Əlinin (ə) həyatında qüdrət, məzlumluq və qələbəamilləri
İmam Əlinin (ə) şəxsiyyətində, həyatında və şəhadətində bir-biri ilə uyğunluğu olmayan üç amil cəm olmuşdur. Bu üç amil qüdrət, məzlumluq və qələbədən ibadətdir.
O həzrətin qüdrəti ən çətin hərbi işləri idarə etməkdə, beyin və düşüncələri ən uca dini və insani məsələlərə yönəltməkdə, Malik Əjdər, Əmmar, İbn Abbbas, Məhəmməd ibn Əbubəkr kimi böyük insanlar yetişdirməkdə və bəşər tarixində bir məktəb yaratmaqda polad iradəsindən və əzmkarlığından ibarətdir. O həzrətin qüdrət tərənnümü məntiq, düşüncə, siyasət, hakimiyyət, cəsarət və güclü qollar idi. İmam Əlinin (ə) şəxsiyyətində heç bir cəhətdən nöqsan yox idi, amma eyni zamanda tarixin ən məzlum şəxsiyyətlərdən idi, məzlumluq onun həyatının bütün sahələrində vardı. Yeniyetmə çağında məzlum idi, Peyğəmbərdən (s) sonrakı gənclik çağında məzlum idi, ahıllıq və xilafət çağında məzlum idi. Şəhadətindən sonra da uzun illər minbərlərdə onu pislədilər, ona yalan nisbətlər verdilər. Onun şəhidliyi də məzlumcasına idi.
İslam ədəbiyyatında iki nəfərə "Sarəllah" deyilmişdir. Bir insan nahaq yerə qətlə yetiriləndə onun ailəsi qan sahibi və qisas hüququna malik olur. Buna ərəbcə "sar" deyirlər. Ərəbcədən tərcümədə deyilən "Allah qanı" ifadəsi bu baxımdan dolğun deyil və məqsədi çatdırmır. "Sar" sözü intiqam haqqı deməkdir. İslam mənbələrinə görə, iki nəfərin qan sahibi və intiqam haqqına malik olan tərəfi Allahdır. Bu iki nəfərin biri İmam Hüseyn (ə), biri isə atası Əmirəlmöminindir (ə).1 İmam Əlinin (ə) intiqam haqqı Allaha məxsusdur.
Üçüncü amil isə o həzrətin qələbəsidir. O əvvəla öz həyatında yaradılan bütün çətin əngəllərə qalib oldu; yəni sonra izah edəcəyim güclü düşmən cəbhələri Əlini (ə) diz çökürə bilmədilər, hamısı ona məğlub oldu. Şəhidliyindən sonra onun parlaq siması günbəgün həyatından dəfələrlə artıq şəkildə aydın oldu. Siz bu gün yalnız İslam dünyasına deyil, bütün dünyaya baxsanız, hətta müsəlman olmayan çoxlu şəxsiyyətlərin Əli ibn Əbutalibi (ə) tarixin böyük şəxsiyyəti kimi qəbul etdiklərini və təriflədiklərini görərsiniz. Bu, sözügedən parlaq gövhərin daha da parlamasıdır. Allah-Taala o məzlumluğun qarşısında bunu Əliyə (ə) mükafat verir. Onun məzlumluğu, böyük ittiham və təzyiqlər qarşısında dözümlülüyü təbii ki, Allah-Taalanın mükafatına səbəb olur. Mükafatı da budur ki, siz bəşər tarixində hamının qəbul etdiyi belə bir parlaq sima tapmırsınız. Bu günə qədər Əmirəlmöminin (ə) barədə yazılmış kitablar arasında bəlkə də ən aşiqanə olanlarını qeyri-müsəlmanlar yazmışlar. İndi xatırlayıram ki, üç məsihi yazıçı Əli (ə) haqda həqiqətən aşiqanə tərif kitabları yazmışlar. Bu hörmət şəhadətinin ilk günündən başlandı – hamının, Şam rejiminə bağlı hakimlərin, Əmirəlmömininin (ə) xəncərindən və ədalətindən ziyan görənlərin onun əleyhinə danışdığı və təbliğat apardığı zamandan. Mən burada bir nümunə deyəcəyəm.
Abdullah ibn Ürvə ibn Zübeyrin oğlu atasının yanında Əmirəlmöminini (ə) pislədi. Müsəb ibn Zübeyrdən başqa bütün Zübeyr ailəsinin Əliyə (ə) qarşı münasibəti pis idi. Müsəb ibn Zübeyr şücaətli və səxavətli insan idi. Kufə hadisələrində, Muxtarla və sonra Əbdülməliklə bağlı hadisələrdə iştirak etmişdi. O, həzrət Səkinənin həyat yoldaşı və İmam Hüseynin (ə) birinci kürəkəni idi. Ondan başqa bu ailənin digər üzvlərinin Əliyə (ə) münasibəti pis idi. Bunu tarixdən bilmək olar. Bu adam Əlini (ə) pisləyəndən sonra atası çox da tərəfdarcasına olmasa da, mühüm məqama toxunan bir cümlə işlətdi. Oğluna dedi ki, dinin yaratdığı və kökü din üzərində qurulan heç bir şeyi dünya adamları məhv edə bilmədilər; yəni əməllərinin kökü din və iman üzərində olan Əmirəlmömininin (ə) adını məhv etmək üçün əbəs zəhmət çəkməsinlər. Sonra dedi ki, bax, Mərvan övladları hər məsələdə və hər çıxışda bacardıqları qədər Əli ibn Əbutalibə (ə) irad bildirir, onu pisləyirlər, amma onların pisləməsi bu parlaq şəxsiyyəti daha da ucaldır və böyüdür; yəni onların sözləri xalqda əks-təsir buraxır. Qarşı tərəf Bəni-Üməyyədir. Üməyyə övladları öz babalarını nə qədər artıq tərifləyirlərsə, xalqın onlara nifrəti daha da artır.1 Bu söz Əmirəlmömininin (ə) şəhidliyindən təxminən otuz il sonra deyilmişdir. Yəni Əmirəlmöminin (ə) bütün məzlumluğuna baxmayaraq, həm öz həyatında, həm də tarixdə və bəşəriyyətin xatirəsində qalib oldu.
Əmirəlmömininin (ə) beş ildən az sürən hakimiyyəti zamanı onun qarşısında üç düşmən cəbhəsi yarandı: Qasitin, Nakisin və Mariqin. Əmirəlmömininin (ə) bu sözünü həm şiələr, həm də sünnilər öz kitablarında yazmışlar: "Mən Nakisin (əhdi pozanlar), Qasitin (zülmkarlar) və Mariqin (dindən çıxanlar, yaxud yolunu azmışlar) ilə vuruşmağa əmr olundum"2. Bu adları o həzrətin özü qoymuşdur. Qasitin zülmkarlar deməkdir. Əmirəlmöminin (ə) onların adını zülmkar qoydu. Bunlar kimlər idilər? Bunlar İslamı zahirən və öz mənfəətlərinə görə qəbul etmiş şəxslər idilər. Onlar Əli (ə) hökumətini kökündən qəbul etmirdilər. Əmirəlmöminin (ə) bunlarla nə edirdisə, faydası olmurdu. Bu qrup Bəni-Üməyyənin və Şam valisi Müaviyə ibn Əbu Süfyanın ətrafına toplaşmışdı. Ən bariz şəxsiyyətləri də cənab Müaviyənin özü, sonra isə Mərvan Həkəm və Vəlid ibn Üqbədir. Bunlar Əli ilə razılaşmayan, yola getməyən bir cəbhəni təşkil edirlər. Doğrudur, Müğeyrə ibn Şöbə, Abdullah ibn Abbas və digərləri hakimiyyətinin əvvəllərində Əmirəlmömininə (ə) dedilər ki, bir müddət bunlarla işin olmasın, imam isə qəbul etmədi. Bunlar Əlinin (ə) siyasətinin zəif olduğunu deyirdilər, lakin sonrakı hadisələr göstərdi ki, özləri məsələnin məğzindən bixəbər olmuşlar. Əmirəlmöminin (ə) nə edirdisə, Müaviyə razılaşmırdı. Bu təfəkkür Əli (ə) hakimiyyətini qəbul edən bir təfəkkür deyildi. Ondan öncəkilərin bəziləri isə bəzilərinə dözmüşdülər.
Müaviyənin müsəlman olmasından Əli (ə) ilə vuruşduğu zamana qədər otuz ildən bir qədər az ötmüşdü. O və ətrafı illərlə Şamda hakim olmuş, nüfuz qazanmış və ictimai dayaq yaratmışdılar. Elə bir zaman deyildi ki, bir söz deyən kimi onlara "siz təzə müsəlman olmusunuz, nə deyirsiniz?" – deyən olsun. Onlar artıq özlərinə yer açmışdılar. Odur ki, bunlar ümumiyyətlə Əli (ə) hakimiyyətini qəbul etməyən, hökumətin ayrı cür olmasını və öz əllərinə keçməsini istəyən cinah idi. Sonra bunu göstərdilər və İslam dünyası onların hakimiyyətini təcrübə etdi. Əmirəlmömininlə (ə) rəqabətdə bəzi səhabələrə çox xoş üz göstərən və hörmət ifadə edən Müaviyə sonra kobud rəftarlara keçdi, Yezidin dövründə isə Kərbəla hadisəsi baş verdi. Mərvan, Əbdülməlik, Həccac ibn Yusif Səqəfi və Yusif ibn Ömər Səqəfi də həmin hakimiyyətin yetirmələridir. Yəni cinayətlərini söyləməyə tarixin belə qorxduğu bu hakimlərin - misal üçün, Həccacın hökuməti Müaviyənin yetişdirdiyi və belə bir şey üstündə Əmirəlmömininlə (ə) vuruşan hökumətdir. Onların nə istədiyi əvvəldən bəlli idi. Onlar sırf dünyəvi hakimiyyətə gəlmək və hakim olmaq istəyirdilər. Hamı bu işləri Bəni-Üməyyə hakimiyyətində müşahidə etdi. Sözsüz ki, burada etiqadi və kəlami polemika açmaq istəmirik. Qeyd etdiklərim tarixdir, həm də yalnız Şiə tarixi deyil, İbn Əsirin, İbn Qüteybənin və bu kimi tarixçilərin yazdıqlarıdır. Bunlar tarixin qəti məsələlərindəndir; bunlar haqda şiə və sünnilər arasında fikir ayrılığı yoxdur.
Əmirəlmömininlə (ə) vuruşan ikinci cəbhə Nakisin cəbhəsi idi. Nakisin pozanlar deməkdir və burada məqsəd beyəti pozanlardır. Bunlar əvvəlcə Əmirəlmömininlə (ə) beyət etdilər, sonra isə beyətlərini pozdular. Bunlar müsəlman və birinci qrupdan fərqli olaraq, doğma idilər, amma Əli ibn Əbutalibi (ə) onlara hakimiyyətdən böyük pay verənə, onlarla məsləhətləşənə, onlara vəzifə verənə, haqsız yolla əldə etdikləri mal-dövlətə toxunmayana, "bunları haradan gətirmisiniz?" - deməyənə qədər qəbul edirdilər. Bəli, bu qrup Əmirəlmöminini (ə) qəbul edirdi, amma bu şərtlə ki, bu məsələlərlə işi olmasın, bu mal-dövləti haradan və necə qazandıqlarını və nə üçün yediklərini soruşmasın. Odur ki, əvvəlcə əksəri beyət etdi. Bəziləri beyət etmədi. Cənab Səd ibn Əbi Vəqqas və başqa bir neçə nəfər əvvəldən beyət etmədilər. Cənab Təlhə, cənab Zübeyr və digər böyük səhabələr isə beyət etdilər, təslim oldular, üç-dörd aydan sonra gördülər ki, yox, bu hökumətlə yola getmək olmur, bu hökumət dost-düşmən bilmir, bu hakim özünə, ailəsinə və köhnə müsəlmanlara xüsusi üstünlük vermir; baxmayaraq ki, özü ən birinci müsəlmandır. Gördülər ki, bu hakim ilahi hökmləri icra etməkdə heç bir şeydən çəkinmir. Bunları görəndən, bu adamla dil tapmağın mümkün olmadığını anlayandan sonra ayrıldılar, gedib həqiqətən bir fitnə olan Cəməl döyüşünü başlatdılar; möminlər anası Aişəni də özlərinə qoşdular. Bu döyüşdə nə qədər adam öldürüldü. Düzdür, Əmirəlmöminin (ə) qələbə çaldı və məsələni yoluna qoydu. Bu da ikinci cəbhə idi və bir müddət imamın vaxtını aldı.
Üçüncü cəbhə Mariqin cəbhəsi idi. Mariq qaçan deməkdir. Bunlar bir oxun kamandan çıxdığı kimi dindən qaçır və uzaqlaşırlar. Bunlar dinin zahiri əməllərinə bağlı idilər, dinin adını da çəkirdilər. Bu, xəvaric qruplaşması idi. Onlar təhlükəli amil olan azğın düşüncələrə qərq olmuşdular. Dini Quranın təfsirçisi və kitab elminə alim olan Əli ibn Əbutalibdən (ə) öyrənmirdilər, özləri istədikləri kimi yozurdular. Təbii ki, belə insanlardan hər bir cəmiyyətdə var, amma onların qruplaşması, mütəşəkkil formaya düşməsi üçün siyasət lazım idi. Bu siyasət başqa bir yerdən təmin olunurdu. Bir kəlmə danışan kimi bu qruplaşmanın üzvləri bir Quran ayəsi oxuyurdular. Onlar bəzən Əmirəlmömininin (ə) camaat namazı qıldığı yerdə ona əziyyət vermək məqsədi ilə bir Quran ayəsi oxuyurdular. Əmirəlmömininin (ə) minbərində də bəzən bu məqsədlə ayələr oxuyurdular. Onlar "Hökm yalnız Allaha məxsusdur!" devizi ilə demək istəyirdilər ki, sizin hakimiyyətinizi qəbul etmirik, Allahın hakimiyyətini istəyirik. Zahiri əməlləri belə idi, siyasi təşkilatlanmaları da Qasitin cəbhəsinin böyüklərinin, Şam hakimlərinin – Əmr As və Müaviyənin idarəçiliyi və məsləhəti ilə həyata keçirdi, onlarla əlaqələri vardı. Çoxlu faktlar göstərir ki, Əşəs ibn Qeys düz adam deyildi. Düşüncə baxımından bir qrup zəif və zavallı adam da belələrinin arxasınca düşmüşdü. Deyilənlərə əsasən, Əmirəlmömininin (ə) qarşılaşdığı və təbii ki, qələbə çaldığı üçüncü qrup Mariqin idi. İmam Nəhrəvan döyüşündə onlara sarsıdıcı zərbə endirdi. Lakin onlardan cəmiyyətdə vardı və nəhayət, o həzrəti şəhadətə yetirdilər.
Xəvarici düzgün tanımaq lazımdır. Bəzi adamlar onları abidlərə bənzədirlər. Abid bir kənarda oturub özü üçün namaz qılır, dua oxuyur. Xəvaric isə belə deyildi. Xəvaric iğtişaş törədir, böhran yaradır, Əli (ə) ilə vuruşurdu. Onların işi kökündən səhv idi; vuruşmaları səhv və məqsədləri batil idi. Əmirəlmömininin (ə) bu üç qrupla qarşı-qarşıya gəldi.
Əmirəlmömininlə (ə) Peyğəmbərin (s) hakimiyyətlərində əsas fərq bu idi ki, Peyğəmbərin (s) dövründə iman və küfr sıraları bəlli idi. Yalnız münafiqlər qalırdı, Quran ayələri də daim insanları cəmiyyət daxilindəki münafiqlərdən çəkindirir, barmağını onlara sarı uzadır, möminləri onların qarşısında gücləndirir, onları ruhdan salırdı. Peyğəmbərin (s) dövründə İslam quruluşunda hər şey aşkar idi, bəlli cəbhələr bir-birinin qarşısında dayanmışdı; bir nəfər küfr, tağut və cahiliyyət tərəfdarı idi, bir nəfər də iman, İslam, tövhid və mənəviyyat tərəfdarı. Düzdür, orada hər cür adam vardı, lakin sıralar aydın idi. Əmirəlmömininin (ə) dövründə isə sıralar aydın deyildi. İkinci qrup olan Nakisin cəbhəsi hörmətli şəxsiyyətlər idilər. Cənab Zübeyr, yaxud cənab Təlhə kimi bir şəxsiyyət qarşısında qalan hər bir kəs tərəddüd edirdi. Zübeyr Peyğəmbərin (s) dövründə görkəmli şəxsiyyətlərdən, Peyğəmbərin (s) bibisi oğlu və ona yaxın bir şəxs olmuşdur. Hətta Peyğəmbərdən (s) sonra da Əmirəlmöminini (ə) müdafiə etmək üçün Səqifəyə etiraz edənlərdən idi. Allah hamımızın aqibətini xeyirli etsin! Bəzən dünyagirlik və müxtəlif maddi amillər insanda elə təsir buraxır, bəzi şəxsiyyətlərdə elə dəyişiklik yaradır ki, görkəmli şəxslərə qarşı da şübhə yaranır, o ki qala adi adamlara. O zaman həqiqətən çətin idi.
Əmirəlmömininin (ə) ətrafında qalıb mübarizə aparanlar, vuruşanlar çox ayıqlıq göstərdilər. Mən Əmirəlmöminindən (ə) bu sözü dəfələrlə söyləmişəm: "(Zahirən müsəlman görünən zalımlara qarşı) Yalnız ayıq və dözümlü insanlar mübarizə apara bilərlər".1 Birinci növbədə ayıqlıq lazımdır. Belə çəkişmələrə nəzər salanda Əmirəlmömininin (ə) problemlərini anlamaq olur. Çoxları İslam iddiası altında Əmirəlmömininlə (ə) vuruşur və yanlış sözlər söyləyirlər. İslamın erkən çağında yanlış düşüncələr çox yayılırdı, amma Quran ayəsi nazil olur və açıq şəkildə o düşüncələri rədd edirdi; istər Məkkə dövründə, istər Mədinə dövründə. İnsan Mədinədə nazil olmuş Bəqərə surəsinə baxanda Peyğəmbərin (s) əsasən münafiq və yəhudilərlə müxtəlif problemlərinin şərhini görür və bəzən xırdalıqlarla da rastlaşır. Quranda hətta Mədinə yəhudilərinin o zaman Peyğəmbərə (s) qarşı işlətdikləri psixoloji üsullar da qeyd olunur: “Raina” deməyin".2 Yenə də Məkkədə nazil olmuş mübarək Əraf surəsində xurafatla geniş mübarizə aparılır. Onlar bəzi ətləri yalan yerə haram adlandırırdılar: "De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri haram buyurmuşdur".3 Haram bunlardır, siz isə gedib bütlərə nəzir məqsədi ilə azad edilən, yaxud beş dəfə balalayan və sonuncu balası erkək olan dəvələri özünüzə haram etmisiniz. Quran belə düşüncələrlə açıq mübarizə aparırdı. Əmirəlmömininin (ə) dövründə isə həmin müxaliflər də Qurandan istifadə edir və Quran ayələri oxuyurdular. Əmirəlmömininin (ə) işi bu cəhətdən dəfələrlə ağır idi. Əmirəlmöminin (ə) özünün qısa hakimiyyət dövrünü belə problemlərlə keçirdi.
Bunların qarşı tərəfində Əlinin (ə) öz cəbhəsi durur. Bu, həqiqətən güclü cəbhədir. Orada Əmmar, Malik Əjdər, Abdullah ibn Abbas, Məhəmməd ibn Əbubəkr, Meysəm Təmmar, Hücr ibn Ədi kimi şəxslər var. Mömin və ayıq şəxsiyyətlər ictimai rəyin yaranmasında mühüm rol oynayırlar. Əmirəlmömininin (ə) xilafətinin belə şəxsiyyətlərin məharətli fəaliyyəti cəhətindən gözəl, çəkdikləri əzab-əziyyətlər cəhətindən isə acı hissələrindən biri onların Kufə və Bəsrəyə hərəkət etməsidir. Təlhə və Zübeyr Bəsrəni tutanda Əmirəlmöminin (ə) İmam Həsəni və bəzi səhabələri göndərdi. Onların xalqla müzakirələri, məsciddə danışdıqları söhbətlər və göstərdikləri dəlillər İslamın erkən tarixinin həyəcanlı, gözəl və məzmunlu hissələrindən biridir. Məhz buna görə Əmirəlmöminininin (ə) düşmənlərinin əsas hücumları bu şəxslərə yönəlmişdi. Ən böyük təxribatlar Malik Əjdərin, Əmmar Yasirin, Məhəmməd ibn Əbubəkrin əleyhinə idi. Düşmənlər əvvəldən Əmirəlmömininlə (ə) bağlı məsələlərdə imtahan vermiş, möhkəm iman və ayıqlıq göstərmiş şəxslərin hamısı əleyhinə müxtəlif ittihamlar yağdırırdı. Onlara qarşı sui-qəsd hazırlanırdı və əksəri də şəhid olurdular. Əmmar döyüşdə öldürüldü, Məhəmməd ibn Əbubəkr və Malik Əjdər isə şamlıların hiyləsi nəticəsində şəhid edildilər, bəziləri də qaldılar və sonradan şiddətli üsullarla qətlə yetirildilər.
Əmirəlmömininin (ə) həyatı və hakimiyyəti belə keçdi. Yekun söz kimi belə deyə bilərik ki, bu hökumət qüdrətli, eyni zamanda məzlum və qalib bir hökumət idi. İmam Əli (ə) həm öz zamanında düşmənlərini diz çökürə, həm də məzlumcasına şəhadətindən sonra tarix boyu işıqlı məşəl kimi yaşaya bildi. Təbii ki, onun bu müddətdə çəkdiyi əziyyətlər tarixin ən kədərli hadisələrindəndir.
Dostları ilə paylaş: |