məhmet Fuad, Əli Canib, Aka Gündüz və Kazım Naimi Duru ilə birlikdə İzmirə gələn Həmdullah Sübhü Bəy Türkçülüyü gənclər arasında yaymış, “Türk sənət memarlığı” mövzusunda məruzə söyləmişdi. Türk Ocaqlarında söylədiyi “Xitabələri” toplayaraq “Dağ yolu” adı ilə 1928 və 1931-ci illərdə nəşr etdirmiş, müxtəlif məcmuə və qəzetlərdə çap etdirdiyi məqalələrini də toplayaraq 1929-cu ildə «Günəbaxan» adı ilə kitab şəklində nəşr etdirən Həmdullah Sübhü Bəy tarixdə gizli qalanTürkləri yaşayan Türklərə tanıtmaq və Türk gəncliyinə Türk millətinin hürriyyət və səadətini gur səslə söyləmişdir. Milli Natiq: “Biz Türklüyü açıq bir qəlblə sevirik. Fikir və sənət adamları yalnız bir şeydən qorxarlar: Unudulmaq və inkar edilməkdən. Onlar unudulmadıqlarını gördükləri vaxt məsud olurlar. Həyatda gözlədikləri mükafat da yalnız bundan ibarətdir”.

Milliyyətçiliyi bir fikir hərəkatı olaraq görən Həmdullah Sübhü Bəy Türk Ocağının milli hüdudlar xaricində heç bir fəaliyyəti qəbul etmədiyini və etməyəcəyini, Türk Ocağının ictimai və mədəni bir hərəkatı təmsil etdiyini, Ocaqların qurulduğu gündən etibarən milliyətçi, xalqşçı, müasirçi və inqilabçı bir fikir cərəyanının qaynağı olduğunu söyləmişdi.

Müəllifin “Türk Yurdu” dərgisində ayrı-ayrı illərdə “Ah anacığım”, “Allah keçən günlərə yetişdirsin”, “Tarix yollarından uzaqlaşarkən” kimi mənsur əsərləri, “Xoruz döyüşü”, “Dəlik kirəmit” kimi hekayələri, “Lübnan xatirələri”, “Hələb xatirələri” kimi xatirə əsərləri, “Çalışanların yurdu”, “Soferdən Beytura”, “Beyrut”, “Boğa dağları” kimi səyahətə dair əsərləri, Pierre Lotidən tərcümə etdiyi “Fatehdə gecə namazları” adlı əsərləri çap olunmuşdur.

Həmdullah Sübhü bəyin baş redaktorluğu ilə «Davul» adlı həftəlik əbədi dərgi yayınlanmışdı. Hicri 14 oktyabr 1324-cü ildən 14 may 1325-ci ilə qədər 24 sayı nəşr edilmiş bu dərgidə Həmdullah Sübhü «Ha-Sad, Münəqqid, Toplu-iynə, Sivrisinək, Keçi buynuzu» və s. Kimi təxəllüslərlə yazılar yazmış, “Vur Abalıya” adlı sütunda hər həftə dövrün şair, yazıçı, dövlət adamı və bu kimi ünlü şəxslərdən birini mövzu seçmiş, onları həcv etmişdir.

Səbihə Zəkəriyyə ilə M. Zəkəriyyənin birlikdə çıxardıqlan «Rəsmli ay» məcmuəsində «Bütləri yıxıyoruz» kampaniyasını təşkil edən Nazim Hikmət və Sədri Ətəmin ədəbi şəxsiyyətlər olan Əbdülhəqq Hamidə, Mehmed Emin Yurdaqula və Yaqub Qədri Qaraosmanoğluna qarşı apardıqları çirkin və siyasi oyunlara cavab olaraq 7 iyul 1929-cu il «lqdam» qəzetində Türk Ocaqları rəisi Həmdullah Sübhü Bəy «Bütlər necə yıxılır» başlıqlı yazısında göstərir ki, keçən gün Əbdülhəqq Hamidin bütünü qırmaq istədilər. Nə üçün? Türkə vətən verən Namiq Kamal kimi bir şair olduğu üçün. “Dünən Mehmed Emin Bəyi silməyə qalxışdılar. “Rəsimli Ay”ın səhifələrində Milliyyət Sairinin qırmızı mürəkkəblə dalğalanmış üzünü seyr etdim. Nə üçün? Türkə milliyyət verən bir şair olduğu üçün. Günlərdir Yaqub Qədrinin xəstə ciyərini satmağa çıxardılar, küçə-küçə, qapı-qapı dolaşdırırlar. Nə üçün? Çünki Yaqub Qədri Türk nəsrinin bənzəri olmayan bir sənətkardır. Bir dinin tikdiyi bütləri digər bir dinin mənsubları əgər müvəffəq olarlarsa, parça-parça edər, atarlar və yerinə öz dinlərinin bütlərini ucaldarlar. O halda yeni din hansıdır? Yəni vətən və millət dininin ucaltdığı bütləri qiranlar bunların yerinə hansı dinin bütlərini dikəcəklər, bunu bilmək lazımdır. “Bolşevik dininin bütlərini ! ” (Seçmələr bizimdir – A. M. Bax: Hamdullah Sübhü, Putlar nasıl yıkılır?, “İkdam” qəzeti, Ankara, 7 iyul 1929, səh. 61-65)

Həmdulluh Sübhü bəy mili dəyərləri yıxmaq istəyənlərin kommunistlər olduğunu çox açıq və sərt bir şəkildə «Qarşımızdakılar kimlərdir?» sualına belə cavab vermişdir: «Türk-rus dostluğunun pərdəsi arxasmda çox faciəli bir oyun cərəyan edir. Harada ruslann bir xarici işlər, ticarət təşkilatı varsa, orada para, təbliğat və gizli fəaliyyət vardır. Biz uğursuz bir cərəyanın məmləkətin hər bucağında izlərini və əkslərini gördüyümüz halda get-gedə təhlükəli olmağa başlayan bir dostluq xatiri üçün susur və susdururuq. Halbuki onlar susmurlar. Bir tərəfdən Rusiyada Türk ziyalılarını yox etməklə davam edir, digər tərəfdən də Türkiyənin Türk işçisini Sovet təşkilatının ən sadiq üzvü kimi mənimsəyir və qışqırdılar. Məmləkətin savaş günlərində torpaqlarımız istila altında ikən yurdun bütün gəncləri müharibə cəbhələrində qan tökərkən vəzifələrini yerinə yetirmək əvəzinə dövlət büdcəsindən fırıldaq yolu ilə aldıqları paralarla Bolşevik torpaqlarına qaçanlar, yəni əsgər və vətən qaçaqları hər qandan daha çox Türk qanına bulaşmış qırmızı loxma ilə bəslənənlər kimlərdir?». (Həmdullah Sübhü, göstərilən məqaləsi, səh.61-65)

Ziyalı-kəndli münasibətlərinə önəm verən Həmdullah Sübhü Bəy göstərir ki: «Türk kəndlisi millətimizin, irqimizin köküdür. Kəndli hər cür xidmətə və sayğıya layiqdir. Ziyalı kəndlinin ayağına getməli, kəndliyə siyasi bir düşüncə ilə yeni dövrü və inqilabı sevdirməlidir».

Sənətkar, idealist, milliyətçi və inqilabçı kimi dörd böyük şəxsiyyəti özündə cəmləşdirən Həmdullah Sübhü Bəyin istər “Dağ Yolu”, istərsə də “Günəbaxan” adlı nitqlərindən və məqalələrindən ibarət əsərlərində keçilməz böyük bir imtahandan keçən insanın zaman və məkan içindəki əsil təkamülündən, əxlaqi və fikri keyfiyyətlərindən bəhs edilir. Müəllif “Dağ Yolu” əsəri ilə sinəsində yanan milli məsələnin alovunu kəlimə-kəlimə ətrafına saçaraq insanlarda vətənə və millətə sevgi aşılayır. Əsər başdan-başa vətən və millət sevgisi ilə yoğrulmuşdur. Əsər yaşanan dövrün ən gözəl nümunəsi olduğu üçün gələcək nəslin bunları oxuyub bilmələri gərəkdir. Əsər bütöv bir millətin hiss, duyğu və arzularını dilə gətirir. Əsər bitib-tükənməyən bir millət sevgisinin xəzinəsidir.

Böyük Atatürk Həmdüllah Sübhünü: «Nitqlərini yalnız fikir deyil, eyni zamanda şer və musiqi olaraq dinlədiyim qardaşım» adlandırmışdır. Müəllif idealist bir ruhun həyəcanlarını, vəcdlərini əks etdirməklə Türk dünyagörüşünün yeni çalarlarını, Türk vətəninin füsünkar gözəlliklərini, Türk Cumhuriyyətinin möhtəşəm dastanını canlandırmış, topladığı nitqləri ilə onu dinləməyən gələcək nəsillərin ruhuna öz ruhunun iradəsini, öz milli Türk məfkurəsinin həyəcanlarını axıtmışdır.

Türk ədəbiyyatına «Xitabət» deyilən yeni bir ədəbi janr gətirən Həmdullah Sübhü Bəy bu janrı Türk gəncliyinə öz millətini tanıtmaq və sevdirmək eşqi ilə işlətmişdir.

Müəllifin «Günəbaxan» adlı məqalələr toplusu başdan-başa bir Vətən Kitabıdır. Əsərdə Vətən üçün yapılan xidmətləri bilən, milləti sevən bir ruh vardır ki, bu ruh şaşmayan, yanılmayan bir ehtirasla böyük ideala doğru yürüyən, “Türkçülük” idealı uğrunda bütün mənalı həyatını sərf edən, fərdlərə, mənsub olduğu millətə və bəşəriyyətə duyduğu sevgidən dolayı “Eşq Peyğəmbəri” (Sədri Məqsudi) adlandırılan Həmdullah Sübhü Bəy Tanrıövərin Ruhudur.

Ömrünün sonuna qədər Türk Ocaqları Mərkəzi Heyətinin Başqanı kimi fəaliyyət göstərən, I, II, III, VII, VIII, IX dönəm Türkiyə Böyük Millət Məclisində millət vəkili, 13 il Ruminiyada Türkiyə böyükelçisi, iki dəfə Türkiyə Maarif Naziri olan və bütün həyatını Türklərin yüksəlişinə həsr edən Həmdulluh Sübhü Bəy Tanrıövər 10 iyun 1966-cı ildə vəfat etmiş, Ədirnəqapı Mərkəzəfəndi məzarlığında dəfn edilmişdir.

Ruhu şad olsun ! Amin.




Nihal Atsız
2.18. Böyük Türk milliyətçisi Nihal Atsız
Qəhrəmanlıq nə yanlız bir yüksəliş deməkdir.

Nə də yıldızlar kimi parlayıb sönməməkdir.

Ölməzliyi düşünmək boşuna bir əməkdir.

Qəhrəmanlıq saldırıb bir daha dönməməkdir!
Sızlasa da könüllər düşənlərin yasından

Koşaraqdan getməli onların arxasından

Qəhrəmanlıq içərək acı ölüm tasından

İrəli atılmaq və sonra dönməməkdir!

(Nihat Atsız)


Türk milliyətçiliyinin 1200 illik bir tarixi var. Bilgə Xaqan və Bilgə Tonyukukla başlayan, Mahmud Kaşğarlı, Əlişir Nəvayi, Fəxrəddin Mübarəkşah, Karamanoğlu Mehmet Bəy, Əhməd Vafik Paşa, Süleyman Paşa, Şəmsəddin Sami Bəy, Nəcib Asim Bəy, Cəlal Nuri Bəy, İsmayıl Qaspıralı, Yusif Akçura, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp və Hüseyin Cavidlə davam etdirilən Türk milliyətçiliyi Nihal Atsızla zirvəyə yüksəlmişdir.

Böyük Türk millətçisi Nihal Atsız 1905-ci ildə İstanbulda anadan olmuş, yüksək təhsil almış, gənc yaşlarından çıxardığı “Atsız Dərgisi” ilə diqqətləri özünə çəkmişdi. 15 may 1931-ci ildən 1932-ci ilin sentyabrına qədər 17 sayı nəşr olunan bu dərgidə məşhur alimlər olan Fuad Köprülünün, Zəki Vəlidi Toğanın, Əbdülqadir İnanın da yazıları dərc edilmişdir. Bir Türkçü dərgi olan “Atsız Dərgisi” Türkiyə Cümhuriyyəti dövründə “Türkçülük hərəkatı”nın öncüllüyünü yapmış, Türk milliyətçiliyinə yeni çalar gətirmişdir. Dərgi çıxan dövürdə ədəbiyyat fakültəsində asistan olan Atsız dərginin 17-ci nömrəsində “Universitetin qara, daha doğrusu, bir sözlə, üz qızardacaq listəsi” adlı məqalə dərc etdirir. Bu məqalədən dolayı, Atsız universitetdən uzaqlaşdırılaraq Malatya orta məktəbinə Türkcə öyrətmən olaraq təyin edilir. Sonra Atsızı Ədirnə lisəsinə göndərirlər. Ədirnədə müəllimlik etdiyi dövürdə o, “Atsız Dərgisi”nin davamı olaraq “Orhun Dərgisi”ni çıxarmağa başlayır. Türkçülük ideyasını inkişaf etdirmək, Türk milliyətçiliyini gücləndirmək məqsədi ilə nəşr edilən “Orhun Dərgisi” cəmi 9 nömrə çıxmış, “Türk Tarixi Qurumu” tərəfindən hazırlanıb lisələrdə tədris olunan tarix dərsliklərindəki Türk tarixinin gerçəklərinə uymayan məsələləri sənədlərlə ortaya qoyduğundan, dövrün yönəticiləri tərəfindən xoş qarşılanmamış, dərgi qapadılmış və Atsız da işdən çıxarılaraq Nazirliyin əmrinə alınmışdı.

II Dünya müharibəsində qalib çıxan Sovet İttifaqı diktator Stalinin rəhbərliyi ilə Türkiyəyə basqını artırmış, Türkiyənin şərqində ermənilərin istəyi ilə torpaq, boğazlarda isə özünə haqq tələb etməyə başlamış, bütün bunlar da Türkiyənin yerli kommunistlərinin fəaliyyətini genişləndirmiş, dövlət yetkililəri solçuları dəstəkləyərək bütün milliyətçiləri şiddətli təqib etməyə və cəzalandırmağa başlamışdı. Belə bir dövürdə Nihal Atsız yenidən “Orhun Dərgisi” ni nəşr etdirməyə balamış, 1944-cü il mart nömrəsinin 15-ci sayında o dövrün Baş Naziri Şükrü Saracoğluna bir açıq məktub dərc etdirərək ölkədəki marksist və kommunistlərin Türkiyə milli maraqlarını zədələyən davranışlarına bir son verilməsi üçün uyarıda bulunmuş, daha sonra dərginin 1944-cü il aprel nömrəsində də Pərtöv Boratov, Səbahəddin Ali və Sədrəddin Cəlal Antel kimi marksistlərin millətin bölünməsinə çalışdıqlarnı faktlarla açıqlamış və dövrün Milli Eyitim Bakanı Həsən Ali Yücəli istefa verməyə dəvət etmişdi. Bu iki açıq məktub Türkiyə daxilində böyük əks-səda yaratmış, sevgi və simpatiya ilə qarşılanmış, Türk milliyətçilərinin yenidən toparlanmasına vəsilə olmuşdu. Nəticədə Atsızın Boğaziçi lisəsindəki ədəbiyyat müəllimliyinə son verilmiş, “Orhun Dərgisi” Bakanlar Kurulunun (Nazirlər Kabineti) qərar ilə qapadılmış, bütün bunlar da azmış kimi, marksist yazıçı Səbahəddin Ali qışqırdılaraq Atsız əleyhinə “həqarət” davası açılmışdır. Bu məhkəmə davası tarixdə “Səbahəddin Ali – Nihal Atsız ” davası ilə yanaşı, həm də “Kommunistlərə qarşı Türkçülük ” davası kimi ad qazanmışdı. 3 may 1944-cü ildə başlayan bu məhkəmə davası ölkəni təlatümə salmış, Atsızı müdafiə məqsədi ilə yurdun hər yerindən millətçi gənclər Ankaraya gəlmiş, iqtidara qarşı o zamana qədər görünməmiş böyük mitinqlər keçirilmiş, yüzlərlə adam həbs edilmiş, Türk milliyətçisi Türkiyə Cümhuriyyətində Kommunizm qarşısında böyük imtahan vermişdi. Məhkəmə Nihal Atsıza 6 aylıq cəza kəsmiş, cəza təcili olaraq yerinə yetirilmişdi. Məhz bu günü -3 May 1944 –cü ili Türk milliyətçiləri yenidən bir və bərabər olmanın işarəsi olaraq bayram elan etmişlər. “Türkçülük, Milliyətçilik Bayramı” olan 3 May bu gün də Türk milliyətçiləri tərəfindən bayram kimi qeyd edilir.

Bu hadisədən sonra Türkiyə Milli Şef İdarəsi milliyətçilərə qarşı hərəkətə keçmiş, xüsusilə 19 may 1944- cü il törənlərində Cumhurbaşkanı İsmət İnönünün milliyətçilərə qarşı sərt ittihamlarla çıxış etməsi, Nihal Atsız və arxadaşlarını vətənə xəyanətdə suçlaması, onlara qarşı sərt tədbirlər görülməsini söyləməsi gözlənilən hücumu gerçəkləşdirmiş, Nihal Atsız, Alparslan Türkeş və İsmət Tümtürk kimi şəxsiyyətlərlə yanaşı, 35-ə qədər seçkin vətən övladı həbs edilmiş, sorğulama bəhanəsi ilə şiddətli işkəncələrə məruz qalmışlar. Cümhurbaşkanı İsmət İnönünün bu nitqləri Türkiyə millətçilik tarixində bir qara ləkə kimi qalacaq. Vətənlərini, millətlərini sevməkdən, Sovet Rusiyasında gəlməkdə olan böyük təhlükəyə diqqəti çəkməkdən başqa heç bir suçu olmayan bu seçkin insanların Türkiyə adı daşıyan məmləkətdə həbs edilib işkəncəyə məruz qalmaları, ölkənin başçısı tərəfindən vətənə xəyanətdə suçlanmaları utancverici bir hadisədir.

Nəhayət, 1950-ci ildə Türkiyədə tək partiya, tək hakimiyyət dövrü sona ermiş, çoxpartiyalı sistem yaranmış, Demokrat Partiyası Adnan Menderesin rəhbərliyi ilə iqtidara gəlmiş, sərt davranışlar yerini dözümlülük və sevgiyə tərk etmiş, fikri çalışmalar sürətlənmiş, “Türk Kültür Dərnəyi”, “Türk Milliyətçilər Dərnəyi”, “Türk Ocağı” kimi Türk mədəniyyətinə, Türk ədəbiyyatına, Türk tarixinə, Türk dilinə xidmət edən təşkilatlar yaradılmış, milli şüurun yenidən canlanmasında önəmli rol oynamışlar. Türkiyə yenidən 60-cı illərdə böyük sarsıntılar keçirmiş, 1965-ci ildən başlayaraq sovetlərin təhriki ilə ölkənin şərq və cənub-şərq bölgəsində bölücü və yıxıcı fəaliyyətlər yenidən başlamış, ciddi boyutlara ulaşmışdı. Belə bir vəziyyətdə Nihal Atsız yenidən açıq mübarizəyə başlayaraq nəşr etdirdiyi “Ötükən Dərgisi”ndə bu bölücü hərəkata qarşı silsilə yazılar dərc etdirmişdir. Bu silsilə yazılarını “Konuşmalar: 1-2-3”, “Bağımsız Kürd dövləti propaqandası”, “ Doğu mitinqlərinin pərdə arxası”, “Satılmışlar”, “Moskva uşaqları” və s. kimi başlıqlarla dərc etdirən Nihal Atsız marksistlərin, Rusiya yönlülərin doğu və güney-doğudakı fəaliyyətləri haqqındakı görüşlərini açıqlamış və yenə də 1 il 5 ay müddətinə həbs cəzasına məhkum edilmişdi. 60 illik çiləli və mücadiləli həyatı bu böyük Türk mücahidini yormuş, yıpratmışdır. Bir çox elm adamı, yazıçı və gənclik dərnəkləri təmsilçiləri dövrün Cümhurbaşkanı Fəxri Qorutürkə müraciət edərək Atsızın əfv edilməsini xahiş etmişlər. Atsız heç bir suç işləmədiyinə görə əfv diləməmiş, lakin Cümhurbaşkanı Fəxri Qorutürk öz səlahiyyətindən istifadə edərək Atsızın cəzasını əfv etmişdir. Ömrünün qalan 10 ilini Atsız elmi çalışmalara sərf etmiş, sakit bir həyat keçirmişdir.

XX əsr Türk milliyətçiliyinin öndərlərindən olan Nihat Atsız həm də Türk dili və tarixini mükəmməl bilən bir Türkoloq, bir öyrətmən, bir yazıçı və bir şairdir. Türklərin Göy Türk dövrünü özünün məşhur “Bozqurdların ölümü”, “Bozqurdlar diriliyor” və “Ruh adamı” adlı tarixi romanları ilə əbədiləşdirmiş, ən qədim çağlardan başlayaraq Səlcuqluların son dövrünə qədərki dövrü əks etdirən və 1943- cü ildə çap etdirdiyi “Türk ədəbiyyatı tarixi ”adlı əsəri ilə Türk bədii təfəkkürünü şərh etmiş, şeirlərində “Ülkü” (İdeal) mövzusunu ön plana çıxarmış, məqalələrində dövrünün ictimai-siyasi proseslərini əks etdirmiş, bütün yaradıcılığında Türkçülüyü və Turançılığı təbliğ etmiş, özündən sonra Türklük şüuruna sahib Türk millətçilərindən ibarət böyük bir “ordu” qoyub getmişdir. Türk milliyətçilik tarixinin ölməz simalarından olan Nihal Atsız 11 dekabr 1975-ci ildə 70 yaşında İstanbulda vəfat etmişdir. Ruhu şad olsun!

Nihal Atsıza görə, “Ülkü, ilk öncə insanların qəlbinin dərinliklərində doğulur, sonra dastanlaşaraq şüura keçir, böyük mütəxəssislər tərəfindən açıqlanır. Daha sonra böyük qəhrəmanlar onu gerçəkləşdirmək üçün böyük həmlələr yapar. Bu həmlələr sırasında da ülkülü millətlər qəhrəmanlarının ardından könül istəyi ilə koşar. Bütün uğraşmalar arasında da o millət yürüyər, öncə mənən, sonra maddi cəhətdən irəliləyər, olqunlaşaraq yetkin hala gələr... Milli ülkülərdə azdan çoxa doğru üç dönəm vardır: bağımsızlıq, birlik və fəthlər”.

Türklər üçün savaşı “toy-bayram”, qələmi,fırçanı “oyuncaq” sayan Nihal Atsız sonda belə bir fikir irəli sürür ki, “Şah əsərlər süngülərlə yazılır ancaq!”

Atsıza görə, “Türkçü, Türk irqinin üstünlüyünə inanan kimsədir. Türkü zəfərdən zəfərə ulaşdıran fəzilətlərin hamısı Türkün qanında, ruhundadır. Bu fəzilətlər Türkün daxilində gizli bir şəkildə yaşamaqda, fürsət və imkan aramaqdadır. Türkçü, sərt yaşamaqdan xoşlanar və ən böyük sərtliyi də göstərər. Türkçü, təvəzökar olmağa məcburdur, etdiklərinin təqdir edilməsini gözləməz. Çünkü təqdir bəkləmək bir xudbinlikdir. Türkçü, millətinə bir xidmət edərkən onu bəyənilmək üçün deyil, vəzifə bildiyi üçün yapar . Türkçülük yüksəlmək üçün deyil, yüksəltmək üçündür. Topluluqlar fədakar fərdlərin çoxluğu sayəsində yüksələr. Türkçülük bir fikir, bir ideya olduğu qədər bir inancdır. İnanc olduğu üçün də mübahisəsiz olaraq qəbul olunmalıdır. Türkçü, heç şübhəsiz, Türkdən olar”.


Başbuğ Alparslan Türkeş



Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə