On dördüncü fəsil: İmam Kazim (ə)
Həzrət Əbülhəsən Musa ibn Cəfərin (ə) 148-ci ildən 183-cü ilə qədər sürən 35 illik imamət çağı imamların həyatının ən mühüm dövrlərindən biridir. Ən qüdrətli Bəni-Abbas xəlifələrinin ikisi - Mənsur və Harun və onların iki ən zalım şahı olan Mehdi və Hadi bu dövrdə hakimiyyətdə olmuşlar. Xorasanda, Afriqiyyədə, Mosulda, Deyləmdə, Qorqanda, Şamda, Nəsibeyndə, Misirdə, Azərbaycanda və digər yerlərdə çoxlu qiyamlar yatırıldı, böyük İslam məmləkətinin şərq, qərb və şimal sərhədlərində əldə edilən yeni zəfərlər və çoxlu qənimətlər Abbasilərin taxtını daha da möhkəmlətdi.
Bu dövrdə ideoloji və etiqadi məktəblərin bəzisi çox inkişaf etmiş, bəzisi yeni yaranmışdı; düşüncə mühiti ziddiyyətə köklənmiş, hakimlərin əlində bir silaha, xalqın dini və siyasi sayıqlığına isə təhlükəyə çevrilmişdi. Əsl İslam təlimlərinin öndərlərinə və Əli (ə) dəvətinin aparıcılarına ağır şərait yaranmışdı.
Şeir, incəsənət, fiqh, hədis, hətta zahidlik və təqva da hakim qüvvələrin xidmətində duraraq onların sərvət və güc vasitələrini tamamlayırdı. Bu zaman xilafəti nə Bəni-Üməyyə dövrünün sonlarındakı, nə Bəni-Abbas dövrünün ilk on ilindəki, nə də Harunun ölümündən sonrakı dövrdə olduğu kimi ciddi bir təhlükə təhdid etmir, xəlifənin diqqətini dərin və davamlı Əhli-beyt dəvətindən yayındırmırdı.
Bu dövrdə Əhli-beytin və onların sadiq tərəfdarlarının mübarizəsinə, ideoloji və siyasi hərəkətinə inkişaf və davam imkanı verəcək yeganə amil onların yorulmaz fəaliyyəti, təhlükəli mübarizəsi və ilahi üsul olan təqiyyədən istifadə idi. Həzrət Musa ibn Cəfərin (ə) mübarizəsinin heyrətamiz və fövqəladə böyüklüyü də bunda idi.
Qeyd etməliyəm ki, İslam tarixçiləri İmam Musa ibn Cəfərin (ə) həyatını araşdırarkən bu böyük imamın uzunmüddətli həbsindən ibarət olan böyük və misilsiz hadisəyə lazımi diqqət ayırmamış və nəticədə onun mühüm mübarizəsindən xəbərsiz qalmışlar.
35 illik imamlığının hamısını əhatə edən davamlı mübarizə amilinə diqqət yetirmədən bu uca imamın həyatını araşdırmaq, bir-biri ilə əlaqədar olmayan müxtəlif hadisələr haqda fikir bildirmək, onun elmi və mənəvi məqamını incələmək, ailəsi, səhabələri, şagirdləri, elmi-etiqadi mübahisələri və digər məsələlər haqda danışmaq yarımçıq və natamam olar. Bu amili aydınlaşdırandan sonra bu səmərəli həyatın bütün hissələri bir-birinə bağlanır, hər bir məsələnin, hadisənin və hərəkətin mənalandığı aydın, kamil və istiqamətli bir təsvir ortaya çıxır.
Nə üçün həzrət İmam Sadiq (ə) Müfəzzələ buyurur ki, bu gəncin imamlığını yalnız etimadlı şəxslərə de? O, nə üçün Əbdürrəhman ibn Həccaca açıq söyləmədən işarə ilə deyir ki, zireh onun əyninədir; Səfvan Cəmmal kimi yaxın səhabələrə də onu əlamətlə tanıtdırır? Nə üçün öz vəsiyyətnaməsində canişin kimi övladının adını birinci Mənsur Abbasi, sonra Mədinənin hakimi, sonra isə iki qadının adının qeyd olunduğu dörd nəfərdən sonra çəkir? Belə ki, o həzrətin vəfatından sonra bəzi böyük şiələr bu 20 yaşlı gəncin onun canişini olmasını bilmirlər. Nə üçün "bir məmləkətdə iki xəlifəyə xərac gətirirlər"1 deyən Harunla yumşaq danışır və bunu inkar edir, amma Həsən ibn Abdullah adlı nüfuzlu və zahid bir kişiyə müraciətlə imamı tanımaqdan danışır, özünün itaəti vacib buyurulan imam olduğunu bildirir?
Nə üçün Harunun sarayında yüksək vəzifə tutan və imamın müridlərindən olan Əli ibn Yəqtinə təqiyyə etməyi əmr edir, Səfvan Cəmmalı isə rejimə xidmət etdiyinə görə qınayır və xəlifə ilə əlaqəsini kəsməyə çağırır? Böyük İslam dünyasında öz dost və tərəfdarları arasında necə və hansı vasitə ilə bu qədər güclü əlaqə qurur və Çinə qədər uzanan bir şəbəkə yaradır?
Nə üçün Mənsur, Mehdi, Harun və Hadi öz dövrlərində onu öldürməyə, həbs etməyə və sürgünə yollamağa təşəbbüs götərirlər? Nə üçün o həzrət 35 illik imamlığının bir hissəsini - bəzi rəvayətlərdən anlaşıldığı kimi - məxfi şəkildə keçirərək Şamın kəndlərində, yaxud Təbəristanın bəzi bölgələrində gizlənir, dövrün xəlifəsi tərəfindən təqib olunur və öz tərəfdarlarına deyir ki, xəlifə mənim haqqımda soruşanda məni tanımadığınızı və harada olduğumu bilmədiyinizi söyləyin?
Nə üçün Harun həcc səfərində o həzrətə çox hörmət edir, başqa bir səfərdə isə sürgünə yollanmasını əmr edir? Nə üçün o həzrət əvvəldə mülayim davranıb Ələviləri həbsdən azad edən Harunun xilafətinin əvvəllərində Fədəyi bütün İslam dünyasına şamil edir və xəlifə etirazla deyir ki, onda qalx, gəl mənim yerimdə otur? Və nə üçün həmin mülayim xəlifənin rəftarı bir neçə ildən sonra elə sərtləşir ki, o həzrəti ağır rejimli zindana salır və illərlə həbsdə saxladıqdan sonra buna da dözməyərək cinayətkarcasına zəhərləyib şəhid edir?
Bunlar və İmam Musa ibn Cəfərin (ə) həyatında ilk baxışdan bir-biri ilə əlaqəsiz və bəzən ziddiyyətli görünən yüzlərlə mühüm hadisə o zaman əsl mənasını tapar ki, biz o həzrətin imamlığından şəhidliyinə qədər davam etmiş əsas xətti görək. Bu, imamların 250 illik çağın hamısında müxtəlif formalarda davam edən cihad və mübarizə xəttidir. Bunda məqsəd əvvəla əsl İslamı açıqlamaq, Quranı düzgün təfsir etmək və İslam etiqadlarına dair aydın təsəvvür yaratmaq, ikincisi İslam cəmiyyətində imamət və siyasi hakimiyyət məsələsini başa salmaq, üçüncüsü isə uyğun cəmiyyəti qurmaq, böyük İslam peyğəmbərinin və bütün peyğəmbərlərin ədaləti bərqərar etməkdən, Allaha şərik çıxanları hakimiyyətdən uzaqlaşdırmaqdan və cəmiyyəti Allahın xəlifələrinə, saleh bəndələrinə tapşırmaqdan ibarət olan məqsədini həyata keçirməyə çalışmaqdır.
İmam Musa ibn Cəfər (ə) bütün həyatını bu müqəddəs cihada həsr etmişdi. Onun dərsi, təlimi, fiqhi, hədisi, təqiyyəsi və tərbiyəsi bu istiqamətdə idi. Təbii ki, onun dövrünün öz özəllikləri vardı, cihadı da zamana uyğun idi. İmam Səccadın (ə) dövründən İmam Əsgəriyə (ə) qədər səkkiz imamın hər birinin, yaxud hər bir neçəsinin dövr və mübarizələrində özəl xüsusiyyətləri olmuşdur. Onların həyatı ümumilikdə 250 illik həyatın müxtəlif mərhələlərə bölünən dördüncü dövrünü təşkil edir.
Dostları ilə paylaş: |