YUXARİDAKİ ALTİ HƏDİSƏ BİR BAXİŞ
Ümmü Sələmədən və Ayişədən nəql olunan altı hədisin arasında çox da mühüm fərq, məna ixtilafı yoxdur və hamısı eyni mənanı ifadə edir. "Təthir" ayəsi Ümmü Sələmənin istirahət otağında nazil olmuşdur. Ayə nazil olan vaxt Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam) həmin otaqda olmuşdur. Onların da yanında Ümmü Sələmədən başqa yad bir adam olmamışdır. O, etiraf edib deyir ki, mən də o otaqda, onların yanında idim. Bu ayənin mənə də aid olmasını çox istəyirdim. Amma Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu ayənin mənə aid olmamasını deyəndən sonra, məni məyus etdi və ədəbli şəkildə məni uzaqlaşdırdı.
Əlbəttə, altı hədis içərisində birinci hədislə ikinci hədisin məzmununda azacıq fərq görünür. Lakin bu fərqin bizim müddəamıza çox da zərəri yoxdur. Hər iki hədis "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasını və ayə nazil olan vaxtda yalnız qeyd etdiyimiz şəxsiyyətlərin orada iştirak etməsini təsdiq edir.
Dördüncü hədisi Əbu Səid Peyğəmbərdən nəql edir. Güclü ehtimala görə bu hədis eyniylə onun Ümmü Sələmədən nəql etdiyi üçüncü hədisdir. Sadəcə olaraq onda Əbu Səidin adı qeyd olunmayıb. Əgər Əbu Səid Peyğəmbərin özündən nəql etmiş olsa da, yenə həmin məzmun öz yerindədir, yəni "Təthir" ayəsi Peyğəmbər, onun əziz kürəkəni, qızı və nəvələri barəsində nazil olmuşdur.
Beşinci hədisdə də Ayişə etiraf edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Təthir" ayəsini Əli, Fatimə, Həsən və Hüseynin haqqında tilavət etdi. Amma Ayişə bu hadisəni tam dəqiqliklə aydınlaşdırmır, bu ayənin harada nazil olduğunu, o beş nəfərin Peyğəmbərin zövcələrindən hansının evində bir yerə yığışdığını demir. Əgər "Təthir" ayəsi Ayişənin evində nazil olsaydı, Peyğəmbərin bu cavan zövcəsi əvvəldən axıra qədər hadisənin necə baş verdiyini deyər, heç nəyi gizlətməz və bu fəziləti hamının üzünə çəkərdi. Bunun özü də, "Təthir" ayəsinin Ümmü Sələmənin evində nazil olmasına canlı şahiddir. Lakin rəqabət bunu bəyan etməyi Ayişəyə icazə verməmişdir.
Altıncı hədis ona görə nəql olunur ki, Peyğəmbərin cavan zövcəsi Ayişə "Təthir" ayəsinin bəyan etdiyi "Əhli-beyt"dən məqsədin məhz həmin beş nəfər olduğunu etiraf edir. Həmçinin Ayişə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in ona "Sən Əhli-beytən deyilsən"-deyə buyurduğunu da şəxsən etiraf edir. Bu da göstərir ki, Ayişənin o Həzrətin zövcəsi olmasına baxmayaraq "Təthir" ayəsindəki Əhli-beyt(əleyhimussalam) ona şamil deyil və Allah-Taalanın xususi inayəti, lütfü ona nəsib olmamışdır.
Dostları ilə paylaş: |