ALUSİ İLƏ SÖHBƏT
Bağdadın müftisi Şəhabuddin Mahmud Alusi Bağdadi (h.q tarixi ilə 1270-ci ildə vəfat etmişdir) "Təthir" ayəsindəki iradənin təkvini iradə olmasını qəbul etməsinə baxmayaraq, bir sual irəli çəkir, amma sualın cavabını verə bilmədiyinə görə onu cavabsız qoyur. O deyir ki, alimlərdən bəzisi iddia edir ki, "Təthir" ayəsindəki iradə təkvini ola bilməz. Çünki Allah-Taalanın təkvini iradəsində iradə olunmuş şey qəhri və məcburi surətdə həyata keçməlidir, Allah-Taalanın iradə etdiyi işin həyata keçməməsi qeyri-mümkündür. Buna görə də Əhli-beytin (əleyhissalam) çirkinliklərdən uzaq olması onların özlərindən asılı deyil. Onda "Təthir" ayəsi nazil olandan sonra, Peyğəmbərin dua edərək Allahdan Əhli-beytin paklığını istəməsinin nə mənası vardır? Nə üçün Peyğəmbər
اللّهُمَّ هؤُلاَءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ...
"Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir. Bunları çirkinlikdən uzaq et!"-deyə, dua edir?
Əgər iradə təkvinidirsə, onda nə üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) gerçəkləşmiş bir işi (Əhli-beytin paklı-ğını) Allahdan istəyir? Həyata keçmiş olan bir işin yenidən həyata keçməsini Allahdan istəməyin nə mənası vardır? Digər tərəfdən də Peyğəmbərin duasının tamamilə yerində olmasına yəqinimiz vardır. Deməli, "Təthir" ayəsindəki iradə təkvini deyildir.
Alusinin Cavabİ
Peyğəmbərin dua etməsi yalnız Əhli-beyti camaat içində tanıtdırmaq üçündür. Həzrət dua edir ki, insan-lar Əhli-beytin (əleyhissalam) kimdən ibarət olduğunu, Allah-Taalanın kimlərin çirkinlikdən uzaq olmasını iradə etməsini başa düşsünlər. İradə təşrii olarsa, Peyğəmbərin duası barədə yenə həmin sual qarşıya çıxacaqdır, çünki Allahın Əhli-beytə əmr və nəhy edib, sonradan nəhyin ağır əsərini onlardan uzaqlaşdırması mənasız bir iş olacaqdır. Məgər ayədəki əmr və nəhy onlara şamil deyildimi ki, Həzrət Əhli-beytə də şamil olmasını istəsin? Deməli, iradə təşrii deyil, təkvinidir.
"Ruhul-məani" kitabının müəllifi Alusinin təfsi-rini mülahizə etməklə sünnülərin arasında çox savadlı və təhqiqatçı alim olması məlum olur. Amma bəzi vaxtlar yersiz təəssüblər onu düz yoldan və haqdan uzaqlaşdırır. O, "Təthir" ayəsindəki iradənin təkvini olmasını, habelə Əhli-beytin Həzrət Əli, Fatimə və onun iki oğlu (Həsən və Hüseyn) olmasını sübut etməklə eyni zamanda, o ayənin məzmunu ilə bu beş nəfərin təkcə məsum (günahsız) olmasını sübut edir. Elə bu məsələ Alusi kimiləri çox narahat edib iztiraba salır. Alusi ruhi narahatlığa, iztiraba düçar olduğundan nəticə almadan təhqiqatı natamam qoyur, ayəni ("Təthir" ayəsini) bir cür məna etməklə Ali-əbanın məsum olmasını üst-basdır etməyə çalışır.
Alusinin dediyi sözlərin xülasəsi belədir:
"Təthir" ayəsi əvvəldə bəyan olunmuş ayələrin səbəbi-dir. Yəni Allah-Taala iradə edir ki, hər növ aludə-liyi, çirkinliyi Peyğəmbərin ev əhlinin hamısından uzaq edib, onları paklıqla zinətləndirsin, onlar nəf-sani istəklərə bulaşmasınlar, yadlarla qaynayıb-qarış-masınlar, Allahın Rəsuluna itaət etsinlər, Allah dərgahında təqvalı, xalis bəndə olsunlar. Bu məqsədlə onlar üçün əmr və nəhydən ibarət olan bir sıra qanun-lar çıxarmışdır. Buna görə Əhli-beytə olunan əmr və nəhy onları imtahan etmək üçün deyil, bəzi fəzilətlərə çatmaq üçündür. Bunu nəzərə alsaq, bir şərt mənası çıxar, yəni əgər Əhli-beyt Allahın əmrlərinə itaət etsə, qadağan etdiyi şeyərdən çəkinsə çirkinlikləri aradan gedər və paklığa nail ola bilərlər.
Allah buyurur ki, Biz iradə etdik ki, su susuzluğu aradan qaldırsın. Məlumdur ki, suyu iradə etmək tək-likdə susuzluğu aradan qaldırmır: gərək su da içəsən. Əgər su içməsən susuzluq heç vaxt aradan qalxmaz.
Allah-Taala da Əhli-beytdən çirkinlikləri aradan aparmağı iradə edir, bu şərtlə ki, onlar aludəliyi aradan aparıb paklıq icad edən əmr və nəhylərə tabe olsunlar. Deməli, çirkinlik öz-özünə aradan getmir və Allahın iradəsi Əhli-beytin çirkinlikdən uzaq olması ilə əlaqədar deyildir. Əksinə, Əhli-beytin özünün əmrlərə tabe olub nəhy olunmuş şeylərdən çəkinmələri ilə şərtlənir.
Alusinin sözlərinə əsasən fəzilət və ismət (paklıq) məqamına çatmaq Əhli-beytin öz ixtiyarındadır: əgər Allaha itaət etsələr, bu məqama çata bilərlər, əks halda isə həmin məqama çata bilməyəcək və adi camaatla eyni səviyyədə olacaqlar. Deməli, "Təthir" ayəsində Allah-Taalanın iradəsi Əhli-beytin məsum olmasına dəlalət etmir. Əksinə, hər bir kamala çatmaq Əhli-beytin özündən aslıdır. (Bu mətləblər Alusinin dediyi sözlərin xülasəsi idi.)
ALUSİYƏ VERİLƏN CAVABİN XÜLASƏSİ
1-Alusi "Təthir" ayəsindəki iradəni təkvini hesab edir, amma onu Allahın əmr və nəhyləri ilə şərt-ləndirir. Bu da onun etiraf etdiyi sözdən daşınması deməkdir. Başqa sözlə desək, təkvini iradə ilə itaət arasındakı qarşılıqlı asılılıq təkvini iradəni etiraf etməyi danmaq və ayədəki iradənin təşrii olmasını təsdiq etmək deməkdir. Çünki təkvini iradənin Allaha itaətlə şərtləndirilməsinin mənası budur ki, Allah sizə əmr və nəhy etmişdir, iradəsi də budur ki, onlara itaət edəcəyiniz təqdirdə çirkinliyi sizdən uzaqlaşdıracaq. Elə bil ki, Allah-Taala sizin namaz qılmağınızı iradə edir, əgər namaz qılsanız sizi heyvani dərəcədən ali insani məqama çatdıracaq.
اَلصلواة مِعْراَجُ الْمْؤْمِنِ "Namaz möminin meracıdır."
Deməli, Allah-Taala əmr və nəhyi iradə edir ki, siz çirkinlikdən uzaqlaşasınız, eləcə də namaz qılmağı iradə edir ki, mömin insan yüksək mənəvi məqama çatsın. زörəsən, bunların mənası təşrii iradədən başqa bir şeydirmi? Buna görə də təkvini iradə ilə itaətin arasındakı qarşılıqlı asılılığın mənası təkvini iradədən daşınmaqla bərabərdir.
2-Təkrar demişik ki, ayələrin içində "Təthir" ayəsi mötərizə cümləsidir, bu da "Təthir" ayəsinin başqa ayələrlə fərqli olması deməkdir. Qeyd etdik ki, bu cür danışıq üslubu Qurani-Kərimdə çoxdur və özü də eynilə fəsahətdir. Buna əsasən, "Təthir" ayəsi başqa ayələrdəki əmr və nəhylərin şərti və ya səbəbi ola bilməz. Əgər Alusi "Təthir" ayəsi sair ayələrdən ayrıdırsa, onun burada yerləşdirilməsinin nə münasibəti vardır?"- deyə, soruşsa, onun cavabı əvvəldə bəyan olunduğu kimidir və bir daha təkrar etməyə ehtiyac yoxdur. Çünki bu şərif ayə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qohumlarını iki dəstəyə ayırır və yarana biləcək bədbinliklərin qarşısını almaq üçün Əhli-beyti (5 nəfəri) onlardan istisna edərək, "Təthir" ayəsini həmin yerdə yerləşdirir.
3-Əgər Alusinin dediyi "Əhli-beyt Allahın əmr və nəhylərinə itaət etsələr, onda Allah çirkinliyi onlardan uzaq edəcək" sözünü qəbul etsək, onda etiraf etməliyik ki, "Təthir" ayəsi Əhli-beyt(əleyhimussalam) üçün heç bir üstünlük, fəzilət və məqamı sübut etmir. Çünki bütün müsəlmanlar Allahın əmrlərinə itaət etsələr, həmin inayət (çirkinlikdən uzaqlaşmaq) onlar üçün də olacaq. Məgər hər hansı bir müsəlmanın təqvalı olub, Peyğəmbərin göstərişlərinə əməl etdiyi, pis əməllərə mürtəkib olmadığı halda ilahi lütfə çatmaması mümkün ola bilərmi?
Məgər iddia etmək olarmı ki, yalnız Əhli-beyt(əleyhimussalam) bu cür olacağı təqdirdə paklanacaqlar, amma başqaları yox? Bu, ayrı-seçkilikdən başqa bir şeydirmi? Bunlar təsdiq edir ki, Əhli-beytə verilən üstünlük mənasız deyildir. Kim deyə bilər ki, İslamın hökmlərini icra edən hər kəs səadətə çatmaz?
Alusi deyə bilər ki, Əhli-beytin imtiyazları Allah-Taalanın onların layiqli əməllərinin tez qəbul olun-masına inayət etməsindədir və "Təthir" ayəsi onları, əməllərinin daha tez qəbul olunmasına ümidvar edir. Bu halda biz ondan soruşuruq ki, bu iddianı "Təthir" ayəsinin harasından başa düşürsən? Real bir həqiqəti ört-basdır etmək üçün yersiz iddialara, şayiələrə əl atmalısanmı? Əməllərin qəbul olunması, onlara daha çox ümidvar olmaq hara, çirkinliklərdən uzaq olmaq, paklaşmaq hara! Görəsən onun məqsədi "Təthir" ayəsi-nin əsl mənasını başa düşməkdir, yoxsa öz nəzərini "Təthir" ayəsinə qəbul etdirmək?
Müfəssir Quranın göstərişlərinə uyğun əməl etməli, onu öz fikir və əqidələrinə hakim etməli, öz şəxsi fikirlərini heç vaxt Müqəddəs Kitaba qəbul etdirmə-məli və zorla öz ideyasını ayələrlə uyğunlaşdırmama-lıdır. Bu, mühüm əhəmiyyət kəsb edən bir məsələdir və Quranın ali məqsədlərini dərk etməkdə böyük rol ifa edir.
Keçən bəhsləri nəzərə almaqla "Təthir" ayəsindəki iradənin Allahın təkvini və əzəli iradəsi olduğunu görərik. Bu da Allah tərəfindən Əhli-beytə olan məxsus inayətdir. Çünki Allah-Taala Əhli-beyti Peyğəmbərdən sonra müsəlmanların rəhbərliyi üçün hazırlayıb. Bu mənanın da şərif ayə ilə heç bir ziddiyyəti yoxdur. "Salam olsun həqiqəti qəbul edənlərə!"
Dostları ilə paylaş: |