Ayətullah Seyid Əli Xamenei


Yeddinci fəsil: Zeynəbi-Kübranın və Kərbəla elçilərinin hərəkəti



Yüklə 1,14 Mb.
səhifə19/40
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#109515
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Yeddinci fəsil: Zeynəbi-Kübranın və Kərbəla elçilərinin hərəkəti

Zeynəbi-Kübra qəhrəmanlığı


Zeynəbi-Kübra böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbutalibin (ə) qızı, yaxud Hüseynin (ə) və Həsənin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra kimi birisi hanı?! Zeynəbi-Kübranın dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan möhtəşəm insani və dini mövqeyinə, hərəkətinə görədir. Onun işi, qərarı və hərəkət tərzi onu belə böyütdü. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, böyüyər. Bu böyüklüyün əsas səbəbi odur ki, əvvəla, mövqeyi tanıdı; həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarını, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələr mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun seçim etdi. Və bu seçimlər Zeynəbi yetişdirdi.

Kərbəlaya doğru hərəkətdən qabaq İbn Abbas, İbn Cəfər və erkən İslam çağının elm, şücaət və ağalıq iddiasında olan bəzi məşhur şəxsiyyətləri çaşıb qaldılar, nə iş görməli olduqlarını anlamadılar. Zeynəbi-Kübra isə çaşmadı, anladı ki, bu yolu getməli, öz imamını tənha qoymamalıdır və getdi. O bu işin çətinliyini anlayır, digərlərindən daha yaxşı hiss edirdi. O bir qadın idi – üzərinə düşən vəzifədən ötrü həyat yoldaşından və ailəsindən ayrılan bir qadın. Məhz buna görə özünün azyaşlı uşaqlarını da özü ilə apardı. O, hadisənin necə olacağını duyurdu. Ən güclü insanların nə etməli olduqlarını dərk etmədikləri gərgin saatlarda o anladı, öz imamına dayaq oldu, onu şəhid olmaq üçün hazırladı. Hüseyn ibn Əlinin (ə) şəhidliyindən sonra da dünya zülmətə qərq oldu. Ürəklər, canlar, dünyanın üfüqləri qaraldı. Bu böyük qadın isə o zaman bir nur olub parladı. Zeynəb elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərdilər.

Zeynəb olmasaydı, Kərbəla hadisəsi tarixi Kərbəla ola bilməzdi; Zeynəb olmasaydı, Aşura unudulmaz tarixi hadisəyə çevrilməzdi. Bu hadisənin əvvəlindən sonuna qədər Əli (ə) qızının rolu elə əhəmiyyətli və böyükdür ki, insan onun qadın və Əli (ə) qızı formasında ikinci bir Hüseyn olduğunu düşünür. Həm də Zeynəb olmasaydı, Aşuradan sonra nə baş verərdi? Bəlkə İmam Səccad (ə) da öldürülərdi və İmam Hüseynin (ə) sözü heç kimə çatmazdı. İmam Hüseynin (ə) şəhadətindən öncə Zeynəb sadiq bir dost kimi idi, imam onunla birgə olanda yalqızlıq və yorğunluq hiss etmirdi. İnsan Zeynəbin simasında, söz və hərəkətlərində belə bir rol müşahidə edir.

Zeynəb iki dəfə iztirab keçirdi və bunu İmam Hüseynə (ə) dedi. Bir dəfə dayandıqları mənzillərin birində cənab Müslimin şəhadət xəbərindən sonra İmam Hüseyn (ə) bəzi sözlər dedi və müxtəlif xəbərlər verdi. Həzrət Zeynəb hər halda həssas və zərif hisslərə malik bir qadındır. Peyğəmbər (s) ailəsi möhkəm, qüdrətli, şücaətli və dözümlü olması ilə yanaşı, həm də insani zərifliyin və mərhəmətin timsalıdır. Mən İmam Hüseyndən (ə) misal vurum. Bir dünya müxalif, bir səhra ac canavar qarşısında yalqız müqavimət göstərən və qorxmayan bu insan bəzi xırda məsələlər qarşısında çox təsirlənir. Misal üçün, həbəşəli qara qul torpaq üzərinə düşəndə imam onun başı üzərinə gəldi. Bəli, Əhli-beyti sevən qara bir quldur. O dövrün ictimai vəziyyətinə və mədəniyyətinə görə, Əbuzərin qulu olan Conun bəlkə də müsəlmanlar arasında çox da hörməti və dəyərli yeri yox idi. Kərbəlada çoxları öldürüldülər; Kufə zadəganları, Həbib ibn Məzahir, Züheyr ibn Qeyn kimi böyük və tanınmış şəxsiyyətlər İmam Hüseynin (ə) kənarında şəhid oldular, torpağa düşdülər, amma həzrət bu qulun şəhadətində olduğu kimi reaksiya vermədi. Müslim ibn Övsəcəyə müraciətlə buyurdu ki, inşallah Allahdan əcr alarsan. Amma heç kimi, ailə və övladı olmayan bu qara qul öldürüləndə Hüseyn ibn Əli (ə) Əli Əkbərin şəhadəti zamanı gördüyü işi gördü. Qulun başı üzərində oturdu, onun qanlı başını dizi üzərinə qoydu, amma ürəyi sakitləşmədi. Bir də gördülər İmam Hüseyn (ə) əyilib üzünü bu qara qulun üzünə qoydu. Belə güclü insani hisslər! Bu baxımdan, Zeynəb güclü emosiyalara malik olan adi bir qadın yox, həm də İmam Hüseynin (ə) bacısı və ona eşq bəsləyən bir şəxsdir. O, həyat yoldaşını və ailəsini tərk edib İmam Hüseynlə (ə) gəldi; həm də yalqız gəlmədi, oğulları Övn və Məhəmmədi də gətirdi. Mən ehtimal verirəm ki, Abdullah ibn Cəfər oğullarının gəlməsinə razı deyildi. Abdullahın razı olmasına əmin deyiləm, amma Zeynəb onları gətirdi ki, öz yanında və Allah yolunda fədakarlıq lazım olsa, şəhid olsunlar. İndi yoldakı mənzillərin birində təhlükə hiss edib İmam Hüseynə (ə) dedi ki, qardaş, mən təhlükə hiss edirəm. Bilir ki, şəhadət və əsirlik ehtimalı var, amma eyni zamanda hadisələrin həyəcanı onu o qədər sıxır ki, İmam Hüseynə (ə) müraciət edir. Burada İmam Hüseyn (ə) ona çox söz demədi, buyurdu ki, bir şey deyil, Allahın istədiyi olacaq. Bu məzmunda bir söz dedi.1 Bundan sonra Aşura gecəsinə qədər biz Zeynəbi-Kübranın İmam Hüseynə (ə) bir söz dediyini, nə isə soruşduğunu, yaxud qəlbində keçirdiyi sıxıntını İmam Hüseynə (ə) bildirdiyini görmürük.

Aşura axşamı Zeynəbi-Kübranın qəm-qüssə zamanıdır. O zaman xəstə olan İmam Səccad (ə) deyir ki, mən çadırda uzanmışdım. Bibim Zeynəb yanımda oturub mənə qulluq edirdi. Yanaşı çadırda da atam Hüseyn (ə) oturmuşdu və Əbuzərin qulu Con onun xəncərini təmir edirdi. Onlar özlərini sabahkı döyüşə hazırlayırdılar. Deyir ki, birdən atam bəzi şeirlər zümzümə etməyə başladı. Şeirlərin məzmunu belə idi ki, dünya üz çevirib, ömür vəfa etməyəcək və ölüm yaxındır.1

Tezliklə dünyadan köçəcəyinə əmin olan adam belə şeirlər oxuyur. İmam Səccad (ə) deyir ki, mən bu şeiri eşidib mesajı aldım; başa düşdüm ki, İmam Hüseyn (ə) öz ölüm xəbərini verir, amma özümü saxladım. Birdən baxıb gördüm ki, bibim Zeynəb çox narahatdır. O qalxıb qardaşının çadırına getdi, dedi ki, qardaş, biz indiyədək sənə arxayın idik, sənsə ölüm xəbərini verirsən! Atamız dünyadan köçəndən dedik ki, qardaşlarımız var. Qardaşım Həsən (ə) şəhadətə qovuşanda dedim ki, qardaşım Hüseyn (ə) var. İllərlə sənə güvənmişəm, amma bu gün görürəm ki, özünün ölüm xəbərini verirsən.

Təbii ki, Zeynəbi-Kübranın narahat olmağa haqqı vardı. Mən güman edirəm ki, o zaman Zeynəb üçün yaranmış vəziyyət müstəsna bir vəziyyət idi. Qadınların heç birinin, hətta İmam Səccadın (ə) vəziyyətini də Zeynəbin vəziyyəti ilə müqayisə edə bilmərik. Zeynəbin vəziyyəti olduqca ağır və dözülməz idi. Bütün kişilər Aşura günü şəhid oldular. Aşura günü axşamüstü bütün düşərgədə yataqda xəstə yatan, bəlkə də huşsuz halda olan İmam Səccaddan (ə) başqa bir kişi də yox idi. Görün bir sürü düşmənin mühasirəsində qalan 80-84 qadın və uşağın nə qədər problemi olar; bəziləri susuzdur, bəziləri ac; əslində demək olar ki, hamı susuz və acdır, hamı qorxur. Şəhidlərin hamısının cəsədləri yerə səpələnib; kimisi bunların qardaşıdır, kimisi övladı. Hər halda, çox acı və dəhşətli bir səhnədir. Bir nəfər bu insanları idarə etməlidir. Və həmin bir nəfər Zeynəbdir.

Zeynəb yalnız qardaşını, iki övladını, digər qardaşlarını, çoxlu əzizini, 18 Bəni-Haşim gəncini və vəfalı səhabələri əldən verən bir şəxs deyildi. Bundan əlavə, əhəmiyyəti bundan az olmayan bir məsələ də bu idi ki, məğlub olmuş, səpələnmiş bu düşərgənin bu qədər düşmən arasında idarəsi və mühafizəsindən ibarət ağır məsuliyyət onun üzərinə düşürdü. Hətta İmam Səccadı (ə) da o idarə etməli idi. Hadisədən sonrakı bir neçə saatda, hərəkət edib gedənə, düşmənlərin bunlarla nə edəcəyi bəlli olana qədər, qaranlıq, zülmət və ağır bir gecənin də daxil olduğu bu bir neçə saatda Zeynəbi-Kübranın nə çəkdiyini bir Allah bilir. Zeynəb bu bir neçə saatda daim çalışır, kiçik uşaqların, qadınların, müsibət görmüş anaların, qardaşını itirmiş bacıların yanına qaçır, daim insanlar arasında hərəkət edir, onları bir yerə toplayır, onlara ürək-dirək verir. Birdən Zeynəbin taqəti tükənir, şəhid qardaşına üz tutur, onunla danışır. Onun yeganə dayağı o idi. Rəvayətdə deyilir ki, Zeynəbi-Kübra qardaşının parça-parça edilmiş cəsədi yanında dayanıb ürəkdən fəryad qopardı: "Ey Məhəmməd! Göyün mələklərinin salamı olsun sənə! Qanına bələşmiş bu adam Hüseyndir!"1

Demişlər ki, Aşurada və Kərbəla hadisəsində qan xəncərə qalib oldu. Həqiqətən belədir və bu qələbənin səbəbkarı həzrət Zeynəbdir. Əks təqdirdə, qan Kərbəlada bitdi; Aşura meydanında haqq qüvvələrinin zahiri məğlubiyyəti ilə qanlı toqquşma başa çatdı. Bu zahiri hərbi məğlubiyyətin qəti və daimi bir qələbəyə çevirlməsinə səbəb olan amil Zeynəbi-Kübranın missiyası, üzərinə götürdüyü rol idi. Bu çox mühüm məsələdir. Bu hadisə göstərdi ki, qadın tarixi hadisələrdə kənar və ikinci dərəcəli qüvvə deyil, mühüm tarixi hadisələrin içindədir. Quran da çoxlu yerlərdə bu məsələyə toxunur. Lakin bu, yaxın tarixə aiddir, canlı və hiss olunan bir hadisədir, keçmiş ümmətlərə aid deyil. Burada Zeynəbi-Kübra çox əzəmətli şəkildə müşahidə olunur. Onun fəaliyyəti nəticəsində döyüşdə qalib gəlib müxaliflərini qılıncdan keçirən və qələbə taxtında əyləşən düşmən öz iqamətgahında, şah sarayında təhqir edildi, rəzil oldu. Zeynəb onun alnına əbədi həqarət damğası vurdu və qələbəsini məğlubiyyətə çevirdi. Bu, Zeynəbi-Kübranın roludur. Zeynəb göstərdi ki, qadın hicabını və iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirmək olar.

Zeynəbi-Kübranın bizə çatan sözləri onun hərəkətinin əzəmətini göstərir. Zeynəbi-Kübranın Kufə bazarındakı unudulmaz çıxışı adi söhbət, böyük bir şəxsiyyətin adi fikir bildirməsi deyil. O dövrdə İslam cəmiyyətinin vəziyyətinə dair ən gözəl sözlərlə bəyan olunmuş ən dərin məzmunlu, zəngin və möhtəşəm bir təhlildir. Şəxsiyyətin gücünə baxın. Bu şəxsiyyət nə qədər güclüdür.

İki gün öncə onun qardaşını, imamını, rəhbərini bütün əzizləri, gəncləri və övladları ilə birgə məhv etmişlər. Bu qədər qadını və uşağı əsir edib xalqın qarşısına çıxarmış, əsir kimi dəvələrə mindirmiş və camaata göstərmişlər; bəziləri sevincdən atılıb-düşür, bəziləri də ağlayırlar. Belə ağır şəraitdə birdən-birə bu əzəmət günəşi doğur. Atası Əlinin (ə) xəlifə ikən öz xalqı qarşısında danışdığı tərzdə danışır; eyni sözlərlə, eyni fəsahət və bəlağətlə, eyni uca məzmunla: Ey Kufə əhalisi! Ey xəyanətkarlar, yalançılar! İslam və Əhli-beyt davamçısı olduğunuza bəlkə özünüz də inanmışdınız, amma sınaqdan keçmədiniz, imtahan zamanı korluq göstərdiniz. Sizin rəftarınız diliniz və qəlbinizlə eyni deyildi. Özünüzlə qürur duydunuz, elə bildiniz imanınız var, hələ də inqilabçı və Əli (ə) davamçısısınız, halbuki belə deyil. Siz imtahandan keçib özünüzü xilas edə bilmədiniz. Yunu əyirib sapa çevirən, sonra sapı yenidən yuna və ya pambığa çevirən insana bənzəyirsiniz. Siz avamlığınızla, şəraiti tanımamanızla, haqq və batili ayırd etməmənizlə öz əməllərinizi və keçmişinizi puç etdiniz. Zahiriniz imanlı, ağzınız inqilab iddiaları ilə doludur, əslində isə puç və müxalif küləklər qarşısında müqavimətsizsiniz.1

O, elə çətin şəraitdə belə güclü nitq söylədi. Həzrət Zeynəbin önündə bir qrup dinləyici oturub onu dinləmirdi ki, o da bir natiq kimi çıxış etsin. Xeyr! Düşmən yaraqlıları onun ətrafını sarmışdılar və orada müxtəlif hallarda olan əhali vardı. Müslimi İbn Ziyada təhvil verən, İmam Hüseynə (ə) məktub yazıb sonradan sözünün üstündə durmayan, İbn Ziyadla vuruşanda evlərində gizlənən adamlar Kufə bazarına toplaşmışdılar. Bəziləri də zəiflik göstərənlər idi. Onlar Əli (ə) qızına baxır və ağlayırdılar.

Həzrət Zeynəbi-Kübra belə qarışıq və etimadsız insanlar qarşısında bu şəkildə möhkəm danışır. O, tarixin qadınıdır. Bu qadın zəif deyil. Qadını zəif adlandırmaq olmaz. Mömin bir qadın ağır şəraitdə özünü belə göstərir. Bu qadın dünyanın bütün böyük kişiləri və qadınları üçün örnəkdir. O, Peyğəmbər (s) və Əli (ə) inqilablarının zəif cəhətlərini izah edir. Deyir ki, siz fitnə və imtahan zamanı haqqı ayırd edə və vəzifənizi yerinə yetirə bilmədiniz. Nəticədə Peyğəmbər (s) ciyərparəsinin başı nizələrə taxıldı. Zeynəbin əzəmətini bundan dərk etmək olar.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin