BEŞİNCİ MƏSƏLƏNİN TƏHQİQİ
Dördüncü məsələ "Təthir" ayəsində Əhli-beytin hansı mənanı ifadə etməklə əlaqədar idi: görəsən bütün qiblə əhli, yəni müsəlmanların hamısı Əhli-beytdəndirmi və "əl-beyt" (ev) kəlməsindən məqsəd müqəddəs Kəbə evidirmi? Yoxsa Əhli-beyt(əleyhimussalam) Peyğəmbərə ən yaxın olan adamlardır? Və ya Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -lə qohumluğu olan, onunla bir evdə yaşayan hər kəs Əhli-beytdən hesab olunur? Sonuncu fərzə görə Peyğəmbərin bütün zövcələri və övladları, həmçinin İmam Əliyyibni Əbitalib Əhli-beyt(əleyhimussalam) ünvanına daxildir.
Həmçinin görəsən Əhli-beytin mənası ürfdə (camaat arasında) işlənən mənaya malikdirmi? Yəni Əhli-beyt dedikdə, bir kişinin əhli-əyalı nəzərdə tutulur və bu fərzdə yalnız Peyğəmbərin zövcələri Əhli-beytdən hesab olunur? Və...
Bu kimi sualları böyük təfsirçilər irəli çəkirlər. Lakin onların çoxu "Təthir" ayəsindəki Əhli-beytin həqiqi mənası ilə uyğun gəlmir.
"Əhləl-beyt" kəlməsi müşir (işarə edici) bir ünvandır və baş vermiş bir hadisəni xatırladır. Başqa sözlə desək, "əl-beyt" kəlməsi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin birinin evinə işarədir. "Beyt" kəlməsinin əvvəlindəki "əlif-lam" da həmin evi müəyyənləşdirir56. Əhli-beyt(əleyhimussalam) də müəyyən olunmuş evdə (rəvayətlərə əsasən, Ümmü Sələmənin evində) təyin olunmuş bir gündə bir yerə yığışan şəxslərdir ki, "Təthir" ayəsi də onların haqqında nazil olmuşdu. Məlum olduğu kimi bu ayənin məzmunu Əhli-beytin fəzilətini sübut edir. Qurani-Kərim həmin beş nəfəri "Əhli-beyt" ünvanı ilə xatırladır. Deməli, Əhli-beyt, Ümmü Sələmənin evində bir yerə yığışmış beş nəfərdən ibarətdir.
"Təthir" ayəsinin nazil olduğu ilk vaxtlarda "Əhli-beyt" kəlməsi yalnız işarə xarakterli bir məna daşıyırdı. Lakin zaman keçdikcə xüsusi məna kəsb etdi və Ümmü Sələmənin evində yığışan beş nəfər üçün xüsusi bir ünvan rolunu oynadı.
Bütün ehtimal və nəzəriyyələrin içində indi qeyd etdiklərimiz həqiqətə daha uyğundur. Bunun daha da aydınlaşması üçün əlavə izah lazımdır.
Dostları ilə paylaş: |